AZƏRBAYCAN RESPUBLİKASININ SU MƏCƏLLƏSİ[1]
Azərbaycan
Respublikasının daxili suları, Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsi Azərbaycan xalqının milli
sərvətidir, əhalinin həyat və fəaliyyətinin
əsası kimi istifadə edilir və qorunur, flora və
faunanın mövcudluğunu təmin edir.
Bu Məcəllə
Azərbaycan Respublikasında su obyektlərinin istifadəsi
və mühafizəsi ilə bağlı hüquq
münasibətlərini tənzimləyir.
I bölmə
Ümumi müddəalar
I fəsil
Əsas müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Məcəllədə
istifadə olunan anlayışlar aşağıdakı
mənaları ifadə edir:
su obyekti — relyef formasına
uyğun olaraq yerin üstündə və ya yerin
təkində suların toplandığı
sərhədləri, ölçüləri və xüsusi
su rejimi əlamətləri olan təbii formalaşmış
landşaft, yaxud geoloji struktur;
su ehtiyatları — su
obyektlərində yerləşən, istifadə edilən
və ya istifadə oluna bilən yerüstü və
yeraltı suların həcmi;
su obyektinin istifadəçisi —
su obyektlərindən istifadə hüququ verilmiş fiziki
və ya hüquqi şəxs;
su istehlakçısı —
öz ehtiyaclarını təmin etmək üçün su
obyektlərinin istifadəçisindən su alan fiziki və ya
hüquqi şəxs;
su təsərrüfatı
obyekti — su ehtiyatlarının istifadəsi, bərpası
və mühafizəsi ilə əlaqədar
yaradılmış sistemlər və qurğular;
su obyektlərinin çirklənməsi
— suların keyfiyyətini pisləşdirən, su
obyektlərinin səthinə, dibinə və ətrafına
mənfi təsir edən zərərli maddələrin
tökülməsi və ya axıdılması;
su obyektlərinin
zibillənməsi — su obyektlərindən istifadəni
çətinləşdirən əşyaların, bərk
maddə hissəciklərinin müxtəlif çeşidli
texnogen mənşəli və məişət
tullantılarının tökülməsi;
suların zərərli
təsiri — su altında qalma, subasma, müəyyən
əraziyə və ya obyektə yerüstü və
yeraltı suların digər təsiri.
Maddə 2. Azərbaycan Respublikasının su qanunvericiliyi
Azərbaycan
Respublikasının su qanunvericiliyi bu Məcəllədən
və ona uyğun qəbul edilmiş digər normativ hüquqi
aktlardan ibarətdir.
Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrində
su obyektlərinin istifadəsi və mühafizəsi ilə
əlaqədar müəyyən edilmiş qaydalar bu
Məcəllədə nəzərdə tutulmuş qaydalara
uyğun gəlmədikdə Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin qaydaları tətbiq edilir.
Ələt azad iqtisadi
zonasında su münasibətləri “Ələt azad iqtisadi
zonası haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq tənzimlənir.[2]
Maddə 3. Su obyektlərinin istifadəsi və
mühafizəsi ilə bağlı münasibətlərin
tənzimlənməsi
Su obyektlərinin və
onların su ehtiyatlarının istifadə edilməsi və
mühafizəsi ilə bağlı münasibətlər (su
münasibətləri) Azərbaycan Respublikasının su
qanunvericiliyi ilə tənzimlənir.
Sudan istifadəyə dair
münasibətlər bu Məcəllə ilə
yanaşı, Azərbaycan Respublikasının mülki
qanunvericiliyi, sanitariya-epidemioloji salamatlıq haqqında və
digər qanunvericilik aktları ilə tənzimlənir.
İçməli su
təchizatı və tullantı sularının
axıdılması ilə bağlı münasibətlər
bu Məcəllə ilə yanaşı, Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə
tənzimlənir.
Su obyektlərinin istifadəsi
və mühafizəsi zamanı meydana çıxan torpaq,
meşə, yerin təki, bitki və heyvanat aləmi, atmosfer havası,
yeraltı suların kəşfiyyatına və
mühafizəsinə dair münasibətlər, habelə
əmlak və digər inzibati münasibətlər bu
Məcəllə ilə yanaşı, Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə
tənzimlənir.
Maddə 4. Su münasibətlərinin obyektləri
Su münasibətlərinin
obyektləri Azərbaycan Respublikasının su fondu (bundan
sonra — su fondu adlanacaq) və su fondunun torpaqlarıdır.
Maddə 5. Azərbaycan Respublikasının su fondu
Azərbaycan
Respublikasının daxili suları və Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına
mənsub olan bölməsi (su obyektləri) Azərbaycan
Respublikasının su fondunu təşkil edir.
Təbiətdə
yerləşməsinə, fiziki-coğrafi, inzibati-ərazi
xüsusiyyətlərinə və digər
əlamətlərinə görə Azərbaycan
Respublikasının su fondu yerüstü, yeraltı, sərhəd
su obyektlərindən və Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsindən ibarətdir.
Maddə 6. Yerüstü su obyektləri
Yerüstü su
obyektlərinə yerin səthində yerləşən
yerüstü su axınları, yerüstü sututarları,
buzlaqlar və qar örtükləri daxildir.
Yerüstü su obyektləri
onların yerüstü su hissəsindən, yatağından,
dibindən və sahilindən ibarətdir.
Yerüstü su obyektləri
çoxtəyinatlı əhəmiyyətə malikdir, eyni
vaxtda bir və ya bir neçə məqsəd
üçün istifadə edilə bilər.
Maddə 7. Yeraltı su obyektləri
Yeraltı su obyektlərinə
yerin təkində yerləşən geoloji strukturlarda
toplanmış sular daxildir.
Yeraltı su obyektlərinə
aşağıdakılar aid edilir:
sulu horizont — yerin təkində
geoloji struktur daxilində yerləşən,
məsamələrində, çatlarında və
boşluqlarında hidravlik əlaqəli sular toplanmış
süxurlar təbəqəsi (lay);
yeraltı su hövzəsi —
yerin təkində müəyyən geoloji struktur daxilində
yerləşən sulu horizontların, sulu çatların
məcmusu;
yeraltı su yatağı — sulu
horizontun yeraltı suların çıxarılması
üçün əlverişli şəraiti olan hissəsi.
Maddə 8. Sərhəd su obyektləri
Dövlətlərarası
sərhədi müəyyən edən, sərhədi
kəsib keçən, yaxud üzərindən Azərbaycan
Respublikasının dövlət sərhədi keçən
yerüstü və yeraltı su obyektləri sərhəd su obyektlərinə
aid edilir.
Sərhəd su
obyektlərindən istifadə və onların
mühafizəsi qaydaları bu Məcəllə, dövlət
sərhədi haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri
və sazişləri ilə müəyyən edilir.
Maddə 9. Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsi
Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin istifadəsi və mühafizəsi
qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının
digər qanunvericilik aktları və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq hüquq aktları ilə müəyyən edilir.
Maddə 10. Su fondunun torpaqları
Su fondu torpaqlarına
aşağıdakı torpaq sahələri daxildir:
Azərbaycan
Respublikasının daxili sularının və Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına
mənsub olan bölməsinin (su obyektlərinin) altında olan
torpaqlar;
su mühafizəsi
zonalarının və sahilboyu zolaqların altında olan
torpaqlar, adalar və bataqlıqlar;
hidrotexniki qurğuların, meliorasiya
və su təsərrüfatı obyektlərinin altında olan
torpaqlar.
Maddə 11. Su münasibətlərinin subyektləri
Su münasibətlərinin
subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar
Respublikası, bələdiyyələr, su obyektlərinin
istifadəçiləri və su istehlakçılarıdır.
Azərbaycan Respublikası
və Naxçıvan Muxtar Respublikası adından su
münasibətlərində öz səlahiyyətləri
daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak
edirlər.
Bələdiyyələr su
münasibətlərində onların statusunu
müəyyən edən qanunvericilik aktları ilə
verilən səlahiyyətlər daxilində iştirak
edirlər.
Su obyektlərinin
istifadəçiləri və su istehlakçıları su
münasibətlərində Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada öz
ehtiyaclarını ödəmək və sahibkarlıq
fəaliyyəti göstərmək məqsədi ilə
iştirak edirlər.
II fəsil
Su obyektləri
üzərində mülkiyyət formaları
Maddə 12. Su obyektləri üzərində
dövlət mülkiyyəti
Dövlət
mülkiyyətində aşağıdakı su obyektləri
saxlanılır:
Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsi;
sərhəd su obyektləri;
dövlət və yerli
əhəmiyyətli yerüstü və yeraltı su
obyektləri;
xüsusi qorunan su obyektləri.
Dövlət
mülkiyyətində olan su obyektləri qanunvericilikdə
müəyyən edilmiş qaydada istifadəyə,
icarəyə və bələdiyyə mülkiyyətinə
verilə bilər.
Dövlət
mülkiyyətində olan su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində dövlət
idarəetməsini öz səlahiyyətləri daxilində
müvafiq icra hakimiyyəti orqanları həyata
keçirirlər.
Maddə 13. Su obyektləri üzərində
bələdiyyə mülkiyyəti
Bələdiyyə
mülkiyyətində olan torpaq sahələrində
yerləşən yerli əhəmiyyətli su obyektləri
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada bələdiyyə
mülkiyyətinə verilir.
Bələdiyyə
mülkiyyətində olan su obyektləri Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada ümumi istifadəyə, fiziki və
hüquqi şəxslərin istifadəsinə,
icarəsinə, habelə Azərbaycan Respublikası
vətəndaşlarının və hüquqi
şəxslərinin mülkiyyətinə verilə bilər.
Bələdiyyə
mülkiyyətində olan su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində dövlət
idarəetməsini qanunvericiliklə onlara verilmiş
səlahiyyətlər daxilində bələdiyyələr həyata
keçirirlər.
Maddə 14. Su obyektləri üzərində xüsusi
mülkiyyət
Xüsusi mülkiyyətdə
olan torpaq sahələrində yerləşən, başqa su
obyektləri ilə hidravliki əlaqəsi və axarı
olmayan kiçik sututarlar Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada
xüsusi mülkiyyətə verilə bilər.
Azərbaycan
Respublikasının vətəndaşı olmayan
şəxslərə və xarici dövlətlərin
hüquqi şəxslərinə su obyektləri xüsusi
mülkiyyətə verilə bilməz.
Maddə 15. Su təsərrüfatı obyektləri
üzərində mülkiyyət
Su təsərrüfatı
obyektləri üzərində dövlət,
bələdiyyə və xüsusi mülkiyyət formaları
müəyyən edilir.
Dövlət
mülkiyyətində saxlanılan, bələdiyyə və
xüsusi mülkiyyətə verilən su
təsərrüfatı obyektləri Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə
müəyyən edilir.
II bölmə
Su
obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində idarəetmə
III fəsil
Su
obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində idarəetmənin təşkili
Maddə 16. Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində idarəetmənin əsas
prinsipləri
Su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində idarəetmə
aşağıdakı prinsiplərə əsaslanır:
iqtisadiyyatın inkişafı
və ətraf mühitin qorunması;
əhalinin keyfiyyətli su
ilə təchizatı;
ərazi
quruluşu prinsipi ilə
hövzə prinsipinin uzlaşdırılması; [3]
su obyektlərinin
mühafizəsi üzrə idarəetmə funksiyaları
ilə su obyektlərindən istifadə və su
təsərrüfatı funksiyalarının ayrılması.
Maddə 17. Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində idarəetmə sistemi
Su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində idarəetmə
sisteminə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanları, Naxçıvan Muxtar
Respublikasının müvafiq icra hakimiyyəti orqanı,
qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların
vəkil etdikləri su obyektlərinin istifadəçiləri
və bələdiyyələr daxildir.
Maddə 18. Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində dövlətin
vəzifələri
Su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində dövlətin
vəzifələri aşağıdakılardır:
su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində dövlət
siyasətini müəyyən etmək;
su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində investisiya siyasətini
həyata keçirmək;
su obyektlərinin istifadəsi,
mühafizəsi və suların zərərli təsirinin
qarşısının alınması üzrə
dövlət proqramlarını təsdiq etmək və həyata
keçirmək, onların yerinə yetirilməsinə
nəzarəti təşkil etmək;
su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində elmi-texniki siyasəti
həyata keçirmək;
su obyektlərinin dövlət
monitorinqinin, dövlət su kadastrının aparılması,
habelə yerüstü və yeraltı suların uçotunun
həyata keçirilməsi qaydalarını
müəyyən etmək;
su obyektlərindən
istifadə qaydalarını müəyyən etmək və
həyata keçirilməsini təmin etmək;
su obyektlərindən xüsusi
məqsədlər üçün istifadəyə dair icazə verilməsi
qaydalarını müəyyən etmək; [4]
su obyektlərinin suqoruyucu
zonalarının, sahilboyu mühafizə zolaqlarının
müəyyən edilməsi qaydalarını, onların
ərazilərindən istifadə rejimini müəyyən
etmək;
su obyektlərinin istifadəsi,
bərpası və mühafizəsinin iqtisadi
tənzimlənməsi prinsiplərini, su obyektindən və
sudan istifadəyə görə haqqı və onların
ödəmə qaydalarını, sudan istifadəyə
görə güzəşt və azadolmaları müəyyən etmək; [5]
su obyektlərinin istifadəsi
və mühafizəsi üzərində dövlət
nəzarətinin təşkili və həyata
keçirilməsi qaydalarını müəyyən etmək;
su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində standartları,
normaları və qaydaları təsdiq etmək;
su obyektlərinin
vəziyyətinə təsir edən təsərrüfat
və digər obyektlərin tikintisi, yenidən qurulması
layihələrinin dövlət ekoloji ekspertizasını
təmin etmək;
suların vəziyyətinə
zərərli təsir edən texniki qurğuların,
avadanlıqların, müəssisələrin və digər
obyektlərin istismara buraxılmasını qadağan
etmək, habelə onların istismarını
məhdudlaşdırmaq, dayandırmaq və fəaliyyətini
qadağan etmək;
xüsusi qorunan su
obyektlərinin, o cümlədən içməli su
təchizatı mənbələrinin, onların sanitariya
mühafizəsi zonaları və dairələrinin rejimini
təyin etmək;
sel sularına qarşı,
habelə suların zərərli təsirinin
qarşısının alınması və
nəticələrinin ləğv edilməsi üçün
tədbirlər hazırlamaq və həyata keçirmək;
fəlakət və
qəzaların, ekoloji böhranların
qarşısının alınması və
nəticələrinin ləğv edilməsi üçün
tədbirlər müəyyən etmək, onların həyata
keçirilməsini təşkil etmək;
su obyektlərində sudan
ödənişli istifadənin təyinatlarını
müəyyən etmək;[6]
su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində Azərbaycan
Respublikasının su qanunvericiliyi ilə müəyyən
edilmiş digər vəzifələri həyata
keçirmək.
Sudan istifadəyə
görə güzəşt və azadolmalar yalnız təbii
su mənbələrindən aşağıdakı
məqsədlərlə götürülən suya
görə tətbiq edilir: [7]
müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) emal
edilməmiş su ilə təmin edilməsi;
müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən içməli su təchizatı;
müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən elektrik enerjisinin istehsalı
üçün sudan istifadə edilməsi.
Maddə 19. Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində Naxçıvan Muxtar
Respublikasının vəzifələri
Su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində Naxçıvan Muxtar
Respublikasının vəzifələri
aşağıdakılardır:
su obyektlərinin istifadəsi,
bərpası və mühafizəsi sahəsində
proqramları hazırlamaq, təsdiq etmək və həyata
keçirmək, onların yerinə yetirilməsinə
nəzarəti təşkil etmək;
su obyektlərinin istifadəsi
və mühafizəsi üzərində dövlət
nəzarətini həyata keçirmək;
qanunvericiliklə
müəyyən olunmuş qaydada su obyektlərindən
istifadəni məhdudlaşdırmaq, dayandırmaq və
qadağan etmək;
sel sularına qarşı,
suların zərərli təsirinin qarşısının
alınması və nəticələrinin ləğv
edilməsi, habelə təbii fəlakət və qəza
nəticəsində zədələnmiş və ya
dağılmış su təsərrüfatı
obyektlərinin bərpa olunması üçün
tədbirlər hazırlamaq və həyata keçirmək;
suların vəziyyətinə
təsir edən təsərrüfat və digər
obyektlərin istismara buraxılmasını qadağan
etmək, habelə onların istismarını
məhdudlaşdırmaq, dayandırmaq və fəaliyyətini
qadağan etmək;
su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş digər vəzifələri həyata
keçirmək.
Maddə 20. Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində bələdiyyələrin
səlahiyyətləri
Su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində
bələdiyyələrin səlahiyyətləri
aşağıdakılardır:
bələdiyyə
mülkiyyətində olan sututarlara sahiblik, onlardan istifadə
və onlar barədə sərəncam vermək;
su obyektlərinin istifadəsi
və mühafizəsi tədbirləri həyata
keçirilərkən müvafiq ərazilərdə ətraf
mühitin mühafizəsi tədbirlərinə əməl
olunmasına nəzarət etmək;
müvafiq ərazilərdə
yerləşən su obyektlərində içməli və
məişət su təchizatı üçün su
götürülməsini, çimərlik, heyvanların
suvarılması qadağan edilən yerlərini və sudan
ümumi istifadənin digər şərtlərini, habelə
su obyektlərindən istirahət və idman üçün istifadə yerlərini müvafiq icra hakimiyyəti
orqanları ilə razılaşdıraraq
müəyyən etmək; [8]
su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş digər səlahiyyətləri həyata keçirmək.
IV fəsil
Su
obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində dövlət tənzimlənməsi
Maddə 21. Su təsərrüfatı balansları
Su təsərrüfatı
balansları müvafiq ərazidə su ehtiyatları ilə
suya tələbatın müqayisəli hesabat
materiallarından ibarətdir.
Su təsərrüfatı
balansları müvafiq ərazilərin su obyektlərində su
ehtiyatlarının mövcudluğunu və onlardan istifadə
dərəcəsini qiymətləndirmək məqsədi
ilə tərtib edilir və su obyektlərinin istifadəsi
və mühafizəsi məsələlərində
planlaşdırmanın aparılması və
qərarların qəbul edilməsi üçün
istifadə olunur.
Su təsərrüfatı
balansları respublika, su hövzələri və
inzibati-ərazi vahidləri üzrə müvafiq icra
hakimiyyəti orqanları və müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurumlar tərəfindən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tərtib edilir.[9]
Tərtib edilən respublika üzrə
illik su təsərrüfatı balansının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq
edilməsi qaydasını müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.[10]
Maddə 22. Su ehtiyatlarının kompleks istifadəsi
və mühafizəsi sxemləri
Su ehtiyatlarının kompleks
istifadəsi və mühafizəsi sxemləri su
ehtiyatlarının vəziyyəti və su obyektlərinin
istifadəsi və mühafizəsi perspektivləri
barədə sistemli tədqiqat və layihə
materiallarını özündə birləşdirir.
Su ehtiyatlarının kompleks
istifadəsi və mühafizəsi sxemləri su
təsərrüfatı tədbirlərini və
ölkənin su ehtiyatlarına olan perspektiv
tələbatını müəyyən etmək, su
obyektlərinin səmərəli istifadəsi və
mühafizəsini təmin etmək, habelə suların
zərərli təsirinin qarşısını almaq və
onun nəticələrini aradan qaldırmaq məqsədi
ilə işlənib hazırlanır.
Su ehtiyatlarının kompleks
istifadəsi və mühafizəsi sxemləri müvafiq icra
hakimiyyəti orqanları tərəfindən işlənib
hazırlanır.
Su ehtiyatlarının kompleks
istifadəsi və mühafizəsi sxemlərinin işlənib
hazırlanması, razılaşdırılması,
dövlət ekspertizası, təsdiqi və həyata
keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 23. Su obyektlərinin istifadəsi,
mühafizəsi və suların zərərli təsirinin
qarşısının alınması üzrə
dövlət proqramları
Su obyektlərinin istifadəsini,
mühafizəsini və suların zərərli təsirinin
qarşısının alınması tədbirlərini
hazırlamaq və həyata keçirmək üçün
su təsərrüfatı balansları, su ehtiyatlarının
kompleks istifadəsi və mühafizəsi sxemləri,
dövlət su kadastrı məlumatları əsasında
dövlət proqramları işlənib hazırlanır.
Su obyektlərinin istifadəsi
və mühafizəsi üzrə dövlət proqramları
müvafiq icra hakimiyyəti orqanları tərəfindən
bələdiyyələrin, su obyektlərinin istifadəçilərinin
və ictimai təşkilatların təkliflərini
nəzərə almaqla qanunvericiliklə müəyyən
olunmuş qaydada işlənib hazırlanır və yerinə
yetirilir.
Bu proqramların layihələrinə
dair “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi
hazırlanır və həmin sənədin dövlət
ekoloji ekspertizası həyata keçirilir.[11]
Maddə 24. Su obyektlərinin dövlət monitorinqi
Su obyektlərinin dövlət
monitorinqi onların vəziyyətində baş verən
proseslərin vaxtında aşkara çıxarılması
və qiymətləndirilməsi, həmin proseslərin
inkişafının proqnozlaşdırılması və
zərərli təsirinin qarşısının
alınması, həyata keçirilən su mühafizəsi
tədbirlərinin səmərəliliyinin təmin edilməsi
məqsədi ilə su obyektlərinin hidroloji və hidrogeoloji
göstəricilərinə müntəzəm
müşahidə sistemindən ibarətdir.
Su obyektlərinin dövlət
monitorinqi ətraf mühitin dövlət monitorinqi sisteminin
tərkib hissəsidir.
Su obyektlərinin dövlət
monitorinqi müvafiq icra hakimiyyəti orqanları
tərəfindən, Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada
aparılır.
Maddə 25. Suların dövlət uçotu
Suların dövlət
uçotu müəyyən olunmuş qaydada müvafiq
ərazidə mövcud olan su ehtiyatlarının
kəmiyyət və keyfiyyətinin müntəzəm olaraq
müəyyən edilməsindən ibarətdir.
Suların dövlət
uçotu su obyektlərinin səmərəli istifadəsi
və mühafizəsinin cari və perspektiv
planlaşdırılmasının təmin edilməsi
məqsədi ilə aparılır.
Suların dövlət
uçot məlumatları kəmiyyət və keyfiyyət
göstəricilərinə, onların öyrənilməsi
və istifadə dərəcəsinə görə yerüstü
və yeraltı su obyektlərinin vəziyyətini
xarakterizə edir.
Suların dövlət
uçotu Azərbaycan Respublikasında vahid sistem üzrə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada aparılır, su
obyektlərinin istifadəçilərinin və dövlət
monitorinqinin uçot məlumatlarına əsaslanır.
Maddə 26. Dövlət su kadastrı
Dövlət su kadastrı su
obyektləri, su ehtiyatları, su obyektlərindən istifadə
və su obyektləri istifadəçiləri barədə
məlumatların məcmusudur. Dövlət su kadastrı
Azərbaycan Respublikasında vahid sistem üzrə
aparılır və suların dövlət uçotu
məlumatlarına əsaslanır.
Su obyektlərinin
istifadəçiləri tərəfindən dövlət su
kadastrına daxil edilməli olan məlumatların müvafiq
icra hakimiyyəti orqanlarına təqdim edilməsi
məcburidir.
Dövlət su
kadastrının məlumatları müvafiq icra hakimiyyəti
orqanlarının qərar qəbul etməsi üçün
əsasdır.
Dövlət su kadastrı
müvafiq icra hakimiyyəti orqanları tərəfindən
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada aparılır.
Maddə 27. Su obyektlərinin vəziyyətinə
təsir edən təsərrüfat və digər
obyektlərin tikintisi və yenidən qurulması
layihələrinin dövlət ekoloji ekspertizası
Su obyektlərinin
vəziyyətinə təsir edən təsərrüfat
və digər obyektlərin tikintisi və yenidən
qurulması layihələrinin müvafiq normativlərə,
texniki şərtlərə və tələblərə
uyğunluğunu müəyyən etmək məqsədi
ilə tikinti
layihələrinin “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada ətraf mühitə təsirinin
qiymətləndirilməsi (ƏMTQ) sənədi
hazırlanır və həmin sənədin dövlət ekoloji
ekspertizası müvafiq icra hakimiyyəti orqanları
tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada aparılır.[12]
Maddə 28. Su obyektlərinin istifadəsi və
mühafizəsi üzərində dövlət
nəzarəti
Su obyektlərinin istifadəsi
və mühafizəsi üzərində dövlət nəzarəti:
su obyektlərinin istifadəsi
və mühafizəsi qaydalarına;
sudan istifadə
limitlərinə;
su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji,
hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və
qaydalara;
su mühafizəsi
zonalarının ərazisindən istifadə rejiminə və
Azərbaycan Respublikasının su qanunvericiliyinin digər
tələblərinə riayət olunmasını təmin
edir.
Su obyektlərinin istifadəsi
və mühafizəsi üzərində dövlət
nəzarətinin həyata keçirilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 29. Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində normalaşdırma
Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində normalaşdırma sudan
istifadə limitlərinin müəyyən edilməsi və su
obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji,
texnoloji, metroloji standartların, normaların və
qaydaların işlənib hazırlanması və qəbul
edilməsindən ibarətdir.
Su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində normalaşdırma
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
III bölmə
Su
obyektlərinin istifadəsi və mühafizəsi
V fəsil
Su
obyektlərindən istifadə
Maddə 30. Su obyektlərinin istifadəçiləri
Mülkiyyət formasından
asılı olmayaraq müəssisələr, idarələr,
təşkilatlar və digər hüquqi şəxslər
(bundan sonra — hüquqi şəxslər adlanacaq) Azərbaycan
Respublikasının vətəndaşları,
əcnəbilər, vətəndaşlığı olmayan
şəxslər (bundan sonra — fiziki şəxslər adlanacaq)
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada su obyektlərinin
istifadəçisi ola bilərlər.
Su obyektlərinin
istifadəçiləri qanunvericiliklə müəyyən
olunmuş qaydada suyu hüquqi və fiziki şəxslərin
(istehlakçıların) istifadəsinə verə bilərlər.
Sudan istifadənin qaydaları
və şərtləri, tərəflərin
qarşılıqlı hüquq və vəzifələri
müqavilələr əsasında tənzimlənir.
Maddə 31. Su obyektlərindən istifadə hüququ
Su obyektlərinin
mülkiyyətçisi olmayan hüquqi və fiziki
şəxslər su obyektləri üzərində aşağıdakı
hüquqlara malik ola bilərlər:
su obyektlərindən
uzunmüddətli istifadə;
su obyektlərindən
qısamüddətli istifadə;
su obyektlərindən məhdud
istifadə (su servitutları).
Su obyektlərinin
istifadəçiləri su obyektlərindən istifadəni bu
Məcəllə ilə müəyyən edilmiş qaydada
həyata keçirirlər.
Su obyektləri
istifadəçiləri su obyektlərindən istifadə
hüququna bu Məcəllə ilə nəzərdə
tutulmuş hallarda sərəncam verə bilərlər.
Su obyektlərinin icarəyə
verilməsi icarə haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada bu Məcəlləyə uyğun olaraq
həyata keçirilir.
Çayın
məcrasının dəyişməsi və ya su
obyektlərinin yerləşməsində digər
dəyişikliklər, əgər bu Məcəllədə
başqa hallar nəzərdə tutulmamışdırsa, su obyektlərindən
istifadə hüququnun dəyişməsinə və ya
istifadə hüququna xitam verilməsinə səbəb olmur.
Maddə 32. Su obyektlərindən uzunmüddətli
və qısamüddətli istifadə hüququ
Dövlət
mülkiyyətində olan su obyektləri onların istifadə
məqsədindən, ehtiyat potensialından və ekoloji
vəziyyətindən asılı olaraq Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada fiziki və ya hüquqi şəxslərin
uzunmüddətli və ya qısamüddətli
istifadəsinə verilə bilər.
Su obyektlərindən
qısamüddətli istifadə hüququ üç ilə
qədər, uzunmüddətli istifadə hüququ iyirmi
beş ilə qədər müəyyən edilir.
Su obyektlərindən
istifadə hüququnun müddəti qanunvericiliklə
müəyyən edilmiş qaydada uzadıla bilər.
Maddə 33. Su obyektlərindən məhdud istifadə
hüququ (su servitutu)
Su obyektləri
üzərində istifadə və ya mülkiyyət
hüququ verilmiş hüquqi və fiziki şəxslərin
hüquqları ümumi və xüsusi su servitutları
formasında başqa şəxslərin xeyrinə
məhdudlaşdırıla bilər.
Ümumi su servitutu formasında
hər bir şəxs, əgər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə başqa hallar nəzərdə
tutulmamışdırsa, ümumi istifadədə olan su
obyektindən və digər su obyektlərindən istifadə
edə bilər.
Maraqlı şəxslər
digər şəxslərin xüsusi istifadəsində olan su
obyektlərindən xüsusi su servitutu formasında istifadə
edə bilərlər. Xüsusi su servitutu məhkəmə
qərarı əsasında da müəyyən edilə
bilər.
Mülki qanunvericilikdə
servitutlar haqqında nəzərdə tutulmuş ümumi
qaydalar bu Məcəllənin tələblərinə zidd
olmayan həddə tətbiq edilir.
Ümumi və xüsusi su
servitutları aşağıdakı məqsədlər
üçün müəyyən edilə bilər:
texniki vasitələr və
qurğular tətbiq etmədən su götürmək;
mal-qaranı suvarmaq və su
obyektindən keçirmək;
su obyektlərindən
bərələr, qayıqlar və digər kiçik
həcmli üzən vasitələr üçün su
yolları kimi istifadə etmək.
Azərbaycan
Respublikasının su qanunvericiliyində digər su
servitutları da müəyyən edilə bilər.
Su servitutlarının həyata
keçirilməsi üçün icazə tələb edilmir. [13]
Maddə 34. Su obyektlərindən istifadə
hüququnun əldə edilməsi
Su obyektlərindən
istifadə hüququ Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada
əldə edilə bilər. Su obyektlərindən
istifadənin icazə
tələb edən növləri və
icazənin verilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanları tərəfindən
müəyyən edilir. [14]
Su obyektləri
istifadəçisi — fiziki şəxs öldükdə və
ya su obyektləri istifadəçisi — hüquqi şəxs
yenidən təşkil edildikdə su obyektlərindən istifadə
hüququ onların varislərinə keçir.
Su obyektlərindən
istifadə hüququ bir şəxsdən başqasına bu
Məcəllə ilə nəzərdə tutulmuş qaydada su
obyektlərinin istifadə məqsədlərini
dəyişməmək şərti ilə keçə
bilər.
Xüsusi mülkiyyətdə
olan su obyektlərinə hüquqlar mülki qanunvericilikdə,
torpaq qanunvericiliyində və bu Məcəllədə
nəzərdə tutulmuş qaydada əldə edilir.
Maddə 35. Su obyektlərindən istifadə
növləri
Su obyektləri
aşağıdakı məqsədlər üçün
istifadə edilə bilər:
içməli su və
məişət təchizatı;
müalicə, kurort və
sağlamlaşdırma;
istirahət və idman;
sənaye, tikinti və energetika;
kənd
təsərrüfatı;
meşə
təsərrüfatı;
hidroenergetika;
nəqliyyat;
balıqçılıq, o cümlədən akvakultura;[15]
ovçuluq;
tullantı suların
axıdılması;
yanğından mühafizə
və digər məqsədlər üçün.
Su obyekti və ya onun bir
hissəsi eyni zamanda bir və ya bir neçə məqsəd
üçün istifadəyə verilə bilər.
Maddə 36. Su obyektlərindən ümumi
məqsədlər üçün istifadə
Ümumi istifadədə olan su
obyektləri — istifadəsi hamı üçün
mümkün və açıq olan su obyektləridir. Fiziki
şəxslər belə su obyektlərindən öz ehtiyaclarını
təmin etmək məqsədi ilə (çimərlik,
qayıqla gəzinti, idman, balıq
və digər su bioresurslarının həvəskar ovu,
mal-qaranın suvarılması, texniki qurğulardan istifadə
etmədən su götürmə və s.) pulsuz istifadə
edirlər. [16]
Su obyektlərindən ümumi
məqsədlər üçün istifadə
edilərkən ətraf
mühitin mühafizəsini və dövlət sanitariya
nəzarətini həyata keçirən, balıq və digər su bioresurslarını
mühafizə edən, gəmi hərəkətini tənzim
edən orqanların tələblərinə, habelə suda
insanların həyatının qorunması, suların
səmərəli istifadəsi və mühafizə
olunması qaydalarına riayət olunmalıdır. [17]
Əhalinin həyatını
və sağlamlığını qorumaq və lazımi
sanitariya şəraiti yaratmaq məqsədi ilə müvafiq
icra hakimiyyəti orqanları və bələdiyyələr
öz səlahiyyətləri daxilində
çimərliklərin, qayıqlarla gəzintinin, balıq və digər su
bioresurslarının ovunun, içməli su və
məişət ehtiyaclarını ödəmək
üçün su götürülməsinin, mal-qaranın
suvarılmasının və sudan digər istifadənin
qadağan olduğu yerləri müəyyən edə
bilərlər, habelə şəhərin, rayonun,
qəsəbənin, kənd yaşayış
məntəqəsinin ərazisində yerləşən su obyektlərində
sudan ümumi məqsədlər üçün istifadə
olunmasının başqa şərtlərini təyin edə
bilərlər. [18]
Fiziki və hüquqi
şəxslərin mülkiyyətində olan, icarəyə
və ayrıca istifadəyə verilmiş su
obyektlərində sudan ümumi məqsədlər
üçün istifadə edilməsinə razılıq
mülkiyyətçilərin və su obyekti
istifadəçilərinin müəyyən etdikləri
şərtlərlə və ya müvafiq icra hakimiyyəti
orqanlarının qərarı ilə verilə bilər.
Ümumi istifadədə olan su
obyektlərinin sahili boyu quru zolaqlar ayrılır. Hər bir
şəxsin bu zolaqda hərəkət etmək, balıq və digər su
bioresurslarının ovu üçün istifadə
etmək, qayıqların sahilə yan almasını təmin
etmək hüququ vardır. [19]
Ümumi istifadədə olan su
obyektlərində sudan istifadənin
məhdudlaşdırılmasına yalnız Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş hallarda yol verilə bilər.
Ümumi istifadədə olan su
obyektlərini müvafiq icra hakimiyyəti orqanları
müəyyən edirlər.
Maddə 37. Su obyektlərindən ayrıca istifadə
Ayrıca istifadədə olan su
obyektləri məhdud şəxslər tərəfindən
istifadə olunan su obyektləridir.
Dövlət
mülkiyyətində olan su obyektləri müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə
müdafiə, energetika, nəqliyyat, habelə digər dövlət ehtiyacları və ya ictimai
ehtiyaclar üçün Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
bütövlükdə və ya qismən ayrıca
istifadəyə verilə bilər. [20]
Su obyektlərinin ayrıca
istifadəyə verilməsi qərarında su
obyektlərindən istifadənin məqsədi və əsas
şərtləri göstərilir.
Su obyektləri ayrıca
istifadəyə verildikdə ümumi istifadədə olan su
obyektləri sırasından çıxarılır.
Ayrıca istifadəyə
verilmiş su obyektləri müstəsna hallarda müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə ümumi
məqsədlər üçün istifadəyə verilə
və ya geri alına bilər.
Maddə 38. Su obyektlərindən xüsusi
məqsədlər üçün istifadə
Su obyektlərindən xüsusi
məqsədlər üçün istifadə icazə əsasında texniki
qurğular və avadanlıqlar tətbiq etməklə
əhalinin içməli su, məişət, müalicə,
sağlamlaşdırma və başqa ehtiyaclarını,
habelə kənd və meşə təsərrüfatı,
sənaye, energetika, nəqliyyat, balıqçılıq
və digər dövlət və ya ictimai ehtiyacları
ödəmək məqsədi ilə həyata keçirilir.
Su obyektlərindən xüsusi
məqsədlər üçün istifadə növləri
müvafiq icra hakimiyyəti orqanları tərəfindən
müəyyən edilir.[21]
Su obyektlərindən xüsusi
məqsədlər üçün istifadəyə
icazənin verilməsinə görə “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş məbləğdə
dövlət rüsumu tutulur.[22]
Maddə 39. Sudan istifadə limitləri
Sudan istifadə limitləri
hər bir su obyektləri istifadəçisi və
istehlakçısı üçün müəyyən
edilmiş su obyektlərindən su ehtiyatlarının götürülməsinin
və ya su obyektlərinə tullantı suların
axıdılmasının yol verilən həcmidir.
Sudan istifadə limitlərinin
hazırlanması və həyata keçirilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 40. Su obyektlərinin istifadəyə
verilməsi qaydaları
Su obyektləri istifadəyə icazə və sudan istifadə
müqaviləsi əsasında verilir. [23]
Yerüstü su obyektləri
istifadəyə akvatoriya sahəsinin, su
götürülməsi və tullantı sularının
axıdılması yerlərinin ayrılması şərti
ilə Azərbaycan Respublikasının su qanunvericiliyində
müəyyən edilmiş qaydada verilir.
Yeraltı suların
istifadəyə verilməsi Azərbaycan Respublikasının
su qanunvericiliyinə və Azərbaycan Respublikasının
yerin təki haqqında qanunvericiliyinə uyğun olaraq həyata
keçirilir.
Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin, sərhəd su obyektlərinin
istifadəyə verilməsi Azərbaycan Respublikasının
qanunvericiliyinə və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq həyata
keçirilir.
Maddə 41. Su obyektlərinin istifadəsinə
antiinhisar tələblər
Su obyektləri
istifadəçilərinin inhisarçı və haqsız
rəqabətə yönəlmiş, başqa su obyektləri
istifadəçilərinin, habelə digər fiziki və hüquqi
şəxslərin hüquqlarının və qanuni
maraqlarının məhdudlaşdırılması ilə
nəticələnən və ya nəticələnə
bilən fəaliyyəti qanunla qadağan edilir.
Müvafiq icra hakimiyyəti
orqanlarına sudan istifadənin inhisarlaşmasına
səbəb olan, ayrı-ayrı su obyektləri
istifadəçilərinin fəaliyyəti üçün
ayrı-seçkilik şəraiti yaradan və bununla da
başqa su obyektləri istifadəçilərinin hüquqlarının
və qanuni maraqlarının pozulması ilə
nəticələnə bilən qərarlar qəbul etmək
və fəaliyyət göstərmək qadağan edilir.
Sudan istifadə sahəsində
inhisara gətirib çıxarmaqla başqa su obyektləri
istifadəçilərinin hüquqlarının və qanuni
maraqlarının əsaslı şəkildə pozulması
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş sanksiyaların tətbiq
edilməsinə səbəb olur.
Maddə 42. Su obyektlərindən istifadənin
məhdudlaşdırılması, dayandırılması
və ya qadağan edilməsi
Su obyektlərindən və ya
onların bir hissəsindən istifadə Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
ölkənin müdafiəsinin və
təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığının,
ətraf mühitin və tarixi-mədəni irsin, habelə
başqa şəxslərin qanuni hüquqlarının və
maraqlarının qorunması məqsədi ilə
məhdudlaşdırıla, dayandırıla və qadağan
edilə bilər.
Su obyektlərinin istifadəsinin
məhdudlaşdırılması, dayandırılması
və ya qadağan edilməsi müvafiq icra hakimiyyəti
orqanlarının təqdimatına əsasən bu Məcəlləyə
və Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarına uyğun olaraq həyata keçirilir.
VI fəsil.
Sudan istifadə
edənlərin hüquqları və vəzifələri
Maddə 43. Sudan istifadə edənlərin
hüquqları
Sudan istifadə edənlərin
aşağıdakı hüquqları vardır:
sudan təkrar istifadə
etmək;
su obyektlərindən xüsusi
məqsədlərlə istifadəni həyata
keçirmək üçün müvafiq qurğular və
tikililər inşa etmək;
istifadəyə verilən suyun
və tullantı sularının kəmiyyət və
keyfiyyətini yoxlamaq;
qanunvericilikdə
nəzərdə tutulmuş hallar istisna olmaqla
müqavilədə nəzərdə tutulan miqdarda
almadığı suyun əvəzini tələb etmək;
Azərbaycan
Respublikasının su qanunvericiliyi ilə nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
Su obyektlərindən
istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə
nəzərdə tutulan qaydada bərpa edilməlidir.
Maddə 44. Sudan istifadə hüququna xitam verilməsi
Mülkiyyət formasından
asılı olmayaraq hüquqi və fiziki şəxslərin
sudan istifadə hüququna aşağıdakı hallarda xitam
verilir:
sudan istifadəyə ehtiyac qalmadıqda
və ya istifadədən imtina edildikdə;
su obyektlərindən
istifadə müddəti qurtardıqda;
hüquqi şəxslər
ləğv olunduqda;
su obyektləri qanunvericiliyə
zidd olaraq başqalarına istifadəyə verildikdə;
su obyektləri ayrıca
istifadədən geri alındıqda;
sudan istifadəyə və tullantı sularının
axıdılmasına görə haqq
ödənilmədikdə; [24]
bu Məcəllənin 18-ci
maddəsinin ikinci hissəsinin tələbləri
nəzərə alınmaqla, sudan istifadəyə görə
haqq ödənilmədikdə;
su obyektindən
nəzərdə tutulan məqsədlə (içməli su
və məişət ehtiyaclarını ödəmək
üçün istifadə hüququndan başqa) istifadə
edilmədikdə və qanunvericilikdə nəzərdə
tutulmuş digər hallarda.
Maddə 45. Sudan istifadə edənlərin
vəzifələri
Sudan istifadə edənlərin
vəzifələri aşağıdakılardır:
su obyektlərindən
səmərəli istifadə etmək, suyun qənaətlə
işlədilməsini və suların keyfiyyətinin
yaxşılaşdırılmasını təmin etmək;
sudan istifadə planlarına,
limitlərinə, qaydalarına, normalarına və rejiminə
riayət etmək;
tərkibində
çirkləndirici maddələrin miqdarı normadan artıq
olan tullantı sularının su obyektlərinə
axıdılmasına yol verməmək;
su servitutları əsasında
başqa su obyektləri istifadəçilərinə
verilmiş hüquqların pozulmasına, habelə
təsərrüfat və təbii obyektlərə (torpaq, meşə,
heyvanlar aləmi, faydalı qazıntılar və sair)
zərər vurulmasına yol verməmək;
su obyektlərindən
təyinatına görə istifadə etmək;
su təsərrüfatı
qurğularını və texniki avadanlığı saz
vəziyyətdə saxlamaq, onların iş keyfiyyətini
yaxşılaşdırmaq;
sudan istifadənin uçotunu
aparmaq;
bu Məcəllənin 18-ci
maddəsinin ikinci hissəsinin tələbləri
nəzərə alınmaqla, sudan istifadə haqqını, su obyektlərinə
və ətraf mühitə axıdılan tullantı
sularına görə ödəmələri və
cərimələri vaxtında vermək; [25]
Azərbaycan
Respublikasının su qanunvericiliyi ilə nəzərdə
tutulmuş digər vəzifələri həyata
keçirmək.
Maddə 46. Su təsərrüfatı
fəaliyyəti nəticəsində dəymiş
zərərin ödənilməsi
Su təsərrüfatı
tədbirlərinin görülməsi, su obyektlərindən
istifadə hüququna xitam verilməsi və ya sudan istifadə
şərtlərinin dəyişdirilməsi
nəticəsində fiziki və hüquqi
şəxslərə dəymiş zərər Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən
edilmiş qaydada ödənilir.
VII fəsil
Su
obyektlərindən əhalinin içməli su,
məişət, müalicə-kurort, sağlamlaşdırma,
istirahət və idman məqsədləri üçün
istifadə
Maddə 47. Əhalinin içməli su və
məişət ehtiyacları üçün verilən su
obyektləri
Suyunun keyfiyyəti
müəyyən edilmiş sanitariya normalarına və
dövlət standartlarına uyğun olan su obyektləri
əhalinin içməli su və məişət
ehtiyaclarını ödəmək üçün verilir.
Əhalinin içməli su
təchizatı, bir qayda olaraq,
mərkəzləşdirilmiş su kəməri
qurğuları vasitəsi ilə həyata keçirilir.
Su kəməri olmadıqda
əhalinin içməli su və məişət
ehtiyaclarının ödənilməsi bilavasitə
çayların, su quyularının, kəhrizlərin,
bulaqların və digər su mənbələrinin suyundan
yalnız qanunvericiliklə müəyyən edilmiş
sanitariya normalarına uyğun olaraq istifadə edilə
bilər.
Əhalinin içməli su
və məişət ehtiyaclarının
ödənilməsi üçün yaşayış
yerləri üzrə istifadə edəcəyi təbii su
mənbələri qanunvericiliyə uyğun olaraq, müvafiq
icra hakimiyyəti orqanlarının razılığı
ilə bələdiyyələr tərəfindən
müəyyən edilir.
Maddə 48. İçməli suların başqa
məqsədlər üçün istifadə edilməsinin
məhdudlaşdırılması
İçməli sulardan, bir
qayda olaraq, içməli su və məişət
ehtiyacları ilə əlaqədar olmayan məqsədlər
üçün istifadə edilməsinə yol verilmir.
Kifayət qədər
yerüstü su mənbələri olmayan və
içməli yeraltı su ehtiyatları çox olan regionlarda
həmin sulardan başqa məqsədlər üçün
müvafiq icra hakimiyyəti orqanlarının
razılığı ilə istifadə edilə bilər.
Maddə 49. Müalicə obyektləri kateqoriyasına
aid edilmiş su obyektlərindən istifadə
Azərbaycan Respublikası
ərazisində yerləşən və təbii
müalicəvi xüsusiyyətlərə malik olan su
obyektləri müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə müalicə obyektləri kateqoriyasına
aid edilir.
Müalicə obyektləri
kateqoriyasına aid edilmiş su obyektlərindən birinci
növbədə müalicə və kurort
məqsədləri üçün istifadə edilir.
Müstəsna hallarda
müalicə obyektləri kateqoriyasına aid edilmiş su
obyektlərindən başqa məqsədlər
üçün istifadə edilməsinə müvafiq icra
hakimiyyəti orqanlarının razılığı ilə
icazə verilə bilər.
Müalicə obyektləri
kateqoriyasına aid edilən su obyektlərinə tullantı
sularının axıdılmasına yol verilmir.
Maddə 50. Su obyektlərindən istirahət və
idman məqsədləri üçün istifadə
Bu Məcəllənin 36-cı
maddəsinin tələblərinə riayət etməklə, icazə almadan ümumi
istifadədə olan su obyektlərindən istirahət və
idman üçün istifadə edilməsinə yol verilir. [26]
Kütləvi istirahətin
təşkilinin təmin olunması və idman
sahələrinin ehtiyaclarının ödənilməsi
üçün su obyektləri bütövlükdə və
ya qismən ayrıca istifadəyə verilə bilər.
İstirahət və idman
üçün su obyektlərindən istifadə bu
Məcəllənin 36-cı və 37-ci maddələrində
nəzərdə tutulan hallarda və qaydada qadağan edilə
və məhdudlaşdırıla bilər.
Su obyektlərindən
istirahət və idman üçün istifadə qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş Əsasnamə ilə müəyyən
edilir.
VIII fəsil
Su
obyektlərindən kənd təsərrüfatı
ehtiyacları üçün istifadə
Maddə 51. Su obyektlərindən kənd
təsərrüfatı ehtiyacları üçün
istifadə
Su obyektlərindən kənd
təsərrüfatı ehtiyacları üçün
istifadə, sudan istifadə limitlərinə riayət
etməklə, ümumi və xüsusi məqsədlər
üçün istifadə qaydasında həyata
keçirilir.
Kənd
təsərrüfatında sudan istifadə
təsərrüfatdaxili və ümumsistem planları
əsasında həyata keçirilir.
Maddə 52. Sudan təsərrüfatdaxili istifadə
planları
Sudan təsərrüfatdaxili
istifadə planları sudan istifadə edənlər
tərəfindən tərtib edilir.
Sudan təsərrüfatdaxili
istifadə planları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada
təsdiq edilir.
Sudan təsərrüfatdaxili
istifadə planlarında mülkiyyət forması və
növlərindən asılı olmayaraq bütün su
istehlakçılarının suya tələbatı nəzərə
alınmalıdır.
Maddə 53. Sudan istifadəyə dair ümumsistem
planları
Sudan istifadəyə dair
ümumsistem planları rayon və respublika
əhəmiyyətli suvarma sistemləri üzrə tərtib
edilir.
Sudan istifadəyə dair
ümumsistem planları, su obyektlərinin
istifadəçiləri tərəfindən sudan
təsərrüfatdaxili istifadə planları və sudan
istifadə müqavilələri əsasında tərtib edilir.
Sudan istifadəyə dair
ümumsistem planları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada
təsdiq edilir.
Sudan istifadə
müqavilələri su obyektlərinin
istifadəçiləri ilə su istehlakçıları
arasında bağlanır.
Müqavilələrdə
verilən suyun miqdarı və yeri, müddəti,
tərəflərin qarşılıqlı
öhdəlikləri və digər məlumatlar
göstərilir.
Maddə 54. Sudan istifadə planının
dəyişdirilməsi
Sudan istifadə planı
yalnız onu təsdiq etmiş orqanın
razılığı ilə aşağıdakı hallarda
dəyişdirilə bilər:
su azlığı
hallarında;
hava şəraiti, suvarma
normaları və ya suvarılmalı sahələr
dəyişdirildikdə;
su istehlakçıları plan
üzrə onlara ayrılmış sudan imtina etdikdə;
müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
başqa hallarda.
Fövqəladə
hadisələr baş verdikdə su obyektlərinin
istifadəçiləri sudan istifadə planını
dəyişdirə və su verilməsini müvəqqəti
dayandıra bilərlər. Onlar su istehlakçılarına
və sudan istifadə planını təsdiq etmiş
müvafiq icra hakimiyyəti orqanına həmin tədbirlər
haqqında dərhal məlumat verməlidirlər.
Verilməmiş su sonrakı müddətlərdə su
mənbələrinin vəziyyətindən asılı olaraq
ödənilə bilər.
Maddə 55. Torpaq mülkiyyətçilərinin
və istifadəçilərinin ərazisində
yerləşən sututarlardan kənd təsərrüfatı
ehtiyacları üçün istifadə
Kənd
təsərrüfatı müəssisələrinin, ailə kəndli
təsərrüfatının, digər hüquqi və fiziki
şəxslərin onların mülkiyyətinə və
istifadəsinə verilmiş torpaqlarda qanunvericiliklə
müəyyən edilmiş qaydada bulaqlardan,
kəhrizlərdən, digər təbii su
mənbələrindən istifadə etmək, bu
mənbələr üzərində sututarlar və su
təsərrüfatı qurğuları düzəltmək
hüquqları vardır.
[27]
Həmin hüquqi və fiziki
şəxslər onların mülkiyyətinə və
istifadəsinə verilmiş kənd təsərrüfatı
təyinatlı torpaqlarda geniş ölçülü
meliorasiya işlərinin görülməsini, yaxud
görülmüş meliorasiya işlərinin yenidən
təşkili və ləğvini suların istifadəsinə
və mühafizəsinə dair müvafiq icra hakimiyyəti
orqanının təyin etdiyi qaydalara uyğun həyata
keçirmək hüquqlarına malikdirlər.
Maddə 56. Tullantı sularından kənd
təsərrüfatı ehtiyacları üçün
istifadə
Tullantı sularından kənd
təsərrüfatı ehtiyacları üçün
istifadə müvafiq icra hakimiyyəti orqanları
tərəfindən razılaşdırılmaqla həyata keçirilə
bilər.
Maddə 57. Meşə zolağı və meşə
tingliyi salınmış sahələrin suvarılması
Meşə zolağı və
meşə tingliyi salınmış sahələrin
suvarılması su obyektlərindən kənd
təsərrüfatı ehtiyacları üçün
istifadə qaydasında həyata keçirilir.
Maddə 58. Mal-qaranın sürülməsi,
suvarılması və nəqliyyat vasitələrinin
keçməsi üçün yerlər müəyyən
edilməsi
Kanallardan və başqa
hidrotexniki qurğulardan mal-qaranın sürülüb
keçirilməsi, traktorların, kənd
təsərrüfatı maşınlarının,
avtomobillərin və digər nəqliyyat vasitələrinin
bu məqsəd üçün ayrılmamış su obyektlərinin
ərazisindən keçməsi qadağan edilir.
Çaylarda, kanallarda və
digər yerüstü sututarlarda mal-qaranın su
içməsinə yalnız xüsusi olaraq
düzəldilmiş suvarma meydançaları olduqda və ya
bu məqsəd üçün ayrılmış
yerlərdə yol verilir.
Nəqliyyat vasitələrinin və
kənd təsərrüfatı maşınlarının
keçməsi, mal-qaranın sürülməsi və su
içməsi üçün yerlər müvafiq icra
hakimiyyəti orqanları tərəfindən
müəyyən edilir və həmin yerlər xüsusi
işarələrlə göstərilir.
Mal-qara sürülən yollar
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən qayda və şərtlərlə
su ilə təchiz olunmalıdır.
IX fəsil
Su obyektlərindən sənaye və hidroenergetika
məqsədləri üçün istifadə
Maddə 59. Su obyektlərindən sənaye
məqsədləri üçün istifadə
Sənaye məqsədləri
üçün, bir qayda olaraq, texniki sulardan istifadə edilir.
Su obyektlərindən sənaye
məqsədləri üçün istifadə edənlər
sudan istifadə olunmasına dair müəyyən edilmiş
limitlərə, texnoloji normalara və qaydalara əməl
etməli, habelə istehsal texnologiyasını və su
təchizatı sxemlərini təkmilləşdirmək yolu
ilə su məsrəfini azaltmaq və tullantı
sularının axıdılmasının
qarşısını almaq üçün tədbirlər
görməlidirlər.
Qanunvericilikdə
nəzərdə tutulmuş qaydada içməli sudan texniki
məqsədlər üçün istifadə edən
müəssisələr, bir qayda olaraq, təkrar və
dövr edən su təchizatı sisteminə
keçməlidirlər.
Maddə 60. İçməli suyun sənaye
məqsədləri üçün istifadəsinin
məhdudlaşdırılması
Təbii fəlakət, qəza
və digər fövqəladə şərait hallarında
və ya müəssisə tərəfindən içməli
su ayrılmış limitdən artıq işlədildikdə,
müvafiq icra hakimiyyəti orqanları birinci
növbədə əhalinin içməli su və
məişət ehtiyaclarının ödənilməsi
xeyrinə su kəmərlərindən sənaye
məqsədləri üçün içməli suyun
götürülməsini məhdudlaşdıra və ya
qadağan edə bilər, habelə ayrı-ayrı
müəssisələrin, idarələrin və
təşkilatların tabeliyində olan içməli su
kəmərlərindən içməli suyun sənaye
məqsədləri üçün götürülməsini
müvəqqəti azalda bilər.
Maddə 61. Yeraltı sulardan texniki təchizat və
digər istehsal ehtiyacları üçün istifadə
İçməli su və ya
müalicə kateqoriyasına aid edilməmiş yeraltı
sulardan texniki təchizat, sənaye məqsədləri, o
cümlədən onların tərkibində olan kimyəvi
elementlərin çıxarılması, istilik enerjisi
alınması və digər məqsədlər
üçün müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada
istifadə edilə bilər.
Maddə 62. Su obyektlərindən faydalı
qazıntıların hasil edilməsi üçün
istifadə
Su obyektlərindən faydalı
qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat
və qazma işlərinin aparılması, yeraltı
qurğuların tikintisi yerin təki haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinə və bu
Məcəlləyə uyğun olaraq həyata keçirilir.
Maddə 63. Su obyektlərindən hidroenergetika
ehtiyacları üçün istifadə
Su obyektlərindən
hidroenergetika ehtiyacları üçün istifadə
iqtisadiyyatın digər sahələrinin mənafeyi
nəzərə alınmaqla, habelə sulardan kompleks
istifadə şərtlərinə riayət olunmaqla müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydalara uyğun olaraq həyata
keçirilir.
Hidroenergetika ehtiyacları
üçün verilmiş su obyektlərindən eyni zamanda
başqa məqsədlər üçün də istifadə
edilə bilər.
Hidroenergetika
müəssisələri su obyektlərinin istifadəsinə,
su anbarlarının doldurulması və istismar rejiminə dair
müəyyən olunmuş qaydalara riayət etməli,
gəmilərin və bərələrin maneəsiz və
təhlükəsiz keçməsini, habelə
balıqların kürütökmə yerlərinə
buraxılmasını təmin etməlidirlər.
X fəsil
Su obyektlərindən
nəqliyyat ehtiyacları üçün istifadə
Maddə 64. Ümumi istifadədə olan su yolları
Azərbaycan
Respublikasının çayları, gölləri, su
anbarları, kanalları, Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsi, digər yerüstü su obyektləri,
əgər onlardan su yolu kimi istifadə tam və ya qismən
qadağan edilməmişdirsə, yaxud həmin obyektlər
ayrıca istifadəyə verilməmişdirsə, ümumi
istifadədə olan su yollarına aid edilir.
Hüquqi və fiziki
şəxslər onlara məxsus su nəqliyyatı
vasitələrinin üzməsi üçün Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada ümumi istifadədə olan su yollarından
istifadə edə bilərlər.
Maddə 65. Su obyektlərindən su və hava
nəqliyyatının ehtiyacları üçün
istifadə qaydaları
Su obyektlərinin ümumi
istifadədə olan su yolları kateqoriyasına aid
edilməsi, su və hava nəqliyyatının ehtiyacları
üçün onlardan istifadə qaydaları Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
XI fəsil
Su
obyektlərindən balıqçılıq və
ovçuluq üçün istifadə
Maddə 66. Su obyektlərindən
balıqçılıq üçün istifadə
Balıq və
digər su bioresurslarının ovu, toplanması və
akvakultura üçün balıqçılıq su obyektləri və ya
onların bir hissəsi Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada
balıqçılıq ehtiyacları üçün istifadə
edilir. [28]
Balıqçılıq
su obyektlərindən istifadə edən hüquqi və fiziki
şəxslər həmin sututarların çirklənməkdən
və zibillənməkdən qorunması üçün
tədbirlər görməlidirlər. [29]
Su obyektlərinin
istifadəçiləri müvafiq icra hakimiyyəti
orqanının razılığı ilə sututarların
vəziyyətinin yaxşılaşmasını və balıq və digər su
bioresurslarının bərpasını təmin edən
balıqartırma və
balıqçılıq təsərrüfatı
meliorasiyası tədbirləri görməli, habelə ov
alətlərinin qurulduğu yerləri lazımi sanitariya
vəziyyətində saxlamalıdırlar. [30]
Maddə 67. Torpaq mülkiyyətçilərinin
və istifadəçilərinin ərazisində
yerləşən sututarlardan balıq
və digər su bioresurslarının ovu və akvakultura
üçün istifadə [31]
Hüquqi və fiziki
şəxslər, onların mülkiyyətində və ya
istifadəsində olan torpaqlarda yerləşən nohurlardan,
axmazlardan, gölməçələrdən balıq və digər su bioresurslarının ovu və
akvakultura üçün istifadə edə
bilərlər.
Göstərilən su
obyektlərindən balıq
və digər su bioresurslarının ovu və akvakultura
üçün istifadə müvafiq icra hakimiyyəti
orqanlarının müəyyən etdikləri qaydalara
uyğun həyata keçirilir.
Maddə 68. Balıq
və digər su bioresurslarının idman və
həvəskar ovu üçün su obyektlərindən
istifadə [32]
Xüsusi
mühafizə olunan təbiət əraziləri və
balıqartırma təsərrüfatları istisna olmaqla,
digər balıqçılıq su obyektlərindən bu
Məcəlləyə və su obyeklərindən
istifadəyə dair digər normativ hüquqi aktlara uyğun
olaraq balıq və digər su bioresurslarının idman və
həvəskar ovu üçün istifadə edilə
bilər.[33]
Müvafiq icra hakimiyyəti
orqanları göstərilən məqsədlər
üçün dövlət
mülkiyyətində olan balıqçılıq su
obyektlərini və ya onların müəyyən
hissəsini ayırmalıdırlar. [34]
Balıqçılıq
təsərrüfatlarının təşkili
üçün ayrılmış su obyektlərində balıq və digər su
bioresurslarının idman və həvəskar ovu, həmin
obyektlərin mülkiyyətçilərinin və
istifadəçilərinin razılığı ilə
həyata keçirilə bilər. [35]
Maddə 69. Balıqçılıq əhəmiyyətli
sututarlarda su obyektləri istifadəçilərinin
hüquqlarının məhdudlaşdırılması [36]
Qiymətli növ balıq və
digər su bioresurslarının qorunması və artırılması
üçün mühüm balıqçılıq
su obyektlərində və ya onların ayrı-ayrı
hissələrində sudan istifadə edənlərin
hüquqları balıqçılıq
təsərrüfatının xeyrinə
məhdudlaşdırıla bilər. Belə su obyektlərinin siyahısı və sudan
istifadənin məhdudlaşdırılması qaydaları
müvafiq icra hakimiyyəti orqanları tərəfindən
müəyyən edilir. [37]
Maddə 70. Balıqçılıq su obyektlərində hidrotexniki qurğuların
istismarı [38]
Balıqçılıq su obyektlərində hidrotexniki
və başqa qurğular istismar edilərkən balıq və digər su
bioresurslarının qorunmasını və
bərpasını təmin edən tədbirlər
görülməlidir. [39]
Balıqçılıq su obyektlərindən su
götürülərkən onlar balıqqoruyucu qurğularla
təchiz olunmalıdır. [40]
Maddə 71. Balıqçılıq su obyektlərinin çirklənməkdən,
zibillənməkdən və dayazlaşmaqdan qorunması [41]
Balıqçılıq su obyektlərində
aşağıdakı tədbirlərin həyata
keçirilməsi qadağan edilir: [42]
balıqların
kürütökmə yerlərində müvafiq icra
hakimiyyəti orqanının razılığı olmadan
bənd çəkmək və dağılmış
bəndləri bərpa etmək;
müvafiq orqanların
razılığı ilə sanitariya və hidrotexniki
tədbirlərin görüldüyü hallar istisna
edilməklə, çaylarda, çay qollarında və
kanallarda qalaq yaratmaq və ya onların qabağını
kəsmək, göllərdən və limanlardan suyu buraxmaq;
ağac emalı zamanı
əmələ gələn tullantıları sututarlara
axıtmaq və həmin sututarların sahillərində
və subasar yerlərində yığmaq;
dibdərinlətmə və
dibtəmizləmə işləri zamanı
qazılmış torpağı balığın
kürütökmə yerlərinə və
qışladığı çuxurlara yığmaq;
Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş digər hallarda.
Maddə 72. Su obyektlərindən ovçuluq
məqsədləri üçün istifadə
Ovçuluq obyektinə aid
edilən su quşlarının və qiymətli
xəzdərili heyvanların məskunlaşdığı su
obyektləri Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada ovçuluq məqsədləri
üçün istifadəyə verilir.
Maddə 73. Balıqçılıq və
ovçuluq təsərrüfatlarının ehtiyacları
üçün su obyektlərindən istifadə qaydaları
Balıqçılıq və
ovçuluq təsərrüfatlarının ehtiyacları
üçün su obyektlərindən istifadə qaydaları
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
XII fəsil
Xüsusi qorunan
su obyektlərindən istifadə
Maddə 74. Xüsusi qorunan su obyektləri
Xüsusi elmi, tarixi,
mədəni, estetik və təbiətqoruyucu
əhəmiyyətli su obyektləri xüsusi qorunan su obyektləridir.
Bu obyektlər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada toxunulmaz elan edilir.
Xüsusi qorunan su obyektləri
müvafiq icra hakimiyyəti orqanlarının təqdimatı
əsasında Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq bütövlükdə və
ya qismən, daimi və ya müvəqqəti olaraq
təsərrüfat fəaliyyətindən
çıxarılır.
Xüsusi qorunan su obyektləri
respublika, bölgə və yerli əhəmiyyətli
xüsusi qorunan su obyektlərinə aid edilir.
Xüsusi qorunan su obyektləri
ayrıca təbii ərazi kimi və ya Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş xüsusi qorunan təbii ərazinin bir hissəsi kimi
mövcud ola bilər.
Xüsusi qorunan su
obyektlərinin aşağıdakı kateqoriyaları
müəyyən edilir:
Azərbaycan Respublikasının
daxili sularının və Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin sularının sahələri;
su — bataqlıq yerləri;
nadir təbiət
landşaftına aid edilmiş axar sular və sututarlar;
su obyektlərinin
mənbəyinin və mənsəbinin mühafizə
zonaları;
qiymətli balıq
növlərinin kürütökmə və qışlama
yerləri;
meşələrlə, bitki
və heyvanlar aləmi və digər xüsusi mühafizə
olunan təbii ehtiyatlarla qırılmaz əlaqəsi olan su
obyektləri.
Xüsusi qorunan su
obyektlərinin kateqoriyalara aid edilməsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada həyata keçirilir.
Azərbaycan
Respublikasının qanunvericiliyi ilə xüsusi qorunan su
obyektlərinin digər kateqoriyaları da nəzərdə
tutula bilər.
Maddə 75. Xüsusi qorunan su obyektlərinin suyundan
istifadə
Xüsusi qorunan su
obyektlərinin suyundan istifadə qaydaları müvafiq
qanunvericiliklə müəyyən edilir.
Xüsusi qorunan su
obyektlərindən balıq
və digər su bioresurslarını ovlamaq və toplamaq
və həmin su obyektlərinin təbii vəziyyətini dəyişən
başqa işlər görmək qadağan edilir. [43]
Xüsusi qorunan su
obyektlərinə və onları qidalandıran sututarlara
tullantı suların axıdılmasına, başqa imkanlar
olmadıqda müvafiq icra hakimiyyəti orqanının
razılığı ilə bu Məcəllənin 77-79-cu
maddələrinin tələblərinə riayət olunmaqla
yol verilir.
Xüsusi qorunan su
obyektlərinin təbii vəziyyətini dəyişdirə
biləcək işlər yalnız müvafiq icra
hakimiyyəti orqanının razılığı ilə
görülə bilər.
Maddə 76. Xüsusi qorunan su obyektlərinin
toxunulmazlığının geri alınması
Xüsusi qorunan su
obyektlərinin toxunulmazlığı yalnız ən
zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə geri alınır.
XIII fəsil
Su
obyektlərindən tullantı suların axıdılması,
yanğından mühafizə və digər
məqsədlər üçün istifadə
Maddə 77. Su obyektlərindən tullantı suların
axıdılması üçün istifadə
Sənaye, kommunal,
məişət, drenaj sularının və digər
tullantı suların axıdılması üçün su
obyektlərindən istifadə edilməsinə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının
razılığı ilə yol verilə bilər.
Tullantı suların
axıdılması üçün su obyektlərindən
istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur.
Maddə 78. Tullantı suların su obyektlərinə
axıdılması
Tullantı suların su
obyektlərinə axıdılmasına yalnız o hallarda yol
verilir ki, həmin su obyektlərində çirkləndirici
maddələrin miqdarının müəyyən edilmiş
normalardan artıq olmasına gətirib çıxarmasın
və su obyektlərindən istifadə edənlər
tullantı sularını təmizləyib müəyyən
edilmiş normalara çatdırsınlar.
İçməli su
mənbəyi kimi istifadə edilən və ya
içməyə yararlı yeraltı suları qidalandıran
sututarlara tullantı suların axıdılması qəti qadağandır.
Maddə 79. Tullantı suların su obyektlərinə
axıdılmasının məhdudlaşdırılması,
dayandırılması və qadağan edilməsi
Bu Məcəllənin 78-ci
maddəsinin tələbləri pozulduqda, tullantı suların
su obyektlərinə axıdılması müvafiq icra
hakimiyyəti orqanları tərəfindən məhdudlaşdırılır
və ya qadağan edilir.
Tullantı suların
axıdılması əhalinin sağlamlığı
üçün təhlükəli olan hallarda sənaye
qurğularının və müəssisələrin
fəaliyyəti dayandırılır.
Maddə 80. Su obyektlərindən yanğından
mühafizə ehtiyacları üçün istifadə
Yanğından mühafizə
ehtiyacları üçün bütün su
obyektlərindən tələb olunan həcmdə və
ödənişsiz su
götürülməsinə yol verilir. [44]
Yanğından mühafizə
ehtiyacları üçün götürülmüş
sudan və bu suyun saxlanıldığı obyektlərdən
təyinatdankənar istifadə edilməsi qadağandır.[45]
Su obyektlərindən
yanğından mühafizə ehtiyacları üçün
istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
XIV fəsil
Su
obyektlərinin mühafizəsi
Maddə 81. Suların mühafizəsi
Bütün sular (su
obyektləri) onların fiziki, kimyəvi, bioloji
xassələrinin dəyişməsi, təbii
təmizlənmə qabiliyyətinin azalması, suların
hidroloji və hidrogeoloji rejiminin pozulması
nəticəsində əhalinin sağlamlığına
zərər vura biləcək, habelə balıq və digər su bioresurslarının
azalmasına, su təchizatı şəraitinin
pisləşməsinə və digər əlverişsiz
hallara səbəb ola biləcək
çirklənməkdən, zibillənməkdən, tükənməkdən
mühafizə olunmalı və qorunmalıdır. [46]
Suların (su obyektlərinin)
mühafizəsi, onların çirklənməkdən,
zibillənməkdən və tükənməkdən
qorunması, habelə suların keyfiyyətinin və rejiminin
yaxşılaşdırılması qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 82. Su mühafizə zonaları
Su obyektlərinin ekoloji
tələblərə uyğun vəziyyətdə
saxlanması, yerüstü və yeraltı suların
çirklənməsinin, zibillənməsinin və
tükənməsinin qarşısının alınması,
habelə heyvanlar və bitkilər aləminin
məskunlaşdığı mühitin qorunub saxlanması
üçün su mühafizə zonaları
müəyyən edilir.
Su mühafizə zonası su obyektinin
akvatoriyasına bitişik, üzərində təbii
ehtiyatların istifadəsi, mühafizəsi və digər
təsərrüfat fəaliyyətinin həyata
keçirilməsi üzrə xüsusi rejim müəyyən
edilmiş ərazidir.
Su mühafizə
zonalarının hüdudlarında sahil mühafizə
zolaqları müəyyən edilir.Sahil mühafizə
zolaqlarında torpaqların şumlanması və
əkilməsi, meşələrin qırılması,
ağac və kolların kökündən
çıxarılması, heyvandarlıq ferma və
düşərgələrinin, qəbiristanlığın,
zibilxananın yerləşdirilməsi, habelə bu
Məcəllə ilə nəzərdə tutulmuş hallar
istisna olmaqla, digər fəaliyyət növləri qadağan
edilir.
Sahil mühafizə
zolaqlarında icazə
əsasında su təchizatı, istirahət, idman,
balıqçılıq və ovçuluq
təsərrüfatı obyektlərinin, habelə liman və
hidrotexniki qurğuların yerləşdirilməsinə yol
verilir. [47]
Su mühafizə
zonalarının, onların sahil mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
İçməli su
mənbəyi və balıqların kürütökmə
yerləri olan su obyektlərinin su mühafizə zonaları
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada xüsusi qorunan ərazi elan
edilir.
Maddə 83. Su mühafizə zonalarındakı
torpaqların istifadəyə verilməsi
Su mühafizə zonalarında
yerləşən torpaq sahələri fiziki və hüquqi
şəxslərin istifadəsinə, Azərbaycan
Respublikasının torpaq qanunvericiliyi və bu
Məcəllə ilə müəyyən edilmiş qaydada
müvafiq icra hakimiyyəti orqanları ilə
razılaşdırılmaqla verilə bilər.
Su mühafizə zonalarında
təbii ehtiyatların istifadəsi və mühafizəsi
rejiminə riayət edilməsinə, fiziki və hüquqi
şəxslərin digər təsərrüfat
fəaliyyətinə dövlət nəzarəti öz
səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti
orqanları tərəfindən həyata keçirilir.
Maddə 84. Su obyektlərinin
çirklənməkdən və zibillənməkdən
qorunması
Öz fəaliyyəti ilə
suların keyfiyyətinə təsir göstərən fiziki
və hüquqi şəxslərə:
su obyektlərinə istehsalat,
məişət və digər tullantıların
tökülməsi;
suların yağlar, ağac,
kimyəvi, neft və digər istehsalat məhsullarının
texniki və texnoloji nasazlıqdan axması
nəticəsində çirkləndirilməsi və
zibilləndirilməsi;
su yığılan
sahələrin, sututarların, qar və buz
örtüyünün, buzlaqların səthinin istehsalat,
məişət tullantıları, neft məhsulları
ilə çirkləndirilməsi və zibilləndirilməsi;
su
mənbələrinin və mineral bulaqların sanitar
mühafizə zonalarında, çatlı süxurların və
sulu təbəqələrin səthə
çıxdığı yerlərdə, habelə
içməli su təchizatı və
təsərrüfat-məişət ehtiyacları üçün
istifadə olunan yeraltı su obyektlərinin sututar
sahələrində istehsalat və məişət
tullantılarının basdırılması; [48]
suların radioaktiv və
zəhərli-kimyəvi maddələrlə
çirkləndirilməsi qadağan edilir;
yeraltı suların,
təsərrüfat və içməli sututarlarının
olduğu ərazilərdə istehsalat və məişət
tullantılarının basdırılması. [49]
Su obyektlərinə tullantı
suların axıdılmasına bu Məcəllənin 77—79-cu
maddələrində nəzərdə tutulan
tələblərə riayət edilməklə yol verilə
bilər.
Maddə 85. Sanitariya mühafizəsi zonalarının
müəyyən edilməsi
Əhalinin içməli və
məişət su təchizatı, müalicə, kurort və
sağlamlaşdırma ehtiyacları üçün
istifadə olunan suların mühafizə edilməsi
məqsədi ilə Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq surətdə sanitariya
mühafizəsi zonaları müəyyən olunur.
Maddə 86. Suqoruyucu meşə zolaqlarının
müəyyən edilməsi
Çayların,
göllərin, su anbarlarının, kanalların,
kollektorların, yeraltı suların və digər su
obyektlərinin əlverişli su rejimini saxlamaq, torpaqların
su və külək eroziyasının, sututarların
lilləşməsinin, su heyvanlarının məskunlaşma
şəraitinin pisləşməsinin qarşısını
almaq, lazımsız yerüstü su axımını azaltmaq
və digər məqsədlər üçün
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulan qaydada bu obyektlərin ətrafında
susaxlayıcı və torpaqqoruyucu meşə zolaqları
müəyyən edilir.
Suqoruyucu meşə
zolaqlarının qorunması üzərində
nəzarəti müvafiq icra hakimiyyəti orqanları
həyata keçirir və onların su obyektlərinin
vəziyyətinə zərərli təsir edən
işləri dayandırmaq və ya qadağan etmək
hüquqları vardır.
Maddə 87. Yerüstü suların mühafizəsi
Öz fəaliyyəti ilə
yerüstü su obyektlərinə mənfi təsir edən
müəssisələr müvafiq icra hakimiyyəti
orqanları ilə birlikdə yerüstü su obyektlərinin
suyunun kəmiyyət və keyfiyyətinin, təmizliliyinin
saxlanması üçün tədbirlər
görməlidirlər.
Yerüstü su obyektlərinin
su mühafizə zonaları və onların istifadə
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 88. Yeraltı suların mühafizəsi
Qaz, neft və digər
faydalı qazıntı yataqlarının axtarışı,
kəşfiyyatı və istifadəsi ilə əlaqədar
qazma və başqa mədən işləri
görülərkən yeraltı su horizontları aşkara
çıxarıldıqda, mədən işləri
görən təşkilatlar dərhal bu barədə
müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməli
və yeraltı suların mühafizəsi üçün
müəyyən edilmiş qaydada tədbirlər
görməlidirlər.
Fəvvarəli quyular,
həmçinin istismara yararsız və ya istifadəsi
dayandırılmış kəşfiyyat quyuları
tənzimləyici qurğularla təchiz edilməli,
bağlanmalı və ya ləğv edilməlidir.
İçməli yeraltı su
yataqlarının yerləşdiyi zonalarda bərk və maye
tullantı toplayıcılarının, zibilxanaların
tikilməsinə, fəaliyyəti ilə yeraltı su
yataqlarının çirklənməsi mənbəyi ola
bilən sənaye, kənd təsərrüfatı və
digər obyektlərin yerləşdirilməsinə yol verilmir.
Yeraltı suların mühafizəsi
üzərində nəzarəti Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata
keçirir.
Maddə 89. Su obyektlərinə zərərli
təsirin yol verilən normaları
Su obyektlərinə
zərərli təsirin yol verilən normaları ətraf
mühitin mühafizəsi və su qanunvericiliyi ilə
müəyyən edilir.
Su obyektlərinə
zərərli təsirin yol verilən normalarımüvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 90. Ekoloji su buraxılışı
Su obyektlərini müvafiq ekoloji
tələblərə uyğun vəziyyətdə saxlamaq
üçün su anbarlarından su buraxılması (ekoloji
su buraxılışı) həyata keçirilir və
suların bərpa edilmədən götürülməsinin
həcmi müəyyən olunur.
Ekoloji su
buraxılışı və suların bərpa
edilmədən götürülməsinin həcmi hər bir
su obyekti üçün müvafiq icra hakimiyyəti
orqanları tərəfindən Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada müəyyən edilir.
Su
istehlakçılarının suya olan
tələbatının, ekoloji su buraxılışı
hesabına ödənilməsinə yol verilmir.
Maddə 91. Su obyektlərində fövqəladə
ekoloji vəziyyət və ekoloji fəlakət zonaları
Təsərrüfat
fəaliyyəti və ya təbii proseslər
nəticəsində insanlara, heyvanlar və bitkilər
aləminə, ətraf mühitə təhlükə yarada
bilən su obyektlərini (onların bir hissəsini) və
onların sutoplayıcı sahələrini müvafiq icra
hakimiyyəti orqanı fövqəladə ekoloji
vəziyyət və ekoloji fəlakət zonaları elan
edə bilər.
Fövqəladə ekoloji
vəziyyət və ya ekoloji fəlakət zonalarının
hüquqi rejimi Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilir.
Maddə 92. Suların zərərli təsirinin
qarşısının alınması və onun
nəticələrinin aradan qaldırılması
Müvafiq icra hakimiyyəti
orqanı və su obyektlərinin istifadəçiləri:
daşqınların,
subasmanın və su altında qalmanın;
bəndlərin və digər
qurğuların sahillərinin dağılmasının;
torpaqların eroziyasının,
bataqlaşmasının və şoranlaşmasının;
yarğanların
əmələ gəlməsinin, torpaq
sürüşməsinin və çökməsinin, sel
axınlarının və digər zərərli
hadisələrin qarşısını almaq və onların
nəticələrini aradan qaldırmaq üçün
müvafiq tədbirlər görməlidirlər.
Suların zərərli
təsirinin qarşısını almaq və onun
nəticələrini aradan qaldırmaq üçün
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş hallarda müvafiq icra
hakimiyyəti orqanları tərəfindən xüsusi
komissiyalar yaradılır. Həmin komissiyaların öz
səlahiyyətləri daxilində qəbul etdikləri
qərarlar fiziki və hüquqi şəxslər
üçün məcburidir.
Ərazi
vahidlərinin
ərazisində daşqınlar və güclü sellər
nəticəsində yaranmış qəza vəziyyətinin
qarşısının alınması və aradan
qaldırılması işlərinin yerinə yetirilməsini
müvafiq icra hakimiyyəti orqanları və
bələdiyyələr təşkil edirlər. [50]
Su obyektlərində təbii
fəlakət və qəza baş verdiyi hallarda su
obyektləri istifadəçiləri suların zərərli
təsirinin qarşısının alınması və onun
nəticələrinin aradan qaldırılması
tədbirlərinin aparılmasında iştirak
etməlidirlər. Həmin tədbirlər müvafiq icra hakimiyyəti
orqanları ilə və bələdiyyələrlə
razılaşdırılmaqla aparılır.
Maddə 93. Su obyektlərinin bərpası və
mühafizəsi sahəsində hövzə sazişləri
Su obyektlərinin bərpası
və mühafizəsi sahəsində hövzə
sazişləri su obyektlərinin bərpasına və
mühafizəsinə yönəldilmiş fəaliyyətin əlaqələndirilməsi
və birləşdirilməsi məqsədi ilə
bağlanıla bilər.
Hövzə sazişləri
müvafiq icra hakimiyyəti orqanı ilə bələdiyyələr
və su istifadəçiləri arasında
bağlanılır.
Hövzə sazişinin
məqsəd və vəzifələrini həyata
keçirmək üçün Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq su
obyektlərinin bərpası və mühafizəsi
tədbirlərinin maliyyələşdirilməsi
üçün xüsusi su fondu yaradıla bilər.
Hövzə sazişləri su
təsərrüfatı balansları, su ehtiyatlarının
kompleks istifadəsi və mühafizəsi sxemləri, su
obyektlərinin istifadəsi, bərpası və mühafizəsi
üzrə dövlət proqramları və digər
layihələr əsasında müvafiq icra hakimiyyəti orqanlarının
təklifi ilə hazırlanır.
XV fəsil
Suların
vəziyyətinə təsir edən
müəssisələrin, qurğuların və digər
obyektlərin yerləşdirilməsi,
layihələşdirilməsi, tikilməsi, bərpası
və istismarı
Maddə 94. Suların vəziyyətinə təsir
edən müəssisələrin, qurğuların və
digər obyektlərin yerləşdirilməsi,
layihələşdirilməsi, tikilməsi, bərpası
və istismara verilməsi şərtləri
Suların vəziyyətinə
təsir edən yeni və yenidən qurulan
müəssisələr, qurğular və digər
obyektlər yerləşdirilərkən,
layihələşdirilərkən, tikilərkən, bərpa
edilərkən və istismara verilərkən, habelə yeni
texnoloji proseslər tətbiq olunarkən ictimai rəy
nəzərə alınmaqla əhalinin içməli su və
məişət ehtiyacını ödəmək
şərti ilə sulardan səmərəli istifadə
edilməsi təmin olunmalıdır. Eyni zamanda, su obyektlərindən
götürülən və onlara qaytarılan suyun uçota
alınmasını, suların çirklənməkdən,
zibillənməkdən və tükənməkdən qorunmasını,
suların zərərli təsirinin qarşısının
alınmasını, torpaqların su altında
qalmasının minimum zəruri həddədək
məhdudlaşdırılmasını, torpaqların
şoranlaşmadan, subasmadan və ya qurumadan mühafizə
olunmasını, habelə əlverişli təbii
şəraitin və landşaftların qorunub saxlanmasını
təmin edən tədbirlər nəzərdə
tutulmalıdır.
Balıqçılıq su obyektlərində yeni və
yenidən qurulan müəssisələr, qurğular və
digər obyektlər yerləşdirilərkən,
layihələşdirilərkən, tikilərkən və
işə salınarkən yuxarıda göstərilən tədbirlərlə
yanaşı, balıq və
digər su bioresurslarının qorunması və
artırılması üçün şərait
yaradılmasını təmin edən tədbirlər
həyata keçirilməlidir.[51]
Suların vəziyyətinə
təsir edən müəssisələrin, qurğuların
və digər obyektlərin tikinti layihəsi su
obyektlərindən istirahət və idman üçün istifadə
edilmə imkanı nəzərə alınmaqla tərtib
edilməlidir.
Suların vəziyyətinə təsir
edən müəssisələrin, qurğuların və
digər obyektlərin tikinti layihələrinin “Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirinin
qiymətləndirilməsi (ƏMTQ) sənədi
hazırlanır və həmin sənədin dövlət
ekoloji ekspertizası aparılır.[52]
Suların vəziyyətinə təsir
edən mövcud müəssisələr, qurğular və
digər obyektlər ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olduqda, həmin obyektlərin yenidən qurulması
və ya həmin obyektlərdə mövcud qurğu və
avadanlıqların dəyişdirilməsi üçün
ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədinin hazırlanması tələb olunmur,
lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən verilən sənədlərdə
(atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən
axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin
mühafizəsi sahəsində normativ hüquqi aktların
və texniki normativ hüquqi aktların tələbləri
nəzərə alınmaqla müvafiq dəyişikliklər
edilir.
Suların vəziyyətinə təsir
edən mövcud müəssisələrin, qurğuların
və digər obyektlərin fəaliyyəti zamanı
təbiətdən istifadə şərtləri ətraf
mühitə təsir göstəricilərinə dair ekoloji
tələblərə uyğun olmadıqda və ya ilkin
layihədə nəzərdə tutulandan fərqli texnologiyalar
və texnoloji üsullar tətbiq edildikdə, həmin
obyektlərə dair yenidən ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır .
Suların vəziyyətinə təsir edən
müəssisələrə, qurğulara və digər
obyektlərə dair ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) həyata
keçirilərkən onların transsərhəd təsiri
müəyyən edildikdə, həmin obyektlərlə
bağlı transsərhəd təsirlərin
qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq həll edilir.[53]
Maddə 95. Suların vəziyyətinə təsir
edən müəssisələrin, qurğuların və
digər obyektlərin istifadəyə verilməsinin qadağan
edilməsi
Suların vəziyyətinə
təsir edən yeni tikilmiş və yenidən qurulan
müəssisələrin, qurğuların və digər
obyektlərin istismara verilməsi aşağıdakı
hallarda qadağan edilir:
suların
çirklənməsinin və zibillənməsinin, yaxud
onların zərərli təsirinin qarşısını
alan qurğularla təmin edilmədikdə;
torpaqların subasmasının,
bataqlaşmasının, şoranlaşmasının və
eroziyasının qarşısını almaq məqsədi
ilə layihələrdə nəzərdə tutulmuş
tədbirlər görülmədikdə;
layihələrdə
nəzərdə tutulmuş suqəbuledicilər və
başqa qurğular hazır olmadıqda;
layihələrdə
nəzərdə tutulmuş balıqqoruyucu və
balıqburaxıcı qurğular tikilmədikdə;
ehtiyatları təsdiq
edilməmiş yeraltı suları çıxarmaq
üçün nəzərdə tutulan
sugötürücü;
sutənzimedici qurğularla
təchiz edilməyən və müvafiq hallarda sanitariya
mühafizəsi zonaları müəyyən edilməyən
su quyuları;
layihələrdə
nəzərdə tutulmuş yataq hazırlanma tədbirləri
görülənədək dəryaçaların su ilə
doldurulması və suların vəziyyətinə təsir
edən digər hallarda.
IV bölmə
Su
obyektlərinin istifadəsi və mühafizəsi
tədbirlərinin iqtisadi tənzimlənməsi, mübahisələrin
həll edilməsi və su qanunvericiliyinin pozulmasına
görə məsuliyyət
XVI fəsil
Su
obyektlərinin istifadəsi və mühafizəsi
tədbirlərinin iqtisadi tənzimlənməsi
Maddə 96. Su obyektlərinin istifadəsi və
mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin
prinsipləri
Su obyektlərinin istifadəsi
və mühafizəsi tədbirlərinin iqtisadi
tənzimlənməsi aşağıdakı
prinsiplərə əsaslanır:
bu Məcəllənin 18-ci
maddəsinin ikinci hissəsinin tələbləri
nəzərə alınmaqla, sudan ödənişli istifadə; [54]
bu Məcəllənin 18-ci
maddəsinin ikinci hissəsinin tələbləri
nəzərə alınmaqla, su obyektlərindən istifadə ilə
bağlı ödəmələr;
su obyektlərinin istifadəsi
və mühafizəsi üzrə tədbirlərin
maliyyələşdirilməsi.
Maddə 97. Sudan ödənişli istifadə[55]
Bu Məcəllənin 18-ci
maddəsinin ikinci hissəsinin tələbləri
nəzərə alınmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. [56]
Sudan ödənişli istifadənin məqsədi su
təminatına yönəldilmiş dövlət
xərclərini ödəmək, su təsərrüfatı
müəssisələrinin, idarələrinin və təşkilatlarının
özünümaliyyələşdirmə prinsipi ilə
fəaliyyət göstərməsini təmin etmək, su
ehtiyatlarından səmərəli və qənaətlə
istifadə olunmasına və suların mühafizəsinin
yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun
dəqiq uçotunu aparmaq və su təsərrüfatı
sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan
ibarətdir.
Azərbaycan Respublikasında sudan
ödənişli istifadə qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.[57]
Bələdiyyələrin
su təsərrüfatı obyektlərində sudan ödənişli istifadə
qaydaları və şərtləri bu Məcəllə,
digər müvafiq qanunvericilik aktları, habelə
bələdiyyə aktları ilə müəyyən edilir.[58]
Maddə 98. Sudan istifadə haqqının
müəyyən edilməsi
Sudan istifadə haqqı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.[59]
Sudan istifadə haqqı onun
keyfiyyətindən, istifadəyə görə
təyinatından (içməli su, texniki su, suvarma suyu və
s.), su təsərrüfatı obyektlərinin texniki
səviyyəsindən, suyun götürülmə və
nəql edilmə üsullarından və istehsal
xərclərinin həcminə təsir edən digər
amillərdən asılı olaraq ayrı-ayrı su
təsərrüfatı sistemləri üzrə
diferensiallaşdırılır.
Yeraltı sulardan istifadə
haqqı hesablanarkən onların axtarışına,
kəşfiyyatına və ehtiyatlarının
müəyyənləşdirilməsinə
çəkilən xərclər də qanunvericiliklə nəzərdə
tutulmuş qaydada nəzərə alınır.[60]
Sudan istifadəyə
görə güzəştlərin tətbiq olunması
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilir. [61]
Bələdiyyə
mülkiyyətində olan su obyektlərində sudan
istifadə haqqı bu maddənin birinci hissəsində
göstərilən qaydada bələdiyyələr
tərəfindən müəyyən edilir.
Xüsusi mülkiyyətdə
olan su obyektlərinə sudan istifadə haqqı
mülkiyyətçilərlə su istehlakçıları
arasında bağlanmış müqavilə əsasında
müəyyən olunur.
Maddə 99. Su obyektlərindən istifadə ilə
bağlı ödəmə növləri və qaydaları
Su obyektlərindən
istifadəyə görə aşağıdakı
ödəmə növləri müəyyən edilir:
su obyektlərindən xüsusi
məqsədlər üçün su
götürülməsinə və tullantı suların su
obyektlərinə axıdılmasına;
su obyektlərindən
hidroenergetika və nəqliyyat ehtiyacları üçün
istifadəyə;
su obyektlərindən faydalı
qazıntıların hasil edilməsinə və su
obyektlərində geoloji kəşfiyyat və qazma işlərinin
aparılmasına, habelə sualtı qurğuların
tikintisinə və istismarına;
su obyektlərindən
mütəşəkkil idman, istirahət və turizm
məqsədləri üçün istifadəyə;
qanunvericilikdə
nəzərdə tutulmuş digər məqsədlər
üçün istifadəyə.
Su obyektlərindən
istifadə ilə bağlı ödəmə növləri
və qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 100. Su obyektlərinin istifadəsi və
mühafizəsi üzrə tədbirlərin
maliyyələşdirilməsi
Dövlət
əhəmiyyətli su obyektlərinin istifadəsi və
mühafizəsi üzrə tədbirlər müvafiq proqramlar
əsasında dövlət büdcəsi hesabına
maliyyələşdirilir.
Ayrıca istifadəyə və
mülkiyyətə verilmiş su obyektlərinin istifadəsi
və mühafizəsi üzrə tədbirlər
mülkiyyətçilər və su obyektlərinin
istifadəçiləri tərəfindən
maliyyələşdirilir.
Suların zərərli
təsirinin qarşısının alınması və onun
nəticələrinin aradan qaldırılması tədbirləri
qanunvericiliklə müəyyən edilmiş qaydada su
obyektləri istifadəçilərinin,
mülkiyyətçilərin, yerli büdcələrin və
dövlət büdcəsinin hesabına həyata
keçirilir.
XVII fəsil
Su
obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində mübahisələrin həll edilməsi və
su qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Maddə 101. Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində mübahisələrin həll
edilməsi
Su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində fiziki və hüquqi
şəxslər arasındakı mübahisələr
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq məhkəmə qaydasında həll edilir.
Maddə 102. Əqdlərin etibarsızlığı
Su qanunvericiliyini pozmaqla
bağlanmış əqdlər etibarsızdır.
Maddə 103. Azərbaycan Respublikasının su
qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Su qanunvericiliyini pozan
vəzifəli şəxslər, fiziki və hüquqi
şəxslər aşağıdakı hallarda Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti
daşıyırlar:[62]
bu Məcəllənin 102-ci
maddəsində göstərilən hallarda;
su obyektlərini
özbaşına tutduqda və ya sudan özbaşına
istifadə etdikdə;
su obyektlərində
özbaşına hidrotexniki və digər qurğular
tikdikdə;
su obyektlərindən
istifadə üzrə icazə
ilə müəyyən edilmiş şərtləri pozduqda; [63]
sudan istifadə
limitlərinə əməl etmədikdə;
su
istehlakçılarını müəyyən olunmuş
müddətlərdə və həcmdə su ilə təmin
etmədikdə;
su obyektlərini
çirkləndirdikdə, zibilləndirdikdə və
tükəndirdikdə;
su obyektlərinin
çirklənməsinin, zibillənməsinin və suların
zərərli təsirinin qarşısını alan qurğu
və avadanlıqlarsız müəssisələri, kommunal
və digər obyektləri istismar etdikdə;
su ehtiyatlarından
israfçılıqla istifadə etdikdə;
sutoplayıcı
sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla
suları çirkləndirdikdə, torpaqların su
eroziyasına və başqa zərərli hallara səbəb
olduqda;
hidrotexniki və kommunal su
təsərrüfatına aid olan işləri
özbaşına gördükdə;
su təsərrüfatı
qurğularını və avadanlığını
zədələdikdə, onların istismarı qaydalarına
riayət etmədikdə;
su təsərrüfatı
qurğularının və avadanlıqlarının
istismarı qaydalarını pozduqda;
sudan təyinatı üzrə
istifadə etmədikdə;[64]
su kəmərlərindən,
kanallardan və digər su sistemlərindən
özbaşına su götürdükdə, habelə
içməli, məişət, texniki və tullantı
suları kənara (çöllərə,
küçələrə, rabitə və enerji kommunikasiya
şəbəkələrinə) təyinatsız
axıtdıqda;
kollektor və drenaj
sistemlərini dağıtmaqla torpaqların meliorasiya
vəziyyətini pisləşdirdikdə;
sudan istifadəyə
görə haqqı və sudan istifadə qaydalarını
pozmağa görə cərimələri, habelə su
obyektlərinə və ətraf mühitə axıdılan
tullantı sular görə ödənişləri vaxtında
ödəmədikdə;
lazımi
icazə olmadan su çıxarmaq üçün quyular
qazdıqda və ya su çıxarmaq üçün quyuların
qazılması qaydalarını və texnologiyasını
pozduqda;[65]
su mühafizəsi zonalarına
və sahil mühafizə zolaqlarına riayət
etmədikdə;
su obyektlərinin dövlət
monitorinqinin, suların dövlət uçotunun, dövlət
su kadastrının aparılması qaydalarına riayət
etmədikdə;
xüsusi qorunan su
obyektlərinin rejimini pozduqda;
su obyektlərinin
istifadəsinə və mühafizəsinə nəzarət
edən orqanların göstərişlərini yerinə
yetirmədikdə;
içməli su
mənbələrinin, sutəmizləyici qurğuların, su
kəmərlərinin sanitariya mühafizəsi
zonalarının tələblərini pozduqda;
içməli suyun keyfiyyəti
sanitariya tələblərinə və dövlət
standartlarına uyğun gəlmədikdə və
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş digər hallarda.
Maddə 104. Özbaşına tutulmuş su
obyektlərinin qaytarılması
Müvafiq icra hakimiyyəti
orqanları suların istifadəsinə və
mühafizəsinə dair müəyyən edilmiş qaydalar
pozulduqda, həmin işləri və bu mənbələrin
suyundan istifadə olunmasını dayandırmaq hüququna malikdirlər.
Özbaşına tutulmuş su
obyektləri qanunsuz istifadə zamanı çəkilmiş
xərclər ödənilmədən aidiyyəti üzrə
geri qaytarılır.
Maddə 105. Su qanunvericiliyinin pozulması ilə
vurulmuş zərərin ödənilməsi
Fiziki və hüquqi
şəxslər su qanunvericiliyini pozmaqla vurduqları
zərəri Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada
ödəməlidirlər.
1. 22 iyun 1999-cu il tarixli 692-IQD nömrəli "İstehsalat
və məişət tullantıları haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 476)
2. 19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli "Ərazi quruluşu və
inzibati ərazi bölgüsü haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi ilə
əlaqədar "Azərbaycan SSR-in inzibati ərazi quruluşu
məsələlərinin həlli qaydası haqqında"
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti
Fərmanının qüvvədən düşmüş
hesab edilməsi və Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə
237)
3. 3 dekabr 2002-ci il tarixli 392-IIQD nömrəli "Bələdiyyələrin
su təsərrüfatı haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının Su Məcəlləsinə
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-ci il, № 1, maddə
10)
4. 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli “Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında
"Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi və bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 2,
maddə 57)
5. 10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11,
maddə 923)
6. 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə
436)
7. 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə
938)
8. 25 dekabr 2007-ci
il tarixli 524-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, № 2, maddə 47)
9. 16 dekabr
2014-cü il tarixli 1129-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə
72)
10. 06 mart 2015-ci il
tarixli 1220-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 5 aprel 2015-ci il, № 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə
357)
11. 30 iyun 2017-ci il tarixli 759-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 7 sentyabr 2017-ci il, № 193, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, №9, maddə 1631)
12. 28 dekabr 2018-ci
il tarixli 1403-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar
2019-cu il, № 24,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №
01, maddə 20)
13. 3 may 2019-cu il tarixli 1578-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun
2019-cu il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə
987)
14. 12 iyul 2019-cu il tarixli 1652-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 sentyabr
2019-cu il, № 203, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1485)
15. 3 dekabr 2021-ci il tarixli 416-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci
il, № 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə
1315)