AZƏRBAYCAN RESPUBLİKASININ RƏQABƏT MƏCƏLLƏSİ
(Bu
Məcəllə Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)
M Ü N D Ə R İ C A T
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas
anlayışlar
Maddə 2. Azərbaycan Respublikasının rəqabət
qanunvericiliyi
Maddə 3. Azərbaycan Respublikasının rəqabət
siyasətinin prinsipləri
Maddə 4. Bu Məcəllənin tətbiq dairəsi
Maddə 5. Rəqabətin əhəmiyyətli
dərəcədə məhdudlaşdırılması
2-ci fəsil
RƏQABƏT SAHƏSİNDƏ BAZAR
SUBYEKTLƏRİNİN VƏZİFƏLƏRİ VƏ
HÜQUQLARI
Maddə 6. Rəqabət sahəsində bazar subyektlərinin
vəzifələri
Maddə 7. Rəqabət sahəsində bazar subyektlərinin
hüquqları
3-cü fəsil
RƏQABƏT ORQANI
Maddə 8. Rəqabət orqanı
Maddə 9. Rəqabət orqanının işçilərinin
sosial təminatı, maliyyə sanksiyalarından və
digər vəsaitlərdən ayırmalar
Maddə 10. Maraqlar toqquşması
4-cü fəsil
RƏQABƏTİ MƏHDUDLAŞDIRAN
SAZİŞLƏR
Maddə 11. Rəqabəti məhdudlaşdıran üfüqi
sazişlər
Maddə 12. Rəqabəti məhdudlaşdıran şaquli
sazişlər
Maddə 13. İstisna edilmiş sazişlər
Maddə 14. Azəhəmiyyətli sazişlər
5-ci fəsil
BAZARDA HÖKMRAN MÖVQE VƏ
NİSBƏTƏN YÜKSƏK BAZAR GÜCÜ
Maddə 15. Bazarda hökmran mövqe
Maddə 16. Hökmran mövqedən sui-istifadə
Maddə 17. Aşağı və yüksək inhisar
qiymətləri
Maddə 18. Nisbətən yüksək bazar gücünə
malik təsərrüfat subyektləri tərəfindən sui-istifadə
hərəkətləri
6-cı fəsil
HAQSIZ RƏQABƏT
Maddə 19. Haqsız rəqabətin formaları
Maddə 20. Müştərilərə qarşı aqressiv
davranış
Maddə 21. Rəqib təsərrüfat subyektinin nüfuzdan
salınması
Maddə 22. Rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi
Maddə 23. Müştərilərin
çaşdırılması və aldadılması
Maddə 24. Kommersiya sirrinin qanunsuz əldə edilməsi,
istifadəsi və yayılması
Maddə 25. Haqsız rəqabətə səbəb olan digər
hərəkətlər
7-ci fəsil
İQTİSADİ
TƏMƏRKÜZLƏŞMƏLƏR
Maddə 26. Təsərrüfat subyektlərinin
təmərküzləşməsi
Maddə 27. Razılıq alınması tələb olunan
təmərküzləşmələr
Maddə 28. Təmərküzləşmələrin
qiymətləndirilməsi
Maddə 29. Dövriyyənin hesablanması
Maddə 30. Təmərküzləşmə haqqında
ərizənin təqdim edilməsi
Maddə 31. Təmərküzləşmə haqqında
ərizənin araşdırılması
Maddə 32. Təmərküzləşmələrin
araşdırılması ilə əlaqədar
ödənişlər
8-ci fəsil
DÖVLƏT ORQANLARI (QURUMLARI), YERLİ
ÖZÜNÜİDARƏETMƏ ORQANLARI, HABELƏ
TƏNZİMLƏYİCİ QURUMLAR TƏRƏFİNDƏN
RƏQABƏT QANUNVERİCİLİYİNƏ ƏMƏL
EDİLMƏSİ
Maddə 33. Dövlət orqanlarının (qurumlarının),
yerli özünüidarəetmə orqanlarının,
habelə tənzimləyici qurumların rəqabət
qanunvericiliyinə zidd olan hərəkətləri
(hərəkətsizliyi)
Maddə 34. Subsidiyaların və tənzimləmə
fəaliyyətlərinin rəqabətə təsirlərinin
qiymətləndirilməsi
Maddə 35. Dövlət orqanlarından (qurumlarından), yerli
özünüidarəetmə orqanlarından, habelə
tənzimləyici qurumlardan məlumatların əldə
edilməsi
9-cu fəsil
TƏBİİ İNHİSAR
SAHƏSİNDƏ DÖVLƏT
TƏNZİMLƏNMƏSİ
Maddə 36. Təbii inhisar sahələri
Maddə 37. Təbii inhisar subyektlərinin fəaliyyətinin
dövlət tənzimlənməsi
Maddə 38. Tənzimləmə üsullarının tətbiq
olunması üçün əsaslar
Maddə 39. Təbii inhisar subyektlərinin fəaliyyətinə
rəqabət orqanı tərəfindən dövlət
nəzarəti
Maddə 40. Təbii inhisar subyektlərinin fəaliyyətinə
dair tələblər
Maddə 41. Təbii inhisar subyektlərinin məlumatı
açıqlamaq vəzifəsi
10-cu fəsil
RƏQABƏT
QANUNVERİCİLİYİNƏ ƏMƏL
EDİLMƏSİNƏ DÖVLƏT NƏZARƏTİ
TƏDBİRLƏRİ
Maddə 42. Dövlət nəzarəti və onun metodları
Maddə 43. Rəqabət orqanının apardığı
araşdırmalar
Maddə 44. Bazarın monitorinqi
Maddə 45. Məlumatların təhlili
Maddə 46. Araşdırmanın yekunlaşdırılması
Maddə 47. Dövlət nəzarətinin həyata
keçirilməsinin xüsusiyyətləri
Maddə 48. Yoxlamaların aparılması
Maddə 49. Yoxlamaların nəticələrinin
rəsmiləşdirilməsi
Maddə 50. Rəqabət orqanı tərəfindən
sənədlərin və nümunə kimi
əşyaların götürülməsi
Maddə 51. Ekspertin dəvət edilməsi
Maddə 52. Mütəxəssisin dəvət edilməsi
Maddə 53. Tərcüməçinin iştirakı
Maddə 54. Baxış və götürmə zamanı
videoçəkilişdən istifadə
Maddə 55. Tərtib edilən protokollara dair ümumi
tələblər
Maddə 56. Sənəd və məlumatların rəqabət
orqanına təqdim edilməsi
Maddə 57. Rəqabət orqanı tərəfindən
sənədlərin təqdim edilməsi
Maddə 58. Sübut etmə vəzifəsi
Maddə 59. Müvəqqəti tədbirlər
Maddə 60. Bazar subyektləri tərəfindən qanun pozuntusunun
könüllü aradan qaldırılması
11-ci fəsil
RƏQABƏT
QANUNVERİCİLİYİNİN POZULMASI HAQQINDA
İŞLƏRƏ BAXILMASI
Maddə 61. Rəqabət komissiyası tərəfindən
işə baxılması
Maddə 62. Rəqabət komissiyası tərəfindən
baxılan işin tərəfləri
Maddə 63. İş üzrə dinləmələr
Maddə 64. Rəqabət qanunvericiliyinin pozulması haqqında
baxılan iş üzrə sübuta yetirilməli olan hallar
Maddə 65. Rəqabət qanunvericiliyinin pozulmasının
sübutları
Maddə 66. Rəqabət komissiyasının qərarları
Maddə 67. Rəqabət qanunvericiliyinin pozulması haqqında
işə baxılmasının təxirə salınması,
iş üzrə icraatın birləşdirilməsi və
ayrılması
Maddə 68. Rəqabət qanunvericiliyinin pozulması haqqında
işə baxılmasının dayandırılması
Maddə 69. Rəqabət qanunvericiliyinin pozulması haqqında
işə baxılmasına xitam verilməsi
Maddə 70. Rəqabət qanunvericiliyinin pozulmasına və
məsuliyyət tədbirlərinin tətbiqinə dair
qərarlar
Maddə 71. Qərarların elan edilməsi
Maddə 72. Rəqabət qanunvericiliyinin pozulmasının aradan
qaldırılması barədə göstərişin
verilməsi
Maddə 73. Rəqabət qanunvericiliyinin pozulmasının aradan
qaldırılması barədə göstərişin cavabdeh
tərəfindən icrası
Maddə 74. İş üzrə materialların aidiyyəti
dövlət orqanlarına göndərilməsi
Maddə 75. Rəqabət qanunvericiliyinin pozulması haqqında
işə yenidən baxılması
12-ci fəsil
RƏQABƏT
QANUNVERİCİLİYİNİN POZULMASINA GÖRƏ
MƏSULİYYƏT
Maddə 76. Rəqabət qanunvericiliyinin pozulması
Maddə 77. Rəqabət qanunvericiliyinin pozulmasına görə
maliyyə sanksiyaları
Maddə 78. Maliyyə sanksiyalarından azadolmalar və
güzəştlər
Maddə 79. Maliyyə sanksiyalarını
yüngülləşdirən və
ağırlaşdıran amillər
Maddə 80. Maliyyə sanksiyalarının dövlət
büdcəsinə ödənilməsi
Maddə 81. Qanunsuz gəlir
Maddə 82. Müddətlər
Maddə 83. Rəqabət qanunvericiliyinin pozulması ilə
bağlı işin yekunu üzrə rəqabət
orqanının qərar və
göstərişlərindən, onun vəzifəli
şəxslərinin hərəkətlərindən
(hərəkətsizliyindən) şikayətin verilməsi
Maddə
84. Rəqabət qanunvericiliyinin pozulması
nəticəsində vurulmuş zərərin
ödənilməsi
Bu Məcəllə Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu,
15-ci və 16-cı bəndlərinə uyğun olaraq,
Azərbaycan Respublikasında azad və sağlam
rəqabətin təmin olunması, qorunması və inkişafının
ümumi əsaslarını, rəqabət qanunvericiliyinə
əməl edilməsinə dövlət nəzarətini,
rəqabət sahəsində tənzimlənməni, təbii
inhisarlarla bağlı dövlət tənzimlənməsinin
təşkilati və hüquqi əsaslarını, bazar
subyektlərinin hüquqlarını və
vəzifələrini, habelə rəqabət qanunvericiliyinin
pozulmasına görə məsuliyyəti müəyyən
edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi
fəaliyyətin ədalətli üsullarla aparılmasına
hüquqi zəmin yaradır.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Bu
Məcəllədə istifadə olunan əsas
anlayışlar
1.1. Bu Məcəllənin məqsədləri
üçün aşağıdakı əsas
anlayışlardan istifadə olunur:
1.1.1. ailə
üzvləri – ər-arvadlar, valideynlər, övladlar,
övladlığa götürmüş şəxslər,
övladlığa götürülmüş
şəxslər, babalar, nənələr, nəvələr,
doğma (ögey) bacılar və qardaşlar, bacı və
qardaş övladları və nəvələri,
valideynlərin bacıları və qardaşları,
ər-arvadların valideynləri, bacıları və
qardaşları, bacıların ərləri,
qardaşların arvadları, qəyyumlar və
qəyyumluğa götürülənlər,
vərəsələr;
1.1.2. aktiv satış
– müştəriləri məktub, elektron poçt, zəng,
müştərinin ünvanına getməklə və ya
digər birbaşa kommunikasiya vasitələri ilə (onlayn
və ya offlayn formada hədəfləyici reklam və ya
marketinq vasitələri ilə) aktiv qaydada
hədəfləməklə edilən satış;
1.1.3. alıcı –
istehsal, istifadə (sahibkarlıq fəaliyyəti daxil olmaqla
iqtisadi fəaliyyətlə əlaqədar) və ya təkrar
satış məqsədilə məhsulu alan
təsərrüfat subyekti, o cümlədən distribüter;
1.1.4. aşağı
inhisar qiyməti – hökmran mövqe tutmuş
təsərrüfat subyektinin öz xərcini
satıcının hesabına ödəmək
məqsədilə aldığı məhsullara
müəyyənləşdirdiyi aşağı qiymət,
yaxud hökmran mövqe tutmuş təsərrüfat subyektinin
rəqibləri bazardan sıxışdırıb
çıxarmaq məqsədilə satdığı
məhsullara tətbiq etdiyi rəqabət şəraitində
formalaşan qiymətlərdən aşağı qiymət;
1.1.5. bazara giriş
maneələri – bazarda potensial rəqabəti, habelə
potensial rəqiblərin və ya digər təsərrüfat
subyektlərinin müvafiq bazara daxil olmasını
məhdudlaşdıra və ya qarşısını ala
bilən və bununla da bazarda mövcud olan
təsərrüfat subyektləri üçün
üstünlüklər yaradan hər hansı hüquqi,
iqtisadi və ya inzibati şərait, habelə
hərəkət (hərəkətsizlik);
1.1.6. bazar payı –
bir və ya bir neçə təsərrüfat subyektinin
müvafiq bazardakı satış dövriyyəsinin (natura
və ya dəyər ifadəsində) həmin bazardakı
ümumi dövriyyəyə (natura və ya dəyər
ifadəsində) nisbəti;
1.1.7. bazar subyektləri
– bazarda yaranan münasibətlərin
iştirakçısı olan təsərrüfat
subyektləri, dövlət orqanları (qurumları) və
yerli özünüidarəetmə orqanları, tənzimləyici
qurumlar, digər subyektlər;
1.1.8. cavabdeh –
rəqabət orqanı tərəfindən rəqabət
qanunvericiliyini pozduğu iddia olunan bazar subyektləri;
1.1.9. dempinq –
malların daxili bazarda süni surətdə endirilmiş, orta
pərakəndə qiymətlərdən aşağı
və ya maya dəyərindən aşağı
qiymətə satılması;
1.1.10. digər subyekt
– təsərrüfat subyekti, dövlət orqanları
(qurumları) və yerli özünüidarəetmə
orqanları, tənzimləyici qurum və ya müştəri
qismində çıxış etməyən,
təsərrüfat subyektlərinin qərarlarına təsir
edə bilən hüquqi və ya fiziki şəxs;
1.1.11. dövlət
inhisarı – təqdim etdiyi məhsullarla bağlı
fəaliyyəti rəqabət qanunvericiliyi ilə
tənzimlənməyən, inhisarlaşan bazarda
fəaliyyətinə nəzarət və tənzimləmə
üsulları dövlət tərəfindən
müəyyən edilən inhisar;
1.1.12. dövlət
inhisarında olan məhsullar – qiymətləri
(tarifləri) qanunla müəyyən edilən və
dövlət orqanları (qurumları) tərəfindən
təqdim edilən məhsullar;
1.1.13. eksklüziv
təchizat sistemi – satıcının müəyyən
ərazi və ya müştəri qruplarını
eksklüziv olaraq özünə və ya ayrı-ayrı
alıcılara ayırdığı və həmin
alıcıların bir-birinin eksklüziv ərazi və ya
eksklüziv müştəri qruplarına aktiv
satışını məhdudlaşdıran saziş və
ya sazişlər məcmusu;
1.1.14. ərizəçi
– qanun pozuntusunun araşdırılması və aradan
qaldırılması barədə müraciət təqdim
etmiş fiziki və ya hüquqi şəxs;
1.1.15. haqsız
rəqabət – müvafiq bazarda üstünlük
əldə etmək məqsədilə təsərrüfat
subyektinin qanunvericiliyə və işgüzar
ənənələrə zidd olan, habelə ədalətsiz
üsullardan istifadə etməklə rəqib
təsərrüfat subyektinə zərər vuran (vura
bilən) və ya onların işgüzar nüfuzuna
xələl gətirən (gətirə bilən)
hərəkətləri;
1.1.16. həlledici
nəzarət – hüquqi və ya fiziki şəxsə
(şəxslərə) digər hüquqi və ya fiziki
şəxsin (şəxslərin) fəaliyyətini birbaşa
və ya dolayı yolla (bir və ya bir neçə hüquqi
şəxs vasitəsilə), təkbaşına və ya
birgə şəkildə məhdudlaşdırmaq və ya
istiqamətləndirmək imkanı verən
aşağıdakı hallardan birinin mövcudluğu:
1.1.16.1. digər şəxsin aktivlərinin 50
faizindən çoxuna mülkiyyət hüququnun olması;
1.1.16.2. şəxslər arasında törəmə
və ya asılı təsərrüfat cəmiyyəti
münasibətlərinin olması;
1.1.16.3. aralarındakı münasibətlərin
xarakterinə əsasən nəzarət edən şəxsin
nəzarət olunan şəxsə icrası məcburi olan
göstərişlər vermək səlahiyyətinin
olması;
1.1.16.4. nəzarət olunan şəxsin
idarəetmə orqanlarının tərkibinin
formalaşdırılmasına, səsvermə və ya
qərar qəbuletmə prosesinə həlledici təsir
etmək imkanının (hər hansı prosesin
gedişatını dəyişməyə imkan verən
hüquqlarının) olması;
1.1.17. hökmran
mövqe – bazar payı bu Məcəllədə qeyd olunan
hədlərdən çox olan təsərrüfat subyektinin
öz üstün bazar gücünə əsaslanaraq,
rəqiblərdən və müştərilərdən
asılı olmadan müvafiq bazarda rəqabəti
məhdudlaşdırmaq və ya ona təsir etmək (o
cümlədən məhsulun dövriyyəsinin ümumi
qaydalarını və şərtlərini
dəyişdirmək, bazara giriş maneələri yaratmaq,
rəqibləri bazardan çıxarmaq) imkanı verən
müstəsna vəziyyəti;
1.1.18. xidmət (iş)
– malların təqdim edilməsi sayılmayan,
nəticələri maddi (və ya qeyri-maddi) ifadə kəsb
edən və satış üçün nəzərdə
tutulan fəaliyyət;
1.1.19. iqtisadi
fəaliyyət – yalnız dövlət orqanları
(qurumları) tərəfindən həyata keçirilən
dövlətin mühüm funksiyalarına aid olan
fəaliyyət növləri və fiziki şəxsin istehlak
məqsədilə məhsul alması istisna olmaqla bazarda
məhsulun təqdim olunması ilə xarakterizə olunan
hər hansı fəaliyyət;
1.1.20. kartel
sövdələşməsi – rəqabətin
məhdudlaşdırılması məqsədilə
bağlanılmış və bu Məcəllə ilə
qadağan edilən üfüqi saziş;
1.1.21. qarşılıqlı
əvəz oluna bilən məhsullar – istifadə
təyinatına, tətbiqinə, keyfiyyət və texniki
xüsusiyyətlərinə, qiymətinə və digər
parametrlərinə görə müqayisə oluna bilən,
müştərinin istehlak (o cümlədən, istehsalat
məqsədləri üçün istehlak) zamanı
onları bir-biri ilə əvəz etdiyi və ya əvəz
etməyə hazır olduğu məhsul;
1.1.22. qiymət
manipulyasiyası – bazarın ümumi
tələblərindən asılı olmadan hökmran
mövqe tutmuş təsərrüfat subyekti
tərəfindən rəqabətin
məhdudlaşdırılması məqsədilə
həyata keçirilən və ya rəqabət
qanunvericiliyini pozmaqla qiymətlərin azaldılması, bir
səviyyədə saxlanılması və yüksəldilməsindən
ibarət hərəkətlər;
1.1.23. mal –
satış, mübadilə və dövriyyənin digər
formaları üçün nəzərdə tutulmuş
hər hansı maddi və ya qeyri-maddi əmlak;
1.1.24. maliyyə
institutları – maliyyə bazarlarını
tənzimləyən qanunlara müvafiq olaraq maliyyə
xidmətlərini həyata keçirən və Azərbaycan
Respublikasının Mərkəzi Bankı (bundan sonra –
Mərkəzi Bank) tərəfindən fəaliyyətinə
nəzarət olunan təsərrüfat subyektləri;
1.1.25. maraqlı
tərəflər – rəqabət komissiyasının
qərarı nəticəsində maraqları birbaşa
təsirə məruz qala biləcək və ya öz
müraciəti əsasında işə cəlb olunan
hüquqi və ya fiziki şəxslər;
1.1.26. məhsul –
satış, mübadilə və dövriyyənin digər
formaları üçün nəzərdə tutulmuş
hər hansı mal və ya xidmət (iş);
1.1.27. müqayisə
edilə bilən rəqabətli bazar – məhsulların
alınması və ya satılması
məqsədlərinə və müvafiq bazara
çıxış şərtləri əsasında
müəyyən edilən, satılan malların
həcminə, müştərilərin və ya
satıcılarının tərkibinə görə
müqayisə edilə bilən digər bazar;
1.1.28. mühüm
əhəmiyyətli resurs – təkrar istehsalı
mümkün olmayan, müvafiq bazarda faktiki əvəzedicisi
olmayan, istifadə edilməsinə imkan verilmədikdə
isə rəqibin fəaliyyətini tam və ya qismən
məhdudlaşdıran infrastruktur, obyekt və ya ehtiyat;
1.1.29. müştəri
– məhsulu istifadə edən, onu sifariş verən, alan,
yaxud sifariş vermək və ya almaq niyyəti olan
şəxs, o cümlədən istehlakçı;
1.1.30. müvafiq bazar
– coğrafi sərhədlərindən kənarda
müştərinin iqtisadi, texniki və ya digər praktiki
səbəblərdən müvafiq əmtəəni
əldə etməyi məqsədəuyğun hesab etmədiyi
və xüsusiyyətləri, qiymətləri və
istifadə təyinatı eyni olan, yaxud
qarşılıqlı əvəz oluna bilən
əmtəələrin təklif olunduğu bazar;
1.1.31. nou-hau –
satıcının təcrübə və sınaqlar
əsasında əldə etdiyi,
patentləşdirilməyən və təcrübəyə
aid olan, sahibinin mülahizəsinə əsasən hər
kəsə məlum olmayan və asanlıqla əldə
edilə bilməyən, alıcı tərəfindən
məhsulun istifadəsi, satışı və ya təkrar
satışı üçün vacib əhəmiyyətli
və faydalı olan və gizlilik və mühümlük
tələblərinə cavab verməsinin təsdiqlənməsi
üçün hərtərəfli və ətraflı
olaraq təsvir olunan məlumat məcmusu;
1.1.32. passiv satış
– müəyyən ərazi və ya müştəri qrupunu
hədəfə almadan həmin müştərilər
tərəfindən edilən təkliflərə
əsasən həyata keçirilən satış;
1.1.33. potensial rəqib
– rəqabəti məhdudlaşdıran sazişlər və
ya digər hərəkətlər (hərəkətsizlik)
olmadığı təqdirdə qısa müddət
ərzində zəruri xərcləri çəkməklə
müvafiq bazara daxil olmaq imkanına malik (yalnız
nəzəri mümkünlük istisna olmaqla)
təsərrüfat subyekti;
1.1.34. rəqabət
– məhsulun mövcud və ya potensial
müştəriləri və (və ya) satıcıları
ilə daha əlverişli işgüzar münasibətlər
yaratmaq məqsədilə müstəqil fəaliyyət göstərən
təsərrüfat subyektlərinin qanuna zidd olmayan
fəaliyyəti;
1.1.35. rəqabət
aparmamaq öhdəliyi – alıcının satıcı
tərəfindən təchiz olunan məhsul ilə
rəqabətdə olan məhsulu istehsal etmək, digər
təsərrüfat subyektindən almaq, satmaq və ya
təkrar satmaq imkanını məhdudlaşdıran
birbaşa və ya dolayı öhdəlik və ya
alıcının müvafiq bazarda eyni və ya
qarşılıqlı əvəz oluna bilən məhsulun 50
faizindən çoxunu (sonuncu maliyyə ilində onun satın
aldığı məhsulun dəyəri və ya bu
mümkün olmadıqda həcminə uyğun olaraq
hesablanır) satıcıdan və ya satıcı
tərəfindən müəyyən olunan digər
təsərrüfat subyektindən almağa məcbur edən
birbaşa və ya dolayı öhdəlik;
1.1.36. rəqabətin
məhdudlaşdırılması – bazar subyektləri
tərəfindən rəqabətin qarşısını
alan, aradan qaldıran və ya ona məhdudiyyətlər qoymaq
məqsədi daşıyan, belə nəticələrə
səbəb olan, yaxud belə nəticələrə
səbəb ola bilən sazişlərin bağlanması,
uyğunlaşdırılmış hərəkətlərin
edilməsi, qərarların qəbul edilməsi, hökmran
mövqedən sui-istifadə və bu kimi digər
hərəkətlərin həyata keçirilməsi;
1.1.37. rəqabət
orqanı – rəqabət qanunvericiliyinə əməl
edilməsinə dövlət nəzarətini həyata
keçirən, dövlətin rəqabət siyasətinin
formalaşdırılmasında iştirak edən və
həmin siyasətin həyata keçirilməsini, habelə
rəqabət sahəsində tənzimlənməni təmin
edən müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum);
1.1.38. rəqib –
müvafiq bazara məhsul çıxara bilən
təsərrüfat subyekti;
1.1.39. satıcı –
məhsulu müştəriyə satan və ya təkrar
satış üçün paylayan təsərrüfat
subyekti;
1.1.40. saziş –
təsərrüfat subyektləri və (və ya) digər
subyektlər arasında bazardakı davranışlarla bağlı
ortaq maraqların hər hansı qaydada nümayiş
etdirilməsinə dair açıq və ya gizli
şəkildə yazılı və ya şifahi formada (o
cümlədən etibarsız olub nəticə yaradan,
ləğv və ya xitam edilmiş) razılaşmalar və ya
əqdlər, habelə təsərrüfat subyektlərinin
birliklərinin qərarları;
1.1.41. selektiv təchizat
sistemi – satıcının məhsulu yalnız
müəyyən meyar əsasında seçilmiş
distribüterlərə satmaq və belə
distribüterlərin məhsulu onlar üçün ayrılmış
ərazi daxilində digər distribüterlərə
icazəsiz satmamaq öhdəliyini müəyyən edən
saziş və ya sazişlər məcmusu;
1.1.42. şaquli saziş
– bir-biri ilə alqı-satqı münasibətində olan
və ya ola bilən və rəqib olmayan təsərrüfat
subyektlərinin və ya digər subyektlərin öz
aralarında bağladıqları, yaxud təsərrüfat
subyektləri ilə digər subyektlər arasında
bağlanılan saziş;
1.1.43. şəbəkə
effekti – informasiya-telekommunikasiya şəbəkələri
vasitəsilə məhsul satışını həyata
keçirən təsərrüfat subyektinin həmin
şəbəkəyə qoşulan istifadəçilərin
sayının çoxalması hesabına müvafiq bazara
təsir imkanının artması;
1.1.44. şəxslər
qrupu – Azərbaycan Respublikasının Vergi
Məcəlləsinə əsasən qarşılıqlı
surətdə asılı olan hüquqi və ya fiziki
şəxslər, habelə bir-birinin və ya biri digərinin
qəbul etdiyi qərarlara və ya bazardakı
fəaliyyətinə birbaşa və ya dolayı yolla,
həlledici nəzarət edən, yaxud eyni şəxslər
(hüquqi və ya fiziki) və ya onların ailə
üzvləri tərəfindən idarə edilən hüquqi
və ya fiziki şəxslər;
1.1.45. təbii inhisar
– istehsalın texnoloji xüsusiyyətlərinə görə
rəqabətin mümkün olmadığı, habelə
iqtisadi baxımdan əlverişli və ya
məqsədəuyğun hesab edilmədiyi şəraitdə
dövlət və ya ictimai maraqlar səbəbindən
ödənilməsi zəruri olan, lakin istehlakda başqa
məhsul ilə əvəz edilə bilməyən məhsula
tələbatın təmin edilməsi üçün daha
səmərəli olan bazarın vəziyyəti;
1.1.46. təbii inhisar
subyekti – təbii inhisar şəraitində məhsul
istehsalı (satışı) ilə məşğul olan
və müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi
siyahıya daxil edilən təsərrüfat subyekti;
1.1.47. təmərküzləşmə
– bu Məcəllənin 26-cı maddəsində qeyd olunan
qaydada bir və ya bir neçə təsərrüfat
subyektinin, onun müəyyən hissələrinin
(fəaliyyət sahələrinin) birləşməsi, yaxud
təsərrüfat subyektinin, onun müəyyən
hissələrinin (fəaliyyət sahələrinin,
səhmlərinin, paylarının) və
hüquqlarının əldə edilməsi, yaxud birgə
təsərrüfat subyektinin yaradılması;
1.1.48. tənzimləyici
qurum – qanuna uyğun olaraq bazarın müvafiq
sahəsində dövlət tənzimləmə
funksiyalarını həyata keçirən qurum;
1.1.49. təsərrüfat
subyekti – mülkiyyət növündən, təşkilati
hüquqi formasından və maliyyələşmə
mənbəyindən asılı olmayaraq, sahibkarlıq
fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətlə
məşğul olan istənilən hüquqi və ya fiziki
şəxs, xarici hüquqi və ya fiziki şəxsin daimi
nümayəndəliyi, filialı və digər
bölməsi, habelə şəxslər qrupu,
təsərrüfat subyektlərinin birlikləri, yaxud
təsərrüfat subyektinə həlledici nəzarət
edən bir və ya bir neçə fiziki şəxs;
1.1.50. təsərrüfat
subyektlərinin birlikləri – eyni növ fəaliyyəti
həyata keçirən iki və ya daha çox
təsərrüfat subyekti tərəfindən yaradılan,
dövlət və ictimaiyyət qarşısında öz
üzvlərini (iştirakçılarını) təmsil
edən və onların qanuni maraqlarını müdafiə
edən təşkilat, habelə hüquqi şəxslərin
ittifaqları;
1.1.51. uyğunlaşdırılmış
hərəkətlər – müvafiq bazarda aralarında
saziş olmadan təsərrüfat subyektinin öz
davranışını digər təsərrüfat
subyektinin hərəkətlərinə
(hərəkətsizliyinə) uyğunlaşdırması
(əlaqələndirməsi və ya təkrarlaması),
paralel hərəkətlər və ya üçüncü
şəxslər tərəfindən koordinasiya olunmuş
hərəkətlər;
1.1.52. üfüqi
saziş – müvafiq bazarda fəaliyyət
göstərən və bir-biri ilə rəqib olan (o
cümlədən potensial rəqib ola bilən)
təsərrüfat subyektlərinin və ya digər subyektlərin
öz aralarında bağladıqları, yaxud
təsərrüfat subyektləri ilə digər subyektlər
arasında bağlanılan saziş;
1.1.53. ümumi iqtisadi
mənafeyə xidmət edən fəaliyyət – normal bazar
şəraitində təsərrüfat subyektlərinin
təklif edə bilmədiyi məhsulun
müştərilərə uyğun qiymətə və keyfiyyətdə
çatdırılmasını təmin etmək
məqsədilə dövlət tərəfindən
təsərrüfat subyektlərinə (təbii inhisarlar
və dövlət inhisarları daxil olmaqla) müstəsna
hüquqların verilməsi yolu ilə onlar
tərəfindən həmin məhsulun bazara təklif
edilməsi;
1.1.54. yüksək inhisar
qiyməti – hökmran mövqe tutmuş
təsərrüfat subyektinin əsassız
(artırılmış) xərclərin kompensasiyası
və ya rəqabət şəraitinə nisbətən
əlavə mənfəət əldə edilməsi
məqsədilə satdığı məhsullara
rəqabət şəraitində formalaşan
qiymətlərdən yüksək müəyyənləşdirdiyi
qiymət.
1.2. Bu Məcəllənin məqsədləri
üçün sonuncu hesabat ili dedikdə, sonuncu maliyyə
ili nəzərdə tutulur.
1.3. Bu Məcəllədə istifadə olunan digər
anlayışlar Azərbaycan Respublikasının normativ
hüquqi aktları ilə müəyyən olunmuş
mənaları ifadə edir.
Maddə 2.
Azərbaycan Respublikasının rəqabət qanunvericiliyi
2.1. Azərbaycan Respublikasının rəqabət
qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən, bu Məcəllədən və bu
sahədə münasibətləri tənzimləyən
digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Bu Məcəllə əqli mülkiyyət
sahəsində Azərbaycan Respublikasının normativ
hüquqi aktları ilə müəyyən olunan
hüquqları məhdudlaşdırmır.
Maddə 3.
Azərbaycan Respublikasının rəqabət siyasətinin
prinsipləri
3.1. Rəqabət siyasətinin prinsipləri
aşağıdakılardır:
3.1.1. sahibkarlıq fəaliyyəti də daxil olmaqla,
iqtisadi fəaliyyətin azad və sağlam rəqabət
şəraitində həyata keçirilməsinin təmin
olunması;
3.1.2. rəqabətin təmin olunması, qorunması
və inkişaf etdirilməsi;
3.1.3. iqtisadiyyatın
inhisarsızlaşdırılması və rəqabətin
stimullaşdırılması;
3.1.4. rəqabətin
məhdudlaşdırılmasına səbəb ola bilən
sazişlərə, davranış və
hərəkətlərə (hərəkətsizliyə), habelə
təbii inhisar fəaliyyətinə dövlət
tənzimlənməsinin və nəzarətinin təmin
olunması;
3.1.5. qiymətlərin bazarda tələb və
təklifin qarşılıqlı təsiri əsasında
formalaşması;
3.1.6. sərbəst qiymətqoymada
müştərilərin mənafeyinin nəzərə
alınması və sərbəst seçim hüququnun
təmin olunması;
3.1.7. müştərilərin və təbii inhisar
subyektlərinin maraqlarının
uzlaşdırılmasının təmin olunması;
3.1.8. rəqabəti məhdudlaşdıran
sazişlərin, təmərküzləşmələrin
və hökmran mövqedən və təbii inhisar
mövqeyindən sui-istifadənin yolverilməzliyi;
3.1.9. bütün bazar subyektləri üçün
bazara sərbəst giriş, resurslara bərabər
əlçatanlıq və bərabər tənzimləmə
şərtlərinin müəyyən edilməsi.
Maddə 4. Bu
Məcəllənin tətbiq dairəsi
4.1. Bu Məcəllə Azərbaycan Respublikasında
iqtisadiyyatın bütün sahələrində
fəaliyyət göstərən təsərrüfat
subyektlərinin öz aralarında, onlarla dövlət
orqanları (qurumları), yerli özünüidarəetmə orqanları,
tənzimləyici qurumlar və digər subyektlər, habelə
müştərilər arasında yaranan və
rəqabətə təsir edən münasibətləri
tənzimləyir.
4.2. Bu Məcəllə ümumi iqtisadi mənafeyə
xidmət edən fəaliyyətə, habelə belə
fəaliyyətlə məşğul olan bazar subyektlərinin
digər iqtisadi fəaliyyətinə də şamil edilir.
4.3. Bu Məcəllə Azərbaycan
Respublikasının təsərrüfat subyektləri ilə
xarici ölkələrin hüquqi və fiziki
şəxsləri arasında bağlanılan
sazişlərin, təmərküzləşmələrin
və (və ya) həmin subyektlərin xaricdəki
fəaliyyətinin daxili bazarda rəqabəti
məhdudlaşdırdığı (və ya
məhdudlaşdıra biləcəyi) hallara da şamil edilir.
4.4. Siyahısı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təsdiq edilən fəaliyyət
sahələrinə və məhsullara bu Məcəllənin
tələbləri müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən olunan hallarda tətbiq edilmir və ya
məhdud tətbiq edilir.
4.5. Ələt azad iqtisadi zonasında
rəqabətlə bağlı məsələlər
“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq
tənzimlənir.
Maddə 5.
Rəqabətin əhəmiyyətli dərəcədə
məhdudlaşdırılması
5.1. Bu Məcəllədə rəqabətin
əhəmiyyətli dərəcədə
məhdudlaşdırılması dedikdə
aşağıdakılar nəzərdə tutulur:
5.1.1. ardıcıl 12 (on iki) ay ərzində
istənilən dövr aralığında müvafiq
bazarın şəxslər qrupuna daxil olmayan subyektlərinin
sayının 10 faiz və daha çox azalmasına
səbəb olan hərəkətlərə
(hərəkətsizliyə) yol verilməsi;
5.1.2. ardıcıl 12 (on iki) ay ərzində
istənilən dövr aralığında hökmran
mövqedə olmayan təsərrüfat subyektlərinin
birgə bazar payının 50 faiz və daha çox
azalmasına səbəb olan hərəkətlərə
(hərəkətsizliyə) yol verilməsi;
5.1.3. digər təsərrüfat subyektlərinin
müvafiq bazara daxil olmasının qarşısının
alınması;
5.1.4. müvafiq bazarda təsərrüfat
subyektlərinin bazar paylarının 90 faizinin 6 (altı) aydan
çox olan müddətdə dəyişməz qalmasına
gətirib çıxaran hərəkətlərə yol
verilməsi.
2-ci fəsil
RƏQABƏT SAHƏSİNDƏ BAZAR
SUBYEKTLƏRİNİN VƏZİFƏLƏRİ VƏ
HÜQUQLARI
Maddə 6.
Rəqabət sahəsində bazar subyektlərinin
vəzifələri
6.1. Rəqabət sahəsində bazar subyektlərinin
vəzifələri aşağıdakılardır:
6.1.1. rəqabət qanunvericiliyinin
tələblərinə riayət etmək;
6.1.2. rəqabət orqanının vəzifəli
şəxslərinin qanunda nəzərdə tutulmuş
səlahiyyətlərinin bu Məcəlləyə uyğun
olaraq icrası üçün lazımi şərait yaratmaq,
onların rəqabət qanunvericiliyinə uyğun olaraq
verdikləri göstərişləri və qanuni
tələblərini icra etmək;
6.1.3. yoxlama zamanı yoxlamaya aid sənədləri
(məlumatları) yoxlayıcıya təqdim etmək və
yaranan suallara şifahi və (və ya) yazılı izahatlar
vermək, habelə sənədlərin (məlumatların)
təhrif olunmasına yol verməmək;
6.1.4. bu Məcəllə ilə müəyyən
edilmiş hallarda və qaydada zəruri məlumatları
(qanunda nəzərdə tutulduğu hallarda kommersiya, vergi,
gömrük və bank sirri, habelə statistik sirr sayılan
məlumatlar daxil olmaqla) və sənədləri (onların
təsdiq olunmuş surətlərini) rəqabət orqanına
təqdim etmək;
6.1.5. bu Məcəllə və Azərbaycan
Respublikasının digər normativ hüquqi aktları ilə
müəyyən edilən digər vəzifələri
yerinə yetirmək.
Maddə 7.
Rəqabət sahəsində bazar subyektlərinin
hüquqları
7.1. Rəqabət sahəsində bazar subyektlərinin
hüquqları aşağıdakılardır:
7.1.1. rəqabət qanunvericiliyi haqqında, habelə
bazar subyektlərinin, rəqabət orqanının və onun
vəzifəli şəxslərinin rəqabət
sahəsinə aid hüquqları və vəzifələri
barədə rəqabət orqanından əvəzsiz olaraq
yazılı məlumat (izahat) almaq;
7.1.2. rəqabət qanunvericiliyində
nəzərdə tutulmuş tənzimləmə
tədbirlərinin tətbiqi ilə əlaqədar
təkzibedici sübutları və materialları rəqabət
orqanına təqdim etmək;
7.1.3. əlavə sübut və izahatların
təqdim edilməsi üçün müəyyən
olunmuş müddətin uzadılması barədə
rəqabət orqanına müraciət etmək;
7.1.4. barəsində aparılan
araşdırmaların və yoxlamaların materialları
ilə tanış olmaq, qəbul edilmiş qərarlara
münasibətdə rəyini bildirmək;
7.1.5. barəsində aparılan araşdırmalara
və yoxlamaların nəticələrinə dair
sənədlərin və qəbul edilmiş qərarların
surətini almaq;
7.1.6. rəqabət orqanının inzibati
aktlarından, onun vəzifəli şəxslərinin
hərəkətlərindən
(hərəkətsizliyindən) inzibati qaydada və
məhkəməyə şikayət etmək;
7.1.7. rəqabət orqanının inzibati aktları,
onun vəzifəli şəxslərinin
hərəkətləri (hərəkətsizliyi)
nəticəsində dəymiş zərərin ödənilməsini
mülki qanunvericiliklə müəyyən edilmiş qaydada
tələb etmək;
7.1.8. rəqabət orqanının vəzifəli
şəxslərindən bazar subyektinin təqdim etdiyi
məlumatların və sənədlərin (kommersiya, vergi,
gömrük və bank sirri, habelə statistik sirr sayılan
məlumatlar daxil olmaqla) qanunla müəyyən edilmiş qaydada
qorunmasını tələb etmək;
7.1.9. rəqabət qanunvericiliyinə riayət
olunması və pozulmasının qarşısını
almaq məqsədilə özünün rəqabət
qanunvericiliyi tələblərinə uyğunluğunun daxili
təminatı sistemini təşkil etmək;
7.1.10. rəqabət qanunvericiliyinin pozulması
nəticəsində qanunsuz gəlir əldə etmiş bazar
subyektindən həmin pozuntu halı üzrə zərərinin
əvəzinin ödənilməsini mülki qanunvericiliklə
müəyyən edilmiş qaydada tələb etmək;
7.1.11. bu Məcəllə və Azərbaycan
Respublikasının digər normativ hüquqi aktları ilə
müəyyən edilən digər hüquqları həyata
keçirmək.
3-cü fəsil
RƏQABƏT ORQANI
Maddə 8.
Rəqabət orqanı
8.1. Rəqabət orqanının bu
Məcəlləyə uyğun olaraq qəbul etdiyi
qərarları onların aid olduğu bütün bazar
subyektləri üçün məcburidir.
8.2. Rəqabət qanunvericiliyinin pozulması
haqqında işlərə baxılması və qanun
pozuntularının aradan qaldırılması
məqsədilə rəqabət orqanı
tərəfindən rəqabət komissiyası
yaradılır. Rəqabət komissiyasının
yaradılması, tərkibi, rəqabət komissiyası
tərəfindən işlərə baxılması və
qərarların qəbul edilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən təsdiq olunur.
Maddə 9.
Rəqabət orqanının işçilərinin sosial
təminatı, maliyyə sanksiyalarından və digər
vəsaitlərdən ayırmalar
9.1. Xidməti fəaliyyətlə əlaqədar
rəqabət orqanının işçisinin və ya onun
ailə üzvlərinin əmlakına dəymiş
zərər, onun müraciəti əsasında,
məhkəmə qaydasında təqsirkar şəxsdən
tutulmaqla, tam həcmdə dövlət büdcəsinin
vəsaiti hesabına ödənilir.
9.2. Bu Məcəllənin tələblərinin
pozulmasına görə bu Məcəllə və
Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əsasən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən tətbiq olunan sanksiya və
cərimələrdən toplanan vəsaitin 50 faizi (bu
Məcəllənin 81.2-ci maddəsinə əsasən qanunsuz
gəlirə mütənasib artırılan hissə və
əlavə maliyyə sanksiyası istisna edilməklə)
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) işçilərinin sosial
təminatının gücləndirilməsi və maddi-texniki
bazasının möhkəmləndirilməsi
məqsədilə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) hesabına
köçürülür.
9.3. Bu Məcəllənin 9.2-ci maddəsi ilə
müəyyən edilmiş vəsaitin bölgüsü
və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən olunur.
Maddə 10. Maraqlar
toqquşması
10.1. Rəqabət orqanının vəzifəli
şəxsi bu Məcəllənin tələbləri
nəzərə alınmaqla vəzifələrini həyata
keçirərkən “Dövlət qulluqçularının
etik davranış qaydaları haqqında” Azərbaycan
Respublikası Qanununun maraqların toqquşması ilə
bağlı müddəalarına riayət etməlidir.
10.2. Rəqabət orqanının vəzifəli
şəxsi aşağıdakı hallarda xidməti
vəzifələrini təsərrüfat subyektinə
münasibətdə həyata keçirə bilməz:
10.2.1. rəqabət orqanının vəzifəli
şəxsi ilə müvafiq təsərrüfat subyekti
(hüquqi şəxs olduqda təsisçisinin,
iştirakçısının, benefisiar mülkiyyətçisinin,
qanuni təmsilçisinin və ya idarəetmə
orqanlarının üzvləri) arasında ailə
üzvləri münasibətləri olduqda;
10.2.2. rəqabət orqanının vəzifəli
şəxsinin və (və ya) onun ailə üzvlərinin
bilavasitə və ya dolayı yolla müvafiq
təsərrüfat subyektində (onun fəaliyyətində)
maliyyə marağı olduqda.
4-cü fəsil
RƏQABƏTİ MƏHDUDLAŞDIRAN
SAZİŞLƏR
Maddə 11.
Rəqabəti məhdudlaşdıran üfüqi
sazişlər
11.1. Bu Məcəllənin 13-cü maddəsi
nəzərə alınmaqla, rəqabəti
məhdudlaşdıran nəticələrə səbəb
olan və ya ola bilən üfüqi sazişlər və
uyğunlaşdırılmış hərəkətlər,
o cümlədən aşağıdakı
hədəflərdən birinə və ya bir
neçəsinə çatmaq məqsədilə
bağlanılan kartel sövdələşmələri
və uyğunlaşdırılmış
hərəkətlər qadağan edilir və
bağlanıldığı andan əhəmiyyətsizdir:
11.1.1. alış və ya satış
qiymətlərinin, yaxud hər hansı digər ticarət
şərtlərinin birbaşa və ya dolayı yolla
razılaşdırılması və (və ya) bununla
əlaqədar məlumat mübadiləsinin aparılması;
11.1.2. istehsalın, bazarın, texniki inkişafın,
investisiyaların məhdudlaşdırılması və ya
onlara nəzarət edilməsi;
11.1.3. bazarların, o cümlədən
müştərilərin, satıcıların,
ərazilərin, xammal mənbələrinin, yaxud məhsulun
konkret növlərinin istehsalının
(satışının) öz aralarında
bölüşdürülməsi;
11.1.4. müvafiq bazarda tələb və təklifin
həcminin əvvəlcədən
müəyyənləşdirilməsi və (və ya) ona
nəzarət edilməsi;
11.1.5. dövlət satınalmaları, hərrac və
digər müsabiqələrdə iştirak edən və ya
iştirak edəcək təsərrüfat subyektlərinin
və (və ya) təklif olunacaq satış (alış)
qiymətlərinin onlar arasında əvvəlcədən
razılaşdırılması, yaxud bu prosesə digər
formada qanunsuz təsir göstərilməsi;
11.1.6. digər təsərrüfat subyektləri
ilə aparılan eyni və ya oxşar əməliyyatlara
fərqli şərtlərin tətbiqi və bununla da
onların rəqabətdə əlverişsiz vəziyyətə
salınması;
11.1.7. saziş iştirakçısı olmayan
rəqiblərlə müqavilələrə
mahiyyətinə və işgüzar adətlərə
əsasən, həmin müqavilələrin predmeti ilə
əlaqəsi olmayan və (və ya) onun üçün
əlverişsiz olan şərtin (öhdəliyin) daxil
edilməsi;
11.1.8. digər təsərrüfat subyektlərinin
saziş iştirakçısı olmayan bir sıra
təsərrüfat subyektləri ilə kommersiya
münasibətləri qurmamağa və ya müqavilə
bağlamamağa sövq edilməsi;
11.1.9. saziş iştirakçısı olmayan
rəqib təsərrüfat subyektlərinin müvafiq bazara
girişinin məhdudlaşdırılması və ya
həmin bazardan sıxışdırılıb
çıxarılması;
11.1.10. rəqabət üçün vacib
əhəmiyyəti olan müqavilələrə və ya
təsərrüfat subyektlərinin birliklərinə
qoşulmaqdan kollektiv imtina edilməsi.
11.2. Rəqabəti məhdudlaşdıran
üfüqi sazişlərin, o cümlədən kartel
sövdələşmələrinin və
uyğunlaşdırılmış hərəkətlərin
müəyyən edilməsi və sübutların
əldə edilməsi üçün aşağıdakılar
araşdırılır:
11.2.1. müvafiq bazarda sabit iqtisadi amillər
(pandemiyanın, iqtisadi böhranın və ya iqtisadiyyatın
inkişafına təsir edən digər hadisələrin
baş vermədiyi) şəraitində hər hansı
şəxslər qrupuna daxil olmayan təsərrüfat
subyektlərinin sayının 20 faiz və daha çox
azalması və (və ya) bazardan çəkilməsi;
11.2.2. müvafiq bazarda dəyişməz iqtisadi
amillər (vergi, kredit və sığorta siyasətinin, minimum
əməkhaqqı məbləğinin dəyişmədiyi)
şəraitində məhsul dövriyyəsinin 20 faiz və
daha çox dəyişməsi;
11.2.3. müvafiq bazarda qiyməti formalaşdıran
ümumi şərtlər (dövlət
tənzimləməsi, o cümlədən gömrük
rüsumları, vergitutma və tariflər) dəyişmədiyi
halda, qiymətlərin 30 (otuz) gün ərzində 10
faizdən çox dəyişdirilməsi;
11.2.4. müvafiq bazarda 30 faiz və daha çox
birgə paya malik olan saziş
iştirakçılarının hamısı
tərəfindən qiymətlərin 30 (otuz) gün
ərzində 10 faizdən çox dəyişdirilməsi
və ya satış həcminin əsassız olaraq
məhdudlaşdırılması (mal
qıtlığının yaradılması);
11.2.5. təsərrüfat subyektlərinin eyni vaxtda bir
ərazidə yerləşən bazarda
cəmləşməsi və ya digər ərazidə
yerləşən bazarlardan çəkilməsi;
11.2.6. dövlət orqanları (qurumları), yerli
özünüidarəetmə orqanları, tənzimləyici
qurumlar tərəfindən dövlət və
bələdiyyə xidmətlərinin göstərilməsi
ilə bağlı saziş iştirakçısı olmayan
təsərrüfat subyektlərinə normativ hüquqi aktlarda
nəzərdə tutulmayan tələblərin qoyulması;
11.2.7. müvafiq bazarda təsərrüfat
subyektlərinin bazar paylarının 90 faizinin 6 (altı) aydan
çox olan müddətdə dəyişməz qalması;
11.2.8. müvafiq bazarda təsərrüfat
subyektlərinin bazar paylarının dəyişməz iqtisadi
amillər (vergi, kredit və sığorta siyasətinin, minimum
əməkhaqqı məbləğinin dəyişmədiyi)
şəraitində 20 faiz və daha çox
dəyişməsi.
11.3. Bu Məcəllənin 11-ci maddəsinin
müddəaları müvafiq bazarda rəqib olan
təsərrüfat subyektləri arasında bağlanan
şaquli sazişlərə də şamil edilir.
11.4. Təsərrüfat subyektlərinin
hərəkətləri uyğunlaşdırılmış
hərəkət hesab olunması üçün
aşağıdakı şərtlərə birlikdə cavab
verməlidir:
11.4.1. rəqib təsərrüfat subyektinin
hərəkətləri əvvəlcədən
təsərrüfat subyektinə məlum olmalıdır;
11.4.2. təsərrüfat subyektlərinin
hərəkətləri müvafiq bazarın tələbi
əsasında və təbii şəraitdə formalaşan,
habelə bütün təsərrüfat subyektlərinə
eyni dərəcədə təsir edən amillərdən
asılı olmamalıdır.
11.5. Sazişin məqsədi bu Məcəllənin
11.1-ci və 12.1-ci maddələrində nəzərdə
tutulmadıqda, rəqabət orqanı müvafiq sazişin
rəqabəti məhdudlaşdıran nəticələrə
səbəb olması və ya olma ehtimalı ilə
bağlı araşdırma aparır. Sazişlərin
rəqabəti məhdudlaşdıran nəticələrə
səbəb olması və ya ola bilməsinə dair meyarlar
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
11.6. Təsərrüfat subyekti rəqabəti
məhdudlaşdırma məqsədli müzakirələrin
aparıldığı iclasda iştirak etdikdə və ya ona
rəqabəti məhdudlaşdırıcı xarakterli
istənilən formada məlumat verildikdə, həmin subyekt
bazarda olan davranışını həmin
müzakirələr və ya məlumat əsasında
aparmadıqda belə özünü
müzakirələrdən və ya məlumatdan uzaqlaşdırmadıqda,
həmin sazişin iştirakçısı hesab olunur.
Özünü müzakirələrdən və ya
məlumatdan uzaqlaşdırmaq üçün təsərrüfat
subyekti müzakirənin bütün
iştirakçılarına açıq və
ətraflı şəkildə bazardakı
davranışını müzakirələr və ya məlumat
əsasında tənzimləməyəcəyini bildirməli
və ya rəqabət orqanına bu barədə məlumat
verməlidir.
11.7. Bu Məcəllənin 11-ci maddəsinin
müddəaları müvafiq bazarda fəaliyyət
göstərməyən, lakin bu maddə ilə qadağan
edilmiş və bu Məcəllənin 13-cü və 14-cü
maddələrinin tələblərinə cavab verməyən
sazişin tərəflərinin ümumi
məqsədlərinə çatmasında iştirak edən
və həmin məqsədlərə nail olunması
üçün faktiki hərəkətlərin edildiyini
bilən və ya bilməli olan digər təsərrüfat
subyektlərinə də tətbiq olunur.
11.8. Bu Məcəllənin 11.1.5-ci maddəsi istisna
olmaqla, bu Məcəllənin 11-ci maddəsinin
müddəaları eyni şəxslər qrupuna daxil olan
şəxslər arasındakı münasibətlərə
tətbiq edilmir.
Maddə 12.
Rəqabəti məhdudlaşdıran şaquli sazişlər
12.1. Bu Məcəllənin 12-ci maddəsində
nəzərdə tutulan istisnalar və bu Məcəllənin
13-cü maddəsi nəzərə alınmaqla,
aşağıdakı şərtlərdən bir və ya
daha çoxunu nəzərdə tutan rəqabəti
məhdudlaşdıran (məhdudlaşdıra bilən)
şaquli sazişlər qadağan edilir və bağlanıldığı
andan əhəmiyyətsizdir:
12.1.1. satıcı tərəfindən
alıcının təkrar satış qiymətini
müəyyən etmək imkanının
məhdudlaşdırılması, o cümlədən
təkrar satış qiymətinin məbləğini və ya
minimum həddini müəyyən etməklə məhsulu
həmin qiymətdən aşağı qiymətə satmamağa
aşağıdakılar istisna olmaqla sövq edilməsi:
12.1.1.1. alıcıya təkrar satış
qiymətinin minimum həddinin yalnız tövsiyə
edilməsi (bu halda tövsiyənin məcburi xarakter
daşımaması yazılı şəkildə
satıcı tərəfindən bəyan edilməlidir və
məhsulun üzərində (etiketində) qiymət
yazıldıqda həmin qiymətin “tövsiyə olunan
qiymət” olduğu qeyd olunmalıdır);
12.1.1.2. satıcı tərəfindən məhsulun
maksimum satış qiymətinin
müəyyənləşdirilməsi;
12.1.2. eksklüziv təchizat sistemi üzrə
satıcı tərəfindən aşağıdakılar
istisna olmaqla alıcının məhsulu aktiv və ya passiv
qaydada sata biləcəyi ərazinin və ya
müştərilərin məhdudlaşdırılması:
12.1.2.1. satıcı tərəfindən onun
özünə və ya digər alıcıya eksklüziv
olaraq ayrılan ərazi və ya müştəri qrupuna
alıcı tərəfindən aktiv satışın
məhdudlaşdırılması;
12.1.2.2. topdansatış səviyyəsində
fəaliyyət göstərən alıcının son
istehlakçılara aktiv və ya passiv
satışının məhdudlaşdırılması;
12.1.2.3. birləşdirilmə məqsədləri
üçün təchiz edilən tərkib
hissələrinin, onlardan istifadə edərək satıcı
ilə eyni növ məhsulu istehsal edəcək
təsərrüfat subyektlərinə aktiv və ya passiv
satışı üzrə alıcıya məhdudiyyət
qoyulması;
12.1.3. selektiv təchizat sistemi daxilində eyni və ya
fərqli ticarət səviyyələrində fəaliyyət
göstərən alıcılar arasında qarşılıqlı
təchizata məhdudiyyətlərin qoyulması;
12.1.4. selektiv təchizat sistemi daxilində
aşağıdakılar istisna olmaqla satıcı
tərəfindən sistem iştirakçısı olan
alıcıların məhsulları satacağı ərazi
və ya müştəri qruplarının
məhdudlaşdırılması:
12.1.4.1. satıcı tərəfindən onun
özünə və ya digər alıcıya eksklüziv
olaraq ayrılan ərazi və ya müştəri qrupuna
selektiv təchizat sisteminin iştirakçısı olan
alıcılar tərəfindən aktiv satışın
məhdudlaşdırılması;
12.1.4.2. selektiv təchizat sisteminin
iştirakçısı olan alıcılar
tərəfindən həmin sistemin mövcud olduğu
ərazidə selektiv təchizat sisteminin
iştirakçısı olmayan alıcıya
satışın məhdudlaşdırılması;
12.1.4.3. topdansatış səviyyəsində
fəaliyyət göstərən selektiv alıcının
müştərilərə aktiv və ya passiv
satışının məhdudlaşdırılması;
12.1.4.4. birləşdirilmə məqsədləri
üçün təchiz edilən tərkib
hissələrinin, onlardan istifadə edərək
satıcı ilə eyni növ əmtəəni istehsal
edəcək təsərrüfat subyektlərinə aktiv
və ya passiv satışı üzrə alıcıya
məhdudiyyət qoyulması.
12.2. Şaquli sazişlərdə
aşağıdakı şərtlərin nəzərdə
tutulması qadağan olunur:
12.2.1. 3 (üç) ildən artıq müddət
üçün nəzərdə tutulan birbaşa və ya
dolayı rəqabət aparmama öhdəliyinə dair
şərt (əgər alıcı satışı
satıcının mülkiyyətində olan torpaq sahəsi
və ya digər daşınmaz əmlakda həyata
keçirirsə və rəqabət aparmama öhdəliyi
alıcının həmin torpaq sahəsi və ya digər
daşınmaz əmlakı istifadə etmə
müddətindən çox deyilsə, bu maddə tətbiq
olunmur);
12.2.2. selektiv təchizat sistemi
iştirakçılarının satıcıya rəqib olan
konkret təsərrüfat subyektinin məhsullarını
satmamaq öhdəliyini müəyyən edən şərt;
12.2.3. saziş müddəti bitdikdən sonra
alıcının müəyyən məhsulu istehsal
etmək, almaq, satmaq və ya təkrar satmaq imkanını
birbaşa və ya dolayı yolla məhdudlaşdıran
şərt.
12.3. Bu Məcəllənin 12.2.3-cü maddəsi
aşağıdakı şərtlərin hamısı olduqda
tətbiq olunmur:
12.3.1. öhdəlik həmin məhsul ilə
rəqabətdə olan mal və ya xidmətə (işə)
aiddirsə;
12.3.2. öhdəlik satıcı tərəfindən
alıcıya ötürülən nou-haunun qorunması
üçün zəruridirsə;
12.3.3. öhdəlik satıcı tərəfindən
təmin olunan torpaq sahəsi və ya digər daşınmaz
əmlakdan həyata keçirilən satış üzrə
müəyyənləşdirilirsə;
12.3.4. öhdəliyin müddəti sazişin
xitamından sonra 1 (bir) ili keçmirsə.
12.4. İctimaiyyətə açıqlanmayan nou-haunun
açıqlanması və istifadəsi üzrə
qeyri-müəyyən müddət üçün
nəzərdə tutulan məhdudiyyət tətbiq oluna
bilər və bu Məcəllənin 12.2.3-cü maddəsi
belə məhdudiyyətin tətbiqi imkanına xələl
gətirmir.
12.5. Bu Məcəllənin 12-ci maddəsinin
müddəaları müvafiq bazarda fəaliyyət
göstərməyən, lakin bu maddə ilə qadağan
edilmiş və bu Məcəllənin 13-cü və 14-cü
maddələrinin tələblərinə cavab verməyən
sazişin tərəflərinin ümumi
məqsədlərinə çatmasında iştirak edən
və həmin məqsədlərə nail olunması
üçün faktiki hərəkətlərin edildiyini
bilən və ya bilməli olan digər təsərrüfat
subyektlərinə də tətbiq olunur.
12.6. Bu Məcəllənin 12-ci maddəsinin
müddəaları eyni şəxslər qrupuna daxil olan
şəxslər arasındakı münasibətlərə
tətbiq edilmir.
Maddə 13.
İstisna edilmiş sazişlər
13.1. Texnologiyanın transferti, bazarın tədqiqi
və inkişafı ilə əlaqəli olan sazişlər
bu Məcəllənin 13.2-ci maddəsi ilə
müəyyənləşdirilən meyarlara cavab verdikdə,
habelə istehlakçılara verdiyi fayda rəqabətin
məhdudlaşdırılmasının mənfi
təsirlərindən üstün olan sazişlər və
uyğunlaşdırılmış hərəkətlər
aşağıdakı şərtlərin hamısına
birlikdə cavab verdikdə, həmin şərtlərin
mövcud olduğu müddətdə rəqabət orqanı
tərəfindən qadağadan azad edilir:
13.1.1. belə sazişlər məhsulun
istehsalının və ya satışının yaxşılaşdırılmasına,
yaxud texniki və ya iqtisadi tərəqqinin təşviqinə
xidmət etdikdə və istehlakçıların
ədalətli şəkildə əlavə fayda əldə
etməsinə imkan yaratdıqda;
13.1.2. belə sazişlər bu Məcəllənin
13.1.1-ci maddəsində qeyd olunanlara nail olmaq məqsədilə
qeyri-mütənasib əlavə məhdudiyyətlər
müəyyən etmədikdə;
13.1.3. belə sazişlər təsərrüfat
subyektlərinə müəyyən məhsulun
əhəmiyyətli hissəsinə münasibətdə
rəqabətin məhdudlaşdırılması
imkanını vermədikdə.
13.2. Sazişlərin hansı hallarda bu
Məcəllənin 13.1-ci maddəsində qeyd olunan
şərtlərə cavab verməsinə dair meyarlar,
həmçinin texnologiyanın transferti, bazarın tədqiqi
və inkişafı ilə əlaqəli sazişlərin
istisna edilməsinə dair meyarlar müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
13.3. Mikro və kiçik sahibkarlıq subyektlərinin
rəqabət qabiliyyətinin artırılmasına xidmət
edən, habelə mikro və kiçik sahibkarlıq
subyektləri arasında məhsulun alınmasına dair
bağlanılan sazişlər və
uyğunlaşdırılmış hərəkətlər
rəqabəti əhəmiyyətli dərəcədə
məhdudlaşdırmadıqda qadağan edilmir.
13.4. Bu Məcəllə ilə qadağan edilən
və bu Məcəllənin 12-ci və 13-cü
maddələrinə uyğun olaraq istisna olunmaq
üçün şərtlərə cavab verməyən
sazişlər və uyğunlaşdırılmış
hərəkətlər əhəmiyyətsiz hesab edilir və
rəqabət orqanı həmin saziş və
uyğunlaşdırılmış hərəkətin
pozuntunu törədən təsərrüfat subyektləri
tərəfindən ləğv olunmasına dair icrası
məcburi göstəriş verir.
13.5. Təsərrüfat subyektləri öz
sazişlərinin bu Məcəllənin 11.8-ci, 12-ci, 13.1-ci,
13.3-cü və 14.1-ci maddələrinin
tələblərinə əsasən istisna edilməsi və
ya azəhəmiyyətli olmasının
təsdiqlənməsi məqsədilə rəqabət
orqanına müraciət etmək hüququna malikdirlər.
Belə təsdiqlənmə yalnız müəyyən
müddət üçün, yəni
təsdiqlənməyə imkan verən şərtlərin
ödənildiyi müddətdə qüvvədə ola
bilər.
13.6. Bu Məcəllənin 13.5-ci maddəsi
əsasında sazişlərin rəqabət
qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi
üzrə qaydalar müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
təsdiq edilir.
Maddə 14.
Azəhəmiyyətli sazişlər
14.1. Birbaşa məqsədi rəqabəti
məhdudlaşdırmaq olan, bu Məcəllənin 11-ci və
12-ci maddələrində qeyd olunan sazişlər istisna
olmaqla, aşağıdakı tələblərə cavab
verən sazişlər (habelə
uyğunlaşdırılmış hərəkətlər)
rəqabət üçün azəhəmiyyətli hesab
olunur və qadağan olunmur:
14.1.1. üfüqi saziş
iştirakçılarının sazişin təsir etdiyi
hər hansı müvafiq bazar üzrə birgə bazar
payı 10 faizdən artıq olmadıqda;
14.1.2. şaquli saziş
iştirakçılarının sazişin təsir etdiyi
hər hansı müvafiq bazar üzrə hər birinin bazar
payı 15 faizdən artıq olmadıqda.
14.2. Sazişin şaquli və ya üfüqi saziş
olmasını müəyyənləşdirmək
mümkün olmadıqda, həmin sazişin
azəhəmiyyətli olub-olmaması bu Məcəllənin
14.1.1-ci maddəsinə əsasən müəyyən edilir.
5-ci fəsil
BAZARDA HÖKMRAN MÖVQE VƏ
NİSBƏTƏN YÜKSƏK BAZAR GÜCÜ
Maddə 15. Bazarda
hökmran mövqe
15.1. Bir təsərrüfat subyekti 50 faiz və daha
çox bazar payına malik olduqda, hökmran mövqe tutmuş
hesab edilir.
15.2. Müvafiq bazarda hərəkətləri
birbaşa və ya dolayı yolla birgə xarakter
daşıyan, hər biri 10 faizdən çox bazar payına
malik olan 2 (iki) və daha çox təsərrüfat subyekti
(ən çox paya malik olanlar əsas götürülməklə)
aşağıdakı hallarda birgə hökmran mövqe
tutmuş hesab edilirlər:
15.2.1. iki və ya üç təsərrüfat
subyektinin birgə bazar payı 50 faizdən çox olduqda;
15.2.2. dörd və ya beş təsərrüfat
subyektinin birgə bazar payı 70 faizdən çox olduqda.
15.3. Maliyyə institutlarının hökmran
mövqeyinin müəyyən edilməsi şərtləri
(bazar payının hədləri və müəyyən
edilməsi meyarları) rəqabət orqanı ilə
razılaşdırmaqla Mərkəzi Bankın təklifi
əsasında müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən olunur.
15.4. Müvafiq bazarda 50 faizdən az, lakin 35 faizdən
çox bazar payına malik olan təsərrüfat subyekti
müvafiq bazara təsir imkanına malik olduqda hökmran
mövqe tutmuş hesab edilir. Təsərrüfat
subyektlərinin müvafiq bazara təsir imkanlarını müəyyən
etmək üçün aşağıdakılar
araşdırılır:
15.4.1. hökmran mövqe tutmuş təsərrüfat
subyektinin və onun rəqiblərinin bazar payı;
15.4.2. hökmran mövqe tutmuş təsərrüfat
subyektinin maliyyə imkanları;
15.4.3. hökmran mövqe tutmuş təsərrüfat
subyektinin digər təsərrüfat subyektləri ilə
əlaqələrinin vəziyyəti;
15.4.4. məhsulu hökmran mövqe tutmuş
təsərrüfat subyektindən başqa, digər
təsərrüfat subyektinə satmaq və ya digər
təsərrüfat subyektindən almaq imkanları;
15.4.5. müvafiq bazarda rəqabətin faktiki
vəziyyəti və dəyişməsi imkanları;
15.4.6. potensial rəqiblərin bazara daxil
olmasının və mövcud rəqiblərin bazar
payını artırmasının, yaxud bununla bağlı
maneələrin yaradılmasının real imkanları;
15.4.7. alıcılıq qabiliyyətinin
dəyişib-dəyişməməsi halları, habelə
alıcının satıcıları çevik
seçmə imkanı və alıcının təsiredici
gücü (alıcının satıcının hökmran
mövqe tutan təsərrüfat subyektinə
çevrilməsinə təsir imkanı);
15.4.8. digər təsərrüfat subyektlərinin
təchizat və ya satış bazarlarına
çıxış imkanları;
15.4.9. təsərrüfat subyektinin
şəbəkə effektinə malik olması.
15.5. Şəbəkə effektinə malik olan
təsərrüfat subyektlərinin müvafiq bazara təsir
imkanlarını müəyyən etmək üçün
bu Məcəllənin 15.4-cü maddəsində
göstərilənlərlə yanaşı
aşağıdakılar da araşdırılır:
15.5.1. şəbəkə effektinə malik olan bir
təsərrüfat subyektinin xidmətlərindən
digərinin xidmətinə keçidlə bağlı
müştərilərin əlavə xərcləri;
15.5.2. təsərrüfat subyektinin bazara təsir
imkanının miqyası;
15.5.3. təsərrüfat subyektinin
şəbəkə istifadəçilərinin müvafiq
(fərdi, təsərrüfat, ticarət) məlumatlarına
çıxışı;
15.5.4. təsərrüfat subyektinin innovasiyalar
əsasında rəqabətə təsir göstərmək
imkanı.
15.6. Müvafiq bazarda bazar paylarının
hesablanması, müvafiq bazarın məhsul və coğrafi
sərhədlərinin, həcminin, strukturunun və
iştirakçılarının müəyyən
edilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir.
Maddə 16.
Hökmran mövqedən sui-istifadə
16.1. Təsərrüfat subyektlərinin
təkbaşına və ya birgə hökmran mövqedən
bu Məcəllənin 16.2-ci maddəsində
nəzərdə tutulan rəqabətin
məhdudlaşdırılmasına səbəb olan (və ya
ola bilən) sui-istifadə halları qadağan edilir.
16.2. Hökmran mövqedən rəqabətin
məhdudlaşdırılmasına səbəb olan (və ya
ola bilən) sui-istifadə halları
aşağıdakılardır, lakin bunlarla məhdudlaşdırılmır:
16.2.1. aşağı və ya yüksək inhisar
qiymətlərinin tətbiqi;
16.2.2. müştərilərin mənafeyinə zidd
olaraq istehsalın, satışın və ya texniki
inkişafın (o cümlədən yeni texnologiyanın
tətbiqinin) məhdudlaşdırılması;
16.2.3. müqavilənin bağlanılmasının
onun predmeti ilə birbaşa əlaqəsi olmayan, yəni
mahiyyətindən və kommersiya istifadəsindən
asılı olmayan əlavə öhdəliklərin daxil
edilməsi ilə şərtləndirilməsi, o
cümlədən bir məhsulun satışı
üçün digər məhsulun əldə edilməsinin
məcburi şərt kimi müəyyən edilməsi və
(və ya) məhsulun məcburi əlavə
çeşidlə satışı;
16.2.4. iqtisadi və ya texnoloji əsaslar olmadan uyğun
ödəniş müqabilində məhsulun təqdim
edilməsindən, əqli mülkiyyət hüquqlarından
istifadədən, yaxud şəbəkədən (ümumi
istifadə üçün yaradılmış hər
hansı bir sistemdən) birgə istifadə mümkün
olduqda ona çıxış imkanının
yaradılmasından imtina edilməsi;
16.2.5. hökmran mövqedə olan təsərrüfat
subyekti tərəfindən digər təsərrüfat
subyektlərinin ona üstünlük verməyə məcbur
edilməsi və ya hər hansı məhsulu onun rəqiblərindən
deyil, yalnız ondan almağa sövq edilməsi;
16.2.6. iqtisadi və ya texnoloji əsaslar olmadan
satıcı və ya müştəri ilə
bağlanılmış müqavilələrə xitam
verilməsi, yaxud məhsulun təqdim edilməsi mümkün
olduğu təqdirdə və qanundan irəli gələn
hallar istisna olmaqla müqavilənin bağlanılmasından
imtina edilməsi;
16.2.7. müvafiq bazarda rəqabətin
məhdudlaşdırılması ilə
nəticələnən aşağı qiymətlərin,
yaxud rəqiblərə davamlı olaraq rentabelli fəaliyyət
göstərməyə imkan verməyən qiymətlərin
tətbiq edilməsi (bu maddə hasilat və ya
topdansatış bazarında hökmran mövqedə olan
təsərrüfat subyekti tərəfindən yuxarı
qiymətlər tətbiq edilməklə həmin məhsulu
ondan alan və emal və ya pərakəndə bazarında
onunla rəqabət aparan təsərrüfat subyektlərinin
fəaliyyətini məhdudlaşdıran davranışa da
tətbiq edilir);
16.2.8. fiziki və mənəvi köhnəlmiş
mallar, istifadədən çıxarılmış əsas
və dövriyyə vəsaitləri istisna olmaqla, iqtisadi
və ya texnoloji əsaslar olmadan məhsulun maya
dəyərindən aşağı qiymətə
satılması;
16.2.9. iqtisadi cəhətdən mümkün və
əlverişli olmasına baxmayaraq, rəqibin mühüm
əhəmiyyətli resursdan istifadə etmək imkanından
məhrum edilməsi;
16.2.10. tələbat olan və bazarda
qıtlığı müşahidə edilən xammalın,
materialın və ya yarımfabrikatların hökmran mövqe
tutan təsərrüfat subyekti tərəfindən onun
istehsal və ya istehlak tələblərindən artıq
həcmdə, yəni bazara təsir edən həcmdə
alınması;
16.2.11. hökmran mövqedə olan
təsərrüfat subyektinə rəqib olmayan, lakin bir-biri
ilə rəqib olan təsərrüfat subyektləri ilə
bağlanılan eyni növ müqavilələrə obyektiv
əsaslar olmadan fərqli şərtlərin
(ayrı-seçkilik hallarının) tətbiqi ilə
onların rəqabətdə əlverişsiz
vəziyyətə salınması;
16.2.12. bu Məcəllənin 16.2.11-ci maddəsində
nəzərdə tutulmuş hallarda eyni məhsulun
alıcılarına münasibətdə
aşağıdakılardan birinə gətirib
çıxaran qiymət ayrı-seçkiliyinə yol
verilməsi:
16.2.12.1. rəqabətin əhəmiyyətli
dərəcədə məhdudlaşdırılmasına;
16.2.12.2. eyni növ və eyni keyfiyyətli məhsul
oxşar məzmunlu müqavilələr vasitəsilə
müxtəlif alıcılara satıldıqda, qiymət
və (və ya) satış ilə bağlı
şərtlərin (hər hansı güzəşt,
kompensasiya, kredit və ya ödəniş
şərtlərinin) həmin alıcılar arasında
ayrı-seçkilik yaratmasına.
16.3. Bu Məcəllənin 16.2.12-ci maddəsində
qeyd olunan qiymət ayrı-seçkiliyi aşağıdakı
hallarda hökmran mövqedən sui-istifadə hesab edilmir:
16.3.1. istehsal, satış, təchizat, marketinq və
çatdırılmanın qiymətində
güzəştlərin tətbiqi nəticəsində yaranan
qiymət fərqinin məhsulun həcmi, çatdırılma
üsulu və yerinin müxtəlifliyi ilə əsaslandırılması;
16.3.2. rəqibin təklif etdiyi qiymətlə və ya
güzəştlə əlaqədar yaranan fərqi
ödəmək üçün tədbirlər
görülməsi;
16.3.3. tez xarab olan malların istehlak müddəti
bitənədək satılması (təqdim edilməsi)
məqsədilə tədbirlər görülməsi;
16.3.4. fiziki və ya mənəvi köhnələn
malların tələbatdan çıxmadan satılması
(təqdim edilməsi) məqsədilə tədbirlər
görülməsi;
16.3.5. məhkəmənin qanuni qüvvəyə
minmiş qərarına əsasən müsadirə,
hərrac, ləğv olunma, müflis elan edilmə və
digər hallarla bağlı satışın həyata keçirilməsi;
16.3.6. müştərilərə ödəniş
tarixçəsi və müqavilə xərclərindən
asılı olaraq fərqli qiymətə satışın
həyata keçirilməsi.
16.4. Hökmran mövqedən sui-istifadə edən
təsərrüfat subyektinə öz
hərəkətlərinin obyektiv zəruriliyini
(təhlükəsizlik, istehlakçıların
sağlamlığının qorunması, ictimai asayiş
və digər) və ya səmərəliliyini sübut
etmək imkanı yaradılır. Rəqabət orqanı
həmin təsərrüfat subyektinin
əsaslandırmasını bu Məcəllənin 16.5-ci
maddəsinə uyğun olaraq qənaətbəxş hesab
etdikdə bu Məcəllənin 16.1-ci maddəsi ona tətbiq
edilmir.
16.5. Bu Məcəllənin 16.4-cü maddəsində
nəzərdə tutulmuş obyektiv zərurilik
araşdırılarkən sui-istifadənin bu
Məcəllənin 16.6.2-ci maddəsində nəzərdə
tutulan məqsədəuyğunluğu rəqabət orqanı
tərəfindən nəzərə alınır.
16.6. Bu Məcəllənin 16.4-cü maddəsində
nəzərdə tutulmuş səmərəlilik
əsasları aşağıdakı şərtlərə
cavab verməlidir:
16.6.1. davranışın rəqabətdə texniki
inkişaf, iqtisadi səmərəlilik, istehsal və
təchizat xərclərində azalma (itkiyə yol
verərək və ya mənfəət əldə etmədən
təsərrüfat subyektinin qiymət manipulyasiyası istisna
edilir) və ya digər rəqabətdəstəkləyici
nəticələr yaratması;
16.6.2. davranışın bu nəticələrə
nail olunmasında yeganə seçim olması və ya
rəqabəti daha az məhdudlaşdıran alternativin
olmaması;
16.6.3. rəqabəti dəstəkləyən
nəticələrin rəqabətin
məhdudlaşdırılmasının mənfi
nəticələrindən üstün olması.
16.7. Hökmran mövqedən sui-istifadənin obyektiv
zəruriliyinin və səmərəliliyinin
qiymətləndirilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.
16.8. Bu Məcəllənin 16.2.7-ci maddəsində
nəzərdə tutulmuş hallarda rəqabət orqanı
eyni bazarda fəaliyyət göstərən rəqiblərin
müqayisə oluna bilən xərclərini və
satış qiymətlərini, yaxud digər müqayisə
oluna bilən məlumatlarını əsas
götürməklə, hökmran mövqedə olan
təsərrüfat subyektinin ümumi xərclərini
qarşılaya bilmədiyini, itkiyə yol verdiyini və ya
öz mənfəətindən müəyyən
müddət üçün imtina etdiyini, rəqiblərin
isə öz müştərilərinə itkilərə yol
vermədən xidmət göstərə bilmədiyini
müəyyən edərsə, bu hökmran mövqedən
sui-istifadə halının sübutu kimi qəbul edilir.
16.9. Bu Məcəllənin 16.2.6-cı
maddəsində qeyd olunan hallar faktiki imtina ilə
yanaşı, həmçinin dolayı imtina hallarına
(məsələn müqavilə qiymətinin ağlabatan
olmayan dərəcədə artırılması, məhsulun
verilməsinin əsassız olaraq gecikdirilməsi və
digər) da tətbiq olunur.
Maddə 17.
Aşağı və yüksək inhisar qiymətləri
17.1. Qiymətin aşağı və ya yüksək
inhisar qiyməti hesab edilməsinin meyarları
aşağıdakılardır:
17.1.1. məhsulun qiymətinin hökmran mövqe
tutmayan və həmin məhsulun qiymətini müəyyən
edən təsərrüfat subyektləri ilə eyni
şəxslər qrupuna aid olmayan alıcıların və
satıcıların məhsullarının müvafiq bazarda
və ya müqayisə edilə bilən rəqabətli bazarda
formalaşan qiymətindən aşağı və ya
yüksək olması;
17.1.2. məhsulun istehsalı və satışı
üçün zəruri olan xərclərin
dəyişməz qalması və ya həmin
xərclərdəki dəyişikliyin məhsulun qiymətindəki
dəyişikliyə münasibətdə qeyri-mütənasib
olması;
17.1.3. bazarda əmtəənin qiymətini
müəyyən edən ümumi şərtlər
(dövlət tənzimləməsi, o cümlədən
gömrük rüsumları, vergitutma və tariflər)
dəyişmədiyi halda, əmtəənin qiymətinin
hökmran mövqe tutmuş təsərrüfat subyektləri
tərəfindən əsassız azaldılması (hökmran
mövqedə olan təsərrüfat subyektinin
aşağı qiymətlər tətbiq etməklə
müəyyən müddət ərzində
mənfəət əldə etməməsi və ya itki
verməsi rəqabət orqanı tərəfindən sübut
edilməlidir) və ya artırılması.
17.2. Bu Məcəllənin 17.1-ci maddəsində qeyd
edilən meyarlar hamısı birlikdə qiymətləndirilir
və hər hansı biri olmadıqda məhsulun qiyməti
aşağı və ya yüksək inhisar qiyməti hesab
edilə bilməz.
17.3. Müvafiq bazarda qiyməti müqayisə etmək
mümkün olmadıqda, məhsulun müqayisə edilə
bilən rəqabətli bazardakı, o cümlədən
Azərbaycan Respublikasının hüdudlarından
kənardakı qiyməti ilə müqayisə
aparılır.
17.4. Müqayisə edilə bilən rəqabətli
bazarda, o cümlədən Azərbaycan Respublikasının
hüdudlarından kənardakı rəqabət
şəraitində formalaşmış qiyməti
müəyyən etmək mümkün olmadıqda, bazar subyektinin
xərclərinin və gəlirlərinin təhlili
əsasında qiymət müəyyən edilir.
Maddə 18.
Nisbətən yüksək bazar gücünə malik
təsərrüfat subyektləri tərəfindən
sui-istifadə hərəkətləri
18.1. Bir təsərrüfat subyektinin bazar
payının 35 faizdən aşağı olmasına baxmayaraq,
rəqabəti əhəmiyyətli dərəcədə
məhdudlaşdırmaq və ya bu Məcəllənin
15.4-cü maddəsinə əsasən ona təsir etmək
imkanı təsdiq olunarsa, həmin təsərrüfat subyekti
nisbətən yüksək bazar gücünə malik hesab
edilir.
18.2. Mikro, kiçik və orta sahibkarlıq subyektləri
mütəmadi olaraq nisbətən yüksək bazar
gücünə malik təsərrüfat subyektinə
bazarın ümumi şərtlərindən fərqli və
özü üçün daha əlverişsiz
şərtlərlə məhsulu satmağa və ya ondan
almağa məcbur olduqda, habelə alternativ alıcılar
və ya satıcılarla əlaqə yaratmaq imkanı
məhdud olduqda, mikro, kiçik və orta sahibkarlıq
subyektləri həmin təsərrüfat subyektindən
asılı hesab edilir.
18.3. Nisbətən yüksək bazar gücünə
malik təsərrüfat subyektinin aşağıdakı
hərəkətləri sui-istifadə halları hesab olunmaqla
qadağan edilir:
18.3.1. nisbətən yüksək bazar
gücünə malik təsərrüfat subyektlərindən
asılı olan mikro, kiçik və orta sahibkarlıq
subyektləri digər təsərrüfat subyektlərinin
xidmətlərindən istifadə etmək üçün
heç bir imkana malik olmadıqda və ya məhdud imkana malik
olduqda, bu Məcəllənin 16.2.1-ci və 16.2.5-ci
maddələrində qeyd edilən
hərəkətlərə yol verməsi;
18.3.2. nisbətən yüksək bazar
gücünə malik təsərrüfat subyektlərindən
asılı olan mikro, kiçik və orta sahibkarlıq
subyektləri ilə rəqib olduğu müvafiq bazarda
müəyyən dövr ərzində maya dəyərinə
bərabər və ya ondan aşağı qiymətə
məhsulu təklif etməsi və ya satması;
18.3.3. müvafiq bazarda rəqibləri olan mikro,
kiçik və orta sahibkarlıq subyektlərindən iqtisadi
əsas olmadan özünün təklif etdiyi qiymətdən
daha yüksək qiymətə məhsulun
satılmasını tələb etməsi;
18.3.4. nisbətən yüksək bazar
gücünə malik təsərrüfat subyektlərindən
asılı olan mikro, kiçik və orta sahibkarlıq
subyektləri ilə müqavilələrdə əsassız
birtərəfli üstünlüklərin nəzərdə
tutulması.
6-cı fəsil
HAQSIZ RƏQABƏT
Maddə 19.
Haqsız rəqabətin formaları
19.1. Haqsız rəqabətin formaları
aşağıdakılardır:
19.1.1. müştərilərə qarşı aqressiv
davranış;
19.1.2. rəqib təsərrüfat subyektinin
nüfuzdan salınması;
19.1.3. rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi;
19.1.4. müştərilərin
çaşdırılması və aldadılması;
19.1.5. kommersiya sirrinin qanunsuz əldə edilməsi,
istifadəsi və ya yayılması;
19.1.6. bu Məcəllənin 25-ci maddəsində
nəzərdə tutulan haqsız rəqabətə
səbəb olan digər hərəkətlər.
19.2. Bu Məcəllənin 19.1-ci maddəsində qeyd
olunan formalarda haqsız rəqabətin aparılması
qadağandır.
Maddə 20.
Müştərilərə qarşı aqressiv
davranış
Sahibkarlıq fəaliyyətində təhdid, zor
və ya digər qanunsuz təsir vasitələrinin tətbiqi
ilə müştərilərin seçim hüququnun məhdudlaşdırılmasına
və bununla da onların normal bazar şəraitində
qəbul edəcəyi qərarlardan fərqli qərar qəbul
etməsinə səbəb olan hərəkətlərə
yol verilmir.
Maddə 21. Rəqib
təsərrüfat subyektinin nüfuzdan salınması
21.1. Aşağıdakılar rəqib
təsərrüfat subyektini nüfuzdan salan
hərəkətlər hesab edilir:
21.1.1. rəqibin işgüzar nüfuzu və ya
maliyyə vəziyyəti haqqında və ya rəqibin
elmi-texniki və istehsal imkanları haqqında yalan və ya
təhrif olunmuş məlumatların yayılması, yaxud
belə məlumatların yayılmasının təşkili,
habelə rəqibin məhsulundan imtina etməyə
əsassız çağırışların edilməsi
(boykot edilməsi);
21.1.2. rəqibin təklif etdiyi məhsulun, habelə
istifadə etdiyi xammal və ya materialların
mənşəyi, texnologiyası, xassələri,
keyfiyyəti və təhlükəsizliyi haqqında yalan
və ya təhrif olunmuş məlumatların yayılması,
yaxud belə məlumatların yayılmasının
təşkili, habelə rəqibin əmtəəsindən
imtina etməyə əsassız
çağırışların edilməsi (boykot
edilməsi).
Maddə 22.
Rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi
22.1. Aşağıdakılar rəqibin sahibkarlıq
fəaliyyətini təqlid edən hərəkətlər
hesab edilir:
22.1.1. məhsulun texniki xassələrindən irəli
gələn xarici görünüşü istisna olmaqla,
rəqibin məhsulunun və onun formasının, o
cümlədən malın xarici tərtibatının və
ya qablaşdırılmasının onunla
razılaşdırmadan təqlid edilməsi;
22.1.2. rəqibin əqli mülkiyyət
hüquqlarını pozmaq yolu ilə onun məhsulunun
bilavasitə təkrarlanması;
22.1.3. rəqibin adından və ya firma adından (eyni
adlı təsərrüfat subyektinin öz adından hər
hansı fərqləndirici nişanla firma adı kimi
istifadə halları istisna olmaqla), habelə onun
əmtəə nişanından qanunsuz istifadə edilməsi;
22.1.4. rəqibin internet domeninin adından, habelə
rəqiblə eynilik və ya istifadəçiləri
çaşdıracaq dərəcədə oxşarlıq
təşkil edən internet səhifəsinin dizaynından
onunla razılaşdırılmadan istifadə edilməsi;
22.1.5. rəqibin qanuna uyğun istifadə etdiyi
coğrafi göstəricisindən qanunsuz istifadə
edilməsi.
Maddə 23.
Müştərilərin çaşdırılması
və aldadılması
23.1. Aşağıdakılar
müştəriləri çaşdırmağa, yaxud
aldatmağa yönəldilmiş hərəkətlər hesab
edilir:
23.1.1. məhsulun mənşəyi, hazırlanma
üsulu və texnologiyası, istifadə üçün
yararlılığı, keyfiyyəti, çəkisi,
qiyməti və ya başqa xassələri, habelə
təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin
xüsusiyyəti barədə müştərini
çaşdıra və ya aldada bilən hər hansı
məlumatlardan istifadə olunması;
23.1.2. məhsulun satışı, yaxud
danışıqlar zamanı müştərinin
sərbəst seçim hüququna təsir göstərən
qanunsuz reklam üsullarından istifadə olunması;
23.1.3. müştərini çaşdıra bilən
tərzdə öz məhsulunun rəqibin məhsulu ilə
müqayisə edilməsi, habelə bu müqayisənin reklam
və ya media məhsulu kimi təqdim olunması;
23.1.4. məhsulun istehlak xassələri və digər
mühüm xüsusiyyətləri barədə
həqiqətə uyğun olmayan göstəricilərdən
(o cümlədən fərqləndirici nişan, marka və ya
işarələrdən) istifadə edilməsi və bununla
əlaqədar reklamın verilməsi;
23.1.5. məhsulun standartlara və ya texniki
reqlamentlərə uyğunluğu barədə yanlış
məlumat verməklə (bəyan etməklə) təklif
edilməsi, yaxud məhsulun öz təyinatına və ya ona
qoyulan tələblərə uyğun
olmadığının gizlədilməsi.
Maddə 24. Kommersiya
sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və
yayılması
Azərbaycan Respublikasının normativ hüquqi
aktları və ya rəqiblə bağlanılan kommersiya
sirrinə dair münasibətləri tənzimləyən
müqavilədə nəzərdə tutulan hallar istisna
olmaqla, şəxsi maraq və ya üçüncü
tərəflərin marağı üçün rəqibin
maraqlarına ziyan vura və ya onun bazardakı rəqabət
vəziyyətinə xələl gətirə bilən onun
istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa
fəaliyyəti ilə bağlı məlumatların,
habelə qanunla və ya müqavilə ilə kommersiya
sirrinə aid edilən digər məlumatların qanunsuz
əldə edilməsi, istifadə olunmasına və ya
yayılmasına yol verilmir.
Maddə 25.
Haqsız rəqabətə səbəb olan digər
hərəkətlər
25.1. Aşağıdakılar haqsız
rəqabətə səbəb olan qanunsuz
hərəkətlər hesab edilir:
25.1.1. haqsız, qeyri-dəqiq və ya gizli reklamdan
istifadə etməklə haqsız rəqabətə yol
verilməsi;
25.1.2. Azərbaycan Respublikasının ərazisində
qorunan əmtəə nişanları ilə təchiz
edilmiş məhsulun bazar payının və ya süni yolla
artırılmış qiymətlərinin saxlanılması
məqsədilə həmin əmtəə
nişanının sahibi olan təsərrüfat subyektləri
tərəfindən Azərbaycan Respublikasının
hüdudlarından kənarda qeydiyyata alınmış eyni
və ya oxşar əmtəə nişanı ilə
təchiz edilmiş məhsulun rəqib təsərrüfat
subyektləri tərəfindən idxalının məhdudlaşdırılması;
25.1.3. rəqibin işgüzar
münasibətlərinin pozulması və ya
dayandırılmasına səbəb olan və ya ola bilən
qanunsuz əqdlərin bağlanması və ya
hərəkətlərin (hərəkətsizliyin)
edilməsi;
25.1.4. öz xidməti vəzifələrini yerinə
yetirməməyə sövq etmək və ya rəqibə
digər formada zərər vurmaq məqsədilə rəqibin
işçilərinə qanunsuz vasitələrlə təsir
göstərilməsi;
25.1.5. rəqibin sahibkarlıq fəaliyyəti ilə
bağlı qərarlarının qəbul edilməsinə
və icrasına qanunsuz vasitələrlə təsir
göstərilməsi;
25.1.6. bu Məcəllənin 19.2-ci maddəsi ilə
qadağan edilmiş hərəkətlərin
(hərəkətsizliyin) digər şəxslər
tərəfindən törədilməsi məqsədilə
ödənişlərin sifariş və ya təşkil
edilməsi.
7-ci fəsil
İQTİSADİ
TƏMƏRKÜZLƏŞMƏLƏR
Maddə 26.
Təsərrüfat subyektlərinin
təmərküzləşməsi
26.1. Aşağıdakı hallar
təmərküzləşmə hesab olunur:
26.1.1. iki və ya daha çox müstəqil
təsərrüfat subyektinin, yaxud onların müəyyən
hissələrinin (fəaliyyət sahələrinin)
birləşməsi (o cümlədən hüquqi
şəxslərin birləşməsi, qoşulması);
26.1.2. bir təsərrüfat subyekti
tərəfindən birbaşa və ya dolayı yolla bir və
ya daha çox təsərrüfat subyektinin, o
cümlədən maliyyə institutlarının, onların
müəyyən hissələrinin (səhmlərinin,
paylarının, fəaliyyət sahələrinin) və ya
hüquqlarının aşağıdakı qaydada
əldə edilməsi:
26.1.2.1. əvvəllər səhmdar cəmiyyətin
səhmlərinin mülkiyyətçisi olmayan və ya
səsvermə hüququ verən səhmlərinin 25
faizinədək hissəsinə sərəncam hüququ olan
təsərrüfat subyekti tərəfindən sonradan
səsvermə hüququ verən səhmlərinin 25
faizindən çox hissəsinə sərəncam hüququnun
əldə edilməsi (bu tələb səhmdar
cəmiyyəti yaradılarkən onun
təsisçilərinə şamil edilmir);
26.1.2.2. əvvəllər səhmdar cəmiyyətinin
səsvermə hüququ verən səhmlərinin 25
faizindən çox, lakin 50 faizinədək hissəsinə
sərəncam hüququ olan təsərrüfat subyekti
tərəfindən sonradan səsvermə hüququ verən
səhmlərinin 50 faizindən çox hissəsinə
sərəncam hüququnun əldə edilməsi;
26.1.2.3. əvvəllər səhmdar cəmiyyətinin
səsvermə hüququ verən səhmlərinin 50
faizindən çox, lakin 75 faizinədək hissəsinə
sərəncam hüququ olan təsərrüfat subyekti
tərəfindən sonradan səsvermə hüququ verən
səhmlərinin 75 faizindən çox hissəsinə sərəncam
hüququnun əldə edilməsi;
26.1.2.4. əvvəllər məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalında payı olmayan və
ya payların 25 faizinədək hissəsinə sərəncam
hüququ olan təsərrüfat subyekti tərəfindən
sonradan nizamnamə kapitalındakı payların
üçdə birinə və ya daha çox
hissəsinə sərəncam hüququnun əldə
edilməsi (bu tələb məhdud məsuliyyətli
cəmiyyət yaradılarkən onun təsisçilərinə
şamil edilmir);
26.1.2.5. əvvəllər məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalındakı payların 25
faizindən çox, lakin 50 faizinədək hissəsinə
sərəncam hüququ olan təsərrüfat subyekti
tərəfindən sonradan nizamnamə kapitalındakı
payların 50 faizdən çox hissəsinə sərəncam
hüququnun əldə edilməsi;
26.1.2.6. əvvəllər məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalındakı payların 50
faizdən çox, lakin 75 faizinədək hissəsinə
sərəncam hüququ olan təsərrüfat subyekti
tərəfindən sonradan nizamnamə kapitalındakı
payların 75 faizindən çox hissəsinə
sərəncam hüququnun əldə edilməsi;
26.1.2.7. bir təsərrüfat subyektinin (maliyyə
institutları istisna olmaqla) mülkiyyətində və ya
istifadəsində olan əsas vəsaitlərin, o
cümlədən əsas istehsal vasitələrinin və
qeyri-maddi aktivlərin balans dəyərinin 20 faizindən
çox olan hissəsinin digər təsərrüfat
subyektinin mülkiyyətinə verilməsi;
26.1.2.8. bu Məcəllənin 26.1.2.7-ci
maddəsində qeyd olunan əsas vəsaitlər, o
cümlədən əsas istehsal vasitələri və
qeyri-maddi aktivlər üzrə istifadə və ya lizinq
hüququ, yaxud biznes əməliyyatları və
resurslarının idarə olunması hüququ, habelə
təsərrüfat subyektlərinin qərarlarının
qəbul edilməsinə həlledici təsir
göstərmək hüququ verən müqavilənin 6
(altı) aydan çox müddətə və ya
müddətsiz bağlanılması;
26.1.2.9. bir maliyyə institutunun aktivlərinin (pul
vəsaitləri istisna olmaqla) bu Məcəllənin 27.2-ci
maddəsində nəzərdə tutulmuş qaydada
müəyyən olunmuş məbləğdən çox
hissəsinin digər maliyyə institutu tərəfindən
əldə edilməsi;
26.1.2.10. bir təsərrüfat subyektinin sahibkarlıq
fəaliyyətini və ya onun icra orqanının
funksiyalarını həyata keçirmək
hüquqlarının (o cümlədən əmlakın
etibarnamə, birgə fəaliyyət barəsində
müqavilə və ya tapşırıq müqaviləsi
əsasında idarə edilməsi hüquqlarının)
digər təsərrüfat subyekti tərəfindən
əldə edilməsi;
26.1.2.11. təsərrüfat subyekti
tərəfindən xarici ölkədə qeydiyyatda olan eyni
və ya əlaqəli fəaliyyət göstərən
hüquqi şəxsin səsvermə hüququ verən
səhmlərinin (paylarının) 50 faizindən çox
hissəsinə sərəncam hüququnun, yaxud həmin
hüquqi şəxsin sahibkarlıq fəaliyyətinin və
ya icra orqanının funksiyalarının həyata
keçirilməsi ilə bağlı digər
hüquqların əldə edilməsi;
26.1.2.12. iki və ya daha çox təsərrüfat
subyektinin icra orqanlarında, direktorlar şurasında
(müşahidə şurasında) və ya digər
idarəetmə orqanlarında bu təsərrüfat
subyektlərinin bazardakı davranışlarını
müəyyən etmək imkanına malik olan
şəxslərin iştirak etməsi;
26.1.3. sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsinə birgə nəzarət olunan, yaxud
fəaliyyəti və idarəedilməsi
təsisçilərin birgə qərarı əsasında
həyata keçirilən yeni birgə təsərrüfat
subyektinin yaradılması.
26.2. Maliyyə institutları tərəfindən
səsvermə hüququndan istifadə etməmək
şərtilə və aldığı tarixdən 1 (bir) il
ərzində təkrar satış məqsədilə hər
hansı təsərrüfat subyektinin səhmlərinin
(paylarının) əldə edilməsi
təmərküzləşmə hesab edilmir. Səhmlərin
(payların) satışı 1 (bir) il ərzində
mümkün olmadıqda, maliyyə institutunun
əsaslandırılmış müraciəti əsasında
bu müddət rəqabət orqanı tərəfindən 1
(bir) ilədək uzadıla bilər. Səhmlər (paylar)
üzrə səsvermə hüququndan bu maddədə qeyd
olunan müddətdə yalnız təsərrüfat
subyektinin icra orqanının və ya direktorlar
şurasının (müşahidə şurasının)
üzvlərinin seçilməsi üçün istifadə
edilə bilər.
26.3. İflas prosesi ilə bağlı
təsərrüfat subyektinin idarə edilməsi hüququnun
ləğvetmə komissiyasına (əmlak
inzibatçısına, ləğvediciyə) verilməsi
təmərküzləşmə hesab edilmir.
26.4. Bu Məcəllədən başqa hal irəli
gəlmirsə şəxslər qrupuna daxil olan
şəxslər arasındakı əməliyyatlar
təmərküzləşmə hesab edilmir. Şəxslər
qrupuna daxil olan şəxslər belə
təmərküzləşmə baş verdikdən sonra 7
(yeddi) iş günü ərzində rəqabət
orqanına bu barədə məlumat verirlər.
Maddə 27.
Razılıq alınması tələb olunan
təmərküzləşmələr
27.1. Təmərküzləşmədə iştirak
edən təsərrüfat subyektləri
aşağıdakı hallardan azı biri olduqda, bu
Məcəllənin 27.2-ci maddəsi nəzərə
alınmaqla rəqabət orqanına razılıq
alınması üçün müraciət edir:
27.1.1. təmərküzləşmədə
iştirak edən təsərrüfat subyektlərindən biri
müvafiq bazarda hökmran mövqe tutduqda;
27.1.2. maliyyə institutları tərəfindən
səhmlərin (payların) bu Məcəllənin 26.2-ci
maddəsinin tələbləri nəzərə alınmaqla
təkrar satışı mümkün olmadıqda;
27.1.3. müvafiq bazarda
təmərküzləşmədə iştirak edən
təsərrüfat subyektlərindən birinin və ya
təmərküzləşmədən sonra yaranacaq
təsərrüfat subyektinin ümumi dövriyyəsi 25 milyon
manatdan artıq olduqda;
27.1.4. təmərküzləşmədə
iştirak edən təsərrüfat subyektlərinin sonuncu
hesabat ilində ölkə daxilində və ölkə
xaricində ümumi dövriyyəsi 35 milyon manatdan çox
olduqda;
27.1.5. təmərküzləşmədə
iştirak edən təsərrüfat subyektlərindən
birinin sonuncu hesabat ilində ölkə daxilində
dövriyyəsi 15 milyon manatdan çox, digərinin
(digərlərinin) isə sonuncu hesabat ilində ölkə
daxilində ümumi dövriyyəsi 5 milyon manatdan çox olduqda;
27.1.6. təmərküzləşmədə
iştirak edən bütün təsərrüfat
subyektlərinin sonuncu hesabat ilində ümumi dövriyyəsi
bu Məcəllənin 27.1.4-cü və 27.1.5-ci
maddələri ilə müəyyən edilmiş
məbləğlərdən az olduğu hallarda,
təmərküzləşmədə iştirak edən
təsərrüfat subyektlərinin sonuncu hesabat ilində
ümumi dövriyyəsi müvafiq bazarın ümumi
dövriyyəsinin 20 faizindən çox olduqda.
27.2. Maliyyə bazarlarında
təmərküzləşmədə iştirak edən
maliyyə institutları tərəfindən rəqabət
orqanından razılıq alınmasını şərtləndirən
meyarlar (təmərküzləşmədə iştirak
edən maliyyə institutlarının aktivlərinin ümumi
dəyəri, ümumi dövriyyəsinin həcmi)
rəqabət orqanı ilə razılaşdırmaqla
Mərkəzi Bankın təklifi əsasında müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən olunur.
27.3. Müvafiq bazarda sahələrin
təmərküzləşmə səviyyəsinin
müəyyən edilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən olunur.
27.4. Bazar payının müəyyən edilməsi
üçün təsərrüfat subyekti rəqabət
orqanına müraciət edə bilər.
Maddə 28.
Təmərküzləşmələrin
qiymətləndirilməsi
28.1. Bu Məcəllənin 27-ci maddəsinə
əsasən razılıq tələb olunan
təmərküzləşmələr onların
növbəti 3 (üç) il ərzində bazarın
strukturuna, habelə rəqabətin qorunması və inkişafına
təsirlərinin müəyyən edilməsi
məqsədilə rəqabət orqanı
tərəfindən qiymətləndirilir.
Qiymətləndirmə təmərküzləşmədə
iştirak edən bütün təsərrüfat
subyektlərinin bazar payı və bu Məcəllənin
15.4-cü və 15.5-ci maddələrində qeyd olunan digər
hallar üzrə araşdırmaların nəticələri
nəzərə alınmaqla bu Məcəllənin 28.6-cı
maddəsində qeyd olunan qaydalara uyğun olaraq həyata
keçirilir.
28.2. Bu Məcəllənin 28.6-cı maddəsində
qeyd olunan qaydalara uyğun olaraq ölkənin bütün
ərazisində və ya onun bir hissəsində müvafiq
bazarda, yaxud ölkə daxili digər bazarlarda rəqabəti
məhdudlaşdıran (və ya məhdudlaşdıra
bilən), hökmran mövqenin yaradılması və ya
gücləndirilməsi ilə nəticələnən
(və ya nəticələnə bilən)
təmərküzləşmələr qadağan edilir.
28.3. Bu Məcəllənin 28.6-cı maddəsində
qeyd olunan qaydalara uyğun olaraq rəqabət orqanı
təmərküzləşmənin müvafiq texnoloji,
səmərələşdirici və ya digər
rəqabətdəstəkləyici nəticələrinin
həmin bazarda rəqabəti məhdudlaşdırma
təsirindən üstün olmasını,
istehlakçıların mənafeyinə ziyan
vurmadığını və bu nəticələrin
başqa üsullarla əldə edilməsi imkanının
olmadığını müəyyən etdikdə
təmərküzləşməyə razılıq verir.
28.4. Təmərküzləşmə öz
müstəqilliyini saxlayan təsərrüfat subyektlərinin
bazar davranışlarını əlaqələndirmək
məqsədilə təşkil etdikləri birgə
təsərrüfat subyektləri, birgə fəaliyyət
barəsində müqavilə və ya tapşırıq
müqaviləsi formasında baş verdikdə, belə əlaqələndirmə
bu Məcəllənin 11-15-ci maddələri ilə
müəyyən edilən meyarlar və bu
Məcəllənin 28.6-cı maddəsində qeyd edilən qaydalar
əsasında aşağıdakılar nəzərə
alınmaqla qiymətləndirilir:
28.4.1. iki və daha çox təsərrüfat
subyektinin təsis etdiyi birgə müəssisə eyni bazarda,
yaxud birgə müəssisənin xammal aldığı
bazarda və ya pərakəndə istehlak bazarında,
habelə həmin bazarlarla əlaqəli olan qonşu bazarlarda
öz fəaliyyətini əhəmiyyətli
dərəcədə saxlaması;
28.4.2. bazar davranışlarının
əlaqələndirilməsinin aidiyyəti
təsərrüfat subyektlərinə məhsulun
əhəmiyyətli hissəsinin istehsalı və
satışı sahəsində rəqabətin
məhdudlaşdırılmasına şərait yaratması.
28.5. Qarşılıqlı olaraq əlaqəli olan,
əldə olunmuş razılığın
qüvvədə olduğu müddətdə bir-biri ilə
fəaliyyət sahəsinə, maliyyələşmə
mənbəyinə, təklif olunan məhsula, satış
bazarlarına görə bağlı olan iki və daha
çox təmərküzləşmə halı vahid
təmərküzləşmə kimi qiymətləndirilir.
28.6. Rəqabət orqanı tərəfindən
təmərküzləşmələrin
qiymətləndirilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir.
Maddə 29.
Dövriyyənin hesablanması
29.1. Payların (səhmlərin) satıcısı
qismində çıxış edən təsərrüfat
subyektlərinin bu Məcəllənin 27.1.3-27.1.6-cı
maddələrində nəzərdə tutulan
dövriyyələri satılan paylara (səhmlərə)
mütənasib hesablanır.
29.2. Maliyyə institutlarında ümumi
dövriyyənin hesablanması qaydası bu
Məcəllənin 27.2-ci maddəsinin
tələblərinə uyğun müəyyən edilir.
29.3. Təmərküzləşmədə iştirak
edən təsərrüfat subyektlərinin ümumi
dövriyyəsi aşağıdakı təsərrüfat
subyektlərinin dövriyyələrinin cəmindən
ibarətdir:
29.3.1. təmərküzləşmədə iştirak
edən əsas təsərrüfat subyektləri;
29.3.2. təmərküzləşmədə
iştirak edən əsas təsərrüfat subyektlərinin
həlledici nəzarətində olan təsərrüfat
subyektləri;
29.3.3. təmərküzləşmə başa
çatdıqdan sonra təmərküzləşmədə
iştirak edən əsas təsərrüfat subyektlərinə
həlledici nəzarət edəcək təsərrüfat
subyektləri;
29.3.4. bu Məcəllənin 29.3.3-cü
maddəsində qeyd olunan əsas təsərrüfat
subyektlərinə nəzarət edən təsərrüfat
subyektləri tərəfindən həlledici nəzarət
olunan və təmərküzləşmədə iştirak
etməyən digər təsərrüfat subyektləri;
29.3.5. bu Məcəllənin 29.3.1-29.3.4-cü
maddələrində qeyd olunan 2 (iki) və ya daha çox
təsərrüfat subyektinin birgə həlledici
nəzarət etdiyi təsərrüfat subyektləri.
29.4. Bu Məcəllənin 29.3.1-29.3.4-cü
maddələrində əsas təsərrüfat subyekti
deyildikdə həlledici nəzarəti həyata
keçirən təsərrüfat subyektləri
nəzərdə tutulur.
29.5. Təmərküzləşmədə iştirak
edən təsərrüfat subyektlərinin ümumi
dövriyyəsinə onların öz arasındakı
dövriyyə və bu Məcəllənin 29.3.2-29.3.5-ci
maddələrində qeyd olunan təsərrüfat
subyektləri arasındakı dövriyyə daxil edilmir.
29.6. Dövriyyə maliyyə sanksiyalarının
hesablanması üçün əsas kimi
götürüldükdə, müvafiq təsərrüfat
subyektlərinin bu Məcəllənin 77-ci maddəsinə
əsasən daşıdıqları məsuliyyəti
onların iştirak paylarına mütənasib
şəkildə müəyyən edilir.
29.7. Rəqabət orqanı təsərrüfat
subyektlərinin dövriyyəsi barədə
məlumatların təqdim edilməsi üçün
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) müraciət edə bilər.
Müraciətdə tələb olunan məlumatlar 3
(üç) iş günü müddətində
rəqabət orqanına təqdim edilir.
Maddə 30.
Təmərküzləşmə haqqında ərizənin
təqdim edilməsi
30.1. Bu Məcəllənin 27-ci maddəsində qeyd
olunan hallardan azı biri olduqda,
təmərküzləşmə həyata
keçirilməzdən əvvəl, lakin hansının daha
əvvəl baş verməsindən asılı olaraq,
təmərküzləşmə barədə müqavilə
bağlanıldıqdan, qərar qəbul edildikdən,
təklif elan edildikdən, səhmlərin (payların)
alınması üçün təklif vermək niyyəti
açıqlandıqdan, habelə tərəflər
arasında təmərküzləşmə barədə
digər formada razılıqlar əldə edildikdən sonra 30
(otuz) gün müddətində
təmərküzləşməyə razılıq alınması
üçün ərizə ilə rəqabət orqanına
müraciət edilir. Dövlət satınalmaları,
hərrac və digər müsabiqələrdə iştirak
zamanı ərizənin verilməsi müddəti qalib elan
olunduqdan sonra hesablanır.
30.2. Bu Məcəllənin 30.1-ci maddəsində
nəzərdə tutulan ərizənin formasını
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) təsdiq edir.
30.3. Ərizə
təmərküzləşmədə iştirak edən
təsərrüfat subyektləri və ya birgə
nəzarəti əldə edən təsərrüfat
subyektləri tərəfindən, yaxud bir və ya daha
çox təsərrüfat subyektinin müəyyən hissələri
(səhmləri, payları, fəaliyyət sahələri)
üzərində nəzarəti əldə edən
təsərrüfat subyekti tərəfindən təqdim
edilir. Təmərküzləşmədə iştirak
edən təsərrüfat subyektlərinin hər biri
ayrılıqda ərizənin verilməməsinə
görə məsuliyyət daşıyır.
30.4. “İnzibati icraat haqqında” Azərbaycan
Respublikası Qanununun 30.5-ci maddəsi nəzərə
alınmaqla ərizəyə aşağıdakılar
əlavə olunur:
30.4.1. təmərküzləşmə barədə
müqavilənin, qərarın və ya
təmərküzləşməyə əsas verən
digər sənədlərin notarial qaydada və ya
təsərrüfat subyektinin möhürü olduğu
təqdirdə möhürlə təsdiq edilmiş surəti
(bütün əlavələrlə birlikdə);
30.4.2. təmərküzləşmədə iştirak
edən təsərrüfat subyektlərinin son 2 (iki) il
ərzindəki əsas fəaliyyət növləri,
dövriyyələri (naturada və ya pul ifadəsində)
və bazar payları haqqında məlumatlar;
30.4.3. təmərküzləşmədə
iştirak edən təsərrüfat subyektlərinin son 2
(iki) il ərzindəki vergi və dövlət statistika
orqanlarına dövriyyənin həcmi barədə (naturada
və ya pul ifadəsində) təqdim etdikləri
hesabatların surəti;
30.4.4. təmərküzləşmədə
iştirak edən təsərrüfat subyektlərinin təsis
sənədlərinin surəti;
30.4.5. təsisçilər və bu Məcəllənin
29.3.2–29.3.5-ci maddələrində qeyd olunan digər
təsərrüfat subyektləri barədə bu
Məcəllənin 30.4.2–30.4.4-cü maddələrində
qeyd olunan məlumatlar;
30.4.6. səhmdar cəmiyyətlərin
təmərküzləşməsi halında, səhmdarlara bu
barədə əvvəlcədən məlumat verilməsi
haqqında təsdiqedici sənəd;
30.4.7. təmərküzləşmədə
iştirak edən təsərrüfat subyekti
şəxslər qrupuna daxildirsə:
30.4.7.1. şəxslər qrupundakı hər bir
təsərrüfat subyekti haqqında bu Məcəllənin
30.4.2–30.4.4-cü maddələrində göstərilən
məlumatlar;
30.4.7.2. təsərrüfat subyekti ilə
şəxslər qrupundakı hər bir təsərrüfat
subyekti arasında sonuncu hesabat ilində dövriyyə (natural
və ya dəyər ifadəsində) haqqında məlumat;
30.4.7.3. təsərrüfat subyekti ilə
şəxslər qrupundakı hər bir təsərrüfat
subyektinin asılılıq forması;
30.4.8. ərizənin araşdırılması
üçün dövlət rüsumunun
ödənilməsini təsdiq edən sənəd.
30.5. Ərizə təqdim edən təsərrüfat
subyekti təmərküzləşmənin bu
Məcəllənin 28.3-cü maddəsində qeyd olunan
nəticələrə (olduğu halda) səbəb
olacağını hesab edirsə, bu barədə
təsdiqedici məlumatları ərizəyə əlavə
edir.
30.6. Bu Məcəllənin 27.1.3–27.1.6-cı
maddələrində qeyd olunan dövriyyənin
məbləği həmin maddələrdə
göstərilən məbləğlərdən az, lakin həmin
məbləğlərin 70 faizindən çox olduqda,
təmərküzləşmədə iştirak edən
təsərrüfat subyektləri
təmərküzləşmə baş verdikdən sonra 30
(otuz) gün müddətində rəqabət orqanına
yazılı məlumat verirlər.
Maddə 31.
Təmərküzləşmə haqqında ərizənin
araşdırılması
31.1. Rəqabət orqanı
təmərküzləşmə haqqında ərizənin bu
Məcəllənin 30.2– 30.4-cü maddələrinin
tələblərinə uyğunluğunu yoxlayır.
Ərizədə (ona əlavə edilmiş
sənədlərdə) aradan qaldırılması
mümkün olan və razılığın verilməsi
üçün imtinaya səbəb olmayan
çatışmazlıqlar aşkar edildikdə,
ərizənin təqdim edildiyi gündən 10 (on) iş günündən
gec olmayaraq onların aradan qaldırılması barədə
müraciət edən təsərrüfat subyektinə
bildiriş təqdim edilir. Bütün çatışmazlıqlar
müraciət edən təsərrüfat subyektinə eyni
zamanda bildirilməlidir. Təsərrüfat subyekti
çatışmazlıqları bildirişi aldığı
gündən ən geci 10 (on) iş günü
müddətində aradan qaldıraraq rəqabət
orqanına yazılı məlumat təqdim edir.
31.2. Ərizə onun təqdim edildiyi gündən 30
(otuz) iş günü müddətində
araşdırılır və nəticəsi üzrə
rəqabət orqanı tərəfindən aşağıdakı
əsaslandırılmış qərarlardan biri qəbul
edilir:
31.2.1. ərizə bu Məcəllənin 27-ci
maddəsinin tətbiqi dairəsinə aid olmadıqda, yaxud bu
Məcəllənin 31.1-ci maddəsində qeyd edilən
çatışmazlıqlar həmin maddədə
nəzərdə tutulan müddətdə aradan
qaldırılmadıqda – ərizənin baxılmamış
saxlanılması barədə;
31.2.2. təmərküzləşmə müvafiq
bazarda rəqabəti məhdudlaşdırmadıqda, yaxud bu
Məcəllənin 28.3-cü maddəsində qeyd olunan
hallarda – ərizənin təmin edilməsi və ya qismən
təmin edilməsi (razılığın verilməsi)
barədə;
31.2.3. bu Məcəllənin 28.2-ci maddəsində
qeyd olunan hallarda, yaxud bu Məcəllənin 31.5-ci
maddəsində qeyd edilən çatışmazlıqlar
həmin maddədə nəzərdə tutulan
müddətdə aradan qaldırılmadıqda –
ərizənin təmin edilməsindən imtina barədə.
31.3. Rəqabət orqanının bu
Məcəllənin 31.2-ci maddəsində qeyd olunan
qərarları 3 (üç) iş günü
müddətində təsərrüfat subyektinə təqdim
edilir.
31.4. Əhəmiyyət kəsb edən halların
müəyyən olunması üçün bu
Məcəllənin 31.2-ci maddəsində nəzərdə
tutulmuş müddətdən daha artıq müddət
tələb olunduğu hallarda, araşdırma müddəti
rəqabət orqanının qərarı əsasında
hər dəfə 30 (otuz) iş günü olmaqla 2 (iki)
dəfə uzadıla bilər. Rəqabət orqanı
tərəfindən müddətin uzadılması
barədə məlumat 3 (üç) iş günü
müddətində təsərrüfat subyektinə təqdim
edilir.
31.5. Araşdırma zamanı
təmərküzləşmənin müvafiq bazarda
rəqabəti məhdudlaşdırdığı, lakin bu
məhdudlaşdırmanın araşdırma müddətində
aradan qaldırılmasının mümkünlüyü
müəyyən edildikdə, 3 (üç) iş
günündən gec olmayaraq məhdudlaşdırmanın
aradan qaldırılması barədə müraciət
edən təsərrüfat subyektinə bildiriş təqdim
edilir. Təsərrüfat subyekti
çatışmazlıqları bildirişi aldığı
gündən ən geci 15 (on beş) iş günü,
görülməli tədbirlərin həcmi böyük
olduqda isə müraciət edən təsərrüfat
subyektinin vəsatəti əsasında ən geci 30 (otuz)
iş günü müddətində aradan qaldıraraq
rəqabət orqanına görülmüş
işlərə dair yazılı məlumatı və müvafiq
təsdiqedici sənədlərin surətini təqdim edir.
31.6. Bu Məcəllənin 31.1-ci və 31.5-ci
maddələri ilə müəyyən edilmiş hallarda
ərizənin araşdırılması ilə bağlı
müddətin axımı dayandırılır.
Çatışmazlıqların aradan qaldırılması
barədə təsərrüfat subyektinin
müraciətindən sonra müddətin axımı
bərpa olunur.
31.7. Bu Məcəllənin 31.1-ci və 31.5-ci
maddələrində qeyd olunan çatışmazlıqlar
sonradan aradan qaldırıldıqda,
təmərküzləşmədə iştirak edən
təsərrüfat subyektləri yenidən bu
Məcəllə ilə müəyyən edilmiş qaydada ərizə
ilə rəqabət orqanına müraciət edə
bilərlər.
31.8. Ərizənin araşdırılmasına
təsir edə biləcək hallar üzrə istintaq və ya
məhkəmə araşdırması aparıldıqda,
rəqabət orqanının qərarı ilə
ərizənin araşdırılması ilə bağlı
müddətin axımı dayandırılır.
Müddət axımının dayandırılması
barədə məlumat 3 (üç) iş günü
müddətində təsərrüfat subyektinə təqdim
edilir.
31.9. İstintaq və ya məhkəmə
araşdırmasının nəticəsinə dair qəbul
edilmiş qərar nəzərə alınmaqla,
ərizənin araşdırılması davam etdirilir. Bu zaman
təmərküzləşmədə iştirak edən
şəxslər istintaq orqanının və ya
məhkəmənin qərarının surətini, habelə
bu qərar nəzərə alınmaqla yeni ərizə
tərtib edilməli olduğu halda, həmin ərizəni
rəqabət orqanına təqdim edirlər.
31.10. Rəqabət orqanı
təmərküzləşmələrə dair
razılığın verilməsi məqsədilə
təmərküzləşmədə iştirak edən
təsərrüfat subyektlərinə yalnız
rəqabətin qorunması üçün bu sahəni
tənzimləyən qanunlara uyğun
əsaslandırılmış əlavə şərtlər
müəyyən etmək hüququna malikdir.
31.11. Bu Məcəllənin 27-ci maddəsi ilə
müəyyən edilmiş hallarda
təmərküzləşmə razılıq əldə
edilmədən həyata keçirildikdə və bu Məcəllənin
28.2-ci maddəsinə uyğun olaraq rəqabətin
məhdudlaşdırılmasına səbəb olduqda və
ya rəqabət orqanının bu Məcəllənin 31.10-cu
maddəsinə əsasən əlavə
şərtlərlə verdiyi razılığa zidd həyata
keçirildikdə, rəqabət orqanı
təmərküzləşmənin ləğv edilməsi
üçün məhkəməyə müraciət edir.
31.12. Ərizənin araşdırılması
məqsədilə rəqabət orqanı
əsaslandırılmış sorğu ilə
təsərrüfat subyektindən işin həlli
üçün zəruri olan əlavə məlumat
tələb edə bilər.
31.13. Ərizənin araşdırılması
müddətində rəqabət orqanı
tərəfindən qərar qəbul edilmədikdə, təmərküzləşməyə
dair razılıq verilmiş hesab olunur.
31.14. Rəqabət orqanı təqdim edilmiş
ərizələrin araşdırılma
nəticələrinə dair məlumatları
özünün rəsmi internet səhifəsində dərc edir.
Maddə 32.
Təmərküzləşmələrin
araşdırılması ilə əlaqədar
ödənişlər
32.1. Təmərküzləşmələrlə
bağlı ərizələrin araşdırılması
üçün “Dövlət rüsumu haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş məbləğdə
dövlət rüsumu tutulur.
32.2. Ərizə bu Məcəllənin 27-ci
maddəsinin tətbiqi dairəsinə aid olmadığı
üçün ərizənin baxılmamış
saxlanılması barədə qərar qəbul edildikdə,
ödənilmiş dövlət rüsumu “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq geri qaytarılır.
8-ci fəsil
DÖVLƏT ORQANLARI (QURUMLARI), YERLİ
ÖZÜNÜİDARƏETMƏ ORQANLARI, HABELƏ TƏNZİMLƏYİCİ
QURUMLAR TƏRƏFİNDƏN RƏQABƏT
QANUNVERİCİLİYİNƏ ƏMƏL
EDİLMƏSİ
Maddə 33.
Dövlət orqanlarının (qurumlarının), yerli
özünüidarəetmə orqanlarının, habelə
tənzimləyici qurumların rəqabət qanunvericiliyinə
zidd olan hərəkətləri (hərəkətsizliyi)
33.1. Dövlət orqanlarının
(qurumlarının), yerli özünüidarəetmə
orqanlarının, habelə tənzimləyici qurumların
normativ hüquqi aktlarla müəyyən edilmiş əsaslar
olmadan rəqabətin məhdudlaşdırılmasına
səbəb olan (və ya səbəb ola bilən),
eləcə də təsərrüfat subyektlərinin və
istehlakçıların mənafelərinə toxunan (və
ya toxuna bilən) aşağıdakı
hərəkətləri (hərəkətsizliyi) qadağan
edilir:
33.1.1. dövlət və bələdiyyə
mülkiyyətində olmayan təsərrüfat
subyektlərinə məhsulun istehsalı və
satışı üzrə, həmçinin müəyyən
kateqoriya müştərilərin üstünlük
verilməklə təchiz edilməsi və ya bəzi
müqavilələrin bağlanmasına üstünlük
verilməsi üzrə birbaşa və dolayı
göstərişlərin və (və ya) məcburi
dövlət sifarişlərinin verilməsi, eyni zamanda
müştərilərə müəyyən kateqoriya
məhsulun xüsusi bazar subyektlərindən alınmasına
dair məhdudiyyətlərin qoyulması;
33.1.2. təsərrüfat subyektlərinin
satdığı məhsulun qiymətləri
üzərində nəzarətin həyata
keçirilməsi;
33.1.3. öz struktur bölmələrinə və
tabeliyində olan qurumlara rəqabətin məhdudlaşdırılmasına
gətirib çıxara bilən səlahiyyətlərin
verilməsi;
33.1.4. fəaliyyəti rəqabətin
məhdudlaşdırılmasına səbəb ola bilən
təsərrüfat subyektlərinin və idarəetmə
orqanlarının yaradılması;
33.1.5. Azərbaycan Respublikasının
ərazisində məhsulun hərəkətinə
qadağaların (məhdudiyyətlərin) tətbiqi, kapital
qoyuluşlarına, habelə iqtisadiyyatın müxtəlif
sahələri arasında maliyyə vəsaitinin sərbəst
hərəkətinə maneələrin yaradılması;
33.1.6. eyni sahədə fəaliyyət
göstərən ayrı-ayrı təsərrüfat
subyektlərinə rəqabətdə üstünlük
verə biləcək güzəştli kreditlərin,
subsidiyaların, vergi və digər ödənişlər
üzrə güzəşt və azadolmaların verilməsi,
dövlət və bələdiyyə mülkiyyətində
olan vəsaitdən güzəştli şərtlərlə
istifadə etmək imkanının yaradılması;
33.1.7. müəyyən məhsulun alışı,
satışı, istehsalı, idxalı və ixracının,
müəyyən sahibkarlıq fəaliyyət növü
ilə məşğul olmanın, habelə yeni
müəssisələrin, o cümlədən maliyyə
institutlarının yaradılmasının qadağan
edilməsi və ya məhdudlaşdırılması,
eləcə də yeni texnologiyaların işlənilib
hazırlanması ilə bağlı maneələrin
yaradılması;
33.1.8. təsərrüfat subyektlərinin
müstəqilliyinin, o cümlədən xarici iqtisadi
fəaliyyətinin məhdudlaşdırılması;
33.1.9. rəqabətin
məhdudlaşdırılmasına yönəldiyi və
müştərilərin mənafeyinə toxunduğu hallarda
qiymətlərin yüksəldilməsi, aşağı
salınması və ya bir səviyyədə
saxlanılması məqsədilə məhsul, o
cümlədən maliyyə xidmətləri bazarlarına
əsassız müdaxilə edilməsi;
33.1.10. rəqabəti məhdudlaşdırmaq
məqsədilə təsərrüfat subyektlərinə
dempinqin tətbiqi üçün şərait
yaradılması;
33.1.11. tələb və təklif sahəsində
informasiya resursları üzərinə nəzarətin
qoyulması və ya bəzi təsərrüfat
subyektlərinə belə informasiya resurslarına üstün
çıxış imkanının yaradılması;
33.1.12. dövlət satınalmaları sahəsində
normativ hüquqi aktlara zidd olaraq müəyyən
təsərrüfat subyekti üçün üstün
şərait yaradılması;
33.1.13. yeni təsərrüfat subyektlərinin bazara
daxil olmasına maneələrin yaradılması;
33.1.14. təsərrüfat subyektlərinin maddi
ehtiyatlarla təchiz olunması üçün
mərkəzləşdirilmiş qaydada təchizat
kanallarının yaradılması;
33.1.15. qarşılıqlı əvəz oluna
bilən məhsulların istehsalına, idxalına və
ixracına nəzarətin həyata keçirilməsi;
33.1.16. az həcmdə gəlir əldə edən
və ya zərərlə işləyən
təsərrüfat subyektlərinə ictimai mənafe ilə
bağlı olmayan, rəqabəti məhdudlaşdıran
(məhdudlaşdıra bilən) güzəştlərin
və əlverişli şərait yaradan üstünlüklərin
verilməsi, yardım göstərilməsi;
33.1.17. müştərilərin sərbəst
seçim hüququnu məhdudlaşdıran
(məhdudlaşdıra bilən) qərarların qəbul
edilməsi;
33.1.18. yerli özünüidarəetmə
orqanlarının öz səlahiyyətlərindən,
bələdiyyə mülkiyyətində olan obyektlərin,
yerli büdcənin, həmçinin büdcədənkənar
fondların vəsaitindən ayrı-ayrı
təsərrüfat subyektlərinə üstünlük
yaratmaq məqsədilə istifadə etməsi;
33.1.19. rəqabətin
məhdudlaşdırılmasına səbəb olan (ola
bilən) digər qanunsuz hərəkətlər
(hərəkətsizlik).
33.2. Rəqabət orqanı bu Məcəllənin
33.1-ci maddəsində qeyd olunan qanunsuz
hərəkətlərin (hərəkətsizliyin)
əlamətlərini müəyyən etdikdə, onların
qarşısının alınması, aradan
qaldırılması, habelə tənzimləyici qurumlar
tərəfindən həyata keçirilən
tənzimləmə tədbirlərinin rəqabət
qanunvericiliyinin tələblərinə uyğun həyata
keçirilməsi məqsədilə bu Məcəllənin
10-12-ci fəsilləri ilə müəyyən edilmiş
tədbirləri görür.
33.3. Rəqabətin mövcud olmadığı, yaxud
əhəmiyyətli dərəcədə
məhdudlaşdırıldığı sahələrdə,
yaxud sosial xarakterli fövqəladə mühit rejimində
yüksək qiymət tətbiqinin qarşısını
almaq məqsədilə müvafiq məhsulların
satış qiymətini müəyyən etmək
üçün dövlət orqanları (qurumları),
habelə tənzimləyici qurumlar tərəfindən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) təkliflər verilə bilər. Həmin
təkliflər əsasında müvafiq tədbirlər
görüldükdə belə tədbirlər müvafiq şəraitin
mövcud olduğu dövr üçün yalnız konkret
müddət göstərilməklə tətbiq olunur.
33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə
uyğun olaraq görülən tədbirlər bu
Məcəllənin tələblərinin pozulması kimi
qəbul edilmir. Həmin maddə çərçivəsində
hər hansı təklifin verilməsindən əvvəl
təklif olunan tədbirin rəqabətin
məhdudlaşdırılmasına təsirlərini
qiymətləndirmək məqsədilə rəqabət
orqanının məşvərətçi rəyi
alınır.
Maddə 34.
Subsidiyaların və tənzimləmə
fəaliyyətlərinin rəqabətə təsirlərinin
qiymətləndirilməsi
34.1. Rəqabət orqanı dövlət orqanları
(qurumları), yerli özünüidarəetmə orqanları,
habelə tənzimləyici qurumlar tərəfindən
iqtisadiyyatın müəyyən sahələrində
fəaliyyət göstərən təsərrüfat
subyektlərinə subsidiya və digər dövlət
yardımlarının verilməsinin və tənzimləmə
tədbirlərinin rəqabətə təsirini
mütəmadi olaraq qiymətləndirir.
34.2. Dövlət orqanları (qurumları), yerli
özünüidarəetmə orqanları, habelə
tənzimləyici qurumlar tərəfindən
təsərrüfat subyektlərinə subsidiya və digər
dövlət yardımlarının verilməsinin bu
Məcəllə ilə qadağan olunmuş
hərəkətlərə səbəb olmaması
barədə rəqabət orqanının
məşvərətçi rəyi alınır.
34.3. Qiymətləndirmənin
nəticələrinə əsasən rəqabət orqanı
subsidiya və digər dövlət yardımlarının
verilməsinin və tənzimləmə tədbirlərinin
rəqabətə olan mənfi təsirlərini aradan
qaldırmaq məqsədilə dövlət orqanlarına
(qurumlarına), yerli özünüidarəetmə
orqanlarına, habelə tənzimləyici qurumlara
təkliflər verə bilər.
34.4. Rəqabət orqanı subsidiya və qanunla
müəyyən edilən digər yardımlarının
verilməsinin və tənzimləmə tədbirlərinin
rəqabətə təsirinə dair cari ilin
qiymətləndirmə nəticələri barədə
növbəti il martın 31-dən gec olmayaraq müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) illik hesabat və təkliflər təqdim edir.
34.5. Bütün hüquqi və fiziki
şəxslər, dövlət orqanları (qurumları), yerli
özünüidarəetmə orqanları, habelə
tənzimləyici qurumlar bu Məcəllənin tətbiqi
üçün zəruri olan bütün sənədləri
(məlumatları) rəqabət orqanına onun
əsaslandırılmış sorğusu əsasında sorğuda
göstərilmiş müddətdə və tam
şəkildə təqdim etməlidirlər.
34.6. Bu Məcəllənin 34-cü maddəsinin
müddəaları rəqabət orqanı
tərəfindən bu Məcəllənin 31.14-cü
maddəsinə uyğun olaraq məlumatın dərc
edilməsini, bu Məcəllənin 45.2-ci maddəsinə
əsasən sənədlərə
çıxışın təmin edilməsini, yaxud hər
hansı təsərrüfat subyekti və ya
təsərrüfat subyektlərinin birlikləri ilə
bağlı fərdi məlumatları və qanunla qorunan
digər məlumatları özündə əks
etdirməyən sorğuların, bazar
araşdırmalarının nəticələrinin dərc
edilməsini istisna etmir.
Maddə 35.
Dövlət orqanlarından (qurumlarından), yerli
özünüidarəetmə orqanlarından, habelə
tənzimləyici qurumlardan məlumatların əldə
edilməsi
35.1. Dövlət orqanları (qurumları), yerli
özünüidarəetmə orqanları, tənzimləyici
qurumlar dövlətin rəqabət siyasətinin həyata
keçirilməsi və bu Məcəllənin icrası
ilə bağlı rəqabət orqanı ilə
əməkdaşlıq edir, o cümlədən
aşağıdakı məlumatları rəqabət
orqanına təqdim edirlər:
35.1.1. müvafiq bazarda rəqabət
şəraitinə təsir edə biləcək iqtisadi və
regional inkişaf proqramlarının layihələrini;
35.1.2. fəaliyyət istiqamətlərinə uyğun
olaraq hazırladıqları və müvafiq bazarda
rəqabətə təsir edə biləcək normativ və
ya inzibati aktların layihələrini, o cümlədən
dövlət mülkiyyətində olan
müəssisələrin özəlləşdirilməsi
və birləşdirilməsinə dair qərarlarını;
35.1.3. təsərrüfat subyektlərinin
birliklərinin bu Məcəllənin tələblərinə
uyğunluğu şübhə doğuran
razılaşmalarını və qərarlarını;
35.1.4. rəqabət orqanının
təmərküzləşmələrə razılıq
verməsi ilə bağlı araşdırma aparılması
məqsədilə təsərrüfat subyektləri
barəsində sorğu etdiyi məlumatları.
9-cu fəsil
TƏBİİ İNHİSAR
SAHƏSİNDƏ DÖVLƏT
TƏNZİMLƏNMƏSİ
Maddə 36. Təbii
inhisar sahələri
36.1. Təbii inhisar fəaliyyəti sahələri
aşağıdakılardır:
36.1.1. neft və (və ya) neft məhsullarının
magistral boru kəmərləri ilə nəqli (Azərbaycan
Respublikası ərazisindən tranzit nəqli və
Azərbaycan Respublikasının hüdudlarından kənara
ixracı istisna olmaqla) və paylanması;
36.1.2. təbii qazın boru kəmərləri ilə
nəqli (Azərbaycan Respublikası ərazisindən tranzit
nəqli və Azərbaycan Respublikasının
hüdudlarından kənara ixracı istisna olmaqla),
saxlanması, paylanması və (və ya) təchizatı xidmətləri;
36.1.3. elektrik və istilik enerjisinin
ötürülməsi və paylanması
(bələdiyyə və (və ya) xüsusi
mülkiyyətə aid mənbələr hesabına istehsal
olunan enerji istisna olmaqla);
36.1.4. magistral və yerli dəmir yolu xətlərinin,
yol qurğu və tikililərinin istismarı,
hərəkəti idarəetmə və hərəkət
təhlükəsizliyi fəaliyyəti, dəmir yolu
stansiyaları və sərnişin vağzalları
xidmətləri;
36.1.5. magistral və ümumi əhəmiyyətli
avtomobil yollarının, yol qurğu və tikililərinin
saxlanması və istismarı;
36.1.6. aeroport xidmətləri, aeroportların,
uçuş zolaqları və qurğularının
istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya
xidmətləri;
36.1.7. metro nəqliyyatında yolların, tunellərin
və stansiyaların istismarı, sərnişindaşıma,
hərəkəti idarəetmə və hərəkət
təhlükəsizliyi fəaliyyəti;
36.1.8. dəniz üzgüçülüyünün
təhlükəsizliyi fəaliyyəti;
36.1.9. ümumi istifadədə olan telefon rabitəsi
xidmətləri, elektrik və ya elektromaqnit rabitə
vasitələri (kabel, optik və ya radio əlaqəsi və
digər oxşar vasitələr) ilə hər hansı siqnalın,
səsin məsafəyə ötürülməsi və
qəbul edilməsi üçün istifadə olunan
müxtəlif növ vasitə və qurğuların
istismarı, universal poçt rabitəsi xidmətləri,
qəbuledici-verici radio və televiziya stansiyalarının,
yüksəktezlikli qurğuların istismarı və
nəzarət fəaliyyəti;
36.1.10. baş sutəmizləyici qurğular, magistral
borular, su kəməri şəbəkəsi və onların
üzərindəki təzyiq və tənzimləyici
qurğuların istismarı;
36.1.11. kanalizasiya təsərrüfatında aerasiya,
mexaniki təmizləmə stansiyaları, nasosxanalar, baş
və yağış kollektorları və kanalizasiya
xətlərinin istismarı;
36.1.12. meliorasiya və irriqasiya sahələrinə aid
olan su anbarları, kanallar, kollektorlar, boru kəmərləri
və bəndlərin istismarı;
36.1.13. istilik təchizatı xidmətləri
(bələdiyyə və (və ya) xüsusi
mülkiyyətə aid mənbələr hesabına istehsal
olunan enerji istisna olmaqla).
36.2. Təbii inhisar subyektlərinin siyahısı
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
36.3. Bu Məcəllənin 36.1-ci maddəsi ilə
müəyyən edilmiş fəaliyyət
sahələrində mövcud olan təsərrüfat
subyektlərinə həmin sahələr üzrə rəqib subyektlər
yarandıqda rəqabət şəraitində fəaliyyət
göstərən subyektlər təbii inhisar subyekti hesab
edilmir və təbii inhisar subyektlərinin siyahısından çıxarılana
qədər onlara bu Məcəllənin 37-41-ci
maddələri tətbiq edilmir.
36.4. Bu Məcəllənin 36.1-ci maddəsində
nəzərdə tutulan fəaliyyət sahələri
təbii inhisar subyektlərinin siyahısına daxil edilən
təsərrüfat subyektləri tərəfindən
həyata keçirilir. Təbii inhisar subyektinin
müəyyən ərazidə, yaxud müəyyən
dövrdə fəaliyyətini həyata keçirməsi
sosial xarakterli fövqəladə mühit rejiminin
mövcudluğu səbəbindən mümkün olmadıqda,
həmin ərazidə, yaxud dövrdə təbii inhisar
subyektlərinin müraciəti əsasında rəqabət
orqanının razılığı ilə digər bazar
subyektləri müvəqqəti fəaliyyət
göstərə bilər.
36.5. Bu Məcəllənin 36.1-ci maddəsində
nəzərdə tutulan fəaliyyətin həyata
keçirilməsini nəzərdə tutan
təsərrüfat subyektləri təbii inhisar
subyektlərinin siyahısına daxil edilmələri
üçün rəqabət orqanına müraciət
edirlər. Müraciət edən təsərrüfat
subyektinin fəaliyyətinin (o cümlədən həyata
keçirilməsi nəzərdə tutulan fəaliyyətin)
bu Məcəllənin 36.1-ci maddəsi ilə
müəyyən edilmiş sahələrə aid olmadığı
aşkar edildikdə, yaxud fəaliyyətin bu
Məcəllənin 39.4-cü maddəsində qeyd edilən
hallara səbəb olacağı halda rəqabət orqanı
tərəfindən müraciətin rədd edilməsi
barədə əsaslandırılmış qərar qəbul
edilir.
Maddə 37. Təbii
inhisar subyektlərinin fəaliyyətinin dövlət
tənzimlənməsi
37.1. Təbii inhisar subyektlərinin fəaliyyətini
tənzimləmək məqsədilə rəqabət
orqanı, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) və tənzimləyici
qurumlar tərəfindən aşağıdakı üsullar
tətbiq edilir:
37.1.1. məhsulların qiymətlərinin
tənzimlənməsi;
37.1.2. xidmət göstərilməsi məcburi olan
müştərilərin müəyyən edilməsi;
37.1.3. təbii inhisar subyektlərinin
müştərilərin məhsul üzrə
ehtiyacını tam həcmdə ödəyə bilmədiyi
hallarda onların həmin məhsul ilə təmin
olunmasının minimum səviyyəsinin müəyyən
edilməsi;
37.1.4. məhsul istehsalının
(satışının) həcminin bu Məcəllənin
37.1.3-cü maddəsinin tələblərinə uyğun
müəyyən olunmuş göstəricilərinə
əməl edilməsinin təmin olunması;
37.1.5. təbii inhisar subyektləri tərəfindən
bu Məcəllənin 36.4-cü və 39.2-ci maddələri
ilə müəyyən edilmiş hərəkətlərin
həyata keçirilməsinə razılıq verilməsi.
37.2. Bu Məcəllənin 37.1-ci maddəsində
nəzərdə tutulan orqanlar (qurumlar) qanuna zidd olmayan
digər üsulları da tətbiq edə bilərlər.
37.3. Qiymətləri (tarifləri) dövlət
tərəfindən tənzimlənən məhsulların
qiymətləri “Tənzimlənən qiymətlər
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq tənzimlənir.
37.4. Qiymətləri tənzimlənməyən
məhsulların qiymətləri bu Məcəllənin
39.6-cı maddəsinə uyğun olaraq təbii inhisar
subyektinin özü tərəfindən müəyyən
olunur. Rəqabət orqanı iqtisadi cəhətdən
əsaslandırılmamış və bu Məcəllənin
38.1-ci maddəsi ilə müəyyən edilmiş
tələblərə uyğun gəlməyən
qiymətlərin real iqtisadi göstəricilərə
uyğunlaşdırılması barədə
göstəriş verir.
37.5. Bu Məcəllənin 4-cü və 5-ci
fəsillərində qadağan olunmuş
hərəkətlər (hərəkətsizlik) və onlara
görə məsuliyyət tədbirləri təbii inhisar
subyektlərinin təbii inhisar fəaliyyəti hesab olunmayan
fəaliyyətinə və dövlət inhisarında olan
xidmətləri göstərən subyektlərin belə
xidmətlərin göstərilməsi ilə əlaqəli
olmayan iqtisadi fəaliyyətinə də şamil edilir.
Maddə 38.
Tənzimləmə üsullarının tətbiq olunması
üçün əsaslar
38.1. Bu Məcəllənin 37.1-ci maddəsi ilə
nəzərdə tutulan orqanlar (qurumlar) tənzimləmə
üsullarının tətbiq edilməsi haqqında
qərarı konkret olaraq hər bir təbii inhisar subyekti
üçün, belə bir tənzimləmənin istehsal
edilmiş və ya satılmış məhsulun
keyfiyyətinin artırılmasında və bu məhsula
tələbatın ödənilməsində
stimullaşdırıcı rolu nəzərə almaqla
qəbul edir. Bu zaman məsrəflərin nə
dərəcədə əsaslandırılmış
olması müəyyən edilir və aşağıdakılar
nəzərə alınır:
38.1.1. məhsulun istehsal və ya satış
xərcləri, o cümlədən əməkhaqqı, xammal
və materialların dəyəri;
38.1.2. vergilər və digər dövlət
ödənişləri;
38.1.3. əsas istehsal vasitələrinin dəyəri,
onların təkrar istehsalı üçün zəruri olan
investisiyaya tələbat və amortizasiya ayırmaları;
38.1.4. faktiki və proqnozlaşdırılan
mənfəət;
38.1.5. istehsal olunan və ya satılan məhsulun
keyfiyyətinin, kəmiyyətinin və çatdırılma
üsulunun müştərilərin tələbatına
uyğunluğu;
38.1.6. dövlət dotasiyaları və dövlət
büdcəsindən maliyyə yardımı ilə
bağlı digər tədbirlər.
Maddə 39. Təbii
inhisar subyektlərinin fəaliyyətinə rəqabət
orqanı tərəfindən dövlət nəzarəti
39.1. Rəqabət orqanı təbii inhisar
subyektlərinin fəaliyyətinə dövlət
nəzarətini bu Məcəlləyə və Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarına
uyğun olaraq həyata keçirir. Rəqabət orqanı
müştərilərin mənafeyinə mənfi təsir
göstərə bilən və ya təbii inhisar
vəziyyətindən sərbəst rəqabət
vəziyyətinə iqtisadi cəhətdən
əsaslandırılmış keçidə mane olan
hərəkətlərin (hərəkətsizliyin)
qarşısının alınması və ya aradan
qaldırılması üçün bu Məcəllə
və Azərbaycan Respublikasının digər normativ
hüquqi aktları ilə müəyyən edilmiş
tədbirləri görür.
39.2. Rəqabət orqanı təbii inhisar
subyektləri tərəfindən həyata keçirilən
aşağıdakı hərəkətlər
üzərində nəzarəti həyata keçirir:
39.2.1. təbii inhisar subyektləri tərəfindən
məhsulun istehsalı (satışı) üzrə
müştərilərə münasibətdə tətbiq
edilən hüquqi aktların (qərar, qayda,
tələbnamə, reqlament, əmr, göstərişlərin
və s.) və müqavilələrin rəqabət
qanunvericiliyinə uyğunluğu;
39.2.2. əsas vəsaitlərə mülkiyyət
və ya istifadə hüququnun əldə edilməsi
(nəzərdə tutulan əsas vəsaitin dəyəri
təbii inhisar subyektinin cari ilin əvvəlindəki
balansına uyğun olaraq aktivlərinin balans dəyərinin
0,5 faizindən çox olarsa);
39.2.3. əsas vəsaitlərin satışı,
icarəyə verilməsi və ya digər
hərəkətlər nəticəsində təbii inhisar
subyektlərinin mülkiyyət və ya istifadə hüququnun
digər təsərrüfat subyektlərinə
keçməsi (nəzərdə tutulan əsas vəsaitin
dəyəri təbii inhisar subyektinin cari ilin
əvvəlindəki balansına uyğun olaraq aktivlərinin
balans dəyərinin 0,5 faizindən çox olarsa);
39.2.4. əsas vəsaitlərin
müştərilərə satışı, habelə lizinq
və ya uzunmüddətli öhdəliklər əsasında
verilməsi;
39.2.5. təbii inhisar subyektləri tərəfindən
bu Məcəllənin 36.1-ci maddəsi ilə
müəyyən edilməyən fəaliyyət
sahələrinə investisiyaların ayrılması və ya
yeni fəaliyyət sahələrinə başlanılması;
39.2.6. təbii inhisar subyektlərinin yenidən
təşkili, ləğvi və ya təbii inhisar
fəaliyyəti üzrə səlahiyyətlərini
(səlahiyyətlərinin bir hissəsini) təsisçisi
olduğu hüquqi şəxsə ötürməsi.
39.3. Təbii inhisar subyektləri bu
Məcəllənin 36.4-cü və 39.2-ci
maddələrində qeyd edilən hərəkətlərin
edilməsinə razılıq almaq üçün
rəqabət orqanına müraciət etməlidirlər.
Müraciətin edilməsi və müraciətə
baxılması qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir.
39.4. Rəqabət orqanı aşağıdakı
hallarda təbii inhisar subyekti tərəfindən təqdim
edilmiş müraciətdə göstərilən
hərəkətin (hərəkətlərin)
edilməsinə razılıq verilməsindən imtina edir:
39.4.1. mövcud qiymətlərin artması ilə
nəticələnə bilərsə;
39.4.2. müştərilərlə
müqavilələrin pozulması ilə
nəticələnə bilərsə;
39.4.3. müştərilərin qanuni
mənafelərinə mənfi təsir göstərə
bilərsə, yaxud bu Məcəllə və ya qanunla qorunan
hüquqlarının pozulmasına gətirib çıxararsa;
39.4.4. digər təsərrüfat subyektlərinin
iqtisadi fəaliyyətinin məhdudlaşmasına səbəb
ola bilərsə, yaxud azad sahibkarlıq mühitinə
mənfi təsir göstərə bilərsə;
39.4.5. qiymətləri tənzimlənən məhsulun
satılması üçün istifadə olunan texnoloji
sistemin pozulmasına və ya qiymətləri
tənzimlənən məhsulun keyfiyyətinin
aşağı düşməsinə səbəb ola
bilərsə;
39.4.6. subyektin imkan və resurslarının
müştərilərin məhsul üzrə
ehtiyacının tam həcmdə ödənilməsinə
imkan verməsə.
39.5. Təbii inhisar subyektlərinin nizamnamə
kapitalında səhmlərin (payların) əldə
edilməsi və ya başqa əqdlər (girov,
idarəetmənin həvalə edilməsi və s.)
nəticəsində təbii inhisar subyektinin səsvermə
hüququ verən səhmlərinin (paylarının) 10
faizinədək hissəsinə sərəncam hüququ olan
şəxs tərəfindən sonradan səsvermə
hüququ verən səhmlərinin (paylarının) 10
faizindən çox hissəsinə sərəncam hüququnu
əldə edən şəxs rəqabət orqanına 15 (on
beş) gün müddətində bu barədə məlumat
verməlidir.
39.6. Təbii inhisar subyekti qiyməti
tənzimlənməyən məhsulun (beynəlxalq
sazişlərdən irəli gələn fəaliyyət
sahələri istisna olmaqla) istehsalını (satışını)
həyata keçirdikdə, təklif olunan qiymətlər
barədə azı 30 (otuz) gün əvvəl rəqabət
orqanına məlumat verir. Təbii inhisar subyekti qiyməti
formalaşdıran iqtisadi amillər barədə bütün
məlumatları rəqabət orqanına təqdim
etməlidir.
39.7. Təbii inhisar subyektləri sahibkarlıq
fəaliyyətinin nəticələrinə dair maliyyə
hesabatlarını rüb bitdikdən sonra növbəti
ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada
və qaydada rəqabət orqanına təqdim
etməlidirlər.
39.8. Rəqabət orqanı təbii inhisar
subyektləri tərəfindən onların fəaliyyətinin
rəqabət qanunvericiliyinin tələblərinə uyğun
həyata keçirilməsinə nəzarəti təşkil
etmək üçün bu Məcəllənin 39-cu və
40.2-ci maddələrinə uyğun və 10-cu fəsli ilə
müəyyən edilmiş qaydada onlardan zəruri məlumatların
tələb edilməsi, əldə edilməsi və
araşdırılmasını həyata keçirir və
yoxlamalar aparır.
39.9. Rəqabət qanunvericiliyinin
tələblərinə əməl edilməsinə
nəzarət, o cümlədən qiymətləri
tənzimlənən sahələrdə qiymətlərin düzgün
tətbiqinə, xərclərinin iqtisadi cəhətdən
əsaslandırılmasına və
məqsədyönlülüyünə, habelə təbii
inhisar subyektlərinin aktlarının rəqabət
qanunvericiliyinə uyğunluğuna nəzarət təbii
inhisar subyektlərində yoxlamaların predmetidir.
39.10. Maliyyə-təsərrüfat
hesabatlarının araşdırılması nəticəsində,
habelə bu Məcəllənin 40.5-ci maddəsində
qadağan olunan hərəkətlərə
(fəaliyyətə) yol verilməsi müəyyən olunduqda
rəqabət orqanı bu Məcəllənin 72-ci
maddəsinə uyğun olaraq təbii inhisar subyektinə bu
hərəkətlərin dayandırılması və
nəticələrinin aradan qaldırılması
barədə icrası məcburi göstəriş verir.
39.11. Bu Məcəllə ilə müəyyən
olunan tələblərin təbii inhisar subyekti
tərəfindən pozulması aşkar edildikdə və
rəqabət orqanın göstərişi ilə həmin
pozuntuları aradan qaldırmadıqda, rəqabət orqanı
bu Məcəllənin 11-ci fəslinə uyğun olaraq
tədbirlər görür.
39.12. Rəqabət orqanı təbii inhisar
subyektlərinin fəaliyyətinin tənzimlənməsinin
maliyyə məsələlərinin həlli ilə
əlaqədar müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) müraciət edə
bilər.
Maddə 40. Təbii
inhisar subyektlərinin fəaliyyətinə dair
tələblər
40.1. Təbii inhisar subyektləri rəqabət
orqanının bu Məcəllədə nəzərdə
tutulmuş qaydada qəbul etdiyi qərarları yerinə
yetirməlidirlər.
40.2. Təbii inhisar subyektləri rəqabət
orqanına öz fəaliyyəti barədə bu
Məcəllənin 39.7-ci maddəsində nəzərdə
tutulan hesabatları, habelə rəqabət orqanının
sorğusuna əsasən digər hesabatları, investisiya
layihələrini, digər sənədləri və
məlumatları təqdim edirlər.
40.3. Təbii inhisar subyektləri rəqabət
orqanına bu Məcəllənin 39.8-ci maddəsinə
uyğun olaraq, onlardan tələb edilən
sənədləri və məlumatları tələb
edilən vaxt ərzində və tam həcmdə təqdim
etməli və (və ya) nəzarət tədbirlərinin
həyata keçirilməsi üçün zəruri
şəraitin yaradılmasını təmin etməlidirlər.
Təbii inhisar subyektlərindən tələb edilən
məlumatların həcmi böyük olduqda, yaxud təbii
inhisar subyektləri tərəfindən bu Məcəlləyə
uyğun olaraq barəsində dövlət nəzarəti
həyata keçirilən hərəkətlərin monitorinqi
zərurəti yarandıqda rəqabət orqanı nəzarət
tədbirlərini təbii inhisar subyektinin (və ya onun
bölməsinin) olduğu yerdə həyata keçirmək
hüququna malikdir.
40.4. Təbii inhisar subyektləri (onların
vəzifəli şəxsləri) bu Məcəllə ilə
müəyyən edilmiş tələbləri pozduqda,
rəqabət orqanının qərarlarına uyğun olaraq
müəyyən edilmiş müddətdə
aşağıdakı hərəkətləri yerinə
yetirməlidirlər:
40.4.1. bu Məcəllənin tələblərinin
pozulmasını aradan qaldırmaq;
40.4.2. ilkin vəziyyəti bərpa etmək və ya
qərarda müəyyən edilmiş başqa
göstərişləri yerinə yetirmək;
40.4.3. bu Məcəlləyə uyğun olmayan
əqdləri ləğv etmək və ya dəyişmək;
40.4.4. mütləq məhsul təqdim edilməli olan
müştəri ilə müqavilə bağlamaq və ya
bağlanılmış müqavilədə dəyişiklik
etmək;
40.4.5. qanunvericiliyin tələblərini pozmaqla
müştərilərdən əsassız və (və ya)
artıq alınmış ödənişləri onlara geri
ödəmək.
40.5. Məhsulların istehsalı (satışı)
zamanı təbii inhisar subyektlərinə aşağıdakılar
qadağan edilir:
40.5.1. istehsalı (satışı) həyata
keçirilən məhsullar haqqında bu Məcəllənin
41-ci maddəsində nəzərdə tutulmuş
məlumatların verilməsinə görə
ödəniş (haqq) almaq;
40.5.2. məhsulların istehsalının
(satışının) həyata keçirilməsi
üzrə xidmətin göstərilməsi ilə
əlaqəli olmayan lisenziyaların, icazələrin və
digər sənədlərin təqdim edilməsini
tələb etmək;
40.5.3. təbii inhisar subyektinin
şəbəkələrinə qoşulma və ya
əldə edilən məhsulun həcminin
artırılması üçün qanunla müəyyən
edilmiş texniki şərtlərə riayət edilməsi
istisna olmaqla müştəriyə digər tələblər
irəli sürmək;
40.5.4. müştərinin təbii inhisar subyektinin
şəbəkələrinə qoşulma və ya
əldə edilən məhsulun həcminin artırılması
üçün qanunla müəyyən edilmiş texniki
şərtlərə uyğun iş yerinə yetirən
təsərrüfat subyektlərinin fəaliyyətini
məhdudlaşdırmaq;
40.5.5. müştərinin təbii inhisar subyektinin
şəbəkələrinə qoşulma və ya
əldə edilən məhsulun həcminin
artırılması zamanı işləri yerinə
yetirmək üçün müvafiq lisenziyaya, icazəyə
malik olan icraçıları (podratçıları)
sərbəst seçmək imkanını məhdudlaşdırmaq;
40.5.6. müştərinin məhsulun dəyərinin
ödənilməsi üçün normativ hüquqi aktlarla
müəyyən edilmiş ödəniş
vasitələrini sərbəst seçmək imkanını
məhdudlaşdırmaq;
40.5.7. müştərinin mənafeyinə mənfi
təsir göstərə bilən və ya təbii inhisar
vəziyyətindən sərbəst rəqabət
vəziyyətinə iqtisadi cəhətdən
əsaslandırılmış keçidə mane olan
hərəkətlərə yol vermək;
40.5.8. müştərilərə münasibətdə
rəqabət qanunvericiliyinə və müvafiq təbii
inhisar sahəsini tənzimləyən normativ hüquqi aktlara
uyğun olmayan aktlar qəbul etmək və onları tətbiq
etmək;
40.5.9. təbii inhisar fəaliyyətinin nəticəsi
olan məhsulu satmaq imkanına malik olduqda
müştərilərlə belə məhsulun
satışına dair müqavilə bağlamaqdan
əsassız olaraq imtina etmək;
40.5.10. eynixassəli məhsulun əldə edilməsi
ilə bağlı müştərilər arasında
ayrı-seçkiliyə yol vermək;
40.5.11. məhsulların istehsalı
(satışı), habelə təbii inhisar subyektinin
şəbəkələrinə qoşulma və ya
əldə edilən məhsulun həcminin
artırılması ilə əlaqədar
müştərilərə münasibətdə normativ hüquqi
aktlarda nəzərdə tutulmayan fərqli qaydalar
müəyyən etmək və onların icrasını
tələb etmək.
Maddə 41. Təbii
inhisar subyektlərinin məlumatı açıqlamaq
vəzifəsi
41.1. Təbii inhisar subyektləri
aşağıdakı məlumatların
müştərilərə qanuna uyğun olaraq
açıqlanmasını (o cümlədən rəsmi
internet səhifəsində yerləşdirilməsini)
təmin etməlidirlər:
41.1.1. istehsalını (satışını)
həyata keçirdikləri məhsulların
siyahısını;
41.1.2. məhsullar üzrə qiymətlərin
siyahısını (tənzimlənən və
tənzimlənməyən qiymətləri
fərqləndirməklə);
41.1.3. müştərilər tərəfindən
məhsulların əldə edilməsi (qoşulması,
istifadə edilməsi) üçün tələb olunan
şərtləri, müqavilənin formasını və
bağlanılması qaydasını;
41.1.4. müştərilər tərəfindən
şikayətlərin edilməsi qaydasını.
10-cu fəsil
RƏQABƏT
QANUNVERİCİLİYİNƏ ƏMƏL
EDİLMƏSİNƏ DÖVLƏT NƏZARƏTİ
TƏDBİRLƏRİ
Maddə 42.
Dövlət nəzarəti və onun metodları
42.1. Bazar subyektləri tərəfindən
rəqabət qanunvericiliyinə əməl edilməsinə
dövlət nəzarəti rəqabət orqanı
tərəfindən həyata keçirilir.
42.2. Dövlət nəzarəti
aşağıdakı metodlarla həyata keçirilir:
42.2.1. rəqabət orqanı tərəfindən
aparılan araşdırmalar;
42.2.2. yoxlamalar.
Maddə 43.
Rəqabət orqanının apardığı
araşdırmalar
43.1. Aşağıdakılar rəqabət
qanunvericiliyinin pozulması hallarının
araşdırılması üçün əsasdır:
43.1.1. rəqabət qanunvericiliyinin pozulmasına dair
bazar subyektləri və ayrı-ayrı
şəxslərdən daxil olan sənədlər, məlumatlar
və müraciətlər;
43.1.2. mediada (eləcə də sosial
şəbəkələrdə) dərc olunan (yayımlanan)
rəqabət qanunvericiliyinin pozulması əlamətlərini
əks edən məlumatlar;
43.1.3. müvafiq bazarda rəqabət orqanının
həyata keçirdiyi monitorinqlər, təhlillər və yoxlamalar
nəticəsində aşkar olunmuş rəqabət
qanunvericiliyinin pozulması əlamətləri;
43.1.4. rəqabət orqanı tərəfindən qanun
pozuntularının aradan qaldırılması barədə
verilmiş göstərişlərin yerinə yetirilməsi
vəziyyətinin yoxlanılması.
43.2. Rəqabət qanunvericiliyinin pozulması
haqqında müraciət edən şəxslər
tərəfindən rəqabət orqanına
aşağıdakılar təqdim olunur:
43.2.1. yazılı, o cümlədən elektron formada
müraciət;
43.2.2. rəqabət qanunvericiliyinin pozulması
faktını təsdiq edən sənədlərin əsli,
yaxud notariat qaydasında təsdiq edilmiş surətləri
(olduğu halda);
43.2.3. rəqabət qanunvericiliyinin pozulması
faktını təsdiq edən əşya və materiallar
(olduğu halda);
43.2.4. xarici dillərdə olan sənədlərin
Azərbaycan dilinə tam və dəqiq tərcümə
olunmaqla notariat qaydasında təsdiq edilmiş əsli və
ya surəti (olduğu halda).
43.3. Şikayət ərizəsi ilə müraciət
edən hər bir şəxs qanun pozuntusunun onun qanuni
marağına toxunduğunu sübut etməlidir.
Təsərrüfat subyektləri rəqabət qanunvericiliyinin
pozulması halının baş verdiyi müvafiq bazarda
fəaliyyət göstərdiyi hallarda və şikayət
etdikləri hərəkət onların maraqlarına
birbaşa və ya dolayı yolla mənfi təsir
edərsə, hüquqlarının və qanuni
maraqlarının müdafiəsi üçün
rəqabət orqanına müraciət edə bilərlər.
Təsərrüfat subyektlərinin birlikləri, yaxud
istehlakçı birlikləri, pozuntunun birbaşa
təsirinə məruz qalmadıqda belə, edilən
davranış onların üzvlərinə birbaşa
mənfi təsir göstərirsə, qanunla öz
üzvlərini təmsil etmək səlahiyyətlərinə
malikdirlər və onların hüquqlarını və qanuni
maraqlarını müdafiə edə bilərlər.
43.4. Rəqabət qanunvericiliyinin pozulması
haqqında ərizədə müraciət edən və
şikayət edilən bazar subyektləri barədə
məlumatlar, müraciət edənin tələblərinin
mahiyyəti göstərilməli, rəqabət
qanunvericiliyinin pozulması faktı izah olunmalıdır.
43.5. Rəqabət orqanı 10 (on) iş günü
müddətində daxil olan müraciətin
araşdırılmasına başlanması və ya
araşdırılmadan imtina edilməsi haqqında
əsaslandırılmış qərar qəbul edir.
43.6. Müraciətin araşdırılmasından
aşağıdakı hallarda imtina edilir:
43.6.1. müraciətin predmeti rəqabət
orqanının səlahiyyətlərinə aid olmadıqda;
43.6.2. qanun pozuntusuna görə iddia və ya
məsuliyyətə cəlb etmə müddəti bu
Məcəllənin 82-ci maddəsinə əsasən
bitdikdə;
43.6.3. qanun pozuntusu halları üzrə cavabdehin
müəyyənləşdirilməsi mümkün
olmadıqda və ya cavabdeh ləğv edildikdə, yaxud
mövcud olmadıqda;
43.6.4. cavabdeh tərəfindən pozuntu
hallarının könüllü surətdə aradan
qaldırıldığı müəyyən edildikdə;
43.6.5. müraciətin geri götürülməsi
barədə müraciət edənin ərizəsi daxil
olduqda.
43.7. Bu Məcəllənin 43.6.2-43.6.5-ci
maddələrində nəzərdə tutulan əsaslarla
müraciətin araşdırılmasından imtina edilsə
belə, digər bazar subyektlərinə münasibətdə
rəqabətin məhdudlaşdırılması halı
müəyyən edildikdə, bu rəqabət orqanı
tərəfindən araşdırmaya başlanılması
üçün əsasdır.
43.8. Sazişlər və ya
təmərküzləşmələrlə bağlı
araşdırmalar apararkən rəqabət orqanı
bazarın ümumi şərtlərinin və iqtisadi göstəricilərinin
vəziyyəti ilə bağlı müvafiq bazarda
rəqabətin məhdudlaşdırılmasına
əsaslı şübhələr və ya rəqabət
qanunvericiliyinin pozulması əlamətləri olduğunu
müəyyən etdikdə, bu Məcəllənin 56.1-ci
maddəsinə uyğun olaraq bütün zəruri
məlumatları tələb edir və ya plandankənar yoxlama
aparır.
43.9. Rəqabət orqanı bu Məcəllənin 11.2-ci,
15.4-cü və 43.8-ci maddələrində qeyd edilən
hallarda müvafiq bazara giriş maneələrini,
təmərküzləşmənin səviyyəsini,
müvafiq sahədə rəqabətin dinamikasını,
təmərküzləşmələrin bazara
təsirlərini, yaxud rəqabətə tənzimləyici
təsirlərini və müvafiq sektorda rəqabət
aparılmasının digər şərtlərini
araşdırır.
43.10. Daxil olan müraciətin
araşdırılmasına başlanılması ilə
bağlı 3 (üç) iş günü
müddətində müraciət edən
şəxslərə məlumat verilir.
43.11. Araşdırma rəqabət orqanının
qərarının qəbul edildiyi tarixdən sonrakı 30
(otuz) iş günü müddətində həyata
keçirilir.
43.12. Əlavə müddət tələb olunduğu
hallarda rəqabət orqanının
əsaslandırılmış qərarı əsasında
araşdırmanın müddəti 30 (otuz) iş
gününədək uzadılır.
43.13. Rəqabət orqanı araşdırmanın
aparılması üçün əldə edilmiş
məlumatların kifayət etmədiyini müəyyən
etdikdə, müraciət edən şəxsdən bu
Məcəllənin 56.1-ci maddəsində qeyd edilmiş
müddətdə əlavə məlumatlar və
təsdiqedici sənədlərin təqdim edilməsini
tələb edir. Bu Məcəllənin 56.1-ci maddəsinə
əsasən təyin edilmiş müddət müraciət
edən şəxsin əsaslandırılmış
müraciəti ilə uzadıla bilər.
43.14. Bu Məcəllənin 56.1-ci maddəsinə
əsasən müəyyən edilmiş müddət
ərzində müraciət edən şəxs
tərəfindən əlavə məlumatlar və
təsdiqedici sənədlər təqdim edilmədikdə,
rəqabət orqanı araşdırmaya xitam verilməsi
haqqında qərar qəbul edir və 3 (üç) iş
günü müddətində müraciət edən
şəxsə göndərir. Müəyyən edilmiş
müddət başa çatdıqdan sonra müraciət
edən şəxsin təqdim etdiyi əlavə məlumatlara
və təsdiqedici sənədlərə rəqabət orqanı
tərəfindən baxılmır.
43.15. Müəyyən edilmiş müddət başa
çatdıqdan sonra müraciət edən şəxs
rəqabət orqanına yenidən ərizə ilə
müraciət edə bilər.
43.16. Araşdırmanın nəticələri
barədə müraciət edən şəxsə 3
(üç) iş günü müddətində məlumat
təqdim olunur.
Maddə 44.
Bazarın monitorinqi
44.1. Bazarın monitorinqi rəqabət orqanı
tərəfindən aşağıdakı
məqsədlərlə həyata keçirilir:
44.1.1. bazarda rəqabət qanunvericiliyinin
tələblərinə əməl edilməsinin
müəyyənləşdirilməsi;
44.1.2. qiymətlərin qərarlaşmış
səviyyəsinin müəyyənləşdirilməsi;
44.1.3. qiymətləri (tarifləri) dövlət
tərəfindən tənzimlənən məhsullar
üzrə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) qərarlarının
yerinə yetirilməsi vəziyyətinin
qiymətləndirilməsi;
44.1.4. bazarların məhsul və coğrafi
sərhədlərinin, həcminin, strukturunun və
iştirakçılarının
müəyyənləşdirilməsi;
44.1.5. rəqabətin
məhdudlaşdırılmasına təsir
göstərən amillərin aşkar edilməsi;
44.1.6. rəqabətin vəziyyətinin
müəyyən edilməsi;
44.1.7. aşkar edilmiş rəqabət qanunvericiliyinin
pozulması əlamətlərinin
aydınlaşdırılması.
44.2. Bazarın monitorinqi rəqabət orqanının
qərarı əsasında müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada aparılır.
44.3. Rəqabət orqanı tərəfindən
həyata keçirilən monitorinqin nəticəsində
monitorinqin nəticələrinə dair akt tərtib edilir.
Monitorinqin nəticələrinə dair aktın forması
və tərtib edilmə qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir.
Maddə 45.
Məlumatların təhlili
45.1. Rəqabət orqanı əldə edilmiş
statistik məlumatlar, mediada (eləcə də sosial
şəbəkələrdə) dərc edilmiş
məlumatlar, bazar subyektlərinin təqdim etdiyi sənədlər
və məlumatlar, habelə bazarın monitorinqi zamanı
əldə edilmiş məlumatlar əsasında
rəqabət qanunvericiliyinin pozulub-pozulmamasına dair
təhlil aparmaq hüququna malikdir.
45.2. Rəqabət orqanının apardığı
təhlillər zamanı aidiyyəti bazar subyektləri onlardan
tələb olunan elektron və (və ya) kağız
daşıyıcılarda olan zəruri məlumatları, o
cümlədən məxfi və konfidensial məlumatları
(qanunla nəzərdə tutulduğu hallarda dövlət sirri
və statistik sirr, habelə kommersiya, vergi, gömrük və
bank sirri hesab olunan məlumatları
əsaslandırılmış sorğu əsasında) və
sənədləri rəqabət orqanının yazılı
sorğusuna əsasən bu Məcəllənin 56-cı
maddəsinin tələblərinə uyğun təqdim
etməlidirlər.
Maddə 46.
Araşdırmanın yekunlaşdırılması
46.1. Araşdırma başa çatdıqda
rəqabət orqanının araşdırmanı aparan
vəzifəli şəxsi (şəxsləri) tərəfindən
araşdırmanın nəticələri üzrə akt
tərtib edilir. Araşdırmanın
nəticələrinə dair aktın forması müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.
46.2. Araşdırma nəticəsində bazar
subyektləri tərəfindən rəqabət qanunvericiliyinin
pozulması əlamətlərinin müəyyən
edilməsi həmin bazar subyektlərinə
münasibətdə iş qaldırılması
üçün əsasdır.
46.3. Bu Məcəllənin 46.1-ci maddəsinə
uyğun olaraq akt tərtib olunduqdan sonra araşdırma
materiallarına baxılmanın nəticələri
üzrə rəqabət orqanı 15 (on beş) iş
günü müddətində aşağıda qeyd olunan
qərarlardan birini qəbul edir:
46.3.1. rəqabət qanunvericiliyinin pozulması
halları və ya əlamətləri müəyyən
edildikdə rəqabət qanunvericiliyinin pozulması
haqqında iş qaldırılması məsələsinə
baxılması üçün rəqabət
komissiyasının yaradılması barədə;
46.3.2. rəqabət qanunvericiliyinin pozulması
hallarının və ya əlamətlərinin
müəyyən edilməsi üçün əlavə
sübutlara zərurət yarandıqda yoxlamanın
aparılması barədə;
46.3.3. rəqabət qanunvericiliyinin pozulması halı
üzrə məsuliyyətə cəlb etmə müddəti
keçdikdə, araşdırmaya xitam verilməsi
barədə;
46.3.4. rəqabət qanunvericiliyinin pozulması halı
müəyyən edilməzsə araşdırmaya xitam
verilməsi barədə.
46.4. Rəqabət orqanı araşdırmaların
nəticələri barədə məlumatları
özünün rəsmi internet səhifəsində dərc
edir.
Maddə 47.
Dövlət nəzarətinin həyata keçirilməsinin
xüsusiyyətləri
47.1. Bu Məcəllənin 43-45-ci
maddələrinə əsasən həyata keçirilən
nəzarət tədbirləri və bu Məcəllənin
11-ci fəslinə uyğun olaraq rəqabət komissiyası
tərəfindən rəqabət qanunvericiliyinin pozulması
haqqında işlərə baxılması “Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənən yoxlama tədbiri hesab edilmir.
47.2. Bu Məcəllədə başqa qayda
nəzərdə tutulmamışdırsa yoxlamalar (təbii
inhisar subyektlərində aparılan yoxlamalar istisna olmaqla)
rəqabət qanunvericiliyinin xüsusiyyətləri
nəzərə alınmaqla “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
həyata keçirilir.
Maddə 48.
Yoxlamaların aparılması
48.1. Rəqabət orqanı aşağıdakı
hallarda bazar subyektlərində yoxlama aparır:
48.1.1. rəqabət qanunvericiliyinin pozulması
əlamətlərini aşkar etdikdə;
48.1.2. rəqabət qanunvericiliyinin pozulması
barədə mənbəyi bəlli məlumat (bu
Məcəllənin 43.1-ci maddəsində qeyd edilən
sənədlər, məlumatlar və müraciətlər)
əldə etdikdə;
48.1.3. işə baxılma zamanı zərurət
yarandıqda;
48.1.4. aparılan araşdırmalar zamanı
əlavə sübutlara zərurət yarandıqda.
48.2. Yoxlamaların aparılması zamanı
rəqabət orqanının yoxlama aparmaq hüququna malik
vəzifəli şəxsləri aşağıdakı
səlahiyyətlərə malikdirlər:
48.2.1. bazar subyektlərinin iqtisadi fəaliyyət
məqsədilə istifadə etdiyi əraziyə
(yaşayış sahəsi istisna olmaqla), istehsal və emal
müəssisələrinə, binalara, anbarlara, satış
sahələrinə və xidməti nəqliyyat
vasitələrinə baxış keçirmək və
yoxlamanın predmetinə dair bu Məcəllənin
tələblərinə uyğun olaraq digər zəruri
tədbirlər həyata keçirmək;
48.2.2. yoxlama müddətində və yoxlama
üçün əhəmiyyətindən asılı olaraq
rəqabət orqanının əsaslandırılmış
qərarı ilə bazar subyektinin istehsal
avadanlıqlarının olduğu otaqlar istisna olmaqla,
avadanlıqlarının, sənədlərinin,
araşdırma materiallarının yerləşdiyi
otaqları möhürləmək;
48.2.3. fəaliyyəti ilə bağlı elektron
və (və ya) kağız daşıyıcılarda olan
zəruri məlumatları və sənədləri yoxlamaq,
habelə onlardan çıxarışlar etmək, onların
surətlərini çıxarmaq;
48.2.4. yoxlanılan bazar subyektinin istənilən
nümayəndəsinə yoxlama predmeti ilə bağlı
suallar vermək və zəruri məlumatları
dəqiqləşdirmək.
48.3. Rəqabət orqanı tərəfindən bazar
subyektlərində yoxlamaların keçirilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
48.4. Rəqabət orqanı tərəfindən
hökmran mövqe tutmuş təsərrüfat
subyektlərində və təbii inhisar subyektlərində
planlı və plandankənar yoxlamalar, digər təsərrüfat
subyektlərində plandankənar yoxlamalar aparılır.
48.5. Plandankənar yoxlama təyin edildikdə qanun
pozuntusu ilə bağlı faktların və sübutların
məhv edilməsinin və ya gizlədilməsinin
qarşısının alınması məqsədilə
bazar subyektinə bu barədə əvvəlcədən
məlumat verilmir.
48.6. Yoxlama (təbii inhisar subyektlərində
aparılan yoxlamalar istisna olmaqla) 30 (otuz) iş
günündən artıq olmayan müddətdə
aparılır. Yoxlamanın aparılması üçün
əlavə müddət tələb olunduqda, rəqabət
orqanının əsaslandırılmış qərarına
əsasən yoxlamanın müddəti hər dəfə 30
(otuz) iş günü müddətinə uzadılmaqla 90
(doxsan) iş gününədək artırıla bilər.
48.7. Təbii inhisar subyektlərində aparılan
yoxlamalar 90 (doxsan) iş günündən artıq olmayan
müddətdə aparılır. Yoxlamanın
aparılması üçün əlavə müddət
tələb olunduqda, rəqabət orqanının
əsaslandırılmış qərarına əsasən
yoxlamanın müddəti hər dəfə 90 (doxsan) iş günü
müddətinə uzadılmaqla 270 (iki yüz yetmiş)
iş gününədək artırıla bilər.
48.8. Rəqabət orqanı tərəfindən
təbii inhisar subyektlərində yoxlamaların
keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən olunur.
48.9. Rəqabət orqanının
əsaslandırılmış qərarına əsasən
yoxlama aşağıda göstərilən hallarda və
müddətlərdə, lakin 6 (altı) aydan çox olmamaqla
dayandırılır:
48.9.1. yoxlama zamanı şəxs qeydiyyatda olduğu
(faktiki olduğu) ünvanda olmadıqda və ya şəxsin
olduğu yerin müəyyən edilməsi və digər
səbəblərdən tapılması mümkün
olmadıqda – həmin şəxsin olduğu yer
müəyyən olunanadək;
48.9.2. barəsində yoxlaması aparılan bazar
subyektinin rəhbəri (onu əvəz edən şəxs)
müvəqqəti olaraq əmək qabiliyyətini
itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək;
48.9.3. rəqabət orqanının
təşəbbüsü ilə mütəxəssis
dəvət edildikdə və ya ekspertiza keçirildikdə –
mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya
təqdim edilənədək;
48.9.4. yoxlamanın obyektiv və dolğun
keçirilməsi üçün zəruri olan
sənədlər, o cümlədən rəqabət
orqanının sorğusuna cavab xarici ölkədən
alındıqda – xarici ölkədən cavab alınanadək;
48.9.5. bu Məcəllənin 50.4-cü maddəsi
ilə müəyyən edilmiş hallarda –
məhkəmənin qərarı qanuni qüvvəyə
minənədək.
48.10. Rəqabət orqanı 48.9-cu maddədə qeyd
olunan hallar aradan qalxdıqda yoxlamanın bərpa olunması
barədə qərar qəbul edir. Bu Məcəllənin
48.9-cu maddəsində qeyd olunan müddət ərzində
həmin hallar aradan qalxmadıqda rəqabət orqanı
yoxlamaya xitam verilməsi haqqında qərar qəbul edir.
48.11. Rəqabət orqanının vəzifəli
şəxsi yoxlama zamanı təsərrüfat subyektinə
yoxlama üçün zəruri olan sənədlərin
və məlumatların təqdim edilməsi barədə
tələbnamə verə bilər. Təsərrüfat
subyekti tələbnamə ilə müəyyən edilmiş
müddətdə sənədləri və məlumatları
rəqabət orqanına təqdim etməlidir.
48.12. Rəqabət orqanı tərəfindən
tələb edilən, yoxlama üçün zəruri
sənədlərin və (və ya) məlumatların
(mənbəyi məlum olan) təsərrüfat subyekti
tərəfindən rəqabət orqanına
verilməsindən imtina edilməsi, yaxud
tələbnamədə qeyd edilən müddətdə
təqdim edilməməsi qanunla müəyyən edilmiş
qaydada məsuliyyətə səbəb olur.
48.13. Yoxlama zamanı rəqabət orqanının
vəzifəli şəxslərinin xidməti
vəzifələrinin icra edilməsinə maneçilik
törədilməsi qadağandır.
48.14. Bazar subyekti nümayəndə vasitəsilə
təmsil olunduqda onun səlahiyyətini təsdiq edən
sənədin surəti rəqabət orqanına təqdim
olunmalıdır.
Maddə 49.
Yoxlamaların nəticələrinin
rəsmiləşdirilməsi
49.1. Rəqabət orqanı tərəfindən
aparılan yoxlamanın nəticələri üzrə
yoxlamanı həyata keçirən vəzifəli
şəxs (şəxslər) tərəfindən
yoxlamanın başa çatdığı gün akt
tərtib edilir.
49.2. Yoxlama materiallarına baxılmanın
nəticələri üzrə rəqabət orqanı 15 (on
beş) iş günü müddətində
aşağıda qeyd edilən qərarlardan birini
çıxarır:
49.2.1. rəqabət qanunvericiliyinin pozulması
halları və ya əlamətləri aşkar edildikdə:
49.2.1.1. pozuntu əlamətləri müəyyən
edildikdə, rəqabət qanunvericiliyinin pozulması
haqqında iş qaldırılması
məsələsinə baxılması üçün
rəqabət komissiyasının yaradılması
barədə və ya;
49.2.1.2. bu Məcəllənin 60-cı maddəsinin
tələbləri nəzərə alınmaqla 77.1-ci
maddədə qeyd olunan pozuntu əlamətləri aşkar
edildikdə həmin qanun pozuntusunun könüllü aradan
qaldırılması ilə bağlı bazar subyektinin
müraciətinin qəbul edilməsi və araşdırmaya
xitam verilməsi barədə;
49.2.2. qanun pozuntusuna yol verildiyini təsdiq etmək
üçün kifayət qədər sübutlar və
hüquqi əsaslar olmadığı halda, qanun pozuntusunun
aşkar olunmaması barədə.
49.3. İşə baxılma zamanı yoxlama
keçirildikdə rəqabət komissiyası yoxlamanın
nəticələrini işin mahiyyəti üzrə qəbul
etdiyi yekun qərarında nəzərə alır.
Maddə 50.
Rəqabət orqanı tərəfindən
sənədlərin və nümunə kimi
əşyaların götürülməsi
50.1. Yoxlama zamanı rəqabət orqanının
vəzifəli şəxsinin bazar subyektindən yoxlamanın
məqsədləri üçün zəruri hesab edilən
sənədləri (o cümlədən elektron
daşıyıcılarda olan məlumatları) və (və
ya) nümunə kimi əşyaları götürmək
hüququ vardır.
50.2. Sənədlərin (o cümlədən elektron
daşıyıcılarda olan məlumatların) və (və
ya) nümunə kimi əşyaların
götürülməsi rəqabət orqanının
qərarı ilə həyata keçirilir.
50.3. Sənədlərin (o cümlədən elektron
daşıyıcılarda olan məlumatların) və (və
ya) nümunə kimi əşyaların
götürülməsi barədə bu Məcəllənin
55-ci maddəsinin tələblərinə uyğun olaraq protokol
tərtib edilir. Sənədlərin (o cümlədən
elektron daşıyıcılarda olan məlumatların) və
(və ya) nümunə kimi əşyaların götürülməsi,
saxlanması və qaytarılması bu Məcəllənin
65-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
50.4. Bazar subyekti sənədləri və
əşyaları vermədiyi halda həmin
sənədlərin və (və ya) nümunə kimi
əşyaların götürülməsi rəqabət orqanının
əsaslandırılmış müraciətinə
əsasən məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı ilə həyata keçirilir.
Maddə 51. Ekspertin
dəvət edilməsi
51.1. Dövlət nəzarəti tədbirinin həyata
keçirilməsi zamanı ortaya çıxan
məsələlərin izah olunması üçün
xüsusi biliklər tələb olunduğu hallarda maraqlı
şəxslərin (müraciət edən və ya
barəsində araşdırma aparılan şəxslərin)
vəsatəti və ya rəqabət orqanının
qərarı ilə ekspertiza təyin edilir.
51.2. Ekspert müqavilə əsasında cəlb edilir.
Müqavilədə tərəflərin hüquqları və
vəzifələri, ekspert qarşısında qoyulan suallar,
bilə-bilə yalan rəy verməsinə görə ekspertin
məsuliyyəti və mülki qanunvericiliklə
müəyyən edilmiş digər məsələlər nəzərdə
tutula bilər. Ekspert qarşısında qoyulan suallar və
onun rəyi ekspertin xüsusi biliyindən kənara
çıxa bilməz.
51.3. Qərarda ekspertizanın təyin edilməsi
üçün əsaslar, ekspertin soyadı, adı,
atasının adı və ya ekspertiza keçirən
təşkilatın adı, ekspert qarşısında qoyulan
məsələlər və ekspertə təqdim olunan
materiallar qeyd edilir.
51.4. Ekspertin araşdırmanın predmetinə aid olan
materiallar ilə tanış olmaq, ona əlavə
materialların verilməsi barədə vəsatət
qaldırmaq hüququ vardır.
51.5. Ekspert qarşısında qoyulan suallar onun
xüsusi biliyindən kənara çıxdıqda, yaxud
təqdim olunan materiallar və sənədlər rəy
verilməsi üçün yararsız olduqda və ya
kifayət etmədikdə, ekspert rəy verməkdən imtina
edir.
51.6. Rəqabət orqanı barəsində
dövlət nəzarəti tədbiri aparılan bazar subyektini
ekspertiza keçirilməsi haqqında qərar ilə
tanış etməlidir və həmin şəxsin bu
Məcəllənin 51.7-ci maddəsində nəzərdə
tutulan hüquqlarını ona izah etməlidir.
51.7. Ekspertizanın təyin edilməsi və
keçirilməsi zamanı bazar subyektinin aşağıda
qeyd edilən hüquqları vardır:
51.7.1. ekspertə əsaslandırılmış etiraz
etmək;
51.7.2. ekspertin rəyinin alınması
üçün əlavə suallar təqdim etmək;
51.7.3. rəqabət orqanının
razılığı ilə ekspertiza
keçirilməsində iştirak etmək;
51.7.4. ekspertin rəyi ilə tanış olmaq və
surətini əldə etmək.
51.8. Ekspert rəyi öz adından verir və
imzalayır. Ekspertin rəyində onun tərəfindən
aparılan araşdırma, gəldiyi nəticələr
və qoyulan suallara əsaslandırılmış cavablar
əks etdirilir. Ekspertiza aparılarkən barəsində onlara
dair suallar qoyulmamış iş üçün
əhəmiyyətli olan halları müəyyən
etdikdə, ekspertin həmin hallar haqqında özünün
rəyinə nəticələr daxil etmək hüququ
vardır.
51.9. Ekspertin rəyinin surəti və ya onun rəy
vermək imkanının olmaması barədə məlumat
dövlət nəzarəti aparılan bazar subyektinə
verilir. Həmin bazar subyektinin izahat vermək, öz
etirazlarını bəyan etmək, ekspertə əlavə
sualların qoyulmasını, əlavə, yaxud təkrar
ekspertizanın təyin edilməsini tələb etmək
hüququ vardır.
51.10. Ekspertin rəyi kifayət qədər aydın
olmadıqda, ekspert qoyulmuş sualları tam həll
etmədikdə və ya tədqiqat aparılmış
obyektlərə dair əlavə suallar yarandıqda,
aparılmış tədqiqatdakı və ya rəydəki
boşluğun aradan qaldırılması üçün bu
maddədə nəzərdə tutulmuş qaydada əlavə
ekspertiza təyin edilir və bu ekspertiza həmin və ya
başqa ekspertə həvalə edilir.
51.11. Ekspertin rəyi kifayət qədər
əsaslı olmadıqda və ya şübhə
doğurduqda, yaxud onun əsaslandığı sübutlar
etibarsız (qeyri-mötəbər) hesab edildikdə bu
maddədə nəzərdə tutulmuş qaydada təkrar
ekspertiza təyin edilir və bu ekspertiza başqa ekspertə
həvalə edilir.
51.12. Bazar subyektinin bu Məcəllənin 51.7-ci və
51.9-cu maddələrində nəzərdə tutulmuş
hüquqları ilə əlaqədar vəsatəti təmin
edilmədikdə, rəqabət orqanı vəsatətin
rədd edilməsi səbəbləri qeyd edilməklə
əsaslandırılmış qərar qəbul edir və
qərarın surətini 3 (üç) iş günü
müddətində həmin bazar subyektinə təqdim edir.
Maddə 52.
Mütəxəssisin dəvət edilməsi
52.1. Dövlət nəzarətinin həyata
keçirilməsi zamanı bilavasitə rəqabət
orqanının fəaliyyət dairəsinə aid olmayan
sahələr üzrə xüsusi bilik və
təcrübə tələb olunduqda, maraqlı şəxslərin
vəsatəti və ya rəqabət orqanının
təşəbbüsü ilə rəqabət
orqanının qərarına əsasən
mütəxəssis dəvət oluna bilər.
52.2. Mütəxəssisin xüsusi bilik və
təcrübəsi olmalıdır və o, işin
nəticələrində maraqlı olmamalıdır. Bu
şərtlərə cavab verməyən mütəxəssisin
rəyindən istifadə oluna bilməz.
52.3. Mütəxəssis müqavilə əsasında
dəvət olunur. Müqavilədə tərəflərin
hüquq və vəzifələri, mütəxəssis
qarşısında qoyulan suallar, bilə-bilə yalan rəy
verməsinə görə mütəxəssisin
məsuliyyəti və mülki qanunvericiliklə müəyyən
edilmiş digər məsələlər nəzərdə
tutula bilər.
52.4. Bu Məcəllənin 52.1-ci maddəsinə
müvafiq olaraq cəlb olunmuş mütəxəssis onun
qarşısında qoyulmuş suallar barəsində öz
rəyini bildirməlidir. Mütəxəssisin rəyi
yazılı şəkildə tərtib olunur, onun
tərəfindən imzalanır və işin materiallarına
əlavə edilir.
52.5. Bazar subyekti mütəxəssisin rəyi ilə
razılaşmadıqda, bu barədə rəqabət
orqanına əsaslandırılmış şikayət
edə bilər.
52.6. Mütəxəssisin bilə-bilə yalan rəy
verməsi nəticəsində rəqabət orqanına və
ya bazar subyektinə dəyən zərərin
ödənilməsi mülki qanunvericiliyə müvafiq olaraq
tələb oluna bilər.
Maddə 53.
Tərcüməçinin iştirakı
53.1. Rəqabət orqanı tərəfindən
tərcüməçi dəvət oluna bilər.
Tərcüməçinin dəvət olunması
rəqabət orqanının qərarı əsasında
həyata keçirilir.
53.2. Tərcüməçi tərcümə
üçün lazım olan dili sərbəst bilən,
işin nəticələrində marağı olmayan
şəxs olmalıdır.
53.3. Bu Məcəllənin 53.1-ci və 53.2-ci
maddəsinin müddəaları eşitmə və
danışma qabiliyyəti məhdud olan fiziki şəxsin
işarələrini başa düşən vasitəçi
şəxslərə (peşəkar surdo
tərcüməçilərə) də aiddir.
53.4. Rəqabət orqanının
əməkdaşları lazım olan xarici dili (dilləri)
bilsələr də, tərcüməçi
vəzifəsini yerinə yetirə bilməzlər.
53.5. Tərcüməçi müqavilə
əsasında dəvət olunur. Müqavilədə tərəflərin
hüquq və vəzifələri, bilə-bilə
yanlış tərcüməyə görə
tərcüməçinin məsuliyyəti və mülki
qanunvericiliyə müvafiq olaraq digər
məsələlər müəyyən edilə bilər.
Maddə 54.
Baxış və götürmə zamanı
videoçəkilişdən istifadə
54.1. Bu Məcəllədə nəzərdə
tutulmuş hallarda yoxlama keçirərkən rəqabət
orqanı tərəfindən baxış və
götürmə fasiləsiz videoçəkiliş
aparılmaqla həyata keçirilir.
54.2. Baxış və götürmə haqqında
protokolda fasiləsiz videoçəkilişdən istifadə
barədə müvafiq qeyd aparılır və
videoçəkilişi əks etdirən məlumat
daşıyıcısı həmin protokola əlavə
olunur.
Maddə 55.
Tərtib edilən protokollara dair ümumi tələblər
55.1. Bu Məcəllədə nəzərdə
tutulmuş hallarda rəqabət orqanı tərəfindən
protokol tərtib edilir.
55.2. Protokolda aşağıdakılar qeyd edilir:
55.2.1. protokolun adı;
55.2.2. konkret hərəkətlərin həyata
keçirilməsinin yeri və tarixi;
55.2.3. hərəkətin başlanma və başa
çatma vaxtı;
55.2.4. protokolu tərtib etmiş şəxsin
vəzifəsi, soyadı, adı, atasının adı;
55.2.5. hərəkətin həyata
keçirilməsində iştirak edən şəxslərin
soyadı, adı, atasının adı, ünvanı,
vətəndaşlığı, şəxsiyyətini
təsdiq edən sənədin seriyası (olduğu halda),
nömrəsi və verilmə tarixi;
55.2.6. hərəkətin məzmunu, onun həyata
keçirilməsinin ardıcıllığı;
55.2.7. hərəkətin həyata keçirilməsi
zamanı aşkar olunan və iş üçün
əhəmiyyətli olan faktlar və hallar;
55.2.8. bu Məcəlləyə uyğun olaraq
sənədlər və ya əşyalar nümunə kimi
götürüldükdə sənədlərin və ya
əşyaların miqdarı, həcmi və digər
xüsusi əlamətləri.
55.3. Hərəkətin həyata
keçirilməsində iştirak edən bütün
şəxslərə protokol tanış olmaq
üçün təqdim edilir. Həmin şəxslərin
protokola daxil edilməli olan qeydlər etmək hüququ
vardır.
55.4. Protokol onu tərtib etmiş rəqabət
orqanının vəzifəli şəxsi, habelə
hərəkətin həyata keçirilməsində
iştirak edən bütün şəxslər
tərəfindən imzalanır. Bazar subyekti protokolu imzalamaqdan
imtina etdikdə, bu barədə protokolda qeyd edilir. Bazar
subyektinin izahat vermək və protokolun məzmunu barədə
öz mülahizələrini təqdim etmək, habelə
protokolu imzalamaqdan imtina etməsinin səbəblərini
göstərmək hüququ vardır. Onun bu izahatı və
mülahizələri protokola əlavə olunur.
55.5. Protokolun surəti yoxlanılan bazar subyektinə
təqdim edilir.
Maddə 56.
Sənəd və məlumatların rəqabət orqanına
təqdim edilməsi
56.1. Rəqabət orqanı rəqabət
qanunvericiliyinə əməl edilməsinə dövlət
nəzarətini həyata keçirmək, habelə bu
Məcəlləyə əsasən öz
vəzifələrini yerinə yetirmək üçün
bazar subyektlərindən araşdırma ilə bağlı
bütün zəruri məlumatların 10 (on) iş
günü müddətində təqdim edilməsini
tələb edə bilər. Bu müddət bazar subyektinin
əsaslandırılmış müraciəti əsasında
əlavə 10 (on) iş günü müddətinə
uzadıla bilər.
56.2. Məlumatların təcili təqdim edilməsi
zəruri olan hallarda rəqabət orqanı zərurəti
əsaslandırmaqla bazar subyektlərindən belə
məlumatların 3 (üç) iş günü
müddətində təqdim edilməsini tələb edir.
56.3. Araşdırmaların aparılması
üçün bazar subyektləri rəqabət
orqanının müraciətinə əsasən tələb
edilən bütün zəruri sənədləri və
məlumatları vaxtında və tam həcmdə təqdim
etməlidir. Müraciətdə məlumatların təqdim
edilməməsinə, yaxud natamam və ya yanlış
məlumatın göndərilməsinə görə qanunla
nəzərdə tutulmuş məsuliyyət barədə
məlumatlar öz əksini tapmalıdır.
56.4. Bazar subyektləri tələb olunan məlumatın
vaxtında, düzgün və tam şəkildə
rəqabət orqanına təqdim edilməməsinə
görə bu Məcəllənin 77.1.1-ci maddəsinə
uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 57.
Rəqabət orqanı tərəfindən
sənədlərin təqdim edilməsi
57.1. Sənədlər (onların surətləri)
rəqabət orqanı tərəfindən bazar subyektinə
və istehlakçıya sifarişli poçt rabitəsi,
yaxud elektron üsulla göndərilməli və ya təqdim
edilməlidir.
57.2. Bu Məcəllənin 57.1-ci maddəsinə
uyğun olaraq sifarişli poçt göndərişi vasitəsilə
göndərilmiş sənədləri bazar subyekti qəbul
etməkdən imtina etdikdə həmin sənədlər ona
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq çatdırılmış hesab edilir.
Maddə 58. Sübut
etmə vəzifəsi
58.1. Bu Məcəllənin 11-ci, 12-ci, 16-cı (bu
Məcəllənin 16.3-16.6-cı maddələri istisna
edilməklə), 18.3-cü və 20-25-ci maddələrinin
müddəalarının pozulmasının sübuta
yetirilməsi vəzifəsi şikayət verən
şəxsin, araşdırma rəqabət orqanının
təşəbbüsü ilə aparıldıqda isə
rəqabət orqanının üzərinə
düşür.
58.2. Bu Məcəllənin 13.1-ci, 14.1-ci,
16.3-16.6-cı və 28.3-cü maddələri ilə
müəyyən olunmuş şərtlərin təmin
edilməsinin sübuta yetirilməsi vəzifəsi
barəsində iş qaldırılan təsərrüfat
subyektinin üzərinə düşür.
58.3. Bu Məcəllənin 7-ci fəsli (bu
Məcəllənin 28.3-cü maddəsi istisna olmaqla) ilə
müəyyən edilən
təmərküzləşmələrə razılıq
verilməsi zamanı rəqabətin
məhdudlaşdırılmasının sübuta
yetirilməsi vəzifəsi rəqabət orqanının
üzərinə düşür və bu zaman təsərrüfat
subyektləri tərəfindən
təmərküzləşmələrlə bağlı bu
Məcəllə əsasında tələb olunan
məlumatlar tam və düzgün şəkildə təqdim
olunmalıdır. Rəqabət orqanı tərəfindən
həmin məlumatların məxfiliyi və
konfidensiallığı qorunmalıdır.
Maddə 59.
Müvəqqəti tədbirlər
59.1. Rəqabət orqanı tərəfindən
aparılan dövlət nəzarət tədbirinin həyata
keçirilməsi zamanı mötəbər sübutlar
əsasında bazar subyektinin hərəkətlərinin
rəqabətin məhdudlaşdırılmasına
əhəmiyyətli və ya bərpaolunmaz təsiri məlum
olan hallarda rəqabət orqanının əsaslandırılmış
qərarı əsasında həmin hərəkətləri
dayandıran və ya onların qarşısını alan
müvəqqəti tədbir görülməsi haqqında
icrası məcburi göstəriş verilir.
59.2. Bu Məcəllənin 59.1-ci maddəsində qeyd
olunan göstərişdə müvəqqəti tədbirin
məqsədi, əsasları və müddəti qeyd edilir.
Göstərişin qüvvədəolma müddəti
araşdırma və işə baxılması
müddətində ümumilikdə 1 (bir) ildən çox
olmamaqla uzadıla bilər.
59.3. Bu Məcəllənin 59.1-ci maddəsinə
uyğun olaraq rəqabət orqanı tərəfindən
verilən məcburi göstərişdən bu Məcəllənin
83-cü maddəsinə uyğun olaraq məhkəməyə
şikayət verilə bilər. Şikayətin təqdim
edilməsi rəqabət orqanı tərəfindən göstəriş
verilən müvəqqəti tədbirin icrasını
təxirə salmır.
59.4. Müvəqqəti tədbirin verilməsinə
səbəb olan hallar aradan qaldırılarsa, rəqabət
orqanı bu Məcəllənin 59.1-ci maddəsində qeyd
olunan göstərişi vaxtından əvvəl ləğv
edir.
Maddə 60. Bazar
subyektləri tərəfindən qanun pozuntusunun
könüllü aradan qaldırılması
60.1. Rəqabət orqanı tərəfindən
aparılan araşdırma və ya yoxlama çərçivəsində
bu Məcəllənin 77.1-ci maddəsində qeyd edilən
qanun pozuntularının könüllü aradan
qaldırılması ilə bağlı bazar subyektinin
müraciəti əsasında rəqabət orqanının
qərarı ilə araşdırma və ya yoxlama üzrə
icraat dayandırılır və həmin qanun pozuntularının
aradan qaldırılması üçün bazar subyektinə
3 (üç) aya qədər vaxt müəyyən edilir.
60.2. Rəqabət orqanı tərəfindən
aparılan araşdırma və ya yoxlama
çərçivəsində barəsində
araşdırma aparılan bazar subyektinin hərəkətlərində
bu Məcəllənin 77.1.1-ci maddəsində qeyd edilən
qanun pozuntusunu aşkar edildikdə, bazar subyektinə həmin
pozuntunun mahiyyəti izah edilir və onun aradan
qaldırılması üçün 10 (on) gün vaxt
müəyyən edilir. Pozuntunun könüllü aradan
qaldırılması ilə bağlı əlavə vaxt
tələb olunduğu halda bazar subyektinin müraciəti
əsasında rəqabət orqanının qərarı
ilə bu Məcəllənin 60.1-ci maddəsi tətbiq edilir.
60.3. Qərar qəbul etməzdən əvvəl bazar
subyektinin müraciətində verilən təkliflərin
qanun pozuntusunun aradan qaldırılması baxımından
yetərliliyinin qiymətləndirilməsi üçün
rəqabət orqanı təkliflərin əsas məzmununu
rəsmi internet səhifəsində dərc edir və bununla
bağlı maraqlı tərəfləri dərc edilmiş
məlumatda göstərilmiş formada və
müddətdə rəy bildirməyə dəvət edir.
Rəqabət orqanı təkliflərin təqdim edilməsi
üçün 30 (otuz) günədək müddət
müəyyən edir.
60.4. Rəqabət orqanı bazar subyekti
tərəfindən qanun pozuntularının könüllü
aradan qaldırılması ilə bağlı
öhdəliklərinin yerinə yetirilmədiyini və ya
qərarın qəbul edilməsi üçün təqdim
olunmuş məlumatların natamam və yanlış
olduğunu aşkar etdikdə, bu Məcəllənin 60.1-ci
maddəsində qeyd edilən qərarını ləğv
edir, araşdırma və ya yoxlama üzrə prosedurları
bərpa edir.
11-ci fəsil
RƏQABƏT
QANUNVERİCİLİYİNİN POZULMASI HAQQINDA
İŞLƏRƏ BAXILMASI
Maddə 61. Rəqabət
komissiyası tərəfindən işə baxılması
61.1. Rəqabət orqanı tərəfindən
aparılan araşdırmalar və yoxlamalar zamanı bazar
subyektləri tərəfindən rəqabət qanunvericiliyinin
pozulması əlamətlərinin müəyyən
edilməsi həmin subyektlər barəsində iş
qaldırılması üçün əsasdır.
Rəqabət qanunvericiliyinin pozulması əlamətləri
üzrə iş qaldırılması rəqabət
komissiyasının qərarı əsasında həyata
keçirilir. Qərar 5 (beş) iş günü
müddətində işin tərəflərinə təqdim
olunur.
61.2. İş qaldırılması haqqında
qərarda bütün mühüm faktlar, pozuntunun
müəyyən edilməsinə hüquqi əsas,
işə baxılması müddəti və cavabdehin
rəqabət orqanına öz mövqeyini əsaslandırmaq üçün
etirazlarını, mülahizələrini və
sübutlarını təqdim etmə müddəti
göstərilməlidir.
61.3. Öz mövqeyini əsaslandırmaq məqsədilə
etirazlarını, mülahizələrini və
sübutlarını təqdim etmək üçün
işin tərəflərinə 10 (on) iş
günündən az olmayan müddət müəyyən
edilir.
61.4. Rəqabət qanunvericiliyinin pozulması
əlamətləri üzrə işə rəqabət
komissiyası tərəfindən rəqabət qanunvericiliyinin
pozulması əlamətləri üzrə iş
qaldırılması haqqında qərar
çıxarıldığı vaxtdan 3 (üç) ay
müddətinə baxılır. İşə
baxılması üçün əlavə müddət
tələb olunduqda həmin müddət rəqabət
komissiyasının əsaslandırılmış
qərarına əsasən hər dəfə 3 (üç)
ay müddətinə uzadılmaqla 9 (doqquz) ayadək
artırıla bilər.
61.5. Rəqabət komissiyası tərəfindən
işlərə qapalı və açıq iclaslarda
baxılır. İnformasiyanın, qanunla qorunan hər
hansı sirrin açıqlanmasının yolverilməz
olduğu hallarda, proses iştirakçılarının
şəxsi və ya ailə həyatının
toxunulmazlığının təmin edilməsinin
tələb olunduğu hallarda, yetkinlik yaşına
çatmayan şəxslərin maraqlarının
qorunmasının zəruri olduğu hallarda, habelə proses
iştirakçılarının və ya digər
şəxslərin həyatı, sağlamlığı
və ya azadlığı üçün təhlükə
yarandığı hallarda proses
iştirakçılarının müraciəti və ya
rəqabət komissiyasının təşəbbüsü
ilə işə baxılma iclası qapalı
keçirilə bilər. Rəqabət komissiyasının
iclası komissiyanın sədri və üzvlərinin azı
yarısı iştirak etdikdə səlahiyyətlidir.
61.6. Rəqabət komissiyasının
formalaşdırılması, hüquq və
vəzifələri, fəaliyyətinin təşkili,
iclaslarının keçirilməsi qaydası, iclas protokollarına
və qəbul etdiyi qərarlara dair tələblər bu
Məcəllənin 8.2-ci maddəsinə uyğun olaraq
təsdiq edilən qaydalarla müəyyən edilir.
Maddə 62.
Rəqabət komissiyası tərəfindən baxılan
işin tərəfləri
62.1. Rəqabət komissiyasında baxılan işin
tərəfləri aşağıdakılardır:
62.1.1. ərizəçi;
62.1.2. cavabdeh;
62.1.3. maraqlı tərəflər.
62.2. Rəqabət qanunvericiliyinin pozulmasına
görə işin tərəflərinin hüquqları
aşağıdakılardır:
62.2.1. yol verilmiş pozuntuya görə
məsuliyyət barədə məlumatlandırılmaq;
62.2.2. işin materialları ilə tanış olmaq,
onlardan çıxarışlar etmək, surətini
çıxarmaq;
62.2.3. işə baxılmasında şəxsən,
yaxud nümayəndəsi vasitəsilə iştirak etmək;
62.2.4. məlumatları təqdim etmək və
izahatlar vermək;
62.2.5. işin halları üzrə vəsatət
qaldırmaq və ya etiraz etmək;
62.2.6. öz hesabına nümayəndənin,
vəkilin və ya digər şəxslərin hüquqi
xidmətindən istifadə etmək;
62.2.7. öz hesabına tərcüməçinin
xidmətindən istifadə etmək;
62.2.8. rəqabət qanunvericiliyinə uyğun olaraq
götürülmüş əşyaları və
sənədləri normativ hüquqi aktlarda müəyyən
edilmiş qaydada geri almaq;
62.2.9. bu Məcəllədə nəzərdə
tutulmuş digər hüquqlar.
62.3. İşə baxılmanın yeri və vaxtı
haqqında lazımi qaydada xəbərdar edilmiş
şəxs (onun nümayəndəsi) işə
baxılmasına üzrsüz səbəbdən
gəlmədikdə və işə baxılmanın
təxirə salınması barədə vəsatət
təqdim etmədikdə, yaxud belə vəsatət
rəqabət komissiyası tərəfindən rədd
edildikdə, işə həmin şəxsin (onun
nümayəndəsinin) iştirakı olmadan baxılır.
62.4. Rəqabət qanunvericiliyinin pozulması
haqqında işin tərəflərinin vəzifələri
aşağıdakılardır:
62.4.1. rəqabət orqanının
çağırışı üzrə gəlmək;
62.4.2. rəqabət orqanının tələbi
ilə məlumatları təqdim etmək və izahat
vermək;
62.4.3. rəqabət orqanının tələbi
ilə maddi sübut olan sənədləri (onların
təsdiq olunmuş surətini) və əşyaları
(onların nümunələrini) təqdim etmək;
62.4.4. rəqabət komissiyasının iclaslarında
iştirak etmək;
62.4.5. qanunla qorunan məxfi və konfidensial
məlumatları yaymamaq.
Maddə 63.
İş üzrə dinləmələr
63.1. Rəqabət komissiyası işin mahiyyəti
ilə əlaqəli bazar subyektlərindən, onların
işçilərindən, habelə işdə iştirak
edən digər şəxslərdən izahat ala bilər.
63.2. Rəqabət qanunvericiliyinin pozulması
haqqında iş üzrə izahat verməli şəxslər
məktubla, teleqramla və ya elektron rabitə
vasitələrindən istifadə edilməklə
çağırıla bilərlər.
63.3. Rəqabət komissiyası rəqabət
qanunvericiliyinin pozulmasına görə işin
tərəflərindən ayrı-ayrılıqda izahat
alır.
63.4. İzahat alınmazdan əvvəl rəqabət
komissiyası izahatı alınan şəxsin
şəxsiyyətini, onun vəzifəsini və baxılan
işə aidiyyətini müəyyənləşdirir,
tərcüməçinin xidmətinə ehtiyacını
aydınlaşdırır, hüquq və vəzifələrini
ona izah edir.
63.5. İş üzrə dinləmələr
zamanı rəqabət komissiyası işin mahiyyəti
üzrə aşağıdakıları
aydınlaşdırır:
63.5.1. cavabdehin rəqabət qanunvericiliyinin
pozulmasında özünü təqsirli bilməsini;
63.5.2. cavabdehin rəqabət qanunvericiliyinin pozulması
faktını təsdiq etməsini.
63.6. Rəqabət komissiyası şahid və
digər şəxs qismində çağırılanlara
hansı məqsədlə
çağırıldıqlarını bildirir və
işin mahiyyəti üzrə öz izahatını
verməsini təklif edir. Bundan sonra çağırılan
şəxsə suallar verilir.
Maddə 64.
Rəqabət qanunvericiliyinin pozulması haqqında baxılan
iş üzrə sübuta yetirilməli olan hallar
64.1. Rəqabət qanunvericiliyinin pozulması
haqqında işə baxılması zamanı
aşağıdakılar sübut edilməlidir:
64.1.1. rəqabət qanunvericiliyinin pozulması, bu
hadisənin başvermə vaxtı və yeri;
64.1.2. rəqabət qanunvericiliyini pozan bazar subyekti
və onun vəzifəli şəxsləri;
64.1.3. bazar subyektinin və (və ya) vəzifəli
şəxsinin təqsiri;
64.1.4. rəqabət qanunvericiliyinin pozulması
nəticəsində əldə olunmuş qanunsuz gəlir
müəyyən olunduqda onun məbləği.
Maddə 65.
Rəqabət qanunvericiliyinin pozulmasının sübutları
65.1. Rəqabət qanunvericiliyinin pozulmasını,
buna görə məsuliyyətə cəlb edilən bazar
subyektinin (onun vəzifəli (məsul) şəxsinin)
təqsirini və işin mahiyyəti üzrə
əhəmiyyət kəsb edən digər halları
müəyyən etmək məqsədilə rəqabət
orqanının vəzifəli şəxsinin bu
Məcəllə və Azərbaycan Respublikasının
digər normativ hüquqi aktları ilə müəyyən
edilmiş qaydada əsas kimi götürə bildiyi faktiki
məlumatlar və əşyalar rəqabət qanunvericiliyinin
pozulması haqqında işlər üzrə sübut hesab
edilir.
65.2. Bazar subyektlərinin vəzifəli
şəxsləri tərəfindən
rəsmiləşdirilmiş, iş üçün
əhəmiyyət kəsb edən faktları və halları
əks etdirən qərarlar, aktlar, arayışlar,
məlumatlar (o cümlədən fotoşəkillər və
audiovizual materiallar), izahatlar və digər sənədlər
(o cümlədən qanunvericiliyə müvafiq olaraq aşkar
edilmiş və rəsmiləşdirilmiş elektron
sənədlər və yazışmalar) rəqabət
qanunvericiliyinin pozulması haqqında iş üzrə
yazılı sübut hesab olunur.
65.3. Rəqabət qanunvericiliyinin pozulması
haqqında iş üçün aşağıdakılar
maddi sübut hesab edilir:
65.3.1. rəqabət qanunvericiliyinin pozulmasının
bilavasitə obyekti olan əşyalar;
65.3.2. Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş tələblərə
cavab verməyən, o cümlədən saxta, keyfiyyətsiz,
yararlılıq müddəti başa çatmış,
habelə qanunla tələb olunduqda markalanması, lazımi
məhsul görünüşü, gigiyenik, uyğunluq,
mənşə sertifikatı, keyfiyyəti və
təhlükəsizliyini təsdiq edən sənədləri
olmayan, yaxud piratçılıq yolu ilə əldə
edilmiş mallar;
65.3.3. rəqabət qanunvericiliyinin pozulması
haqqında işə baxılması üçün
lazım olan sənədlər və əşyalar, o
cümlədən elektron məlumat daşıyıcıları.
65.4. Maddi sübutların növü, miqdarı,
çəkisi və əlamətləri
təfərrüatı ilə rəqabət orqanı
tərəfindən tərtib olunmuş protokolda təsvir
olunur, habelə onların fotoşəkilləri işə
əlavə edilir. Maddi sübutlar onların
bütövlüyü və tədqiq (sınaq) zamanı
uyğunluğu yoxlanacaq parametrlərin tədqiq (sınaq)
aparılacaq yerə çatdırılması
üçün kifayət edən vaxt ərzində
dəyişməz qalacaq şəkildə
qablaşdırılmalı və qablaşdırmanın
bütövlüyü pozulmadan onu açmağın
mümkün olmayacağı şəkildə
möhürlənməlidir.
65.5. Bazar subyektləri maddi sübutun
əlamətləri olan sənədləri və
əşyaları rəqabət orqanının
vəzifəli şəxsinə təqdim etməlidirlər.
65.6. Yoxlama zamanı və ya bazar subyektinin
özünün təqdim etdiyi hallarda, rəqabət
orqanının rəhbəri rəqabət qanunvericiliyinin pozulmasına
dair sübutların götürülməsi haqqında
qərar qəbul edir. Maddi sübutlar bu Məcəllənin
50-ci maddəsi ilə müəyyən edilmiş qaydada
götürülür. Rəqabət orqanının
vəzifəli şəxsi rəqabət qanunvericiliyinin
pozulması haqqında işin nəticələri üzrə
qərar qüvvəyə mindikdən sonra 30 (otuz) gün
müddətində (habelə inzibati və (və ya)
məhkəmə qaydasında
mübahisələndirildikdə müvafiq qərar
qüvvəyə minənədək) maddi sübutların
qorunub saxlanılması üçün zəruri
tədbirlər görməlidir. Bu müddət bitdikdən
sonra rəqabət orqanı maddi sübutlar haqqında
qərar (sübutun qaytarılması və ya məhv
edilməsi) qəbul etməlidir.
65.7. Rəqabət orqanı tərəfindən
götürülmüş maddi sübutlar işin
nəticələri üzrə müvafiq qərar qəbul
edildiyi tarixdən bu Məcəllənin 65.6-cı
maddəsində müəyyən edilmiş
müddətdə özünün müvəqqəti saxlanc
anbarlarında, yaxud qanun pozuntusuna yol vermiş bazar subyektinin
bina və anbarlarında müvəqqəti saxlanması
üçün yerləşdirilir. Maddi sübutların
yerləşdirildiyi sahələr (anbarlar)
möhürlənməlidir. İş inzibati və (və ya)
məhkəmə qaydasında mübahisələndirildiyi
təqdirdə bu müddət rəqabət orqanının
əsaslandırılmış qərarı ilə
məhkəmənin qərarı qüvvəyə
minənədək uzadıla bilər.
65.8. Rəqabət orqanı tərəfindən
götürülmüş tez xarab olan maddi sübut kimi
götürülmüş mallar satılmaq üçün
bu Məcəllənin 65.10-cu maddəsində
müəyyən edilmiş qaydada ixtisaslaşmış
təşkilatlara verilir, bu mümkün olmadıqda və ya
satılmasına qanunla yol verilmədikdə isə məhv
edilir. İşin nəticəsi üzrə bazar subyekti
tərəfindən rəqabət qanunvericiliyinin pozulması
müəyyən edilmədikdə satılmış və ya
məhv edilmiş sübut qismində
götürülmüş məhsulun dəyəri bu
Məcəllənin 65.11-ci maddəsi ilə müəyyən
edilmiş qaydada bazar subyektinə ödənilir.
65.9. Azərbaycan Respublikasının normativ hüquqi
aktlarına zidd olaraq özgənin əmtəə
nişanından, sənaye və əqli mülkiyyət
hüquqlarından, reklam materiallarından, qablaşdırma
formalarından istifadə olunması və ya mal və
xidmətlərin təqlidi, yaxud bu Məcəllənin 22-ci
və 23-cü maddələrinin tələblərinin
pozulması halları müəyyən edildikdə,
rəqabət orqanının vəzifəli şəxsi
tərəfindən protokollaşdırılaraq, mallar həm
istehsalçıdan, həm də satıcıdan
götürülür.
65.10. Bu Məcəllənin 65-ci maddəsinə
əsasən götürülmüş malların digər
məqsədlər üçün istifadəsi,
satılması, qaytarılması, məhv edilməsi və ya
dəyərinin ödənilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.
65.11. Rəqabət qanunvericiliyinin pozulması
haqqında iş üzrə sübutlar hərtərəfli,
tam və obyektiv qiymətləndirilməlidir.
Qiymətləndirilməmiş sübutlar iş üzrə
qərar qəbul edilərkən sübut kimi nəzərə
alınmır.
65.12. Rəqabət orqanının sorğularına
bazar subyekti tərəfindən qəsdən yalan və ya
natamam məlumatların verildiyi aşkar edildikdə, bu hal
sübutların qiymətləndirilməsi zamanı həmin
məlumatları təqdim etmiş bazar subyektinin
əleyhinə istifadə oluna bilər.
65.13. Bu Məcəlləyə zidd olaraq əldə
olunan sübutlardan istifadə edilməsinə yol verilmir.
Maddə 66.
Rəqabət komissiyasının qərarları
66.1. Rəqabət qanunvericiliyinin pozulması
haqqında qaldırılmış işlər üzrə
rəqabət komissiyası aşağıdakı
qərarları qəbul edir:
66.1.1. işə baxılmasının təxirə
salınması haqqında;
66.1.2. işlərin bir icraatda birləşdirilməsi
haqqında;
66.1.3. konkret hallar üzrə ayrı-ayrı
işlərə ayrılması haqqında;
66.1.4. işə baxılmasının
dayandırılması haqqında;
66.1.5. baxılması dayandırılmış
işin bərpası haqqında;
66.1.6. işə baxılmasına xitam verilməsi
haqqında;
66.1.7. rəqabət qanunvericiliyinin pozulması və
tətbiq edilən məsuliyyət tədbirləri haqqında;
66.1.8. iş üzrə materialların aidiyyəti
dövlət orqanlarına göndərilməsi haqqında;
66.1.9. işə yenidən baxılması haqqında.
66.2. Bu Məcəllənin 66.1-ci maddəsinə
uyğun olaraq rəqabət komissiyasının qəbul etdiyi
qərarda aşağıdakılar qeyd olunmalıdır:
66.2.1. rəqabət komissiyası sədrinin və
üzvlərinin soyadı, adı, atasının adı,
vəzifəsi;
66.2.2. işin baxıldığı tarix, yer və
ünvan;
66.2.3. haqqında işə baxılan bazar subyekti
barədə məlumat;
66.2.4. iş üzrə baxılan hallar;
66.2.5. qanun pozuntusu kimi qiymətləndirilən
hərəkətlərin təsbit olunduğu normativ hüquqi
aktların müddəaları;
66.2.6. rəqabət qanunvericiliyinin pozulmasına
görə məsuliyyət nəzərdə tutan müvafiq
normativ hüquqi aktın normaları;
66.2.7. müvafiq halda iş üzrə icraatın
birləşdirilməsinin və ya ayrılmasının
əsasları;
66.2.8. müvafiq halda baxılan işin
dayandırılmasının və ya ona xitam verilməsinin
əsasları;
66.2.9. qərardan şikayət verilməsinin
müddəti və qaydası;
66.2.10. malların və nümunə kimi
götürülən əşyaların miqdarı,
dəyəri, sənədlərin adı və digər maddi
sübutlar və onların qiymətləndirilməsi
barədə məlumatlar;
66.2.11. iş üzrə rəqabət komissiyası
tərəfindən müəyyən edilən hallar,
çıxarılan nəticələr, həmin
nəticələrin qanun üzrə əsaslandırması
və bu nəticələr üzrə yerinə yetirilməsi
zəruri olan tələblər (qanun pozuntularının aradan
qaldırılması və yol verilmiş qanun pozuntularına
görə məsuliyyət tədbirlərinin tətbiqi
və sazişlərin ləğv edilməsi, yaxud
müqavilələrin məcburi bağlanması).
66.3. İşə baxılması üzrə
tələb olunan materiallar vaxtında təqdim
edilmədikdə, rəqabət komissiyası
təsərrüfat subyektlərinin mənafeyinə, yaxud
ictimai mənafeyə zərər vuran halların
qarşısını almaq məqsədilə, həmin hallar
üzrə işə baxılmasını
yekunlaşdırmadan, qanun pozuntusunun təxirə salınmadan
dayandırılması və (və ya) tələb edilən
materialların vaxtında təqdim edilməməsinə
görə maliyyə sanksiyalarının tətbiq edilməsi
haqqında qərar qəbul edir.
66.4. Rəqabət komissiyası tərəfindən bu
Məcəllənin 66.1.6-cı və 66.1.7-ci
maddələrində qeyd edilən qərarlar 10 (on) iş
günü müddətində, digər qərarlar isə 5
(beş) iş günü müddətində işin
tərəflərinə təqdim edilir.
66.5. Rəqabət komissiyanın qərarlarının
nəticələrinə dair məlumatlar rəqabət
orqanının rəsmi internet səhifəsində dərc
edilir.
Maddə 67.
Rəqabət qanunvericiliyinin pozulması haqqında işə
baxılmasının təxirə salınması, iş
üzrə icraatın birləşdirilməsi və
ayrılması
67.1. Rəqabət komissiyası müddəti və
səbəbləri göstərməklə,
aşağıdakı hallarda rəqabət qanunvericiliyinin
pozulması haqqında işə baxılmasının
təxirə salınması barədə qərar qəbul
edir:
67.1.1. tərəflərdən (onların
nümayəndələrindən) üzrlü
səbəbdən iclasa gəlmək imkanının
olmadığı barədə əsaslandırılmış
vəsatət daxil olduqda;
67.1.2. iş üzrə əlavə sübutlara (o
cümlədən sənəd və məlumatlara) zərurət
yarandıqda;
67.1.3. rəqabət komissiyası tərəfindən
iclasda ekspertlərin iştirakı zəruri hesab edildikdə;
67.1.4. işə baxılmasına mane olan digər
hallarda.
67.2. Rəqabət qanunvericiliyinin pozulması
haqqında işə baxılması təxirə
salınarkən, işə baxılma müddəti
dayandırılmır.
67.3. Rəqabət komissiyası tərəfindən
aşağıdakı hallarda işlərin icraatının
birləşdirilməsi haqqında qərar qəbul edilir:
67.3.1. eyni bazar subyekti barəsində mahiyyətcə
eyni olan qanun pozuntusu halları üzrə müxtəlif
işlərə baxıldıqda;
67.3.2. baxılan işlərdə qanun pozuntusuna yol
verməsi iddia olunan bazar subyekti haqqında eyni hallar
üzrə yeni müraciətlər daxil olduqda;
67.3.3. baxılan bir neçə işin
tərəfləri eyni bazar subyektləri olduqda.
67.4. Rəqabət komissiyası
aşağıdakı hallarda iş üzrə icraatın
ayrılması haqqında qərar qəbul edir:
67.4.1. işdə baxılan hallar ayrı-ayrı
şəxslərin mənafeyi ilə bağlı olduqda və
onların eyni vaxtda yekunlaşdırılması mümkün
olmadıqda (əlavə sübutlar, araşdırma, ekspertiza
və s. tələb olunduqda);
67.4.2. işə baxılması zamanı
araşdırılan hallarla bilavasitə əlaqəsi olmayan
digər qanun pozuntusu aşkar edildikdə;
67.4.3. işə baxılmasını
mürəkkəbləşdirən, sübuta yetirilmiş
qanun pozuntuları ilə bağlı olmayan digər hal
yarandıqda.
Maddə 68.
Rəqabət qanunvericiliyinin pozulması haqqında işə
baxılmasının dayandırılması
68.1. Rəqabət komissiyası müddəti,
səbəbləri və bununla bağlı
görülməli olan tədbirlər
göstərilməklə, aşağıdakı hallarda
rəqabət qanunvericiliyinin pozulması haqqında işə
baxılmasının dayandırılması haqqında
qərar qəbul edir:
68.1.1. həmin işin mahiyyəti ilə
əlaqədar məhkəmələrdə və ya
aidiyyəti dövlət orqanlarında işə
baxıldıqda;
68.1.2. məhkəmələrdə və ya
aidiyyəti dövlət orqanlarında, həmçinin
rəqabət orqanında baxılmaqda olan başqa işin
nəticələrinin rəqabət komissiyasında baxılan
iş üçün əhəmiyyəti olduqda;
68.1.3. ekspertiza aparılması və ya
mütəxəssis rəyinin alınması zərurəti
yarandıqda;
68.1.4. işlə əlaqədar müvafiq sorğular
verilməsi və yerində yoxlama aparılması
zərurəti yarandıqda;
68.1.5. cari vəziyyətdə işə
baxılmasını qeyri-mümkün edən digər
hallarda.
68.2. İşin dayandırılmasına səbəb
olmuş hallar aradan qaldırıldıqdan sonra işə
baxılması rəqabət komissiyasının qərarı
ilə davam etdirilir və həmin gündən müddət
axımı bərpa olunur.
Maddə 69.
Rəqabət qanunvericiliyinin pozulması haqqında işə
baxılmasına xitam verilməsi
69.1. Rəqabət komissiyası
aşağıdakı hallarda rəqabət qanunvericiliyinin
pozulması haqqında işlərin baxılmasına xitam
verilməsi haqqında əsaslandırılmış
qərar qəbul edir:
69.1.1. bu Məcəllənin 77.1-ci maddəsində
qeyd olunan pozuntunu törədən şəxs iş
qaldırılmazdan əvvəl qanun pozuntusunu bu
Məcəllənin 60-cı maddəsinə uyğun olaraq
könüllü surətdə aradan qaldırdıqda;
69.1.2. rəqabət qanunvericiliyinin pozulması iş
üzrə araşdırmalar zamanı təsdiq olunmadıqda
və ya sübuta yetirilmədikdə;
69.1.3. rəqabət qanunvericiliyinin pozulmasına yol
vermiş şəxs, bu Məcəllənin 13.1-ci, 16.4-cü
və 28.3-cü maddələrinə uyğun olaraq
məsuliyyətdən azad edildikdə;
69.1.4. rəqabət qanunvericiliyinin pozulması halı
üzrə məsuliyyətə cəlbetmə müddəti
keçdikdə;
69.1.5. fiziki şəxs vəfat etdikdə və ya
hüquqi şəxs ləğv edildikdə;
69.1.6. pozuntunu törədən təsərrüfat
subyektini və ya onun olduğu yeri müəyyən etmək
mümkün olmadıqda.
Maddə 70.
Rəqabət qanunvericiliyinin pozulmasına və
məsuliyyət tədbirlərinin tətbiqinə dair
qərarlar
Rəqabət qanunvericiliyinin pozulması sübuta
yetirildikdə rəqabət komissiyası rəqabət
qanunvericiliyinin pozulmasına və məsuliyyət
tədbirlərinin tətbiqinə dair qərar qəbul edir.
Maddə 71.
Qərarların elan edilməsi
71.1. Rəqabət komissiyası tərəfindən
qəbul edilən qərarın nəticə hissəsi,
həmçinin qərardan şikayət etmə qaydası
və müddəti qərar qəbul edildikdən sonra elan
edilir.
71.2. Qəbul edilən qərar tərəflərə
təqdim olunduğu gündən qüvvəyə minir.
Maddə 72.
Rəqabət qanunvericiliyinin pozulmasının aradan
qaldırılması barədə göstərişin
verilməsi
72.1. Qanun pozuntusuna yol vermiş bazar subyektlərinə
rəqabət komissiyasının yekun qərarı
əsasında həmin pozuntuların aradan
qaldırılması və qərarda icrası zəruri hesab
edilən digər hərəkətlərin yerinə
yetirilməsi barədə rəqabət orqanı
tərəfindən icrası məcburi göstəriş
verilir.
72.2. Göstərişdə qanun pozuntusunun
dayandırılması və (və ya) onun
nəticələrinin aradan qaldırılması ilə
bağlı konkret tələblər, yerinə yetirilməli
olan hərəkətlər və onların yerinə
yetirilməsi müddəti əks olunmalıdır.
72.3. Rəqabət qanunvericiliyinin pozulmasının
aradan qaldırılması barədə göstəriş
rəqabət komissiyası tərəfindən qərar
qəbul edildiyi tarixdən 10 (on) iş günü
müddətinə qanun pozuntusuna yol vermiş işin
tərəflərinə təqdim edilir.
Maddə 73.
Rəqabət qanunvericiliyinin pozulmasının aradan
qaldırılması barədə göstərişin cavabdeh
tərəfindən icrası
73.1. Bu Məcəllənin 49.2.1.1-ci və 66.1.7-ci maddələrində
qeyd olunmuş qərarların icrası ilə bağlı
qanun pozuntusuna yol vermiş bazar subyektinə rəqabət
orqanı tərəfindən rəqabət qanunvericiliyinin pozulmasının
dayandırılması və (və ya) nəticələrinin
aradan qaldırılması barədə göstəriş
verilir.
73.2. Rəqabət qanunvericiliyinin pozulmasının
dayandırılması və (və ya) nəticələrinin
aradan qaldırılması barədə rəqabət
orqanının göstərişi onun təqdim edildiyi
tarixdən göstərişlə müəyyən
edilmiş müddət ərzində bazar subyekti
tərəfindən icra olunmalıdır. Cavabdehin
hərəkətlərinin rəqabətin
məhdudlaşdırılmasına əhəmiyyətli
və ya bərpaolunmaz təsiri məlum olan hallarda
göstərilən müddət rəqabət
orqanının əsaslandırılmış qərarı
əsasında azaldıla və ya bazar subyektinin
əsaslandırılmış vəsatəti üzrə
artırıla bilər.
73.3. Göstərişin icra müddətinin
bitməsinə 10 (on) iş günü (icra müddəti 20
(iyirmi) gündən az olan göstərişlər
üzrə isə 3 (üç) iş günü)
qalanadək bazar subyektinin əsaslandırılmış
vəsatəti üzrə rəqabət orqanı bu
müddətin 3 (üç) aydan çox olmayan
müddətə uzadılması haqqında qərar qəbul
edir.
73.4. Göstərişin vaxtında icra
edilməməsi onun icrasından yayınma və ya qismən
icra olunması hesab edilir və bu Məcəllənin 12-ci
fəsli ilə müəyyən edilmiş qaydada
məsuliyyətə səbəb olur.
73.5. Bazar subyektləri rəqabət orqanının
qərar və göstərişlərini tam və qismən
icra etmədikdə, bununla bağlı maliyyə sanksiyası
tətbiq edildikdən sonra həmin qərarda qeyd olunmuş müddətdə
icra olunmadıqda həmin qərar və göstərişlərin
məcburi icrasını təmin etmək məqsədilə
rəqabət orqanı məhkəmədə iddia
qaldırır.
73.6. Bazar subyektinin rəqabət qanunvericiliyinə zidd
olaraq qəbul etdiyi qərarların (aktların) ləğvi
və ya qismən dəyişdirilməsi haqqında
göstəriş yerinə yetirilmədikdə, rəqabət
orqanı onların tam və ya qismən ləğv
edilməsi öhdəliyinin həmin bazar subyektinin
üzərinə qoyulması, yaxud rəqabət
qanunvericiliyinin pozulması baş verənədək mövcud
olmuş vəziyyətin məcburi bərpa olunması
haqqında məhkəmədə iddia qaldırır.
73.7. Rəqabət qanunvericiliyinin pozulmasına yol
verilməklə bağlanılmış sazişlərin
və müqavilələrin ləğvi və ya
dəyişdirilməsi, həmçinin bazarın digər
subyektləri ilə sazişlərin və müqavilələrin
məcburi qaydada bağlanılması, habelə razılıq
alınmadan həyata keçirilən və rəqabəti
məhdudlaşdıran təmərküzləşmələrə
yol vermiş təsərrüfat subyektlərinin (maliyyə
institutlarına münasibətdə Mərkəzi Bankla
razılaşdırmaqla) bölünməsi haqqında
göstəriş icra edilmədikdə, rəqabət
orqanı onların tam və ya qismən etibarsız hesab
edilməsi (etibarsızlığının təsdiq
edilməsi) və nəticələrinin tətbiq edilməsi,
yaxud məcburi qaydada bağlanılması barədə iddia
ilə məhkəməyə müraciət edir.
73.8. Bazar subyektləri tətbiq edilmiş maliyyə
sanksiyalarını vaxtında ödəmədiyi və ya
qismən ödədiyi halda, rəqabət orqanı maliyyə
sanksiyalarının, yaxud onların ödənilməmiş
hissəsinin məcburi qaydada ödənilməsi
üçün tələbin məcburi icraya
yönəldilməsi haqqında qərar qəbul edir və bu
qərarın məcburi icrası “İcra haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən icra
məmurları tərəfindən həyata keçirilir.
73.9. Qanunla müəyyən edilmiş hallarda
rəqabət orqanı təsərrüfat subyektlərinin
bank hesablarına həbs qoyulması barədə
məhkəmədə iddia qaldırmaq hüququna malikdir.
Maddə 74.
İş üzrə materialların aidiyyəti dövlət
orqanlarına göndərilməsi
74.1. İş üzrə materialların aidiyyəti
dövlət orqanlarına göndərilməsi haqqında
qərar araşdırma zamanı bazar subyektinin (onun
vəzifəli (məsul) şəxslərinin) əməllərində
cinayət əlamətləri aşkar olunduqda qəbul edilir.
74.2. Qəbul edilmiş qərar və iş
üzrə materiallar rəqabət orqanı
tərəfindən aidiyyəti dövlət orqanlarına
göndərilir və bu barədə işin
tərəflərinə məlumat verilir.
74.3. Göndərilən materialların surəti
rəqabət orqanında saxlanılır.
Maddə 75.
Rəqabət qanunvericiliyinin pozulması haqqında işə
yenidən baxılması
75.1. Rəqabət komissiyası iş üzrə
qərar qəbul etdikdən sonra həmin işlə
əlaqədar onun mahiyyəti üzrə əsaslı
dəlillər olan yeni hallar aşkar edildikdə (o
cümlədən işin tərəflərinin verdiyi
məlumatların yanlış və ya natamam olduğu
aşkarlandıqda) və həmin hallarla bağlı
dəlillər araşdırılaraq işə yenidən
baxılması zəruri hesab olunduqda rəqabət orqanı
tərəfindən işə yenidən baxılması üçün
iş üzrə materiallar rəqabət komissiyasına
təqdim edilir.
75.2. Rəqabət komissiyası təqdim edilmiş
materiallara baxaraq rəqabət qanunvericiliyinin pozulması
əlaməti üzrə işə yenidən baxılması
haqqında qərar qəbul edir. Qərarda işə
yenidən baxılmasının zəruriliyi və onun
əsasları təfsilatı ilə qeyd olunmalıdır.
Qərar 5 (beş) iş günü müddətində
işin tərəflərinə təqdim edilir.
75.3. Bu Məcəllənin 75.1-ci maddəsinə
uyğun olaraq işin mahiyyəti üzrə yeni hallar
barədə dəlilləri işin tərəfləri
təqdim etdikdə və həmin hallarla bağlı
dəlillər araşdırılaraq işə yenidən
baxılması zəruri hesab olunmadıqda rəqabət
komissiyası işə yenidən baxılmasından imtina
barədə qərar qəbul edir və həmin qərar 5
(beş) iş günü müddətində işin
tərəflərinə təqdim olunur.
75.4. Rəqabət qanunvericiliyinin pozulması
haqqında işə yenidən baxılması bu
Məcəllənin 11-ci fəslində nəzərdə
tutulmuş qaydada həyata keçirilir.
75.5. Rəqabət orqanı tərəfindən
qərara və göstərişlərə dəyişiklik
edilməsi, onun etibarsız sayılması və ləğvi
qaydaları bu Məcəllə və “İnzibati icraat
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
12-ci fəsil
RƏQABƏT
QANUNVERİCİLİYİNİN POZULMASINA GÖRƏ
MƏSULİYYƏT
Maddə 76.
Rəqabət qanunvericiliyinin pozulması
76.1. Bazar subyektləri, onların vəzifəli
(məsul) şəxsləri, habelə rəqabət
orqanının vəzifəli şəxsləri
rəqabət qanunvericiliyinin pozulmasına görə qanunda
müəyyən edilmiş hallarda məsuliyyət
daşıyırlar.
76.2. Rəqabət orqanı və onun vəzifəli
şəxsləri bu Məcəlləyə uyğun olaraq
əldə etdikləri məxfi və konfidensial
məlumatların (kommersiya, vergi, gömrük və bank sirri,
habelə statistik sirr sayılan məlumatlar daxil olmaqla) qanuna
uyğun olaraq qorunmasını təmin etməlidirlər.
76.3. Təsərrüfat subyekti tərəfindən bu
Məcəllənin 77-ci maddəsində qeyd edilmiş
pozuntulardan iki və daha artıq qadağan edilmiş
hərəkətə yol verildikdə maliyyə
sanksiyalarının hesablanması toplanma qaydasında və ya
yol verilmiş bir qadağan olunmuş hərəkət iki
və daha artıq pozuntu xarakteri daşıdıqda daha
ağır maliyyə sanksiyasının tətbiq olunması
ilə həyata keçirilir.
Maddə 77.
Rəqabət qanunvericiliyinin pozulmasına görə
maliyyə sanksiyaları
77.1. Aşağıdakı qanun pozuntularına yol
vermiş təsərrüfat subyektinə rəqabət
orqanı tərəfindən qərarın verildiyi ildən
əvvəlki maliyyə ilində həmin təsərrüfat
subyektinin ümumi dövriyyəsinin 3 faizinə qədər
məbləğdə maliyyə sanksiyası tətbiq edilir:
77.1.1. bu Məcəlləyə əsasən
tələb olunan hallarda və bu Məcəllənin 60-cı
maddəsi nəzərə alınmaqla rəqabət
orqanına natamam, yanlış və ya saxta sənəd
və məlumatların təqdim edilməsi və ya həmin
sənəd və məlumatların gecikdirilməklə
təqdim edilməsi, yaxud təqdim edilməməsi;
77.1.2. bazar subyektinin iqtisadi fəaliyyəti ilə
bağlı yoxlamanın predmetinə dair yoxlamanı həyata
keçirən rəqabət orqanının vəzifəli
şəxslərinin suallarına cavab verməkdən imtina
edilməsi, yaxud natamam, qeyri-dəqiq və ya gecikdirilmiş
cavabların verilməsi yolu ilə yoxlamaların və
araşdırmaların keçirilməsinə, habelə
işə baxılmasına maneçilik
törədilməsi, yaxud zəruri şəraitin
yaradılmaması;
77.1.3. bazar subyektləri və ya onların
vəzifəli şəxsləri tərəfindən
rəqabət orqanının öz vəzifələrinin,
qərarlarının və göstərişlərinin
icrasına maneçilik törədilməsi;
77.1.4. rəqabət orqanı tərəfindən
aparılan yoxlama zamanı yoxlamanı həyata
keçirən rəqabət orqanının vəzifəli
şəxsləri tərəfindən vurulmuş
möhürün bütövlüyünün pozulması.
77.2. Aşağıdakı qanun pozuntularına yol
vermiş təsərrüfat subyektinə rəqabət
orqanı tərəfindən qərarın verildiyi ildən
əvvəlki maliyyə ilində həmin təsərrüfat
subyektinin ümumi dövriyyəsinin 5 faizinə qədər
məbləğdə maliyyə sanksiyası tətbiq edilir:
77.2.1. qadağan edilmiş rəqabəti məhdudlaşdıran
şaquli sazişlərin bağlanılması;
77.2.2. rəqabəti məhdudlaşdıran
uyğunlaşdırılmış
hərəkətlərə yol verilməsi (bu
hərəkətlər onların fəaliyyətlərinin
qəsdən əlaqələndirilməsini əhatə
etmədikdə və davamlı xarakter daşımadıqda);
77.2.3. nisbətən yüksək bazar
gücündən sui-istifadəyə yol verilməsi;
77.2.4. bu Məcəllənin 22-ci maddəsində qeyd
edilən hallar istisna olunmaqla, haqsız rəqabətə yol
verilməsi;
77.2.5. razılıq alınmalı
təmərküzləşmələrlə bağlı
rəqabət orqanına ərizənin təqdim
edilməməsi və ya təmərküzləşmə
baş verdikdən sonra təqdim edilməsi.
77.3. Aşağıdakı qanun pozuntularına yol
vermiş təsərrüfat subyektinə rəqabət
orqanı tərəfindən qərarın verildiyi ildən
əvvəlki maliyyə ilində həmin təsərrüfat
subyektinin ümumi dövriyyəsinin 10 faizinə qədər
məbləğdə maliyyə sanksiyası tətbiq edilir:
77.3.1. rəqabəti məhdudlaşdıran
üfüqi sazişlərin bağlanılması;
77.3.2. rəqabətin
məhdudlaşdırılmasına yönəldilmiş
uyğunlaşdırılmış
hərəkətlərə yol verilməsi (bu
hərəkətlər onların fəaliyyətlərinin
qəsdən əlaqələndirilməsini əhatə
etdikdə və davamlı xarakter daşıdıqda);
77.3.3. hökmran mövqedən sui-istifadəyə yol
verilməsi;
77.3.4. rəqabət orqanının qərar (bu
Məcəllənin 77.1-ci maddəsi üzrə pozuntular
istisna olmaqla) və göstərişlərinin yerinə
yetirilməməsi və ya qismən yerinə yetirilməsi;
77.3.5. rəqibin sahibkarlıq fəaliyyətinin
təqlidi;
77.3.6. haqsız rəqabətə təkrar və ya
davamlı olaraq yol verilməsi.
77.4. Bu maddənin məqsədləri
üçün təsərrüfat subyektlərinin
birliklərinin, yaxud şəxslər qrupunun toplam
dövriyyəsi onun üzvlərinin dövriyyəsinin
cəmi kimi hesablanır.
77.5. Bu Məcəllənin 77.1-77.3-cü
maddələrinə uyğun olaraq maliyyə
sanksiyasının tətbiq edilməsi üçün
təsərrüfat subyektlərinin toplam dövriyyəsini
müəyyən etmək, yaxud təsərrüfat
subyektlərinin birliklərinin üzvlərinin
dövriyyəsini hesablamaq mümkün olmadıqda (bazar
subyekti tərəfindən məlumatlar təqdim
edilmədikdə və aidiyyəti dövlət orqanlarında
(qurumlarında) həmin məlumatlar mövcud olmadıqda),
qanun pozuntusuna yol vermiş təsərrüfat subyektinə
və ya təsərrüfat subyektlərinin birliklərinin
üzvlərinin hər birinə aşağıdakı
məbləğlərdə maliyyə sanksiyası tətbiq
edilir:
77.5.1. Bu Məcəllənin 77.1-ci maddəsi ilə
müəyyən edilən hallara görə 10.000 manatdan
50.000 manata qədər;
77.5.2. Bu Məcəllənin 77.2-ci maddəsi ilə
müəyyən edilən hallara görə 50.001 manatdan
200.000 manata qədər;
77.5.3. Bu Məcəllənin 77.3-cü maddəsi
ilə müəyyən edilən hallara görə 200.001
manatdan – 500.000 manatadək.
77.6. Bu Məcəllənin 39.2-ci maddəsində
nəzərdə tutulan hərəkətlərin
rəqabət orqanı ilə razılaşdırmadan
həyata keçirilməsinə görə təbii inhisar
subyektinə rəqabət orqanı tərəfindən
qərarın verildiyi ildən əvvəlki maliyyə
ilində həmin təbii inhisar subyektinin ümumi
dövriyyəsinin 0,2 faizi məbləğində maliyyə
sanksiyası tətbiq edilir.
77.7. Bu Məcəllənin 39.5-ci, 39.6-cı və
40.2-ci maddələrində nəzərdə tutulan
məlumatların (sənədlərin) müəyyən
edilmiş qaydada və vaxtda təqdim edilməməsinə
görə təbii inhisar subyektinə rəqabət orqanı
tərəfindən qərarın verildiyi ildən
əvvəlki maliyyə ilində həmin təbii inhisar
subyektinin ümumi dövriyyəsinin 0,2 faizi
məbləğində maliyyə sanksiyası tətbiq edilir.
77.8. Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilmiş qiymətlərin əsassız
olaraq dəyişdirilməsinə görə təbii inhisar
subyektinə rəqabət orqanı tərəfindən
qərarın verildiyi ildən əvvəlki maliyyə
ilində həmin təbii inhisar subyektinin ümumi
dövriyyəsinin 0,1 faizi məbləğində maliyyə
sanksiyası tətbiq edilir.
77.9. Bu Məcəllənin 40.3-cü maddəsinə
uyğun olaraq rəqabət orqanının
səlahiyyətlərinin həyata keçirilməsi
üçün tələb olunan sənədlərin və
ya başqa məlumatların vaxtında təqdim
edilməməsinə, habelə yoxlamaların həyata
keçirilməsi üçün zəruri şəraitin
yaradılmamasına görə təbii inhisar subyektinə
rəqabət orqanı tərəfindən qərarın
verildiyi ildən əvvəlki maliyyə ilində həmin
təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,1 faizi məbləğində
maliyyə sanksiyası tətbiq edilir.
77.10. Bu Məcəllənin 40.5-ci maddələri
ilə müəyyən edilmiş
hərəkətlərə yol verilməsinə görə
təbii inhisar subyektinə rəqabət orqanı
tərəfindən qərarın verildiyi ildən
əvvəlki maliyyə ilində həmin təbii inhisar
subyektinin ümumi dövriyyəsinin 0,1 faizi
məbləğində maliyyə sanksiyası tətbiq edilir.
77.11. Rəqabət orqanının bu
Məcəllənin tələblərinə uyğun olaraq
qəbul edilmiş qərarlarının pozulmasına
görə təbii inhisar subyektinə rəqabət orqanı
tərəfindən qərarın verildiyi ildən
əvvəlki maliyyə ilində həmin təbii inhisar
subyektinin ümumi dövriyyəsinin 0,1 faizi məbləğində
maliyyə sanksiyası tətbiq edilir.
77.12. Bu Məcəlləyə əsasən bazar
subyektlərinə tətbiq edilən maliyyə
sanksiyalarına əlavə olaraq rəqabət orqanı
və ya rəqabət komissiyası bazar subyektlərinin
rəqabət qanunvericiliyinin pozulması (bu
Məcəllənin 77.1-ci maddəsində müəyyən
edilmiş əməllərə görə istisna olmaqla)
hallarında birbaşa iştirak edən vəzifəli
şəxslərinə onların aldığı sonuncu
vəzifə maaşlarının 2 (iki) mislinədək
məbləğdə maliyyə sanksiyasının tətbiqi
ilə bağlı qərar qəbul edir.
77.13. Rəqabət orqanı dövlət
inhisarında olan xidmətləri göstərən bazar
subyektlərinin bu Məcəllə ilə qadağan
edilmiş pozuntunu törətməsi nəticəsində əldə
etdikləri qanunsuz gəlirin dövlət büdcəsinə
ödənilməsi haqqında həmin subyektlərə
icrası məcburi olan göstərişlər verir.
77.14. Rəqabət qanunvericiliyinin pozulmasına
görə bu Məcəllənin 77.1-77.3-cü, 77.5-ci və
77.12-ci maddələrində qeyd edilmiş hər bir hal
üçün işin xüsusiyyətinə uyğun olaraq
maliyyə sanksiyalarının hesablanması və tətbiqi
meyarları və qaydaları müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təsdiq edilir.
Maddə 78.
Maliyyə sanksiyalarından azadolmalar və
güzəştlər
78.1. Bazar subyekti bu Məcəllənin 77.2.1-ci,
77.2.2-ci, 77.3.1-ci və 77.3.2-ci maddələrində qeyd olunan
pozuntular barədə məlumat və sübutu rəqabət
orqanına könüllü olaraq təqdim etdiyi, verilmiş
məlumatların araşdırma üçün əsas
olduğu və qanun pozuntusunun aşkarlanmasına səbəb
olduğu halda həmin bazar subyekti aşağıdakı
bütün şərtlər təmin edildikdə maliyyə
sanksiyalarından azad edilir:
78.1.1. saziş iştirakçısı olaraq
rəqabət orqanına könüllü müraciət edib
rəqabət qanunvericiliyinin pozulmasında öz təqsirini
etiraf etdikdə;
78.1.2. müraciətdən əvvəl qadağan
olunmuş fəaliyyəti dayandırdıqda və işə
baxılma müddəti bitənədək onun
nəticələrini könüllü aradan
qaldırdıqda;
78.1.3. işə mahiyyəti üzrə baxılıb
yekun qərar qəbul edilənədək rəqabət
orqanı ilə əməkdaşlıq etdikdə;
78.1.4. qadağan olunmuş rəqabəti
məhdudlaşdıran sazişin
təşəbbüskarı olmadıqda və digər bazar
subyektlərini qadağan edilən fəaliyyətlərə
qoşulmağa məcbur və təşviq etmədikdə;
78.1.5. müraciətin edilməsi faktını,
habelə təqdim olunan məlumat və sübutları
məxfi saxladıqda;
78.1.6. iddia olunan pozuntuya dair sübutları məhv
etmədikdə.
78.2. Bazar subyektinin müraciəti rəqabət
orqanı tərəfindən araşdırmaya
başlandıqdan və lazımi sübutlar toplandıqdan
sonra təqdim edildikdə maliyyə sanksiyalarından azadolma
tətbiq edilmir.
78.3. Bazar subyektinin maliyyə sanksiyasından azad
olunması maraqlı şəxslərin onlara vurulmuş
zərərlə bağlı məhkəməyə
müraciət etmək hüququnu istisna etmir. Bu halda iş
üzrə araşdırma, yoxlama və ya işə
baxılması davam edən müddətdə vurulmuş
zərərlə bağlı maraqlı şəxslərin
iş üzrə materiallara çıxışı
yalnız məhkəmə aktı əsasında təmin edilir.
78.4. Təqdim edilmiş məlumat və sübutlar bu
Məcəllənin 78.1-ci maddəsində qeyd edilmiş
şərtlərə tam cavab vermədiyi, habelə bu
Məcəllənin 78.2-ci maddəsində qeyd olunan hallarda
bazar subyekti pozuntunun aşkarlanmasında əhəmiyyətli
rol oynadıqda və bütövlükdə bu
Məcəllənin 78.1.2-78.1.5-ci maddələrində qeyd
olunan şərtlər yerinə yetirildikdə, rəqabət
orqanı tərəfindən həmin bazar subyektinə maliyyə
sanksiyaları üzrə güzəştlər tətbiq
edilir.
78.5. Bu Məcəllənin 78.4-cü maddəsində
qeyd olunan maliyyə sanksiyaları üzrə
güzəştlər rəqabət komissiyası
tərəfindən aşağıdakı qaydada
hesablanır:
78.5.1. birinci müraciət edən bazar subyektinə
maliyyə sanksiyaları məbləğinin 30 faizindən 50
faizinədək;
78.5.2. ikinci müraciət edən bazar subyektinə
maliyyə sanksiyaları məbləğinin 20 faizindən 30
faizinədək;
78.5.3. digər müraciət edən bazar
subyektlərinə maliyyə sanksiyaları
məbləğinin 20 faizinədək.
Maddə 79.
Maliyyə sanksiyalarını yüngülləşdirən
və ağırlaşdıran amillər
79.1. Bu Məcəllənin 77-ci maddəsinə
əsasən tətbiq edilən maliyyə sanksiyalarını
yüngülləşdirən amillər
aşağıdakılardır:
79.1.1 rəqabət qanunvericiliyinin pozulması
iddiası ilə müraciət edən subyektin bazar
subyektinə qarşı şikayətini geri
götürməsi;
79.1.2. barəsində iş qaldırılan bazar
subyekti tərəfindən işə dair mahiyyəti
üzrə qərar qəbul edilməmişdən
əvvəl rəqabət qanunvericiliyinin pozulması
hallarının könüllü aradan qaldırılması
və (və ya) qanun pozuntusunun etiraf edilməsi;
79.1.3. tələb olunan sənəd və
məlumatların bazar subyekti tərəfindən tam və
vaxtında təqdim edilməsi;
79.1.4. bu Məcəllənin 78-ci maddəsi
nəzərə alınmaqla, bazar subyekti tərəfindən
işə baxılma zamanı rəqabət komissiyası
ilə tam əməkdaşlıq edilməsi;
79.1.5. tətbiq edilə biləcək maliyyə
sanksiyasının bazar subyektinin ödəmə
qabiliyyətini ağırlaşdırması;
79.1.6. bazar subyektinin ölkənin sosial-iqtisadi
həyatında könüllü iştirak etməsi (o
cümlədən xeyriyyə fəaliyyəti və korporativ
sosial məsuliyyət tədbirləri).
79.2. Bu Məcəllənin 77-ci maddəsinə
əsasən tətbiq edilən maliyyə sanksiyalarını
ağırlaşdıran amillər
aşağıdakılardır:
79.2.1. barəsində iş qaldırılan bazar
subyekti tərəfindən işə dair mahiyyəti
üzrə qərar çıxarılana qədər
haqsız rəqabət hallarının könüllü
aradan qaldırılmaması;
79.2.2. bazar subyekti tərəfindən rəqabət
qanunvericiliyinin pozulmasına təkrar və davamlı olaraq yol
verilməsi;
79.2.3. bazar subyekti tərəfindən qanun pozuntusunun
törədilməsi nəticəsində qanunsuz gəlirin
əldə edilməsi;
79.2.4. bazar subyekti tərəfindən işə
baxılma zamanı rəqabət komissiyası ilə
əməkdaşlıqdan qismən və ya tamamilə imtina
edilməsi.
Maddə 80.
Maliyyə sanksiyalarının dövlət
büdcəsinə ödənilməsi
80.1. Rəqabət orqanının maliyyə
sanksiyasının dövlət büdcəsinə
ödənilməsi barədə göstərişində
başqa müddət nəzərdə tutulmadıqda,
göstərişin təqdim edilməsindən sonrakı 30
(otuz) gün müddətində bazar subyekti
tərəfindən göstərişdə qeyd edilən
məbləğ dövlət büdcəsinə
ödənilir.
80.2. Bazar subyekti rəqabət orqanının
maliyyə sanksiyasının dövlət büdcəsinə
ödənilməsi barədə göstərişində
qeyd olunan məbləği bu Məcəllənin 80.1-ci
maddəsində qeyd edilən müddətdə
ödəmədikdə, rəqabət orqanı
ödənişin təmin edilməsi məqsədilə
göstərişi məcburi icraya yönəldir.
80.3. Təsərrüfat subyektlərinin
birliklərinin hər hansı üzvü maliyyə
sanksiyalarının tətbiq edilməsinə səbəb
olmuş qanun pozuntusunun əmələ gəlməsində
iştirak etmədiyini sübut etdikdə, həmin
təsərrüfat subyektinə maliyyə sanksiyaları
tətbiq edilmir.
Maddə 81. Qanunsuz
gəlir
81.1. Bu Məcəllənin 11-ci, 12-ci, 16-cı, 18-ci,
20-25-ci, 27-ci və 33-cü maddələrinin
tələblərinin pozulmasına yol verilməklə
həyata keçirilən iqtisadi fəaliyyət
nəticəsində əldə olunan gəlir qanunsuz gəlir
hesab olunur.
81.2. Rəqabət komissiyası tərəfindən
maliyyə sanksiyalarının müəyyən edilməsi
zamanı qanunsuz gəlirin məbləğinin tətbiqi
nəzərdə tutulan maliyyə sanksiyasından çox
olduğu aşkar edildikdə maliyyə sanksiyasının
məbləği fərqə mütənasib olaraq
artırılır və əldə edilən qanunsuz
gəlirin 50 faizi həcmində əlavə maliyyə
sanksiyası tətbiq edilir.
81.3. Bu Məcəllənin 81.2-ci maddəsində
nəzərdə tutulan əlavə maliyyə sanksiyası
rəqabət orqanı tərəfindən
aşağıdakı hallarda tətbiq edilmir:
81.3.1. tələb olunan sənəd və
məlumatlar bazar subyekti tərəfindən tam və
vaxtında təqdim edildikdə;
81.3.2. bazar subyekti işə baxılma zamanı
rəqabət komissiyası ilə tam əməkdaşlıq
etdikdə;
81.3.3. tətbiq edilə biləcək maliyyə
sanksiyasının bazar subyektinin maliyyə vəziyyətini
ağırlaşdıra biləcəyi müəyyən
edildikdə.
81.3.4. Bu Məcəllənin 81.3-cü maddəsi
rəqabət qanunvericiliyinin pozulması nəticəsində
qanunsuz gəlirin əldə olunmasına təkrar yol verən
bazar subyektlərinə tətbiq edilmir.
81.5. Rəqabət komissiyası tərəfindən
qanunsuz gəlir məbləğinin ödənilməsinə
dair qərar verilənədək rəqabət qanunvericiliyinin
pozulması nəticəsində zərər çəkən
digər bazar subyektinə zərərinin əvəzi
ödənildikdə qanunsuz gəlirin məbləği
qaytarılan zərərə mütənasib olaraq azaldılır.
Maddə 82.
Müddətlər
82.1. Rəqabət qanunvericiliyinin pozulmasına
görə məsuliyyətə cəlb etmə müddəti
bu Məcəllənin 77.1-ci maddəsində qeyd edilən
pozuntulara görə 3 (üç) il, 77.2-ci, 77.3-cü və
77.6–77.13-cü maddələrində qeyd edilən pozuntulara
görə 5 (beş) il təşkil edir.
82.2. Rəqabət qanunvericiliyinin pozulması ilə
əlaqədar bu Məcəllənin 82.1-ci maddəsində
nəzərdə tutulmuş müddətlərdə və bu
Məcəllənin 31.11-ci, 73.5–73.7-ci və 73.9-cu
maddələrində nəzərdə tutulmuş hallarda
rəqabət orqanı bazar subyektinə qarşı iddia
tələbi ilə məhkəməyə müraciət
edir.
82.3. Bu Məcəllə ilə nəzərdə
tutulmuş hallarda sazişlərin və ya
müqavilələrin etibarsız hesab edilməsi
(etibarsızlığının təsdiq edilməsi) və
nəticələrinin tətbiq edilməsi barədə
rəqabət orqanının iddialarına Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə
müəyyən edilmiş müvafiq müddətlər
tətbiq olunur.
82.4. Bu Məcəllənin 77-ci maddəsində qeyd
edilən pozuntulara görə məsuliyyətə cəlb
etmə müddəti həmin pozuntuların törədildiyi
gündən hesablanır. Uzanan və davam edən qanun
pozuntusuna görə məsuliyyətə cəlb etmə
müddəti müvafiq pozuntunun
dayandırıldığı tarixdən,
dayandırılmadığı halda isə rəqabət
orqanı tərəfindən aşkar edildiyi gündən
hesablanır.
82.5. Rəqabət qanunvericiliyinin pozulması ilə
əlaqədar rəqabət orqanına müraciət daxil
olduqda və ya rəqabət qanunvericiliyinin pozulması
əlamətləri üzrə rəqabət orqanı
tərəfindən iş qaldırıldıqda bu
Məcəllənin 77-ci maddəsində qeyd edilən
pozuntulara görə məsuliyyətə cəlb etmə
müddətinin hesablanması dayanır.
Maddə 83.
Rəqabət qanunvericiliyinin pozulması ilə bağlı
işin yekunu üzrə rəqabət orqanının
qərar və göstərişlərindən, onun
vəzifəli şəxslərinin
hərəkətlərindən
(hərəkətsizliyindən) şikayətin verilməsi
83.1. Maraqlı şəxslər hüquqlarını
və qanunla qorunan mənafelərini müdafiə etmək
məqsədilə rəqabət orqanının, onun
vəzifəli şəxslərinin qərarlarından,
göstərişlərindən,
hərəkətlərindən və ya
hərəkətsizliyindən inzibati qaydada və
məhkəməyə şikayət vermək hüququna
malikdirlər.
83.2. Rəqabət orqanının qərar və
göstərişlərindən məhkəməyə və
inzibati qaydada şikayət verilməsi həmin qərar və
göstərişlərin icrasının
dayandırılması barədə qərar qəbul edildiyi
hallar istisna olmaqla icrasını dayandırmır.
Maddə 84. Rəqabət
qanunvericiliyinin pozulması nəticəsində vurulmuş
zərərin ödənilməsi
Azərbaycan Respublikasının rəqabət
qanunvericiliyinin pozulması nəticəsində vurulmuş
zərərin müəyyən edilməsi və
ödənilməsinə məhkəmə qaydasında
baxılır.