Cari ilin avqust ayının 3-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı
ilə “Elektron order” mövzusunda iki əyani və iki distant olmaqla növbəti təlimlər
keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası
Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev təlim
iştirakçılarını Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun
adından salamlayıb və Elektron orderin önəmi, bu sahədə yeniliklər və təkmilləşdirmələr
barədə vəkilləri məlumatlandırıb. Professor eyni zamanda çıxışında yeni dərc
edilmiş Azərbaycan vəkili elmi-praktik hüquq jurnalının növbəti sayını da
iştirakçılara təqdim edib, jurnalın elmi əhəmiyyətini tədbir iştirakçılarının
diqqətinə çatdırıb.
Birinci təlim 3 avqust saat 10:00-12:30 aralığında təşkil edilib və təlimdə
“Elektron Vəkillik” Komitəsinin sədri, HGNS Vəkil Bürosunun müdiri
Nihad Əliyev tərəfindən tədris olunub. Təlimçi elektron müqavilə və orderin
bağlanması, dəyişdirilməsi və ləğvi, elektron orderin əldə edilməsi və s.
texniki məsələlər barədə Vəkillər Kollegiyasının üzvlərini məlumatlandırıb, vəkillərin
suallarını cavablandırıb.
Günün ikinci yarısı saat 13:00-15-00 aralığında təşkil edilən ikinci təlimdə “Elektron Vəkillik”
Komitəsinin üzvü, Fortiori Vəkil Bürosunun müdiri Sənan Şirinov tərəfindən məruzələr
səsləndirilib. Təlimçi “Elektron order” xidmətləri barədə təlim iştirakçılarını
məlumatlar verib, iştirakçıların səsləndirdiyi sualları ətraflı cavablandırıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Azər Quliyev, büro müdirləri
Kamandar Nəsibov, Pənah Məmmədov, Rəsul Yusifbəyli də daxil olmaqla 50 vəkil əyani,
127 vəkil distant qaydada birinci təlimdə, 38 vəkil əyani, 116 vəkil distant
qaydada ikinci təlimdə iştirak edib. Həmçinin
təlimdə Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova,
Akademiyanın əməkdaşları hüquqşünas-məsləhətçi Sona Xəlilli və mütəxəssis Rəşad
Həsənəliyev təlimlərin təşkilində bütün texniki və təchizat məslələrinin tənzimlənməsində
yaxından iştirak edib.
Təlimlərdə ümumilikdə Vəkillər Kollegiyasının 331 üzvü iştirak edib.