AZƏRBAYCAN RESPUBLİKASININ MEŞƏ MƏCƏLLƏSİ[1]
Bu Məcəllə Azərbaycan
Respublikasının ərazisində meşə
münasibətlərinin tənzimlənməsinin,
meşələrdən istifadənin, onların
mühafizəsinin, qorunmasının, bərpasının,
ekoloji və ehtiyat potensialının yüksəldilməsinin
hüquqi əsaslarını müəyyən edir.
Meşə münasibətlərinin
tənzimlənməsi meşə bitkilərinin,
torpağın, heyvanat aləminin və ətraf mühitin
mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət
kəsb edən digər komponentlərinin vəhdəti olan
meşə anlayışı nəzərə alınmaqla
həyata keçirilir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas
anlayışlar
Bu Məcəllədə
işlədilən əsas anlayışlar
aşağıdakılardır:
meşə — bioloji
cəhətdən qarşılıqlı əlaqəli
və öz inkişafında bir-birinə təsir
göstərən, torpağın, suyun, ağac, kol və ot
bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf
mühitin digər tərkib hissələrinin vəhdəti;
meşə
fondu sahələri — meşə sahələri, habelə
meşə bitkiləri ilə örtülü olmayan
meşə və qeyri-meşə torpaq sahələri;
meşə
münasibətləri — meşələrin, meşə fondu
torpaqlarının istifadəsi, mühafizəsi, qorunması
və bərpası sahəsində münasibətlər;
xüsusi
qiymətli meşə massivləri — tərkibində relikt və
endemik ağac və kol cinsləri olan nadir meşələr,
məhsuldarlığı və genetik keyfiyyəti ilə
fərqlənən, habelə estetik cəhətcə nadir
mənzərəli meşə sahələri;
yaşıllıq
zonalarının meşələri — şəhərlərin
və digər yaşayış məntəqələrinin
sərhədləri xaricində və ya onlara yaxın olan
sahələrdə yerləşən, mühüm qoruyucu,
sanitariya-gigiyena, sağlamlaşdırma funksiyalarını
yerinə yetirən və əhalinin istirahəti üçün
istifadə edilən meşələr;
yabanı
meyvə meşələri — meşə fondu
ərazisində təbii bitən, yaxud süni yolla
yaradılan və tərkibində təsərrüfat
əhəmiyyətli miqdarda qiymətli meyvə,
giləmeyvə və qərzəklilər olan
meşələr, meşə-bağlar, bağlar və həmin
cinslərin plantasiyaları;
dövlət
qoruyucu meşə zolaqları — xətti qaydada süni
salınan, iqlimtənzimləyici, torpaqqoruyucu və suyu
mühafizə funksiyalarını yerinə yetirən
meşələr;
qeyri-meşə
torpaqları — meşə
təsərrüfatının ehtiyacları üçün
nəzərdə tutulmuş torpaqlar, habelə meşə
fondunun sərhədləri daxilində yerləşən digər
torpaqlar;
meşəbərpa
qırması — meşələrin vəziyyətini
yaxşılaşdırmaq və təbii qoruyucu
funksiyaları gücləndirmək məqsədilə
qırma yaşı çatmış və ya ötmüş
ağaclarda aparılan qırma;
aralıq
istifadə üçün qırma — meşəyə qulluq,
seçmə sanitariya və yenidənəkmə ilə
əlaqədar qırmalar, az qiymətli ağaclıqların,
habelə qoruyucu, suyu mühafizə və başqa
funksiyalarını itirmiş ağac və kolluqların
kəsilməsi ilə əlaqədar olan digər qırmalar;
relikt
bitkilər — keçmiş geoloji dövrlərin florasından
qalmış və yeni yaşayış mühitinə
uyğunlaşaraq müasir biosenozun tərkibinə daxil olan
bitki növləri;
arid bitkilər — buxarlanan
rütubətin miqdarının yığıntı
miqdarından çox olduğu quraq iqlimli ərazilərin
bitkiləri.
Maddə 2. Azərbaycan
Respublikasının meşə qanunvericiliyi
Azərbaycan Respublikasının
meşə qanunvericiliyi bu Məcəllədən,
Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarından ibarətdir.
Azərbaycan Respublikasının
qoşulduğu beynəlxalq dövlətlərarası
müqavilələrdə Azərbaycan Respublikasının
meşə qanunvericiliyindən fərqli qaydalar müəyyən
edilmişdirsə, beynəlxalq müqavilələrin
tələbləri tətbiq edilir.
Maddə 3. Azərbaycan
Respublikası meşə qanunvericiliyinin məqsəd və
vəzifələri
Azərbaycan Respublikası meşə
qanunvericiliyinin məqsəd və vəzifələri
meşələrin əhəmiyyətini nəzərə
almaqla onları elmi əsaslarla idarə etmək, meşə
ekosisteminin bioloji müxtəlifliyini saxlamaq,
meşələrin ehtiyat potensialını
yüksəltmək prinsipləri əsasında onlardan
səmərəli istifadəyə, meşələrin
mühafizəsini, qorunmasını və bərpasını
təmin etməyə yönəldilmişdir.
Maddə 4. Meşə
qanunvericiliyi ilə tənzimlənən münasibətlər
Meşələrin, meşə fondu
torpaqlarının istifadəsi, mühafizəsi, qorunması
və bərpası sahəsində münasibətlər
(meşə münasibətləri) Azərbaycan
Respublikasının meşə qanunvericiliyinin və torpaq
qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir.
Meşə fonduna daxil olmayan yaşıllıqların (bundan sonra — yaşıllıqlar) istifadəsi,
mühafizəsi, qorunması və bərpası
sahəsində münasibətlər Azərbaycan
Respublikasının mülki, bitki aləmi, torpaq və su
qanunvericilikləri, habelə “Yaşıllıqların
mühafizəsi haqqında” Azərbaycan Respublikasının
Qanunu və bu Məcəllənin müvafiq
maddələri ilə tənzimlənir.[2]
Meşə fondu ərazisində heyvanat
aləminin, su obyektlərinin, yerin tərkinin, atmosfer
havasının istifadəsi və mühafizəsi
sahəsində münasibətlər Azərbaycan
Respublikasının meşə qanunvericiliyi ilə
meşələrin, habelə meşə bitkiləri ilə
örtülü olmayan meşə fondu torpaqlarının
səmərəli istifadəsi, mühafizəsi, qorunması
və bərpası üçün lazım olan həddə
tənzimlənir.
Meşələrin, habelə
meşə fondu torpaqlarının istifadəsi,
mühafizəsi, qorunması zamanı yaranan əmlak
münasibətləri, əgər bu Məcəllədə
başqa hal nəzərdə tutulmamışdırsa,
Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə
tənzimlənir.
Meşələrin, habelə
meşə bitkiləri ilə örtülü olmayan
meşə fondu torpaqlarının istifadəsi,
mühafizəsi, qorunması zamanı yaranan inzibati
münasibətlər, o cümlədən maliyyə
münasibətləri bu Məcəllə ilə Azərbaycan
Respublikasının inzibati və maliyyə
qanunvericiliklərinə uyğun olaraq tənzimlənir.
Maddə 5. Meşə
münasibətlərinin obyektləri
Meşə münasibətlərinin
obyektləri Azərbaycan Respublikasının meşə fondu
(bundan sonra — meşə fondu), meşə fondunun
sahələri, ağac-kol
bitkiləri və onlardan istifadə
hüquqlarıdır. [3]
Maddə 6. Meşə
fondu, meşə fondunun torpaqları və sahələri
Azərbaycan Respublikasının
ərazisindəki bütün meşələr, habelə
meşə bitkiləri ilə örtülü olmayan
meşə fondunun torpaqları (meşə və
qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının
meşə fondunu təşkil edir.
Meşə fondunun sərhədləri
meşə fondunun torpaqlarını digər torpaqlardan
ayıran hüdudlarla müəyyən edilir.
Torpaqların meşə fonduna daxil
edilməsi və oradan çıxarılması Azərbaycan
Respublikasının meşə qanunvericiliyi və torpaq
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
həyata keçirilir.
Meşə torpaqlarına meşə
bitkiləri ilə örtülü olan torpaqlar və bu
bitkilərlə örtülü olmayan, lakin
meşələrin bərpası üçün
nəzərdə tutulmuş torpaqlar
(meşələşməmiş qırma sahələri,
yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş
ağaclıqlar, tinglik sahələri, çətiri
birləşməmiş meşə əkinləri və
digərləri) aid edilir.
Qeyri-meşə torpaqlarına
meşə təsərrüfatının ehtiyacları
üçün nəzərdə tutulmuş torpaqlar (kənd
təsərrüfatı torpaqları, meşə
mərzləri, yollar altında olan torpaqlar və digər
torpaqlar), habelə meşə fondunun sərhədləri
daxilində yerləşən sair torpaqlar (bataqlıqlar,
daşlıqlar, qayalıqlar yerləşən və
istifadə üçün əlverişsiz başqa torpaq
sahələri) aid edilir.
Meşə fondunun sahələrinə
meşə sahələri, habelə meşə bitkiləri
ilə örtülü olmayan meşə və
qeyri-meşə torpaq sahələri aid edilir.
Meşə fondu sahələrinin
sərhədləri meşə təsərrüfatı
işarələri ilə naturada nişanlanmalı və
plan-xəritə materiallarında (meşə
xəritələrində) göstərilməlidir.
Maddə 7. Meşə
fonduna daxil olmayan yaşıllıqlar[4]
Aşağıdakı
yaşıllıqlar meşə fonduna daxil deyildir:
xüsusi mühafizə olunan
təbiət əraziləri və obyektlərində olan
yaşıllıqlar (bu Məcəllənin 74-cü
maddəsi nəzərə alınmaqla);
xüsusi mülkiyyətdə olan
həyətyanı və bağ sahələrindəki
yaşıllıqlar;
kənd təsərrüfatı
məhsullarının istehsalı üçün istifadə
edilən bitkilərdən ibarət yaşıllıqlar
(əkinlər);
ümumi istifadədə olan
yaşıllıqlar (park, meşə-park, bağ,
bağça, bulvar ərazisində olan və digər
yaşıllıqlar);
məhdud istifadəli
yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət,
sənaye müəssisələrinin və digər
obyektlərin ərazisində olan yaşıllıqlar); [5]
xüsusi təyinatlı
yaşıllıqlar (sənaye müəssisələri
və kompleksləri ilə yaşayış zonaları
arasında, infrastruktur obyektlərinin (magistral dəmir və
avtomobil yollarının, enerji kəmərlərinin və
obyektlərinin, su kanallarının, digər bu kimi
obyektlərin) hüdudlarında salınmış
yaşıllıq zolaqları, tingliklər
(şitilliklər), küçə
yaşıllıqları, mühafizə,
sanitariya-mühafizə və digər qoruyucu zonalarda,
xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar
ərazisində olan və digər yaşıllıqlar).
Maddə 8. Meşə
münasibətləri obyektlərinin dövriyyəsi
Meşə fondunun
dövriyyəsinə, həmçinin meşə fondu
sahələrinin özgəninkiləşdirilməsinə
gətirən və gətirə bilən alqı-satqıya, ipoteka qoymaya və
digər əqdlərə yol verilmir.[6]
Meşə fondu sahələrinin və
onlardan istifadə hüququnun dövriyyədə olmasına
isə yalnız bu Məcəllə ilə nəzərdə
tutulmuş həddə yol verilir.
Meşə fondu sahələrindən
istifadə hüququ ilə bağlı əqdlər
Azərbaycan Respublikasının meşə
qanunvericiliyində müəyyən edilmiş qaydada, onunla tənzimlənməyən
hissədə isə mülki qanunvericiliklə həyata
keçirilir.
Yaşıllıqlar bir
şəxsdən başqasına Azərbaycan
Respublikasının mülki qanunvericiliyində və torpaq
qanunvericiliyində nəzərdə tutulmuş qaydada
verilə bilər. [7]
Maddə 9. Meşə
münasibətlərinin subyektləri
Meşə münasibətlərinin subyektləri
Azərbaycan Respublikası, Naxçıvan Muxtar
Respublikası, bələdiyyələr, fiziki və hüquqi
şəxslərdir.
Azərbaycan Respublikası və
Naxçıvan Muxtar Respublikası adından meşə
münasibətlərində öz səlahiyyətləri
daxilində dövlət hakimiyyəti orqanları iştirak
edirlər.
Bələdiyyələr meşə
münasibətlərində onların statusunu
müəyyən edən qanunvericilik aktı ilə verilən
səlahiyyət daxilində iştirak edirlər.
Meşə
təsərrüfatının aparılmasını həyata
keçirən və meşə fondundan istifadə edən
fiziki və hüquqi şəxslər meşə
münasibətlərinin iştirakçılarıdır.
Meşə münasibətləri
obyektlərinin istifadəsi, mühafizəsi, qorunması
və bərpası zamanı yaranan əmlak və inzibati
münasibətlərində Azərbaycan Respublikasının,
Naxçıvan Muxtar Respublikasının,
bələdiyyələrin, fiziki və hüquqi
şəxslərin iştirakı həmin
münasibətlər bu Məcəllə ilə
tənzimlənmədiyi hallarda Azərbaycan
Respublikasının mülki və inzibati qanunvericilik aktları
ilə müəyyən edilir.
Maddə 10. Meşə
istifadəçiləri
Meşə fondu sahələrindən
istifadə hüququ verilən fiziki və hüquqi
şəxslər meşə istifadəçiləridir.
II fəsil
Meşə fondu və
ağac-kol bitkiləri üzərində mülkiyyət,
onlardan istifadə hüququ
Maddə 11. Meşə
fondu üzərində mülkiyyət
Azərbaycan Respublikasında meşə
fondu dövlətə mənsubdur və onun mülkiyyətidir.
Meşələr və meşə
fondunun torpaqları özəlləşdirilmir.
Maddə 12. Fiziki
və hüquqi şəxslərin yaşıllıqlar
üzərində mülkiyyət hüquqları
Fiziki və hüquqi şəxslərin
xüsusi mülkiyyətində olan torpaq sahələrində
yerləşən yaşıllıqlar,
qanunvericiliklə digər hallar müəyyən
edilmədikdə, onların xüsusi mülkiyyətinə aid
edilir.
Göstərilən yaşıllıqlar
üzərində sahiblik, istifadə və sərəncam
hüquqları Azərbaycan Respublikası meşə
qanunvericiliyinin və digər qanunvericilik aktlarının
tələblərinə uyğun olaraq mülkiyyətçi
tərəfindən həyata keçirilir.
Maddə 13. Meşə
servitutları (meşə sahələrindən
başqasının müəyyən dərəcədə
istifadə etmək hüququ)
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə başqa hallar nəzərdə
tutulmamışdırsa, fiziki şəxslər sərbəst
surətdə meşələrdə olmaq hüququna malikdirlər
(kütləvi meşə servitutu).
Meşə fondu sahələrindən
və meşə fonduna daxil olmayan sahələrdən fiziki
və hüquqi şəxslərin istifadə hüquqları
müqavilələr, habelə məhkəmə
qərarları əsasında başqa maraqlı
şəxslərin xeyrinə məhdudlaşdırıla
bilər (xüsusi meşə servitutu).
Azərbaycan Respublikasının
mülki, torpaq və başqa qanunvericilik aktlarının
müddəaları meşə servitutlarına bu
Məcəllənin tələblərinə zidd olmayan
həddə tətbiq edilir.
Maddə 14. Meşə
fondu sahələrindən istifadə hüququ
Meşə fondu sahələrindən
istifadə hüququ meşələrin çoxfunksiyalı
mahiyyəti nəzərə alınmaqla həyata
keçirilir (müxtəlif şəxslər
tərəfindən və müxtəlif məqsədlər
üçün eyni vaxtda istifadə).
“Torpaq islahatı haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş qaydada meşə bitkiləri
ilə örtülü olmayan meşə və
qeyri-meşə torpaqları meşələrin bərpası
məqsədilə təyinatı üzrə bu
Məcəllə ilə müəyyən edilmiş
şərtlərlə fiziki və hüquqi
şəxslərə müqavilə əsasında
icarəyə verilə bilər.
Bu Məcəllə ilə
nəzərdə tutulmamış hallarda meşə fondu
sahələrindən istifadə hüququna dair mülki və
torpaq qanunvericiliklərinin normaları tətbiq edilir.
Maddə 15. Meşə
fondu sahələrindən istifadə hüququnun
əsasları
Meşə fondu sahələrindən
istifadə hüququnun əsasları
aşağıdakılardır:
müqavilələr;
məhkəmə qərarları;
bu Məcəllə ilə yol verilən
digər əsaslar.
Meşə sahələrindən
istifadə hüququ, kütləvi servitut istisna olmaqla,
meşə fondu sahələrinin icarə müqaviləsinin
dövlət qeydiyyatından keçdiyi, meşəqırma
bileti, order, meşə bileti alındığı vaxtdan
əldə edilir.
Maddə 16. Meşə
fondu sahələrindən istifadə hüququnun
yaradılması
Meşə fondu sahələrindən
istifadə hüququ meşə fondu sahəsinin
(torpaqlarının) icarə müqaviləsinin,
meşəqırma biletinin, orderin, meşə biletinin
əsasında yaranır.
Meşə istifadəçisi
Azərbaycan Respublikasının meşə qanunvericiliyi
ilə müəyyən edilmiş hallarda və
şərtlərlə istifadəyə verənin razılığı
ilə meşə fondu sahəsindən istifadə hüququnu
özünün hüquqi varisi olmayan şəxsə
müqavilə əsasında verə bilər.
Meşə istifadəçisi olan
şəxs vəfat etdikdə ona məxsus istifadə
hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada
başqa şəxslərə keçə bilər.
Meşə istifadəçisi olan
hüquqi şəxs yenidən təşkil edildikdə ona
məxsus istifadə hüququ Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yeni
yaranan hüquqi şəxsə keçir.
Meşə fondu sahələrindən
(torpaqlarından) istifadə hüququnun başqasına
keçməsi müqaviləyə, meşəqırma
biletinə, orderə, meşə biletinə dəyişikliklər
etmək yolu ilə rəsmiləşdirilir.
Maddə 17. Meşə
fondu sahələrindən istifadə hüququnun həyata
keçirilməsi
Meşə istifadəçiləri
meşə fondu sahələrindən istifadə hüququnu o
vaxt sərbəst həyata keçirirlər ki, bu,
meşələrin və meşə fondu torpaqlarının
vəziyyətini pisləşdirməsin, ətraf
mühitə zərər vurmasın, habelə başqa
şəxslərin qanuni mənafelərinə xələl
gətirməsin.
Azərbaycan Respublikasında meşə
qanunvericiliyinin tələblərinə zidd
məqsədlər və üsullar ilə meşə fondu
sahələrindən istifadə qadağandır.
Bu Məcəllədə və digər
qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar
istisna olmaqla, dövlət hakimiyyəti orqanlarının
meşə fondu sahələrindən istifadə
sahəsində meşə istifadəçilərinin
fəaliyyətinə qarışmasına yol verilmir.
Maddə 18. Meşə
fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması
və ya dayandırılması
Meşələrin, habelə
meşə ilə örtülü olmayan meşə fondu
torpaqlarının səmərəli istifadəsini,
mühafizəsini, qorunmasını və bərpasını,
ölkənin müdafiəsini və dövlətin
təhlükəsizliyini təmin etmək, əhalinin
sağlamlığını, ətraf mühiti,
tarixi-mədəni və təbii irsi, fiziki
şəxslərin hüquqlarını və qanuni
mənafelərini qorumaq zərurililiyi yarandığı
hallarda meşə fondu sahələrindən istifadə
hüququ qanunvericiliklə müəyyən olunmuş qaydada
məhdudlaşdırıla və dayandırıla bilər.
Maddə 19. Meşə
fondu sahələrindən istifadə hüququnun
məhdudlaşdırılması və ya
dayandırılması qaydaları
Meşə fondu sahələrindən
istifadə hüququ müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə aşağıdakı
hallarda məhdudlaşdırıla və ya dayandırıla
bilər:
meşə istifadəçisi
tərəfindən Azərbaycan Respublikası meşə
qanunvericiliyinin tələbləri pozulduqda;
meşə istifadəçisi
tərəfindən icarə müqaviləsinin,
meşəqırma biletinin, orderin, meşə biletinin
şərtlərinə əməl edilmədikdə.
Meşə fondu sahələrindən
istifadə hüququnun məhdudlaşdırılmasına
və ya dayandırılmasına səbəb olan
şərait və şərtlər aradan qaldırıldıqda
bu hüquq tam həcmdə bərpa olunur.
Meşə istifadəçisi onun
meşə fondu sahəsindən istifadə hüququnun
məhdudlaşdırılması və ya
dayandırılması barədə qərarla
razılaşmadıqda məhkəməyə şikayət
edə bilər.
Meşə fondu sahələrindən
istifadə hüququnun məhdudlaşdırılması
və ya dayandırılması meşə istifadəçisini
Azərbaycan Respublikasının meşə qanunvericiliyini
pozduğuna görə intizam, inzibati, mülki və
cinayət məsuliyyətindən azad etmir.
Maddə 20. Meşə
fondu sahələrindən istifadə hüququna xitam
verilməsinin əsasları
Meşə istifadəçisi
meşə fondu sahələrindən istifadə hüququndan
imtina etdikdə, istifadə hüququnun müddəti başa
çatdıqda meşə istifadəçisi olan hüquqi
və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu
Məcəllə və Azərbaycan Respublikasının
başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş
digər hallarda onun meşə fondu sahələrindən
istifadə hüququna xitam verilir.
Meşə fondu sahələrindən
istifadə hüququna məcburi xitam verilməsi yalnız
aşağıdakı hallarda həyata keçirilir:
meşə istifadəçisi
tərəfindən Azərbaycan Respublikasının
meşə qanunvericiliyi pozulduqda;
fövqəladə vəziyyət
törədən qəza, təbii fəlakət və bu kimi
başqa hadisələr baş verdikdə;
meşə istifadəçisi
tərəfindən meşə fondu sahələrindən
istifadə üçün haqq müəyyən olunmuş
müddətdə ödənilmədikdə;
meşə istifadəçisi
tərəfindən meşə fondu sahələrindən
(torpaqlarından) istifadə qaydaları və ya icarə
müqaviləsində, meşəqırma biletində,
orderdə, meşə biletində nəzərdə
tutulmuş şərtlər pozulduqda;
meşə istifadəçisi
tərəfindən yanğın təhlükəsizliyi
sahəsində normaların, standartların və qaydaların
tələblərinə əməl edilmədikdə;[8]
meşə fondu sahələri
dövlət ehtiyacları üçün alındıqda.[9]
Meşə fondu sahələrindən
istifadə hüququna xitam verilməsi Azərbaycan
Respublikasının meşə qanunvericiliyinə görə
meşə istifadəçisinin intizam, inzibati, mülki
və cinayət məsuliyyətindən azad etmir.
Maddə 21. Meşə
fondu sahələrindən istifadə hüququna xitam
verilməsinin qaydaları
Meşə fondu sahələrindən
istifadə hüququna meşə fondu sahəsinin
(torpaqlarının) icarə müqaviləsinin,
meşəqırma biletinin, orderin, meşə biletinin ləğvi
nəticəsində xitam verilir.
Meşə istifadəçisi
meşə fondu sahəsindən istifadə hüququndan imtina etdikdə
bu hüquq onun rəsmi ərizəsi əsasında
dayandırılır.
Meşə fondu sahələrindən
istifadə hüququna xitam verilməsi bu barədə
meşə istifadəçisinə rəsmi xəbər
verməklə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
Maddə 22. Meşə
fondu torpaqlarının icarəyə verilməsi
Bu Məcəllənin 14-cü
maddəsinə uyğun olaraq meşə bitkiləri ilə
örtülü olmayan meşə və qeyri-meşə
torpaqları meşələrin bərpası məqsədilə
təyinatı üzrə meşə
istifadəçisinə (icarəçi) icarəyə
müqavilə əsasında müvafiq icra hakimiyyəti
orqanı (icarəyə verən) tərəfindən bir
ildən qırx doqquz ilədək verilə bilər.[10]
Meşə fondu torpaqlarının
icarə müqaviləsi əsasında əldə edilmiş
meşə sərvətləri (məhsul) icarəçinin
mülkiyyətidir.
Meşə fondu torpaqlarının
subicarəsi qadağandır.
Meşə fondu torpaqlarının
icarəyə verilməsi bu Məcəllə və
Azərbaycan Respublikasının müvafiq qanunvericilik
aktları ilə tənzimlənir.
Maddə 23. Meşə
fondu torpaqlarının icarə müqaviləsinin
şərtləri
Meşə fondu torpaqlarının
icarə müqavilələrində aşağıdakılar
göstərilir:
icarəyə verilən sahənin
sərhədləri;
işin həcmi
(ölçüləri);
icarənin müddəti;
icarə haqqının miqdarı və
onun ödənmə qaydası;
icarəyə verilən sahənin
mühafizəsi, qorunması və bərpası
sahəsində tərəflərin öhdəlikləri;
Azərbaycan Respublikasının
meşə qanunvericiliyi və tərəflərin
razılığı ilə nəzərdə tutulmuş
başqa şərtlər.
Maddə 24. Meşə
fondu torpaqlarının icarəyə verilməsi qaydası
Meşə fondu torpaqlarının
icarəyə verilmə qaydası Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Meşə fondu torpaqlarının
icarəyə verilməsi aşkarlıq şəraitində,
müvafiq ərazidə yaşayan əhalinin mənafeyini
nəzərə almaqla həyata keçirilməlidir.
Maddə 25. Meşəqırma
bileti, order və meşə bileti
Meşəqırma bileti oduncaq və
ikinci dərəcəli meşə materiallarının
tədarükü, daşınması üçün
hüquq verən sənəddir. Meşəqırma
biletində meşə quruluşu layihələri
əsasında meşə fondundan istifadə üçün
ayrılmış sahənin yeri, oduncağın və ikinci
dərəcəli materialların miqdarı, keyfiyyəti,
onların qiyməti, işin aparılma müddəti,
qırma yerlərinin təmizlənməsi, meşənin
bərpa edilməsi şərtləri və qaydaları
göstərilir.
Order özü yıxılmış
və (və ya) qurumuş ağaclardan oduncaq hazırlamaq,
ağac tör-töküntüsü və ikinci
dərəcəli meşə materiallarının
tədarükü, daşınması üçüq
hüquq verən sənəddir. Order meşəqırma bileti
əsasında verilir.
Meşə bileti onun sahibinə
əlavə meşə istifadələri üçün
hüquq verən sənəddir. Meşə biletində
meşə fondundan istifadənin növü, yeri, miqdarı,
vaxtı, şərtləri və qiyməti göstərilir.
Meşəqırma biletinin, orderin və
meşə biletinin formaları, onların uçotu,
saxlanılması, doldurulması və verilməsi qaydaları
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 26. Meşə
fondu sahələrinin qısamüddətli istifadəyə
verilmə qaydası
Meşə fondu sahələrinin bir
ilə qədər qısamüddətli istifadəyə
verilməsi Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
həyata keçirilir.
III fəsil
Meşə fondundan istifadə,
onun mühafizəsi, qorunması və meşələrin
bərpası sahəsində dövlət idarəetməsi
Maddə 27. Meşə
fondundan istifadə, onun mühafizəsi, qorunması və
meşələrin bərpası sahəsində dövlət
idarəetməsi və onun əsas prinsipləri
Meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması və meşələrin
bərpası sahəsində dövlət idarəetməsini
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı həyata keçirir. Bu məqsədlə:
meşə
təsərrüfatının aparılması
sahəsində dövlət siyasətinin əsas
istiqamətlərini müəyyənləşdirir;
meşə qanunvericiliyinə riayət
edilməsinə, həmçinin meşə fondundan
istifadəyə, onun mühafizəsinə, qorunmasına
və meşələrin bərpasına dövlət
nəzarətini həyata keçirir, onun aparılması
qaydalarını müəyyən edir;
meşə fondundan istifadə və
meşə fondu barəsində sərəncam verir;
investisiya siyasətini həyata
keçirir;
meşə fondundan istifadənin, onun
mühafizəsinin, qorunmasının və
meşələrin bərpasının dövlət
proqramlarını təsdiq edir;
meşə fondundan istifadənin norma
və qaydalarını müəyyənləşdirir;
hesablanmış meşəqırma
həcmini müəyyənləşdirir və təsdiq edir;
meşə fondundan istifadəyə
görə ödəniş növlərini, habelə
köküstə buraxılan oduncağın minimum
ödəniş tarifini, ayrı-ayrı meşə istifadəçiləri
üçün tədiyə güzəştlərinin
həcmini və onların ödəmə qaydalarını
müəyyən edir. Meşə materiallarına qiymət qoyur;
meşələrin qorunub
saxlanılması və təkrar istehsalı üzrə
respublika fondunu yaradır, ondan istifadə qaydalarını
müəyyən edir;
köküstə oduncaq
buraxılması, meşəqırma, meşə fondunun
mühafizəsi, qorunması və meşələrin
bərpası qaydalarını təsdiq edir;
meşə
təsərrüfatının aparılması üzrə
elmi tədqiqat və layihə axtarış işlərini
təşkil edir və əlaqələndirir;
meşələrin dövlət
uçotunun, dövlət meşə kadastrının,
meşələrin monitorinqinin və meşə quruluşu
işlərinin aparılması qaydalarını
müəyyən edir;
meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması və meşələrin
bərpası sahəsində beynəlxalq
əməkdaşlığı həyata keçirir,
müqavilələr bağlayır və onların yerinə
yetirilməsini təşkil edir;
meşə təsərrüfatı
sahəsində dövlət statistika hesabatının
aparılması qaydasını müəyyən edir;
meşə fondu sahələrindən
istifadə hüququnu, habelə meşələrin
vəziyyətinə və bərpasına təhlükə
yaradan işləri dayandırır, məhdudlaşdırır,
bunlara xitam verir;
meşə
təsərrüfatının aparılması və
meşədən istifadə ilə əlaqədar olmayan
məqsədlər üçün meşə
torpaqlarını qeyri-meşə torpaqlarına keçirir,
meşə fondu torpaqlarını geri alır;
meşə fondu sahələrini
fövqəladə ekoloji vəziyyət və ekoloji
fəlakət zonaları elan edir;
qanunvericiliklə müəyyən
edilmiş digər səlahiyyətləri həyata
keçirir;
meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması və meşələrin
bərpası sahəsində dövlət idarəetməsi
aşağıdakı prinsiplərə əsaslanır:
iqtisadiyyatın inkişafı;
ətraf mühitin mühafizəsi;
ölkənin mənafeyinə uyğun
olaraq meşə fondundan səmərəli istifadə edilməsi.
Maddə 28. Naxçıvan
Muxtar Respublikasının meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması və meşələrin
bərpası sahəsində fəaliyyəti
Naxçıvan Muxtar
Respublikasının meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması və meşələrin
bərpası sahəsində həyata keçirdiyi
fəaliyyət bu Məcəllə ilə tənzimlənir.
Maddə 29. Meşə
fondundan istifadə, onun mühafizəsi, qorunması və
meşələrin bərpası sahəsində yerli
özünüidarənin səlahiyyətləri
Meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması və meşələrin bərpası
sahəsində yerli özünüidarənin
səlahiyyətləri Azərbaycan Respublikasının
Konstitusiyası və Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktları ilə müəyyən
edilir.
IV fəsil
Meşə
təsərrüfatının təşkili
Maddə 30. Meşə
təsərrüfatının təşkilinə qoyulan
əsas tələblər
Meşə
təsərrüfatının təşkili və
meşə fondundan istifadə ətraf mühitə, təbii
ehtiyatlara və insanların sağlamlığına
zərər gətirməyən prinsiplərə
əsasən həyata keçirilməlidir.
Meşə təsərrüfatı
işləri aparılarkən aşağıdakılar təmin
olunmalıdır:
insanların sağlamlığı
naminə meşələrin mühityaradıcı, suyu
mühafizə, qoruyucu, sanitariya-gigiyena,
sağlamlaşdırıcı və digər faydalı
təbii xüsusiyyətlərinin saxlanılması və
gücləndirilməsi;
oduncaq və başqa meşə
sərvətlərinin tədarükü üçün
meşə fondundan məqsədli və səmərəli
istifadə;
meşələrin bərpası,
onların cins tərkibinin, keyfiyyətinin
yaxşılaşdırılması,
məhsuldarlığın yüksəldilməsi,
mühafizəsi və qorunması;
eşə fondu torpaqlarından
səmərəli istifadə;
meşə təsərrüfatı
işlərinin səmərəliliyinin vahid siyasət, elm,
texnika və qabaqcıl təcrübənin
nailiyyətlərindən istifadə əsasında
yüksəldilməsi;
bioloji müxtəlifliyin
saxlanılması;
tarix-mədəniyyət və təbii
irs obyektlərinin qorunması.
Maddə 31. Meşə
fondunun meşə qrupuna və qoruyucu kateqoriyalara aid
edilməsi
Azərbaycan Respublikasının
meşə fondu dağ və düzən
meşələrindən ibarətdir.
İqtisadi və ekoloji
əhəmiyyətinə, yerləşməsinə və
yerinə yetirdiyi funksiyalara görə ölkənin
meşə fondu birinci qrup meşələrə aid olub
aşağıdakı qoruyucu kateqoriyalara bölünür:
qoruq meşələri;
kurort meşələri;
xüsusi qiymətli meşə
massivləri;
şəhərlərin və digər
yaşayış məntəqələrinin
ətrafındakı yaşıllıq zonalarının
meşələri;
yabanı meyvə meşələri;
dövlət qoruyucu meşə
zolaqları;
sair meşələr.
Zəruri hallarda göstərilən
kateqoriyalara aid edilmiş meşələrdə xüsusi
qoruyucu meşə sahələri (eroziyadan mühafizə
meşələri, çayların, göllərin və
digər su obyektlərinin sahillərində olan meşə
sahələri, dəmir yollarının və avtomobil
yollarının kənarlarındakı meşələr
və s.) və xüsusi qorunan meşə sahələri (elmi
və mədəni-tarixi əhəmiyyət kəsb edən
meşələr və meşə-parklar, seyrək arid
meşələri, ziyarət edilən yerlərdəki
meşələr və s.) müəyyən edilir.
Meşələrin qoruyucu kateqoriyalara
aid edilməsi, habelə bir qoruyucu kateqoriyadan başqa qoruyucu
kateqoriyaya keçirilməsi Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada meşə quruluşu
işləri və ya xüsusi müşahidə
materialları əsasında həyata keçirilir.
Maddə 32. Qoruyucu
kateqoriyalara görə meşə torpaqları
hüdudlarının müəyyən edilməsi
Meşələri qoruyucu kateqoriyalara aid
edərkən eyni zamanda meşə fondu sahəsinin hər bir
kateqoriya üzrə hüdudları bu Məcəllədə
nəzərdə tutulmuş qaydada müəyyən edilir.
Xüsusi qoruyucu meşə
sahələrinin göstəriciləri meşə quruluşu
işləri və ya xüsusi müşahidə
materiallarına əsasən Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir. Xüsusi qoruyucu meşə sahələrinin
siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 33. Meşənin
qırma yaşının təyini
Meşənin qırma yaşı
meşələrin əhəmiyyətindən,
məhsuldarlığından, yerinə yetirdiyi funksiyalardan,
habelə orada bitən ağac cinslərinin bioloji xüsusiyyətlərindən
asılı olaraq müəyyən edilir.
Meşələrin qırma yaşı
meşə quruluşu işləri aparılarkən və ya
elmi tədqiqat işlərinin nəticəsi ilə
əsaslandırılır.
Qırma yaşı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 34. Hesablanmış
meşəqırma həcmi və onun təsdiq edilməsi
qaydası
Hesablanmış meşəqırma
həcmi meşə fondundan səmərəli,
uzunmüddətli istifadənin zəruriliyi nəzərə
alınmaqla meşə quruluşu işləri aparılarkən
müəyyən edilir.
Təbiəti mühafizə orqanı
ilə razılaşdırılmış meşəqırma
həcmi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
Meşə fondunun sərhədi,
meşənin qırma yaşı, meşə kateqoriyası
dəyişdikdə və meşə fondunda digər
dəyişikliklər baş verdikdə hesablanmış
meşəqırma həcmi müəyyən edilmiş qaydada
yenidən təsdiq edilir.
Maddə 35. Meşə
təsərrüfatının idarə edilməsi və
meşə fondundan istifadə ilə əlaqədar olmayan
məqsədlər üçün meşə
torpaqlarının qeyri-meşə torpaqlarına
keçirilməsi (və ya) meşə fondu
torpaqlarının geri alınması
Meşə
təsərrüfatının idarə edilməsi və
meşə fondundan istifadə ilə əlaqədar olmayan
məqsədlər üçün meşə fondu
torpaqlarının qeyri-meşə torpaqlarına
keçirilməsi (və ya) meşə fondu
torpaqlarının geri alınması Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
Bu halda meşə fondundan torpaq
ayrılan fiziki və hüquqi şəxslər həmin
torpaqların kadastr qiyməti əsasında hesablanmış
dəyəri müvafiq meşə təsərrüfatına
ödəyirlər.
Meşə fondu torpaqlarının geri
alınması ilə əlaqədar meşə
istifadəçilərinə dəyən ziyan Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada tam
həcmdə ödənilir.
Maddə 36. Meşələrin
vəziyyətinə və bərpasına təsir edən
obyektlərin tikinti yerlərinin
razılaşdırılması[11]
Meşələrin vəziyyətinə
və bərpasına təsir edən, habelə bu
Məcəllənin 37-ci maddəsində nəzərdə
tutulan obyektlərin tikinti layihələrinin “Ətraf
mühitə təsirin qiymətləndirilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş qaydada ətraf mühitə
təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi
hazırlanır və həmin sənəd dövlət
ekoloji ekspertizasından keçirilməklə müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırılır.
Meşələrin vəziyyətinə
və bərpasına təsir edən mövcud obyektlər
ətraf mühitə təsir göstəricilərinə dair
ekoloji tələblərə uyğun olduqda, həmin
obyektlərin yenidən qurulması və ya həmin
obyektlərdə mövcud qurğu və avadanlıqların
dəyişdirilməsi üçün ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin
hazırlanması tələb olunmur, lakin həmin
fəaliyyətə dair müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən verilən sənədlərdə
(atıla bilən tullantı həddi (ABTH), buraxıla
bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf
mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların
və texniki normativ hüquqi aktların tələbləri
nəzərə alınmaqla müvafiq dəyişikliklər
edilir.
Meşələrin vəziyyətinə
və bərpasına təsir edən mövcud obyektlərin
fəaliyyəti zamanı təbiətdən istifadə
şərtləri ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olmadıqda və ya ilkin layihədə
nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji
üsullar tətbiq edildikdə, həmin fəaliyyətə
dair yenidən ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
Meşələrin vəziyyətinə
və bərpasına təsir edən obyektlərə dair
ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) həyata keçirilərkən onların
transsərhəd təsiri müəyyən edildikdə,
həmin obyektlərlə bağlı transsərhəd
təsirlərin qiymətləndirilməsi
məsələləri Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq həll edilir.
Maddə 37. Meşə
fondunda meşə təsərrüfatının
aparılması və meşədən istifadə ilə
əlaqədar olmayan işlərin görülməsi
qaydası
Meşə fondunda meşə
təsərrüfatının aparılması və
meşədən istifadə ilə əlaqədar olmayan
tikinti və mədən işlərinin aparılmasına,
kommunikasiyaların çəkilməsinə və digər
işlərin yerinə yetirilməsinə icazə
(meşə fondu torpaqlarının qeyri-meşə
torpaqlarına keçirilməsi və (və ya) meşə
fondu torpaqlarının geri alınması tələb
olunmadıqda) müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilir.
İcazədə görülən
işlərin adı, müddəti və yerinə
yetirilmə şərtləri, ətraf mühitin
mühafizəsi barədə tələblər göstərilir.
Bu işlərin yerinə yetirilməsi
qırma ilə əlaqədar olduqda meşə
təsərrüfatı müəssisəsi
meşəqırma bileti yazır.
Göstərilən işlərin
yerinə yetirilməsində tətbiq olunan üsullar
meşə fondunun vəziyyətinə və
meşələrin bərpasına mənfi təsir
göstərməməlidir.
Maddə 38. Meşə
fondunun dövlət uçotu
Meşə fondunun dövlət
uçotu meşə fondundan səmərəli istifadəni,
onun mühafizəsini, qorunmasını və
meşələrin bərpasını təşkil etmək,
meşə fondunun kəmiyyət və keyfiyyət
dəyişmələrinə müntəzəm
nəzarət etmək, dövlət orqanlarını,
bələdiyyələri, əlaqədar fiziki və
hüquqi şəxsləri meşə fondu barədə
məlumatla təmin etmək məqsədilə
aparılır.
Meşə fondunun dövlət
uçotunun məlumatları dövlət meşə
kadastrının aparılmasında istifadə edilir.
Meşə fondunun dövlət
uçotu göstəricilərinin siyahısını,
habelə müvafiq sənədlərin formalarını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Meşə fondunun dövlət
uçotunun aparılma qaydası Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən
müəyyən edilir.
Maddə 39. Dövlət
meşə kadastrı
Dövlət meşə kadastrı
meşə fondunun qeydiyyatı, onun ekoloji, iqtisadi,
kəmiyyəti və keyfiyyət cəhətdən
qiymətləndirilməsidir.
Dövlət meşə kadastrı
meşə təsərrüfatının idarə
edilməsində, onun təşkilində və meşə
fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər
üçün meşə torpaqlarının
qeyri-meşə torpaqlarına keçirilməsində və
(və ya) meşə fondu torpaqlarının geri
alınmasında, meşə fondundan istifadə
üçün ödəmələrin miqdarının
müəyyən edilməsində, meşə
istifadəçilərinin və meşə
təsərrüfatı işləri aparan şəxslərin
təsərrüfat fəaliyyətinin
qiymətləndirilməsində istifadə olunur.
Dövlət meşə kadastrının
aparılmasını müvafiq icra hakimiyyəti orqanı
həyata keçirir.
Dövlət meşə kadastrı
göstəricilərinin siyahısı və
meşələrin iqtisadi qiymətləndirilməsinin
metodikası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Dövlət meşə
kadastrının aparılması qaydasını Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
Maddə 40. Meşələrin
monitorinqi
Meşələrin monitorinqi meşə
fondundan istifadə, onun mühafizəsi, qorunması və
meşələrin bərpası, onların ekoloji
funksiyalarının aparılması sahəsində
dövlət idarəetməsi məqsədilə meşə
fondunun vəziyyətinin və dinamikasının
qiymətləndirilməsi və
proqnozlaşdırılması sistemindən ibarətdir.
Meşələrin monitorinqinin həyata
keçirilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 41. Meşə
fondundan istifadənin, onun mühafizəsinin,
qorunmasının və meşələrin
bərpasının dövlət proqramları
Meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması və meşələrin
bərpası üçün dövlət proqramları
hazırlanır.
Meşə fondundan istifadənin, onun
mühafizəsinin, qorunmasının və
meşələrin bərpasının dövlət
proqramları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən hazırlanır və həyata
keçirilir.
Bu proqramların layihələrinə
dair “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi
hazırlanır və həmin sənədin dövlət
ekoloji ekspertizası həyata keçirilir.[12]
Maddə 42. Məcburi
sertifikatlaşdırılan meşə ehtiyatları
Köküstə buraxılan oduncaq
və ikinci dərəcəli meşə ehtiyatları
məcburi sertifikatlaşdırılır.
Göstərilən ehtiyatların məcburi
sertifikatlaşdırılmasının təşkili və
aparılması Azərbaycan Respublikası müvafiq icra
hakimiyyəti orqanının müəyyənləşdirdiyi
qaydada həyata keçirilir.
Maddə 43. Meşə
quruluşu işləri və onun aparılması
Meşə quruluşu işləri
meşə fondundan səmərəli istifadə, meşə
təsərrüfatının effektli aparılması, bu
sahədə vahid elmi-texniki siyasətin həyata
keçirilməsini təmin etməyə
yönəldilmiş tədbirlər sistemindən ibarətdir.
Meşə quruluşu işləri
aparılan zaman aşağıdakılar həyata
keçirilir:
müəyyən edilmiş qaydada
meşə təsərrüfatlarının, milli
parkların, dövlət təbiət qoruqlarının,
digər meşə təsərrüfatı
müəssisələrinin, meşə fondu sahələrinin
və ərazilərinin təsərrüfatdaxili
təşkilinin müəyyən edilməsi;
topoqrafiya-geodeziya işlərinin
görülməsi və meşənin xüsusi
xəritələrinin hazırlanması;
meşələrin cins və yaş
tərkibini, vəziyyətini, habelə meşə
ehtiyatlarının keyfiyyət və kəmiyyət
göstəricilərini müəyyən etməklə meşə
fondunun inventarlaşdırılması;
relikt (qədim dövrdən
dəyişməmiş) meşə bitkilərinin, xüsusi
qoruyucu və xüsusi qorunan meşə sahələrinin
aşkara çıxarılması;
meşələrin bərpası və
aralıq istifadə üçün
qırılmasını, meşəsalma, meliorasiya,
meşələrin mühafizəsi, qorunması, digər
meşə təsərrüfatı tədbirlərinin
görülməsini tələb edən meşə fondu
sahələrinin aşkara çıxarılması,
habelə bu tədbirlərin aparılması qaydaları
və üsullarının müəyyən edilməsi;
meşələrin qoruyucu kateqoriyalara
aid edilməsinin və bir qoruyucu kateqoriyadan digərinə
keçirilməsinin əsaslandırılması, meşə
ilə örtülü olmayan torpaqların meşə ilə
örtülü olan torpaqlara, qeyri-meşə
torpaqlarının meşə torpaqlarına
keçirilməsi;
hesablanmış meşəqırma
və aralıq istifadə üçün qırma
həcminin müəyyən edilməsi;
meşəbərpa, meşəsalma,
meşələrin mühafizəsi və qorunması
tədbirlərinin, həmçinin digər meşə
təsərrüfatı işlərinin həcminin
müəyyən edilməsi;
meşədən əlavə
istifadənin və ikinci dərəcəli meşə
ehtiyatları tədarükü miqdarının, meşə
fondundan ovçuluq təsərrüfatının ehtiyacları,
mədəni-sağlamlaşdırma, turizm və idman
məqsədləri üçün istifadənin
müəyyən edilməsi;
meşə-bioloji və digər
xüsusi müayinələrin aparılması;
meşə quruculuğu
layihələrinin həyata keçirilməsinə
nəzarət;
digər meşə qoruyucu
işləri.
Meşə quruluşu işləri
zamanı meşə fondunun meşə quruluşu
layihələri tərtib edilir. Layihələrdə
ötən dövr ərzində meşə
təsərrüfatlarının aparılması və
meşə fondundan istifadə qiymətləndirilir, onun
təşkilinin və aparılmasının əsas
müddəaları hazırlanır. Həmin layihələr müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
təsdiq edilir və bu Məcəllədə
nəzərdə tutulmuş hallarda, ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ)
sənədlərinin hazırlanması, meşə
təsərrüfatının aparılması, onun cari və
perspektiv proqnozlaşdırılması, habelə meşə
təsərrüfatı işlərinin
maliyyələşdirilməsi üçün
əsasdır.[13]
Meşə quruluşu işləri
meşə fondu ərazisində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada vahid sistem
üzrə aparılır.
Meşə quruluşu işləri
aparılmadan meşə təsərrüfatı və
meşədən istifadə işlərinin həyata
keçirilməsi qadağandır.
Maddə 44. Meşə
fondu haqqında məlumat
Meşə fondu haqqında məlumat,
meşələrin dövlət uçotu, dövlət
meşə kadastrı, meşələrin monitorinqi,
meşə quruluşu işləri göstəricilərindən
və sairədən ibarətdir.
Meşə fondu haqqında məlumat
Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının
xüsusi sərəncamında olmaqla, onun müəyyən
etdiyi qaydada fiziki və hüquqi şəxslərə verilir.
Maddə 45. Meşə
fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarəti
Meşə fondunun vəziyyətinə,
istifadəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin vəzifəsi
fiziki və hüquqi şəxslər tərəfindən
meşə fondundan istifadənin, köküstə oduncaq
buraxılışını, meşəbərpa və
aralıq istifadə qırmaları və digər qırma
qaydalarını Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun təmin etməkdən ibarətdir.
Bu sahədə dövlət
nəzarətini müvafiq icra hakimiyyəti orqanları
səlahiyyətləri daxilində həyata
keçirirlər.
Meşə fondunun vəziyyətinə,
istifadəsinə, mühafizəsinə, qorunmasına və
meşələrin bərpasına dövlət
nəzarətinin həyata keçirilməsi qaydası
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 46. Meşə
fondunun mühafizəsinə tələblər
Meşə fondunun mühafizəsi
dövlət tərəfindən həyata keçirilir.
Bu məqsədlə aşağıdakı
tədbirlər görülür:
meşə fondunun vəziyyətinə,
istifadəsinə, mühafizəsinə, qorunmasına,
meşələrin bərpasına nəzarətin
təşkili;
meşə fondundan istifadə
edilməsi, onun mühafizəsi, qorunması, bərpası
sahəsində hüquq pozuntularının
qarşısının alınması, onların aradan
qaldırılması;
təqsirkar fiziki və hüquqi
şəxslərin qanunvericilikdə müəyyən
edilmiş qaydada məsuliyyətə cəlb edilməsi;
meşə fonduna zərər vuran
təsərrüfat və başqa fəaliyyət
növlərinin məhdudlaşdırılması,
dayandırılması, qadağan edilməsi;
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər
tədbirlərin həyata keçirilməsi.
Meşə fondunun mühafizəsinin
təşkili Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
V fəsil
Meşələrin və
meşə bitkiləri ilə örtülü olmayan
meşə fondu torpaqlarının istifadəsi,
mühafizəsi, qorunması və bərpası
Maddə 47. Meşədən
istifadəyə qoyulan əsas tələblər
Meşədən istifadəyə qoyulan
tələblər aşağıdakılardır:
meşələrdən fasiləsiz
və səmərəli istifadə;
əhalinin sağlamlığının
qorunması, ətraf mühitin
yaxşılaşdırılması və iqtisadiyyatın
inkişafı üçün meşələrin
mühityaradıcı, suyu mühafizə, qoruyucu və
digər funksiyalarının saxlanması və
gücləndirilməsi;
meşədən istifadə
qaydalarının meşələrin
əhəmiyyətindən, yerinə yetirdikləri
funksiyalarından, yerləşməsindən, təbii və
iqtisadi şəraitdən asılı olaraq
müəyyənləşdirilməsi;
meşələrin bərpası
üçün şəraitin yaradılması;
meşədən istifadənin
ödənişli olması;
meşədən istifadənin elmi
cəhətdən əsaslandırılmış
normalarına riayət edilməsi.
Maddə 48. Meşə
fondundan istifadə növləri
Meşə fondundan istifadə
növləri aşağıdakılardır:
oduncaq tədarükü;
ikinci dərəcəli meşə
ehtiyatları tədarükü (kötük, lif, qabıq
və başqaları);
meşədən əlavə
istifadə (ot çalını, pətəklərin və
arıxanaların yerləşdirilməsi, yabanı meyvə,
göbələk, giləmeyvə, gərzəkli və
digər məhsullar, palıd qozası, dərman bitkiləri,
texniki xammal, mamır, meşə döşənəyi,
tökülmüş yarpaq, qarğı, qamış, gil
və digərlərinin tədarükü və
yığılması, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş siyahı ilə
müəyyənləşdirilən başqa əlavə
istifadə);
elmi-tədqiqat məqsədləri
üçün;
mədəni-sağlamlaşdırma,
turizm və idman məqsədləri üçün;
ovçuluq təsərrüfatı.
Meşə fondu sahələrindən
istifadə meşə sərvətlərini
götürməklə və ya götürmədən
həyata keçirə bilər.
Meşə fondu sahələri bir və
ya bir neçə meşə istifadəsinə bir və ya
bir neçə növ əlavə istifadə
üçün verilə bilər.
Maddə 49. Meşə
fondundan istifadə zamanı meşə
istifadəçilərinin hüquqları
Meşə fondundan istifadə zamanı
meşə istifadəçiləri aşağıdakı
hüquqlara malikdirlər:
onların istifadəsinə verilmiş
meşə fondu sahələri barədə məlumat almaq;
müəyyən edilmiş həddə
meşə fondundan istifadə;
meşədən istifadə
müddətində meşə fondundan istifadə ilə
bağlı məqsədlər üçün
müəyyən edilmiş qaydada tikililər, qurğular,
oduncaq saxlamaq üçün yerlər düzəltmək;
Azərbaycan Respublikasının
meşə qanunvericiliyinə zidd olmayan digər hüquqlar.
Maddə 50. Meşə
fondundan istifadə zamanı meşə
istifadəçilərinin vəzifələri
Meşə fondundan istifadə zamanı
meşə istifadəçiləri
aşağıdakılara əməl etməyə borcludurlar:
meşə fondu sahələrindən
Azərbaycan Respublikasının meşə qanunvericiliyinə
uyğun olaraq istifadə etmək;
meşə fondu sahələrinin
(torpaqlarının) icarə müqaviləsinin,
meşəqırma biletinin, orderin, meşə biletinin
şərtlərinə əməl etmək;
əhalinin sağlamlığına,
ətraf mühitə ziyan vurmamaq;
meşə fondundan torpaq eroziyasına
səbəb olmayan, meşənin vəziyyətinə və
bərpasına, habelə suyun və digər təbii
obyektlərin vəziyyətinə mənfi təsir
göstərməyən üsullarla istifadə etmək;
istifadəyə verilmiş meşə
fondu sahələrində meşə yanğını
təhlükəsizliyi qaydalarına riayət etmək və
həmin sahələrdə yanğın baş
verməməsi üçün tədbir görmək,
meşə yanğını baş verdikdə onun
söndürülməsini təmin etmək;
qırılma üçün
ayrılmış ağacları tam kəsib götürmək,
oduncağın tədarükü və
daşınmasını müəyyən edilmiş
müddətdə başa çatdırmaq;
oduncaq tədarükü ilə bir vaxtda
sahələri qırma qalıqlarından
təmizləmək;
meşə fondu sahələrinin
(torpaqlarının) icarəsi barədə
müqavilədə, meşəqırma biletində,
orderdə, meşə biletində göstərilmiş
müddətdə və şərtlərlə
meşəbərpa tədbirlərini həyata
keçirmək;
istifadəyə verilmiş meşə
fondu sahələrini (torpaqlarını) öz hesabına
meşə fondu sahələrinin icarəsi barədə
müqavilədə, meşəqırma biletində,
orderdə, meşə biletində göstərilmiş
vəziyyətə gətirmək;
meşə fondu sahələrində
işlər başa çatdıqdan sonra onları müvafiq
meşə təsərrüfatı
müəssisələrinə təhvil vermək;
meşə təsərrüfatına
vurulmuş zərər və itkini müəyyən
edilmiş qaydada ödəmək;
meşə fondundan istifadə
üçün haqları vaxtında ödəmək;
meşələrdə sanitariya
qaydalarına riayət etmək, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
digər rəsmi tələbləri yerinə yetirmək;
başqa meşə
istifadəçilərinin hüquqlarını pozmamaq;
meşə fondundan istifadə
barədə, habelə meşə fondundan istifadəyə
görə ödəmələrin miqdarını
müəyyən etmək üçün lazımi
məlumatları müəyyən edilmiş qaydada
meşə təsərrüfatı
müəssisələrinə, dövlət statistika
orqanlarına vermək;
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək.
Maddə 51. Meşə
fondu istifadəçilərinin hüquqlarının
müdafiəsi
Meşə fondu
istifadəçilərinin pozulmuş hüquqları bərpa
olunmalı və onlara vurulan zərər
ödənilməlidir. Zərərin ödənilməsi
ilə bağlı mübahisələr məhkəmə
qaydasında həll edilir.
Dövlət ehtiyacları
üçün meşə fondu torpaqlarının
özgəninkiləşdirilməsinə Azərbaycan
Respublikasının Mülki Məcəlləsində və
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanununda torpaqların dövlət ehtiyacları
üçün alınması haqqında nəzərdə
tutulmuş hallarda və şərtlərlə yol verilir.[14]
Maddə 52. Meşə
təsərrüfatına dəyən zərər və
itkinin ödənilməsi
Meşə təsərrüfatına
dəyən zərər və itkilər Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada ödənilir.
Maddə 53. Fiziki
şəxslərin meşələrdə olması
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə başqa hallar nəzərdə
tutulmadıqda, fiziki şəxslər haqqı
ödənilmədən meşələrdə olmaq,
şəxsi istifadələri üçün yabanı
meyvə, giləmeyvə, göbələk,
gərzəklilər və digər meşə
sərvətləri, dərman bitkiləri, texniki xammal
yığmaq, mədəni-sağlamlaşdırma, turizm
və idman tədbirlərində iştirak etmək
hüququna malikdirlər.
Azərbaycan Respublikasının
Qırmızı kitabına düşmüş bitki və
göbələk növlərinin, habelə təbii narkotik
tərkibli bitki və digər xammalın yığılması,
tədarükü qadağandır.
Fiziki şəxslər meşədə
yanğın təhlükəsizliyi qaydalarına əməl
etməyə, ağacların və kolların
zədələnməsinə, sındırılmasına,
kəsilməsinə, meşə əkinlərinin
korlanmasına, meşələrin zibillənməsinə,
qarışqa və quş yuvalarının dağılmasına
yol verməməyə, habelə Azərbaycan Respublikası
qanunvericiliyinin digər tələblərinə riayət
etməyə borcludurlar.
Fiziki şəxslərin ov etmək
məqsədilə meşələrdə olması bu
Məcəllə və Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Fiziki şəxslərin
meşədə olması və meşə
sərvətləri yığması Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada yanğın təhlükəsizliyi,
meşə toxumçuluğu, yabanı meyvə və
digər meşə sərvətləri tədarükü
ilə əlaqədar olaraq qoruq meşələrində milli
parklarda və xüsusi mühafizə edilən
ərazilərdə isə onlar üçün
müəyyən edilmiş xüsusi qaydaya müvafiq olaraq
məhdudlaşdırıla və qadağan edilə bilər.
VI fəsil
Meşələrin
bərpası və meşəsalma
Maddə 54. Meşələrin
bərpasının və meşəsalmanın məqsədi
Meşələrin bərpasının
məqsədi meşə ilə örtülü olmayan
torpaqlarda meşələrin vaxtında bərpa
olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından,
məhsuldarlığının artırılmasından,
meşə fondu torpaqlarından səmərəli istifadə
etməkdən ibarətdir.
Meşəsalmanın məqsədi
qeyri-meşə torpaqlarında meşələr salmaqdan,
meşə fondunun məhsuldar olmayan torpaq sahələrini
minimuma endirməkdən, meşə fonduna daxil olmayan
torpaqlarda qoruyucu əkinlər yaratmaqdan ibarətdir. Böyük
ərazilərdə irimiqyaslı (10 ha-dan çox olan)
meşəsalma fəaliyyəti üzrə layihələrin
“Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş qaydada ətraf mühitə
təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi
hazırlanmalı və həmin sənədin dövlət
ekoloji ekspertizası keçirilməlidir.[15]
Maddə 55. Meşəbərpa
qaydası
Meşəbərpa işlərinin
həcminin, onların aparılma üsullarının və
bərpa olunacaq ağac cinslərinin
müəyyənləşdirilməsi, həmçinin
meşəbərpa tədbirlərinin, meşə toxumları
tədarükü və əkin materialları yetişdirilməsi
işlərinin aparılması, meşə fondunda baş
vermiş dəyişiklikləri nəzərə almaqla
meşə quruluşu layihələrinə uyğun olaraq
meşə təsərrüfatı müəssisələri
tərəfindən yerinə yetirilir.
Maddə 56. Meşələrin
məhsuldarlığının artırılmasına qoyulan
əsas tələblər
Meşələrin
məhsuldarlığının artırılması,
meşə fondu sahələrindən səmərəli
istifadə və meşə təsərrüfatı
işlərinin məqsədyönlü aparılması yolu
ilə təmin edilir.
Meşələrin
məhsuldarlığının artırılması elmi
cəhətdən əsaslandırılmış qırma
sisteminin tətbiqi, meşələrin bərpası, onların
cins tərkibinin yaxşılaşdırılması, seleksiya-genetika
əsasında daimi meşə toxumçuluğu
bazasının yaradılması və ondan səmərəli
istifadə, hidromeşəmeliorasiya tədbirləri,
meşələrə qulluq, digər meşə
təsərrüfatı işləri aparmaq yolu ilə
həyata keçirilir.
Meşələrin
məhsuldarlığının artırılması tədbirləri
meşə quruluşu layihələrinə uyğun olaraq
meşə təsərrüfatı müəssisələri
tərəfindən görülür.
Maddə 57. Meşələrin
məhsuldarlığının artırılması
Meşələrin
məhsuldarlığının artırılması
məqsədilə aşağıdakılar həyata
keçirilməlidir:
meşələrə qulluq, seleksiya,
meşə toxumçuluğu, qiymətli ağac
cinslərinin sort-sınağı üzrə işlər
aparmaq, torpaqların münbitliyini artırmaq, onların su
və külək eroziyasının, bataqlaşmasının,
şoranlaşmasının və torpaqların
vəziyyətinin pisləşməsinə səbəb olan
digər proseslərin qarşısını almaq, habelə meşələrin
cins tərkibini yaxşılaşdırmaq, onların
məhsuldarlığını və qoruyucu
xüsusiyyətlərini artırmaq (bu zaman palıd,
fıstıq, qoz, şam və başqa qiymətli ağac
cinslərinin saxlanması və onların vaxtında
bərpası təmin olunmalıdır);
aralıq istifadə üçün
qırmalar aparmaq;
meşələrin bərpası, yeni
meşələr salınması, çox rütubətləşmiş
torpaqların hidromeşəmeliorasiyası sahəsində
tədbirlər görmək;
meşə təsərrüfatı
təmayüllü yollar çəkmək.
VII fəsil
Meşə fondunun
mühafizəsi və qorunması
Maddə 58. Meşələrin
mühafizəsinin və qorunmasının məqsəd və
vəzifələri
Meşələr yanğından,
qanunsuz qırılmadan, meşədən istifadənin
müəyyən edilmiş qaydalarının pozulması
hallarından və meşəyə zərər vuran digər
hərəkətlərdən, zərərvericilərdən
və xəstəliklərdən mühafizə edilməlidir.
Meşələrin mühafizəsi
və qorunması, onların bioloji və digər
xüsusiyyətlərini nəzərə almaqla həyata
keçirilir, meşə fondundan səmərəli istifadə,
meşələri məhv olmaqdan,
zədələnmədən, zəifləmədən,
çirklənmədən və digər mənfi
təsirlərdən mühafizə sahəsində təşkilati,
hüquqi və başqa tədbirlər sistemindən
ibarətdir.
Meşələrin mühafizəsi
və qorunması meşə təsərrüfatı
müəssisələri tərəfindən, yerüstü
vasitələrdən və müəyyən edilmiş qaydada
aviasiyadan istifadə etməklə həyata keçirilir.
Maddə 59. Meşələrin
mühafizəsi və qorunması tədbirlərinin həyata
keçirilməsi qaydası
Müvafiq icra hakimiyyəti orqanları
və meşə təsərrüfatı
müəssisələri meşələrin mühafizəsi
və qorunması, zərərvericilər, xəstəliklər
və yanğınlarla mübarizə tədbirləri
həyata keçirirlər.
Müvafiq icra hakimiyyəti orqanları
və meşə təsərrüfatı
müəssisələri zəruri hallarda, yüksək
yanğın təhlükəsi dövründə əhalinin,
nəqliyyat vasitələrinin meşəyə girməsini,
habelə ayrı-ayrı meşə fondu sahələrində
müəyyən iş növlərinin aparılmasını
məhdudlaşdırır və ya qadağan edir.
Meşə zonalarında istehsalat və
məişət tullantılarının
basdırılması qadağandır.[16]
Fiziki və hüquqi şəxslərin
meşə yanğınlarının
söndürülməsinə cəlb olunması Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 60. Meşələrin
yanğından mühafizəsində meşə
istifadəçilərinin vəzifələri
Meşə istifadəçiləri
meşə yanğınlarına qarşı müvafiq
meşə təsərrüfatı müəssisələri
ilə razılaşdırılmış tədbirlər
planı hazırlayıb təsdiq etməli və
nəzərdə tutulmuş müddətdə yerinə
yetirməlidir. Meşə yanğınlarına qarşı
tələblər müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Fiziki və hüquqi şəxslərin
meşə fondu ərazisində iş apardıqları,
mədəni-kütləvi və sair tədbirlər
keçirdikləri yerlərdə müvafiq icra hakimiyyəti
orqanları tərəfindən təsdiq edilmiş normalara
uyğun və yanğın təhlükəsi
dövründə istifadə etməyə yararlı
yanğınsöndürən vasitələr
olmalıdır.
Maddə 61. Meşə
fondunda yanğın nəzarəti
Meşə fondunda yanğına
nəzarət fiziki və hüquqi şəxslərin yanğın
təhlükəsizliyi sahəsində normaların,
standartların və qaydaların tələblərinə riayət
etmələri, onların pozulmasının
qarşısının alınması məqsədilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
aparılır.[17]
Meşə istifadəçiləri,
meşə fondu sahələrində və meşə fondu
ilə həmhüdud torpaqlarda iş aparan digər fiziki
və hüquqi şəxslər, habelə meşə fondunda
mədəni-kütləvi və sair tədbirlər
keçirilməsinə cavabdeh olanlar yanğın
təhlükəsizliyi sahəsində normaların,
standartların və qaydaların tələblərinin
pozulmasına görə Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və sair
məsuliyyət daşıyırlar.
Maddə 62. Meşə
fondunun zərərvericilərdən və
xəstəliklərdən mühafizəsi
Meşə fondunun
zərərvericilərdən və
xəstəliklərdən mühafizəsi meşə fondunun
vəziyyəti üzərində müntəzəm
müşahidə aparmaq, zərərvericilərin və
xəstəliklərin mənbələrini aşkara
çıxarmaq, həmin yerlərdə profilaktik
tədbirlər aparmaq, bu halların yayılmasının
qarşısını almaq və onları aradan qaldırmaq
yolu ilə təmin edilir.
Meşə fondunun
zərərvericilərdən və
xəstəliklərdən mühafizəsi
aşağıdakı tədbirlərdən ibarətdir:
cari, ekspedisiya aviavizual və sair
meşəpatologiya müşahidələri;
zərərvericilərin və
xəstəliklərin əmələ gəlməsinin
ümumi, ilkin yoxlanışı və onun dəqiq
müşahidəsinin aparılması;
zərərvericilər və
xəstəliklər ilə aviasiya və yerüstü
vasitələrlə mübarizə tədbirlərinin
hazırlanması;
meşə xəstəliklərinə
qarşı profilaktik tədbirlərin,
zərərvericilərin və xəstəliklərin
mənbələrinin ləğv edilməsi işlərinin
təşkili;
bu tədbirlərin yerinə
yetirilməsi üzərində nəzarət.
Meşə fondunun
zərərvericilərdən və
xəstəliklərdən mühafizəsi tədbirləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş fitosanitariya qaydaları ilə
nizamlanır.
Maddə 63. Meşə
fondunun səmərəli istifadəsi, mühafizəsi,
qorunması və bərpasının təmin olunmasında
fiziki və hüquqi şəxslərin, ictimai birliklərin
iştirakı
Meşə fondunun mühafizə
olunması hər bir vətəndaşın, fiziki və
hüquqi şəxslərin borcudur.
Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq fiziki və hüquqi
şəxslər, ictimai birliklər meşələrin
səmərəli istifadəsi, qorunması və bərpasının
təmin olunmasında iştirak edə bilərlər.
VIII fəsil
Meşə fondundan
istifadənin, onun mühafizəsi, qorunması və
bərpasının iqtisadi tənzimlənməsi
Maddə 64. Meşə
fondundan istifadəyə görə ödəmə
Bu Məcəllədə və
Azərbaycan Respublikasının digər qanunvericiliyində
nəzərdə tutulmuş hallardan başqa meşə
fondundan və meşə sərvətlərindən
istifadənin bütün növləri ödənişlidir.
Meşə
təsərrüfatının ümumi gəliri meşə
gəlirlərindən və meşə
təsərrüfatının fəaliyyəti
nəticəsində əldə edilən gəlirdən
ibarətdir.
Meşə gəliri köküstü
oduncaq buraxılışı və meşədən
digər istifadələrə görə, habelə
meşə fonduna vurulan zərər və itkiyə görə
ödəmələrdən ibarətdir.
Ödəmələr meşə məzənnələri
əsasında hesablanır.
Meşə təsərrüfatının
fəaliyyəti nəticəsində əldə edilən
gəlirlərə meşə təsərrüfatı
istehsalından, meşə sənayesi və qeyri-sənaye meşə
istehsalından daxil olan vəsaitlər aid edilir.
Maddə 65. Meşələrin
qorunub saxlanması və təkrar istehsalı fondu
Meşələrin bərpasının
mühafizəsinin və qorunmasının, meşə
təsərrüfatı istehsalının digər
tədbirlərinin, habelə meşə təsərrüfatının
inkişafı proqramlarının
maliyyələşdirilməsini təmin etmək
məqsədilə meşələrin qorunub saxlanması
və təkrar istehsalı fondu yaradılır.
Fondun maliyyə mənbələri
meşə gəlirlərindən, meşə
təsərrüfatına ictimai yardımlardan və digər
vəsaitlərdən ibarətdir.
Meşə təsərrüfatı
istehsalı meşələrin qorunub saxlanması və
təkrar istehsalı fondu, eləcə də büdcə
vəsaiti hesabına maliyyələşdirilir.
Sənaye və qeyri-sənaye
istehsalı özünümaliyyələşdirmə
(təsərrüfat hesabı) prinsipi əsasında həyata
keçirilir.
Maddə 66. Meşə
təsərrüfatı sahəsində
həvəsləndirmə və güzəştlər
Meşə təsərrüfatı
işçilərinə Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada həvəsləndirmə və güzəştlər
(otlaq, biçənək sahələri təhkim etmək,
meşədən mal-qara üçün ot biçmək,
yanacaq kimi istifadə üçün güzəştli
qiymətlərlə odun, xüsusi geyim və s.)
nəzərdə tutulur.
IX fəsil
Meşə fondundan və ağac-kol
bitkilərindən istifadənin xüsusiyyətləri[18]
Maddə 67. Oduncaq
tədarükü
Oduncaq tədarükü
meşəbərpa və aralıq istifadə
üçün qırma, habelə başqa qırmalar
(başdan-başa sanitariya qırmaları, su
qovşaqlarının, boru kəmərlərinin, yolların,
elektrik xətlərinin tikintisi, habelə mərzlərin,
yanğından mühafizə keçidlərinin
açılması və digər belə məqsədlər
üçün aparılan qırmalar) qaydasında
aparılır.
Böyük ərazilərdə (5 ha-dan
çox olan) meşələrin irimiqyaslı
qırılması fəaliyyəti üzrə
layihələrə dair layihələrin “Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirinin
qiymətləndirilməsi (ƏMTQ) sənədi
hazırlanmalı və həmin sənədin dövlət
ekoloji ekspertizası keçirilməlidir.[19]
Maddə 68. Kateqoriyalarından
asılı olaraq meşələrin qırma üsulları
Dövlət qoruqlarının
meşələrində yalnız qoruq rejiminə müvafiq
olan qırmaların aparılmasına yol verilir.
Kurort meşələrində, xüsusi
qiymətli meşə massivlərində,
şəhərlərin və digər yaşayış
məntəqələrinin ətrafındakı yaşıllıq
zonalarının meşələrində, yabanı meyvə
meşələrində və dövlət qoruyucu
meşə zolaqlarında aralıq istifadə
üçün qırmalar və başqa qırmalar
aparılır.
Xüsusi qoruyucu meşə
sahələrindən istifadənin bütün növləri
məhdudlaşdırıla və qadağan edilə bilər.
Meşəbərpa və aralıq
istifadə üçün qırmalar müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilən
qırma qaydaları (əsasnamə) üzrə
aparılır.
Maddə 69. Qırma
zamanı oduncaq tədarükünün təşkili və
qaydası
Meşəqırma sahələrinin
ayrılması, onların meşə
istifadəçilərinə verilməsi, habelə
meşəqırma tələblərinin pozulmasına
görə cərimənin miqdarı Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilən Azərbaycan
Respublikası meşələrində köküstü
oduncaq buraxılışı qaydaları ilə
müəyyən edilir.
Maddə 70. Qırmalar
zamanı oduncaq tədarükü həcminin
müəyyən edilməsi
Meşədən oduncaq
tədarükü hər bir meşə
təsərrüfatı müəssisəsinin ərazisi
üzrə hesablanmış meşəqırma
həcmində aparılır. Hesablanmış
meşəqırma həcmindən artıq miqdarda oduncaq
tədarükü qadağandır.
Meşəbərpa və aralıq
istifadə üçün qırma qaydası ilə oduncaq
tədarükünün həcmi meşələrin
vəziyyətinə, meşəyə qulluq, seçmə
sanitariya və yenidənəkmə ilə əlaqədar
qırmaların müəyyən edilmiş normalarına
əsasən meşə quruluşu işləri
aparılarkən müəyyənləşdirilir və
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
Başqa qırma qaydaları ilə
oduncaq tədarükünün həcmi meşə fondunun
ağac-koldan təmizlənməsi ilə bağlı olan
layihələrdən asılı olaraq müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 71. İkinci
dərəcəli meşə sərvətlərinin
tədarükü və meşədən əlavə
istifadə qaydası
Meşə fondu sahələri ikinci
dərəcəli meşə sərvətlərinin
tədarükü və meşədən əlavə
istifadə üçün fiziki və hüquqi şəxslərin
istifadəsinə bu Məcəllə ilə
müəyyən edilmiş qaydada verilir.
Meşə fondundan ikinci
dərəcəli meşə sərvətlərinin
tədarükü və meşədən əlavə
istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
Maddə 72. Meşə
fondu sahələrindən elmi tədqiqat,
mədəni-sağlamlışdırma, turizm və idman
məqsədləri, ovçuluq
təsərrüfatının ehtiyacları üçün
istifadə qaydaları
Müvafiq təşkilatlar
tərəfindən meşə fondu sahələrində elmi
tədqiqat işləri aparıla bilər. Bu meşə
istifadəsi həmin məqsədlərə uyğun
gəlmədikdə, meşə təsərrüfatı
müəssisəsi fiziki və hüquqi
şəxslərə meşə fondu sahəsindən
istifadəni məhdudlaşdırır və ya qadağan
edir.
Mədəni-sağlamlaşdırma,
turizm və idman məqsədləri üçün
verilmiş meşə sahələrində meşə
istifadəçiləri təbii landşaftın saxlanılması,
yanğın təhlükəsizliyi və
meşələrdə sanitariya qaydalarına əməl
etmək şərtilə abadlıq tədbirləri
görə bilərlər.
Meşə fondu sahələri ov
yerləri kimi qanunvericilikdə müəyyən edilmiş
qaydada ovçuluq təsərrüfatının ehtiyacları
üçün fiziki və hüquqi şəxslərin
istifadəsinə və ya icarəsinə verilə bilər.[20]
Meşə fondu sahələrindən
elmi tədqiqat mədəni-sağlamlaşdırma, turizm
və idman məqsədləri, ovçuluq
təsərrüfatının ehtiyacları üçün
istifadə qaydaları Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 73. Sərhəd
zonalarında meşə fondu sahələrindən istifadə
qaydası
Sərhəd zonalarında meşə
fondu sahələrindən bu Məcəllə ilə
müəyyən olunmuş qaydada istifadə edilir.
Sərhəd zonalarında meşə
fondu sahələrindən istifadənin
xüsusiyyətləri Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 74. Meşə
fondu ərazisində yerləşən dövlət
təbiət qoruqları, milli parklar və təbiət
parkları
Meşə fondu sahələri
meşə fondu ərazisində yerləşən
dövlət təbiət qoruqlarına Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada təhkim edilir və onlar bu
sahələrdə dövlət idarəetmə
funksiyasını həyata keçirir.
Dövlət təbiət
qoruqlarının, milli parkların və təbiət
parklarının ərazilərindəki meşələrin
istifadəsi, mühafizəsi, qorunması və bərpası
bu Məcəlləyə və Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq
həyata keçirilir.
Maddə 75. Kənd təsərrüfatı
təyinatlı torpaqlarda yerləşən ağac-kol
bitkiləri[21]
Kənd
təsərrüfatı təyinatlı torpaqlarda
yerləşən ağac-kol bitkiləri torpaqqoruyucu,
sutənzimləyici və meşə bitkilərinə xas olan
digər xüsusiyyətləri ilə torpaqları mənfi
təbii, antropogen və texnogen hadisələrin
təsirindən qorumaq üçündür.
Bu torpaqlarda
yerləşən ağac-kol bitkilərində aparılan
qırmalar bu bitkilərin vəziyyətinin
yaxşılaşdırılmasını və
funksiyalarının yerinə yetirilməsini təmin
etməlidir. Ağac-kol bitkilərində qulluq, sanitariya,
yenidənəkmə məqsədilə qırmaların,
habelə başqa qırmaların aparılmasına yol verilir.
Kənd
təsərrüfatı təyinatlı torpaqlardan meşə
salınması, ağac-kol bitkilərinə qulluq edilməsi,
onların istifadəsi, mühafizəsi, qorunması, habelə
bunlarla bağlı dövlət nəzarəti Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilir.
Maddə 76. Dəmir yoluna aid torpaqlarda
yerləşən ağac-kol bitkiləri
Dəmir yoluna
aid torpaqlarda yerləşən ağac-kol bitkiləri dəmir
yolu magistralını mənfi təbii hadisələrdən
qorumaq, ətraf mühitin çirklənməsinin
qarşısını almaq, dəmir yolu
nəqliyyatının səsinin təsirini azaltmaq
üçündür.
Müvafiq icra
hakimiyyəti orqanı göstərilən ağac-kol
bitkilərinin istifadəsi, mühafizəsi, qorunması və
bərpası sahəsində dövlət idarəetməsini
həyata keçirir.
Dəmir yoluna
aid torpaqlarda yerləşən ağac-kol bitkilərində
qulluq, sanitariya, yenidənəkmə məqsədilə
xüsusi təyinatlı və başqa qırmaların
aparılmasına yol verilir. Bu qırmaların aparılması
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Dəmir yoluna
aid torpaqlarda yerləşən ağac-kol bitkilərinin
vəziyyəti, istifadəsi, mühafizəsi və
qorunması üzərində dövlət nəzarəti
müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən
edilir.
Maddə 77. Avtomobil yollarına aid torpaqlarda
və su fondu torpaqlarında yerləşən ağac-kol
bitkiləri
Avtomobil
yollarına aid torpaqlarda və su fondu torpaqlarında (avtomobil
yollarını və kanalları ayıran zolaqlarda)
yerləşən ağac-kol bitkiləri avtomobil
yollarını və kanalları mənfi təbii, antropogen
və texnogen hallardan mühafizə etmək
üçündür.
Avtomobil
yollarını və kanalları ayıran zolaqlardakı
ağac-kol bitkilərində sanitariya və
yenidənəkmə ilə əlaqədar qırmaların
və başqa qırmaların aparılmasına yol verilir.
Avtomobil
yollarına aid torpaqlarda və su fondu torpaqlarında
meşəsalma, habelə ağac-kol bitkilərinin
istifadəsi, mühafizəsi və qorunması qaydaları
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilir.
Avtomobil
yollarına aid torpaqlarda və su fondu torpaqlarında
yerləşən ağac-kol bitkilərinin istifadəsi,
mühafizəsi və qorunması üzərində
dövlət nəzarəti müvafiq icra hakimiyyəti
orqanları tərəfindən həyata keçirilir.
X fəsil
Meşələrin
istifadəsi, mühafizəsi, qorunması və bərpası
sahəsində mübahisələrin həlli, meşə
qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Maddə 78. Meşələrin
istifadəsi, mühafizəsi, qorunması və bərpası
sahəsində mübahisələrin həlli qaydası
Meşələrin istifadəsi,
mühafizəsi, qorunması və bərpası
sahəsində mübahisələr məhkəmə
qaydasında həll edilir.
Maddə 79. Meşə
qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Meşə qanunvericiliyinin pozulmasında
təqsiri olan şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati,
mülki və cinayət məsuliyyəti daşıyırlar.
Meşə fondu sahələrinin
özbaşına tutulmasına (zəbt edilməsinə)
görə inzibati və cinayət
məsuliyyətinə cəlb edilmiş şəxslər
həmin torpaqları müəyyən edilmiş
müddətdə azad etməlidirlər.[22]
Maddə 80. Meşə
qanunvericiliyinin pozulması ilə bağlı əqdlərin
etibarsızlığı
Meşə qanunvericiliyini pozmaqla
bağlanmış əqdlər etibarsızdır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
30 dekabr 1997-ci il tarixli N 424-IQ nömrəli
“Azərbaycan Respublikası Meşə Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə təsdiq edilmişdir. (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1998-ci il, № 3, maddə 139)
Məcəlləyə əlavə və
dəyişikliklər etmiş qanunlar:
1.
22 iyun
1999-cu il tarixli 692-IQD nömrəli
"İstehsalat və məişət tullantıları
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi barədə Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə
476)
2.
29 oktyabr
2004-cü il 785-IIQD nömrəli “Ovçuluq haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər haqqında”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu,
2004-cü il, № 11, maddə 902)
3.
17 aprel
2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə
436)
4.
1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, №5, maddə 348)
5.
5 mart 2010-cu il tarixli 970-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il,
№ 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, № 04, maddə 274)
6.
20 aprel
2012-ci il tarixli 330-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci
il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6,
maddə 496)
7.
17 may 2016-cı il tarixli 245-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2016-cı il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, № 6, maddə 989)
8.
11 noyabr 2016-cı il tarixli 394-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 dekabr
2016-cı il, № 281, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12,
maddə 2007)
9.
14 fevral 2017-ci il tarixli 528-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 mart 2017-ci il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 343)
10.
3 may 2019-cu il tarixli 1578-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun
2019-cu il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə
987)
11.
20 noyabr 2020-ci il tarixli 198-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2020-ci il, № 273, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə
1423)
12.
23 aprel 2021-ci il tarixli 301-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, № 6, I kitab, maddə 541)
MƏCƏLLƏYƏ
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI