AZƏRBAYCAN
RESPUBLİKASININ MEŞƏ MƏCƏLLƏSİ[1]
(Bu Məcəllə Azərbaycan
Respublikasının 30 dekabr 1997-ci il tarixli 424-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)
Bu Məcəllə Azərbaycan Respublikasının
ərazisində meşə münasibətlərinin tənzimlənməsinin, meşələrdən istifadənin,
onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat
potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edir.
Meşə münasibətlərinin tənzimlənməsi meşə
bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin mühüm ekoloji,
iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan meşə
anlayışı nəzərə alınmaqla həyata keçirilir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Məcəllədə işlədilən əsas anlayışlar
aşağıdakılardır:
meşə — bioloji cəhətdən
qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın,
suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf
mühitin digər tərkib hissələrinin vəhdəti;
meşə fondu sahələri — meşə sahələri,
habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri;
meşə münasibətləri — meşələrin, meşə
fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində
münasibətlər;
xüsusi qiymətli
meşə massivləri — tərkibində relikt və endemik ağac və kol
cinsləri olan nadir meşələr, məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən,
habelə estetik cəhətcə nadir mənzərəli meşə sahələri;
yaşıllıq
zonalarının meşələri — şəhərlərin və digər yaşayış məntəqələrinin
sərhədləri xaricində və ya onlara yaxın olan sahələrdə yerləşən, mühüm
qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən və
əhalinin istirahəti üçün istifadə edilən meşələr;
yabanı meyvə
meşələri — meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılan və
tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə, giləmeyvə və
qərzəklilər olan meşələr, meşə-bağlar, bağlar və həmin cinslərin plantasiyaları;
dövlət qoruyucu
meşə zolaqları — xətti qaydada süni salınan, iqlimtənzimləyici,
torpaqqoruyucu və suyu mühafizə funksiyalarını yerinə yetirən meşələr;
qeyri-meşə
torpaqları — meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar,
habelə meşə fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar;
meşəbərpa qırması — meşələrin
vəziyyətini yaxşılaşdırmaq və təbii qoruyucu funksiyaları gücləndirmək
məqsədilə qırma yaşı çatmış və ya ötmüş ağaclarda aparılan qırma;
aralıq istifadə
üçün qırma — meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar
qırmalar, az qiymətli ağaclıqların, habelə qoruyucu, suyu mühafizə və başqa
funksiyalarını itirmiş ağac və kolluqların kəsilməsi ilə əlaqədar olan digər
qırmalar;
relikt bitkilər — keçmiş geoloji
dövrlərin florasından qalmış və yeni yaşayış mühitinə uyğunlaşaraq müasir
biosenozun tərkibinə daxil olan bitki növləri;
arid bitkilər — buxarlanan
rütubətin miqdarının yığıntı miqdarından çox olduğu quraq iqlimli ərazilərin
bitkiləri.
Maddə 2. Azərbaycan Respublikasının meşə qanunvericiliyi
Azərbaycan Respublikasının meşə
qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarından ibarətdir.
Azərbaycan Respublikasının qoşulduğu
beynəlxalq dövlətlərarası müqavilələrdə Azərbaycan Respublikasının meşə
qanunvericiliyindən fərqli qaydalar müəyyən edilmişdirsə, beynəlxalq
müqavilələrin tələbləri tətbiq edilir.
Maddə 3. Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri
Azərbaycan Respublikası meşə
qanunvericiliyinin məqsəd və vəzifələri meşələrin əhəmiyyətini nəzərə almaqla
onları elmi əsaslarla idarə etmək, meşə ekosisteminin bioloji müxtəlifliyini
saxlamaq, meşələrin ehtiyat potensialını yüksəltmək prinsipləri əsasında
onlardan səmərəli istifadəyə, meşələrin mühafizəsini, qorunmasını və bərpasını
təmin etməyə yönəldilmişdir.
Maddə 4. Meşə qanunvericiliyi ilə tənzimlənən münasibətlər
Meşələrin, meşə fondu torpaqlarının
istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə
münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq
qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir.
Meşə fonduna daxil olmayan yaşıllıqların (bundan sonra — yaşıllıqlar) istifadəsi, mühafizəsi, qorunması və
bərpası sahəsində münasibətlər Azərbaycan Respublikasının mülki, bitki aləmi,
torpaq və su qanunvericilikləri, habelə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanunu və bu Məcəllənin müvafiq maddələri ilə tənzimlənir.[2]
Meşə fondu ərazisində heyvanat aləminin,
su obyektlərinin, yerin tərkinin, atmosfer havasının istifadəsi və mühafizəsi
sahəsində münasibətlər Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə
meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının
səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası üçün lazım olan həddə
tənzimlənir.
Meşələrin, habelə meşə fondu
torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı yaranan əmlak münasibətləri,
əgər bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının
mülki qanunvericiliyi ilə tənzimlənir.
Meşələrin, habelə meşə bitkiləri ilə
örtülü olmayan meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması
zamanı yaranan inzibati münasibətlər, o cümlədən maliyyə münasibətləri bu
Məcəllə ilə Azərbaycan Respublikasının inzibati və maliyyə qanunvericiliklərinə
uyğun olaraq tənzimlənir.
Maddə 5. Meşə münasibətlərinin obyektləri
Meşə münasibətlərinin obyektləri Azərbaycan
Respublikasının meşə fondu (bundan sonra — meşə fondu), meşə fondunun sahələri, ağac-kol bitkiləri və onlardan
istifadə hüquqlarıdır. [3]
Maddə 6. Meşə fondu, meşə fondunun torpaqları və sahələri
Azərbaycan Respublikasının ərazisindəki
bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun
torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə
fondunu təşkil edir.
Meşə fondunun sərhədləri meşə fondunun
torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir.
Torpaqların meşə fonduna daxil edilməsi
və oradan çıxarılması Azərbaycan Respublikasının meşə qanunvericiliyi və torpaq
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Meşə torpaqlarına meşə bitkiləri ilə
örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin bərpası
üçün nəzərdə tutulmuş torpaqlar (meşələşməmiş qırma sahələri, yanğın yerləri,
seyrəkliklər, talalar, qurumuş ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş
meşə əkinləri və digərləri) aid edilir.
Qeyri-meşə torpaqlarına meşə
təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar (kənd təsərrüfatı
torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər torpaqlar),
habelə meşə fondunun sərhədləri daxilində yerləşən sair torpaqlar (bataqlıqlar,
daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq
sahələri) aid edilir.
Meşə fondunun sahələrinə meşə sahələri,
habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri aid
edilir.
Meşə fondu sahələrinin sərhədləri meşə
təsərrüfatı işarələri ilə naturada nişanlanmalı və plan-xəritə materiallarında
(meşə xəritələrində) göstərilməlidir.
Maddə 7. Meşə
fonduna daxil olmayan yaşıllıqlar[4]
Aşağıdakı yaşıllıqlar meşə fonduna daxil deyildir:
xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektlərində olan yaşıllıqlar (bu Məcəllənin 74-cü maddəsi nəzərə alınmaqla);
xüsusi mülkiyyətdə olan həyətyanı və bağ
sahələrindəki yaşıllıqlar;
kənd təsərrüfatı məhsullarının istehsalı üçün
istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər);
ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park,
bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar);
məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili,
təhsil, tibb, mədəni-məişət,
sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); [5]
xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri
və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin
(magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin,
su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq
zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə,
sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri
(xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar).
Maddə 8. Meşə münasibətləri obyektlərinin dövriyyəsi
Meşə fondunun dövriyyəsinə, həmçinin
meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən
alqı-satqıya, ipoteka qoymaya və digər əqdlərə yol verilmir.[6]
Meşə fondu sahələrinin və onlardan
istifadə hüququnun dövriyyədə olmasına isə yalnız bu Məcəllə ilə nəzərdə
tutulmuş həddə yol verilir.
Meşə fondu sahələrindən istifadə hüququ
ilə bağlı əqdlər Azərbaycan Respublikasının meşə qanunvericiliyində müəyyən
edilmiş qaydada, onunla tənzimlənməyən hissədə isə mülki qanunvericiliklə
həyata keçirilir.
Yaşıllıqlar bir şəxsdən başqasına Azərbaycan
Respublikasının mülki qanunvericiliyində və torpaq qanunvericiliyində nəzərdə
tutulmuş qaydada verilə bilər. [7]
Maddə 9. Meşə münasibətlərinin subyektləri
Meşə münasibətlərinin subyektləri
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və
hüquqi şəxslərdir.
Azərbaycan Respublikası və Naxçıvan
Muxtar Respublikası adından meşə münasibətlərində öz səlahiyyətləri daxilində
dövlət hakimiyyəti orqanları iştirak edirlər.
Bələdiyyələr meşə münasibətlərində
onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət
daxilində iştirak edirlər.
Meşə təsərrüfatının aparılmasını həyata
keçirən və meşə fondundan istifadə edən fiziki və hüquqi şəxslər meşə
münasibətlərinin iştirakçılarıdır.
Meşə münasibətləri obyektlərinin
istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati
münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının,
bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu
Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və
inzibati qanunvericilik aktları ilə müəyyən edilir.
Maddə 10. Meşə istifadəçiləri
Meşə fondu sahələrindən istifadə hüququ
verilən fiziki və hüquqi şəxslər meşə istifadəçiləridir.
II fəsil
Meşə fondu və
ağac-kol bitkiləri üzərində mülkiyyət, onlardan istifadə hüququ
Maddə 11. Meşə fondu üzərində mülkiyyət
Azərbaycan Respublikasında meşə fondu
dövlətə mənsubdur və onun mülkiyyətidir.
Meşələr və meşə fondunun torpaqları
özəlləşdirilmir.
Maddə 12. Fiziki və hüquqi şəxslərin yaşıllıqlar üzərində mülkiyyət
hüquqları
Fiziki və hüquqi şəxslərin xüsusi
mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən
edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir.
Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam
hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər
qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən
həyata keçirilir.
Maddə 13. Meşə servitutları (meşə sahələrindən başqasının müəyyən dərəcədə
istifadə etmək hüququ)
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, fiziki şəxslər
sərbəst surətdə meşələrdə olmaq hüququna malikdirlər (kütləvi meşə servitutu).
Meşə fondu sahələrindən və meşə fonduna
daxil olmayan sahələrdən fiziki və hüquqi şəxslərin istifadə hüquqları
müqavilələr, habelə məhkəmə qərarları əsasında başqa maraqlı şəxslərin xeyrinə
məhdudlaşdırıla bilər (xüsusi meşə servitutu).
Azərbaycan Respublikasının mülki, torpaq
və başqa qanunvericilik aktlarının müddəaları meşə servitutlarına bu Məcəllənin
tələblərinə zidd olmayan həddə tətbiq edilir.
Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ
Meşə fondu sahələrindən istifadə hüququ
meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif
şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə).
“Torpaq islahatı haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü
olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə
bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə
əsasında icarəyə verilə bilər.
Bu Məcəllə ilə nəzərdə tutulmamış
hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq
qanunvericiliklərinin normaları tətbiq edilir.
Maddə 15. Meşə fondu sahələrindən istifadə hüququnun əsasları
Meşə fondu sahələrindən istifadə
hüququnun əsasları aşağıdakılardır:
müqavilələr;
məhkəmə qərarları;
bu Məcəllə ilə yol verilən digər
əsaslar.
Meşə sahələrindən istifadə hüququ,
kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin
dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti alındığı
vaxtdan əldə edilir.
Maddə 16. Meşə fondu sahələrindən istifadə hüququnun yaradılması
Meşə fondu sahələrindən istifadə hüququ
meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin,
orderin, meşə biletinin əsasında yaranır.
Meşə istifadəçisi Azərbaycan
Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və şərtlərlə
istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün
hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər.
Meşə istifadəçisi olan şəxs vəfat
etdikdə ona məxsus istifadə hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada
başqa şəxslərə keçə bilər.
Meşə istifadəçisi olan hüquqi şəxs
yenidən təşkil edildikdə ona məxsus istifadə hüququ Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yeni yaranan hüquqi şəxsə keçir.
Meşə fondu sahələrindən (torpaqlarından)
istifadə hüququnun başqasına keçməsi müqaviləyə, meşəqırma biletinə, orderə,
meşə biletinə dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir.
Maddə 17. Meşə fondu sahələrindən istifadə hüququnun həyata keçirilməsi
Meşə istifadəçiləri meşə fondu
sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu,
meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə
zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin.
Azərbaycan Respublikasında meşə
qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu
sahələrindən istifadə qadağandır.
Bu Məcəllədə və digər qanunvericilik
aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti
orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə istifadəçilərinin
fəaliyyətinə qarışmasına yol verilmir.
Maddə 18. Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya
dayandırılması
Meşələrin, habelə meşə ilə örtülü
olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsini, mühafizəsini,
qorunmasını və bərpasını, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini
təmin etmək, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi,
fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərini qorumaq zərurililiyi
yarandığı hallarda meşə fondu sahələrindən istifadə hüququ qanunvericiliklə
müəyyən olunmuş qaydada məhdudlaşdırıla və dayandırıla bilər.
Maddə 19. Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya
dayandırılması qaydaları
Meşə fondu sahələrindən istifadə hüququ
müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı hallarda
məhdudlaşdırıla və ya dayandırıla bilər:
meşə istifadəçisi tərəfindən Azərbaycan
Respublikası meşə qanunvericiliyinin tələbləri pozulduqda;
meşə istifadəçisi tərəfindən icarə
müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl
edilmədikdə.
Meşə fondu sahələrindən istifadə
hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olan şərait və
şərtlər aradan qaldırıldıqda bu hüquq tam həcmdə bərpa olunur.
Meşə istifadəçisi onun meşə fondu
sahəsindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması barədə
qərarla razılaşmadıqda məhkəməyə şikayət edə bilər.
Meşə fondu sahələrindən istifadə
hüququnun məhdudlaşdırılması və ya dayandırılması meşə istifadəçisini
Azərbaycan Respublikasının meşə qanunvericiliyini pozduğuna görə intizam,
inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir.
Maddə 20. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin əsasları
Meşə istifadəçisi meşə fondu
sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti
başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti
dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə
nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna
xitam verilir.
Meşə fondu sahələrindən istifadə
hüququna məcburi xitam verilməsi yalnız aşağıdakı hallarda həyata keçirilir:
meşə istifadəçisi tərəfindən Azərbaycan
Respublikasının meşə qanunvericiliyi pozulduqda;
fövqəladə vəziyyət törədən qəza, təbii
fəlakət və bu kimi başqa hadisələr baş verdikdə;
meşə istifadəçisi tərəfindən meşə fondu
sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə;
meşə istifadəçisi tərəfindən meşə fondu
sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində,
meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş şərtlər
pozulduqda;
meşə istifadəçisi tərəfindən yanğın
təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə
əməl edilmədikdə;[8]
meşə fondu sahələri dövlət ehtiyacları
üçün alındıqda.[9]
Meşə fondu sahələrindən istifadə
hüququna xitam verilməsi Azərbaycan Respublikasının meşə qanunvericiliyinə görə
meşə istifadəçisinin intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad
etmir.
Maddə 21. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin qaydaları
Meşə fondu sahələrindən istifadə
hüququna meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma
biletinin, orderin, meşə biletinin ləğvi nəticəsində xitam verilir.
Meşə istifadəçisi meşə fondu sahəsindən
istifadə hüququndan imtina etdikdə bu hüquq onun rəsmi ərizəsi əsasında
dayandırılır.
Meşə fondu sahələrindən istifadə
hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə rəsmi xəbər verməklə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 22. Meşə fondu torpaqlarının icarəyə verilməsi
Bu Məcəllənin 14-cü maddəsinə uyğun
olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları
meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə
müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən
bir ildən qırx doqquz ilədək verilə bilər.[10]
Meşə fondu torpaqlarının icarə
müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) icarəçinin
mülkiyyətidir.
Meşə fondu torpaqlarının subicarəsi
qadağandır.
Meşə fondu torpaqlarının icarəyə verilməsi
bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə
tənzimlənir.
Maddə 23. Meşə fondu torpaqlarının icarə müqaviləsinin şərtləri
Meşə fondu torpaqlarının icarə
müqavilələrində aşağıdakılar göstərilir:
icarəyə verilən sahənin sərhədləri;
işin həcmi (ölçüləri);
icarənin müddəti;
icarə haqqının miqdarı və onun ödənmə
qaydası;
icarəyə verilən sahənin mühafizəsi,
qorunması və bərpası sahəsində tərəflərin öhdəlikləri;
Azərbaycan Respublikasının meşə
qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə tutulmuş başqa şərtlər.
Maddə 24. Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası
Meşə fondu torpaqlarının icarəyə verilmə
qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Meşə fondu torpaqlarının icarəyə
verilməsi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini
nəzərə almaqla həyata keçirilməlidir.
Maddə 25. Meşəqırma bileti, order və meşə bileti
Meşəqırma bileti oduncaq və ikinci
dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir.
Meşəqırma biletində meşə quruluşu layihələri əsasında meşə fondundan istifadə
üçün ayrılmış sahənin yeri, oduncağın və ikinci dərəcəli materialların miqdarı,
keyfiyyəti, onların qiyməti, işin aparılma müddəti, qırma yerlərinin
təmizlənməsi, meşənin bərpa edilməsi şərtləri və qaydaları göstərilir.
Order özü yıxılmış və (və ya) qurumuş
ağaclardan oduncaq hazırlamaq, ağac tör-töküntüsü və ikinci dərəcəli meşə
materiallarının tədarükü, daşınması üçüq hüquq verən sənəddir. Order meşəqırma
bileti əsasında verilir.
Meşə bileti onun sahibinə əlavə meşə
istifadələri üçün hüquq verən sənəddir. Meşə biletində meşə fondundan
istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti göstərilir.
Meşəqırma biletinin, orderin və meşə
biletinin formaları, onların uçotu, saxlanılması, doldurulması və verilməsi
qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 26. Meşə fondu sahələrinin qısamüddətli istifadəyə verilmə qaydası
Meşə fondu sahələrinin bir ilə qədər
qısamüddətli istifadəyə verilməsi Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
III fəsil
Meşə fondundan
istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət
idarəetməsi
Maddə 27. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin
bərpası sahəsində dövlət idarəetməsi və onun əsas prinsipləri
Meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsini
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bu
məqsədlə:
meşə təsərrüfatının aparılması sahəsində
dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir;
meşə qanunvericiliyinə riayət
edilməsinə, həmçinin meşə fondundan istifadəyə, onun mühafizəsinə, qorunmasına
və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirir, onun aparılması
qaydalarını müəyyən edir;
meşə fondundan istifadə və meşə fondu
barəsində sərəncam verir;
investisiya siyasətini həyata keçirir;
meşə fondundan istifadənin, onun
mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramlarını təsdiq
edir;
meşə fondundan istifadənin norma və
qaydalarını müəyyənləşdirir;
hesablanmış meşəqırma həcmini
müəyyənləşdirir və təsdiq edir;
meşə fondundan istifadəyə görə ödəniş
növlərini, habelə köküstə buraxılan oduncağın minimum ödəniş tarifini,
ayrı-ayrı meşə istifadəçiləri üçün tədiyə güzəştlərinin həcmini və onların
ödəmə qaydalarını müəyyən edir. Meşə materiallarına qiymət qoyur;
meşələrin qorunub saxlanılması və təkrar
istehsalı üzrə respublika fondunu yaradır, ondan istifadə qaydalarını müəyyən
edir;
köküstə oduncaq buraxılması, meşəqırma,
meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydalarını təsdiq
edir;
meşə təsərrüfatının aparılması üzrə elmi
tədqiqat və layihə axtarış işlərini təşkil edir və əlaqələndirir;
meşələrin dövlət uçotunun, dövlət meşə
kadastrının, meşələrin monitorinqinin və meşə quruluşu işlərinin aparılması
qaydalarını müəyyən edir;
meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində beynəlxalq əməkdaşlığı
həyata keçirir, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təşkil
edir;
meşə təsərrüfatı sahəsində dövlət
statistika hesabatının aparılması qaydasını müəyyən edir;
meşə fondu sahələrindən istifadə
hüququnu, habelə meşələrin vəziyyətinə və bərpasına təhlükə yaradan işləri
dayandırır, məhdudlaşdırır, bunlara xitam verir;
meşə təsərrüfatının aparılması və
meşədən istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarını
qeyri-meşə torpaqlarına keçirir, meşə fondu torpaqlarını geri alır;
meşə fondu sahələrini fövqəladə ekoloji
vəziyyət və ekoloji fəlakət zonaları elan edir;
qanunvericiliklə müəyyən edilmiş digər
səlahiyyətləri həyata keçirir;
meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi
aşağıdakı prinsiplərə əsaslanır:
iqtisadiyyatın inkişafı;
ətraf mühitin mühafizəsi;
ölkənin mənafeyinə uyğun olaraq meşə
fondundan səmərəli istifadə edilməsi.
Maddə 28. Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində fəaliyyəti
Naxçıvan Muxtar Respublikasının meşə
fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində
həyata keçirdiyi fəaliyyət bu Məcəllə ilə tənzimlənir.
Maddə 29. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin
bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri
Meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində yerli özünüidarənin
səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
IV fəsil
Meşə təsərrüfatının
təşkili
Maddə 30. Meşə təsərrüfatının təşkilinə qoyulan əsas tələblər
Meşə təsərrüfatının təşkili və meşə
fondundan istifadə ətraf mühitə, təbii ehtiyatlara və insanların sağlamlığına
zərər gətirməyən prinsiplərə əsasən həyata keçirilməlidir.
Meşə təsərrüfatı işləri aparılarkən
aşağıdakılar təmin olunmalıdır:
insanların sağlamlığı naminə meşələrin
mühityaradıcı, suyu mühafizə, qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırıcı və
digər faydalı təbii xüsusiyyətlərinin saxlanılması və gücləndirilməsi;
oduncaq və başqa meşə sərvətlərinin
tədarükü üçün meşə fondundan məqsədli və səmərəli istifadə;
meşələrin bərpası, onların cins
tərkibinin, keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi,
mühafizəsi və qorunması;
eşə fondu torpaqlarından səmərəli istifadə;
meşə təsərrüfatı işlərinin
səmərəliliyinin vahid siyasət, elm, texnika və qabaqcıl təcrübənin
nailiyyətlərindən istifadə əsasında yüksəldilməsi;
bioloji müxtəlifliyin saxlanılması;
tarix-mədəniyyət və təbii irs
obyektlərinin qorunması.
Maddə 31. Meşə fondunun meşə qrupuna və qoruyucu kateqoriyalara aid edilməsi
Azərbaycan Respublikasının meşə fondu
dağ və düzən meşələrindən ibarətdir.
İqtisadi və ekoloji əhəmiyyətinə,
yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə ölkənin meşə fondu birinci
qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara bölünür:
qoruq meşələri;
kurort meşələri;
xüsusi qiymətli meşə massivləri;
şəhərlərin və digər yaşayış
məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri;
yabanı meyvə meşələri;
dövlət qoruyucu meşə zolaqları;
sair meşələr.
Zəruri hallarda göstərilən
kateqoriyalara aid edilmiş meşələrdə xüsusi qoruyucu meşə sahələri (eroziyadan
mühafizə meşələri, çayların, göllərin və digər su obyektlərinin sahillərində
olan meşə sahələri, dəmir yollarının və avtomobil yollarının kənarlarındakı
meşələr və s.) və xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət
kəsb edən meşələr və meşə-parklar, seyrək arid meşələri, ziyarət edilən yerlərdəki
meşələr və s.) müəyyən edilir.
Meşələrin qoruyucu kateqoriyalara aid
edilməsi, habelə bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya
keçirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada meşə quruluşu işləri və ya xüsusi müşahidə
materialları əsasında həyata keçirilir.
Maddə 32. Qoruyucu kateqoriyalara görə meşə torpaqları hüdudlarının müəyyən
edilməsi
Meşələri qoruyucu kateqoriyalara aid
edərkən eyni zamanda meşə fondu sahəsinin hər bir kateqoriya üzrə hüdudları bu
Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilir.
Xüsusi qoruyucu meşə sahələrinin
göstəriciləri meşə quruluşu işləri və ya xüsusi müşahidə materiallarına əsasən
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilir. Xüsusi qoruyucu meşə sahələrinin siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 33. Meşənin qırma yaşının təyini
Meşənin qırma yaşı meşələrin
əhəmiyyətindən, məhsuldarlığından, yerinə yetirdiyi funksiyalardan, habelə
orada bitən ağac cinslərinin bioloji xüsusiyyətlərindən asılı olaraq müəyyən
edilir.
Meşələrin qırma yaşı meşə quruluşu
işləri aparılarkən və ya elmi tədqiqat işlərinin nəticəsi ilə əsaslandırılır.
Qırma yaşı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 34. Hesablanmış meşəqırma həcmi və onun təsdiq edilməsi qaydası
Hesablanmış meşəqırma həcmi meşə
fondundan səmərəli, uzunmüddətli istifadənin zəruriliyi nəzərə alınmaqla meşə
quruluşu işləri aparılarkən müəyyən edilir.
Təbiəti mühafizə orqanı ilə
razılaşdırılmış meşəqırma həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
Meşə fondunun sərhədi, meşənin qırma
yaşı, meşə kateqoriyası dəyişdikdə və meşə fondunda digər dəyişikliklər baş
verdikdə hesablanmış meşəqırma həcmi müəyyən edilmiş qaydada yenidən təsdiq
edilir.
Maddə 35. Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə
əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına
keçirilməsi (və ya) meşə fondu torpaqlarının geri alınması
Meşə təsərrüfatının idarə edilməsi və
meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə fondu
torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi (və ya) meşə fondu
torpaqlarının geri alınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
Bu halda meşə fondundan torpaq ayrılan
fiziki və hüquqi şəxslər həmin torpaqların kadastr qiyməti əsasında hesablanmış
dəyəri müvafiq meşə təsərrüfatına ödəyirlər.
Meşə fondu torpaqlarının geri alınması
ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyan Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tam həcmdə
ödənilir.
Maddə 36. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin
razılaşdırılması[11]
Meşələrin vəziyyətinə və bərpasına təsir edən,
habelə bu Məcəllənin 37-ci maddəsində nəzərdə tutulan obyektlərin tikinti
layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında"
Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə
təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənəd dövlət
ekoloji ekspertizasından keçirilməklə müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılır.
Meşələrin vəziyyətinə və bərpasına təsir edən
mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə
uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə
mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin
fəaliyyətə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla
bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində
normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə
alınmaqla müvafiq dəyişikliklər edilir.
Meşələrin vəziyyətinə və bərpasına təsir edən
mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə
təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin
layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq
edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
Meşələrin vəziyyətinə və bərpasına təsir edən
obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata
keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə
bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll
edilir.
Maddə 37. Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə
əlaqədar olmayan işlərin görülməsi qaydası
Meşə fondunda meşə təsərrüfatının
aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin
aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin yerinə
yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına
keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda)
müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
İcazədə görülən işlərin adı, müddəti və
yerinə yetirilmə şərtləri, ətraf mühitin mühafizəsi barədə tələblər göstərilir.
Bu işlərin yerinə yetirilməsi qırma ilə
əlaqədar olduqda meşə təsərrüfatı müəssisəsi meşəqırma bileti yazır.
Göstərilən işlərin yerinə yetirilməsində
tətbiq olunan üsullar meşə fondunun vəziyyətinə və meşələrin bərpasına mənfi
təsir göstərməməlidir.
Maddə 38. Meşə fondunun dövlət uçotu
Meşə fondunun dövlət uçotu meşə
fondundan səmərəli istifadəni, onun mühafizəsini, qorunmasını və meşələrin
bərpasını təşkil etmək, meşə fondunun kəmiyyət və keyfiyyət dəyişmələrinə
müntəzəm nəzarət etmək, dövlət orqanlarını, bələdiyyələri, əlaqədar fiziki və
hüquqi şəxsləri meşə fondu barədə məlumatla təmin etmək məqsədilə aparılır.
Meşə fondunun dövlət uçotunun
məlumatları dövlət meşə kadastrının aparılmasında istifadə edilir.
Meşə fondunun dövlət uçotu
göstəricilərinin siyahısını, habelə müvafiq sənədlərin formalarını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
Meşə fondunun dövlət uçotunun aparılma
qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilir.
Maddə 39. Dövlət meşə kadastrı
Dövlət meşə kadastrı meşə fondunun
qeydiyyatı, onun ekoloji, iqtisadi, kəmiyyəti və keyfiyyət cəhətdən
qiymətləndirilməsidir.
Dövlət meşə kadastrı meşə təsərrüfatının
idarə edilməsində, onun təşkilində və meşə fondundan istifadə ilə əlaqədar
olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına
keçirilməsində və (və ya) meşə fondu torpaqlarının geri alınmasında, meşə
fondundan istifadə üçün ödəmələrin miqdarının müəyyən edilməsində, meşə
istifadəçilərinin və meşə təsərrüfatı işləri aparan şəxslərin təsərrüfat
fəaliyyətinin qiymətləndirilməsində istifadə olunur. Dövlət meşə kadastrının
aparılmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Dövlət meşə kadastrı göstəricilərinin
siyahısı və meşələrin iqtisadi qiymətləndirilməsinin metodikası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dövlət meşə kadastrının aparılması
qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
Maddə 40. Meşələrin monitorinqi
Meşələrin monitorinqi meşə fondundan
istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası, onların ekoloji
funksiyalarının aparılması sahəsində dövlət idarəetməsi məqsədilə meşə fondunun
vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılması
sistemindən ibarətdir.
Meşələrin monitorinqinin həyata
keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 41. Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və
meşələrin bərpasının dövlət proqramları
Meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması və meşələrin bərpası üçün dövlət proqramları hazırlanır.
Meşə fondundan istifadənin, onun
mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və həyata keçirilir.
Bu proqramların layihələrinə dair “Ətraf mühitə
təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi
hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.[12]
Maddə 42. Məcburi sertifikatlaşdırılan meşə ehtiyatları
Köküstə buraxılan oduncaq və ikinci
dərəcəli meşə ehtiyatları məcburi sertifikatlaşdırılır. Göstərilən ehtiyatların
məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Azərbaycan Respublikası
müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Maddə 43. Meşə quruluşu işləri və onun aparılması
Meşə quruluşu işləri meşə fondundan
səmərəli istifadə, meşə təsərrüfatının effektli aparılması, bu sahədə vahid
elmi-texniki siyasətin həyata keçirilməsini təmin etməyə yönəldilmiş tədbirlər
sistemindən ibarətdir.
Meşə quruluşu işləri aparılan zaman
aşağıdakılar həyata keçirilir:
müəyyən edilmiş qaydada meşə
təsərrüfatlarının, milli parkların, dövlət təbiət qoruqlarının, digər meşə
təsərrüfatı müəssisələrinin, meşə fondu sahələrinin və ərazilərinin
təsərrüfatdaxili təşkilinin müəyyən edilməsi;
topoqrafiya-geodeziya işlərinin
görülməsi və meşənin xüsusi xəritələrinin hazırlanması;
meşələrin cins və yaş tərkibini,
vəziyyətini, habelə meşə ehtiyatlarının keyfiyyət və kəmiyyət göstəricilərini
müəyyən etməklə meşə fondunun inventarlaşdırılması;
relikt (qədim dövrdən dəyişməmiş) meşə
bitkilərinin, xüsusi qoruyucu və xüsusi qorunan meşə sahələrinin aşkara
çıxarılması;
meşələrin bərpası və aralıq istifadə
üçün qırılmasını, meşəsalma, meliorasiya, meşələrin mühafizəsi, qorunması,
digər meşə təsərrüfatı tədbirlərinin görülməsini tələb edən meşə fondu
sahələrinin aşkara çıxarılması, habelə bu tədbirlərin aparılması qaydaları və
üsullarının müəyyən edilməsi;
meşələrin qoruyucu kateqoriyalara aid
edilməsinin və bir qoruyucu kateqoriyadan digərinə keçirilməsinin əsaslandırılması,
meşə ilə örtülü olmayan torpaqların meşə ilə örtülü olan torpaqlara, qeyri-meşə
torpaqlarının meşə torpaqlarına keçirilməsi;
hesablanmış meşəqırma və aralıq istifadə
üçün qırma həcminin müəyyən edilməsi;
meşəbərpa, meşəsalma, meşələrin
mühafizəsi və qorunması tədbirlərinin, həmçinin digər meşə təsərrüfatı
işlərinin həcminin müəyyən edilməsi;
meşədən əlavə istifadənin və ikinci
dərəcəli meşə ehtiyatları tədarükü miqdarının, meşə fondundan ovçuluq
təsərrüfatının ehtiyacları, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri
üçün istifadənin müəyyən edilməsi;
meşə-bioloji və digər xüsusi
müayinələrin aparılması;
meşə quruculuğu layihələrinin həyata
keçirilməsinə nəzarət;
digər meşə qoruyucu işləri.
Meşə quruluşu işləri zamanı meşə fondunun
meşə quruluşu layihələri tərtib edilir. Layihələrdə ötən dövr ərzində meşə
təsərrüfatlarının aparılması və meşə fondundan istifadə qiymətləndirilir, onun
təşkilinin və aparılmasının əsas müddəaları hazırlanır. Həmin
layihələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq
edilir və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin hazırlanması, meşə təsərrüfatının
aparılması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə meşə təsərrüfatı
işlərinin maliyyələşdirilməsi üçün əsasdır.[13]
Meşə quruluşu işləri meşə fondu
ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vahid
sistem üzrə aparılır.
Meşə quruluşu işləri aparılmadan meşə
təsərrüfatı və meşədən istifadə işlərinin həyata keçirilməsi qadağandır.
Maddə 44. Meşə fondu haqqında məlumat
Meşə fondu haqqında məlumat, meşələrin
dövlət uçotu, dövlət meşə kadastrı, meşələrin monitorinqi, meşə quruluşu işləri
göstəricilərindən və sairədən ibarətdir.
Meşə fondu haqqında məlumat Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi sərəncamında olmaqla,
onun müəyyən etdiyi qaydada fiziki və hüquqi şəxslərə verilir.
Maddə 45. Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və
meşələrin bərpasına dövlət nəzarəti
Meşə fondunun vəziyyətinə, istifadəsinə,
qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin vəzifəsi fiziki və hüquqi
şəxslər tərəfindən meşə fondundan istifadənin, köküstə oduncaq buraxılışını,
meşəbərpa və aralıq istifadə qırmaları və digər qırma qaydalarını Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun təmin etməkdən ibarətdir.
Bu sahədə dövlət nəzarətini müvafiq icra
hakimiyyəti orqanları səlahiyyətləri daxilində həyata keçirirlər.
Meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata
keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 46. Meşə fondunun mühafizəsinə tələblər
Meşə fondunun mühafizəsi dövlət tərəfindən
həyata keçirilir.
Bu məqsədlə aşağıdakı tədbirlər görülür:
meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına, meşələrin bərpasına nəzarətin təşkili;
meşə fondundan istifadə edilməsi, onun
mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının
alınması, onların aradan qaldırılması;
təqsirkar fiziki və hüquqi şəxslərin
qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi;
meşə fonduna zərər vuran təsərrüfat və
başqa fəaliyyət növlərinin məhdudlaşdırılması, dayandırılması, qadağan
edilməsi;
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi.
Meşə fondunun mühafizəsinin təşkili
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
V fəsil
Meşələrin və meşə
bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi,
qorunması və bərpası
Maddə 47. Meşədən istifadəyə qoyulan əsas tələblər
Meşədən istifadəyə qoyulan tələblər
aşağıdakılardır:
meşələrdən fasiləsiz və səmərəli
istifadə;
əhalinin sağlamlığının qorunması, ətraf
mühitin yaxşılaşdırılması və iqtisadiyyatın inkişafı üçün meşələrin
mühityaradıcı, suyu mühafizə, qoruyucu və digər funksiyalarının saxlanması və
gücləndirilməsi;
meşədən istifadə qaydalarının meşələrin
əhəmiyyətindən, yerinə yetirdikləri funksiyalarından, yerləşməsindən, təbii və
iqtisadi şəraitdən asılı olaraq müəyyənləşdirilməsi;
meşələrin bərpası üçün şəraitin
yaradılması;
meşədən istifadənin ödənişli olması;
meşədən istifadənin elmi cəhətdən
əsaslandırılmış normalarına riayət edilməsi.
Maddə 48. Meşə fondundan istifadə növləri
Meşə fondundan istifadə növləri
aşağıdakılardır:
oduncaq tədarükü;
ikinci dərəcəli meşə ehtiyatları
tədarükü (kötük, lif, qabıq və başqaları);
meşədən əlavə istifadə (ot çalını,
pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə,
gərzəkli və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal,
mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, gil və digərlərinin
tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə);
elmi-tədqiqat məqsədləri üçün;
mədəni-sağlamlaşdırma, turizm və idman
məqsədləri üçün;
ovçuluq təsərrüfatı.
Meşə fondu sahələrindən istifadə meşə
sərvətlərini götürməklə və ya götürmədən həyata keçirə bilər.
Meşə fondu sahələri bir və ya bir neçə
meşə istifadəsinə bir və ya bir neçə növ əlavə istifadə üçün verilə bilər.
Maddə 49. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin hüquqları
Meşə fondundan istifadə zamanı meşə
istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər:
onların istifadəsinə verilmiş meşə fondu
sahələri barədə məlumat almaq;
müəyyən edilmiş həddə meşə fondundan
istifadə;
meşədən istifadə müddətində meşə
fondundan istifadə ilə bağlı məqsədlər üçün müəyyən edilmiş qaydada tikililər,
qurğular, oduncaq saxlamaq üçün yerlər düzəltmək;
Azərbaycan Respublikasının meşə
qanunvericiliyinə zidd olmayan digər hüquqlar.
Maddə 50. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin vəzifələri
Meşə fondundan istifadə zamanı meşə
istifadəçiləri aşağıdakılara əməl etməyə borcludurlar:
meşə fondu sahələrindən Azərbaycan
Respublikasının meşə qanunvericiliyinə uyğun olaraq istifadə etmək;
meşə fondu sahələrinin (torpaqlarının)
icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə
əməl etmək;
əhalinin sağlamlığına, ətraf mühitə
ziyan vurmamaq;
meşə fondundan torpaq eroziyasına səbəb
olmayan, meşənin vəziyyətinə və bərpasına, habelə suyun və digər təbii
obyektlərin vəziyyətinə mənfi təsir göstərməyən üsullarla istifadə etmək;
istifadəyə verilmiş meşə fondu
sahələrində meşə yanğını təhlükəsizliyi qaydalarına riayət etmək və həmin
sahələrdə yanğın baş verməməsi üçün tədbir görmək, meşə yanğını baş verdikdə
onun söndürülməsini təmin etmək;
qırılma üçün ayrılmış ağacları tam kəsib
götürmək, oduncağın tədarükü və daşınmasını müəyyən edilmiş müddətdə başa
çatdırmaq;
oduncaq tədarükü ilə bir vaxtda sahələri
qırma qalıqlarından təmizləmək;
meşə fondu sahələrinin (torpaqlarının)
icarəsi barədə müqavilədə, meşəqırma biletində, orderdə, meşə biletində
göstərilmiş müddətdə və şərtlərlə meşəbərpa tədbirlərini həyata keçirmək;
istifadəyə verilmiş meşə fondu
sahələrini (torpaqlarını) öz hesabına meşə fondu sahələrinin icarəsi barədə
müqavilədə, meşəqırma biletində, orderdə, meşə biletində göstərilmiş vəziyyətə
gətirmək;
meşə fondu sahələrində işlər başa
çatdıqdan sonra onları müvafiq meşə təsərrüfatı müəssisələrinə təhvil vermək;
meşə təsərrüfatına vurulmuş zərər və
itkini müəyyən edilmiş qaydada ödəmək;
meşə fondundan istifadə üçün haqları
vaxtında ödəmək;
meşələrdə sanitariya qaydalarına riayət
etmək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş digər rəsmi
tələbləri yerinə yetirmək;
başqa meşə istifadəçilərinin hüquqlarını
pozmamaq;
meşə fondundan istifadə barədə, habelə
meşə fondundan istifadəyə görə ödəmələrin miqdarını müəyyən etmək üçün lazımi
məlumatları müəyyən edilmiş qaydada meşə təsərrüfatı müəssisələrinə, dövlət
statistika orqanlarına vermək;
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 51. Meşə fondu istifadəçilərinin hüquqlarının müdafiəsi
Meşə fondu istifadəçilərinin pozulmuş
hüquqları bərpa olunmalı və onlara vurulan zərər ödənilməlidir. Zərərin
ödənilməsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
Dövlət ehtiyacları üçün meşə fondu
torpaqlarının özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki
Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikasının Qanununda torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir.[14]
Maddə 52. Meşə təsərrüfatına dəyən zərər və itkinin ödənilməsi
Meşə təsərrüfatına dəyən zərər və
itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada ödənilir.
Maddə 53. Fiziki şəxslərin meşələrdə olması
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər haqqı
ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə,
göbələk, gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal
yığmaq, mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək
hüququna malikdirlər.
Azərbaycan Respublikasının Qırmızı
kitabına düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli
bitki və digər xammalın yığılması, tədarükü qadağandır.
Fiziki şəxslər meşədə yanğın
təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların zədələnməsinə,
sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin
zibillənməsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə
Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinə riayət etməyə
borcludurlar.
Fiziki şəxslərin ov etmək məqsədilə
meşələrdə olması bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə tənzimlənir.
Fiziki şəxslərin meşədə olması və meşə
sərvətləri yığması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə və digər
meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq qoruq meşələrində milli parklarda
və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş xüsusi
qaydaya müvafiq olaraq məhdudlaşdırıla və qadağan edilə bilər.
VI fəsil
Meşələrin bərpası
və meşəsalma
Maddə 54. Meşələrin bərpasının və meşəsalmanın məqsədi
Meşələrin bərpasının məqsədi meşə ilə
örtülü olmayan torpaqlarda meşələrin vaxtında bərpa olunmasından, onların cins
tərkibinin yaxşılaşdırılmasından, məhsuldarlığının artırılmasından, meşə fondu
torpaqlarından səmərəli istifadə etməkdən ibarətdir.
Meşəsalmanın məqsədi qeyri-meşə
torpaqlarında meşələr salmaqdan, meşə fondunun məhsuldar olmayan torpaq
sahələrini minimuma endirməkdən, meşə fonduna daxil olmayan torpaqlarda
qoruyucu əkinlər yaratmaqdan ibarətdir. Böyük ərazilərdə irimiqyaslı (10 ha-dan çox olan)
meşəsalma fəaliyyəti üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf
mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin
dövlət ekoloji ekspertizası keçirilməlidir.[15]
Maddə 55. Meşəbərpa qaydası
Meşəbərpa işlərinin həcminin, onların
aparılma üsullarının və bərpa olunacaq ağac cinslərinin müəyyənləşdirilməsi,
həmçinin meşəbərpa tədbirlərinin, meşə toxumları tədarükü və əkin materialları
yetişdirilməsi işlərinin aparılması, meşə fondunda baş vermiş dəyişiklikləri
nəzərə almaqla meşə quruluşu layihələrinə uyğun olaraq meşə təsərrüfatı
müəssisələri tərəfindən yerinə yetirilir.
Maddə 56. Meşələrin məhsuldarlığının artırılmasına qoyulan əsas tələblər
Meşələrin məhsuldarlığının artırılması,
meşə fondu sahələrindən səmərəli istifadə və meşə təsərrüfatı işlərinin
məqsədyönlü aparılması yolu ilə təmin edilir.
Meşələrin məhsuldarlığının artırılması
elmi cəhətdən əsaslandırılmış qırma sisteminin tətbiqi, meşələrin bərpası,
onların cins tərkibinin yaxşılaşdırılması, seleksiya-genetika əsasında daimi
meşə toxumçuluğu bazasının yaradılması və ondan səmərəli istifadə,
hidromeşəmeliorasiya tədbirləri, meşələrə qulluq, digər meşə təsərrüfatı işləri
aparmaq yolu ilə həyata keçirilir.
Meşələrin məhsuldarlığının artırılması
tədbirləri meşə quruluşu layihələrinə uyğun olaraq meşə təsərrüfatı
müəssisələri tərəfindən görülür.
Maddə 57. Meşələrin məhsuldarlığının artırılması
Meşələrin məhsuldarlığının artırılması
məqsədilə aşağıdakılar həyata keçirilməlidir:
meşələrə qulluq, seleksiya, meşə
toxumçuluğu, qiymətli ağac cinslərinin sort-sınağı üzrə işlər aparmaq,
torpaqların münbitliyini artırmaq, onların su və külək eroziyasının,
bataqlaşmasının, şoranlaşmasının və torpaqların vəziyyətinin pisləşməsinə səbəb
olan digər proseslərin qarşısını almaq, habelə meşələrin cins tərkibini
yaxşılaşdırmaq, onların məhsuldarlığını və qoruyucu xüsusiyyətlərini artırmaq
(bu zaman palıd, fıstıq, qoz, şam və başqa qiymətli ağac cinslərinin saxlanması
və onların vaxtında bərpası təmin olunmalıdır);
aralıq istifadə üçün qırmalar aparmaq;
meşələrin bərpası, yeni meşələr
salınması, çox rütubətləşmiş torpaqların hidromeşəmeliorasiyası sahəsində
tədbirlər görmək;
meşə təsərrüfatı təmayüllü yollar
çəkmək.
VII fəsil
Meşə fondunun
mühafizəsi və qorunması
Maddə 58. Meşələrin mühafizəsinin və qorunmasının məqsəd və vəzifələri
Meşələr yanğından, qanunsuz qırılmadan,
meşədən istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və
meşəyə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən və xəstəliklərdən
mühafizə edilməlidir.
Meşələrin mühafizəsi və qorunması,
onların bioloji və digər xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir, meşə
fondundan səmərəli istifadə, meşələri məhv olmaqdan, zədələnmədən, zəifləmədən,
çirklənmədən və digər mənfi təsirlərdən mühafizə sahəsində təşkilati, hüquqi və
başqa tədbirlər sistemindən ibarətdir.
Meşələrin mühafizəsi və qorunması meşə
təsərrüfatı müəssisələri tərəfindən, yerüstü vasitələrdən və müəyyən edilmiş
qaydada aviasiyadan istifadə etməklə həyata keçirilir.
Maddə 59. Meşələrin mühafizəsi və qorunması tədbirlərinin həyata keçirilməsi
qaydası
Müvafiq icra hakimiyyəti orqanları və
meşə təsərrüfatı müəssisələri meşələrin mühafizəsi və qorunması,
zərərvericilər, xəstəliklər və yanğınlarla mübarizə tədbirləri həyata
keçirirlər.
Müvafiq icra hakimiyyəti orqanları və
meşə təsərrüfatı müəssisələri zəruri hallarda, yüksək yanğın təhlükəsi dövründə
əhalinin, nəqliyyat vasitələrinin meşəyə girməsini, habelə ayrı-ayrı meşə fondu
sahələrində müəyyən iş növlərinin aparılmasını məhdudlaşdırır və ya qadağan
edir.
Meşə zonalarında tullantıların basdırılması
qadağandır.[16]
Fiziki və hüquqi şəxslərin meşə
yanğınlarının söndürülməsinə cəlb olunması Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 60. Meşələrin yanğından mühafizəsində meşə istifadəçilərinin vəzifələri
Meşə istifadəçiləri meşə yanğınlarına
qarşı müvafiq meşə təsərrüfatı müəssisələri ilə razılaşdırılmış tədbirlər planı
hazırlayıb təsdiq etməli və nəzərdə tutulmuş müddətdə yerinə yetirməlidir. Meşə
yanğınlarına qarşı tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Fiziki və hüquqi şəxslərin meşə fondu
ərazisində iş apardıqları, mədəni-kütləvi və sair tədbirlər keçirdikləri
yerlərdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş normalara
uyğun və yanğın təhlükəsi dövründə istifadə etməyə yararlı yanğınsöndürən
vasitələr olmalıdır.
Maddə 61. Meşə fondunda yanğın nəzarəti
Meşə fondunda yanğına nəzarət fiziki və
hüquqi şəxslərin yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və
qaydaların tələblərinə riayət etmələri, onların pozulmasının qarşısının
alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.[17]
Meşə istifadəçiləri, meşə fondu
sahələrində və meşə fondu ilə həmhüdud torpaqlarda iş aparan digər fiziki və
hüquqi şəxslər, habelə meşə fondunda mədəni-kütləvi və sair tədbirlər
keçirilməsinə cavabdeh olanlar yanğın təhlükəsizliyi sahəsində normaların,
standartların və qaydaların tələblərinin pozulmasına görə Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və sair
məsuliyyət daşıyırlar.
Maddə 62. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi
Meşə fondunun zərərvericilərdən və
xəstəliklərdən mühafizəsi meşə fondunun vəziyyəti üzərində müntəzəm müşahidə
aparmaq, zərərvericilərin və xəstəliklərin mənbələrini aşkara çıxarmaq, həmin
yerlərdə profilaktik tədbirlər aparmaq, bu halların yayılmasının qarşısını
almaq və onları aradan qaldırmaq yolu ilə təmin edilir.
Meşə fondunun zərərvericilərdən və
xəstəliklərdən mühafizəsi aşağıdakı tədbirlərdən ibarətdir:
cari, ekspedisiya aviavizual və sair
meşəpatologiya müşahidələri;
zərərvericilərin və xəstəliklərin əmələ
gəlməsinin ümumi, ilkin yoxlanışı və onun dəqiq müşahidəsinin aparılması;
zərərvericilər və xəstəliklər ilə
aviasiya və yerüstü vasitələrlə mübarizə tədbirlərinin hazırlanması;
meşə xəstəliklərinə qarşı profilaktik
tədbirlərin, zərərvericilərin və xəstəliklərin mənbələrinin ləğv edilməsi
işlərinin təşkili;
bu tədbirlərin yerinə yetirilməsi
üzərində nəzarət.
Meşə fondunun zərərvericilərdən və
xəstəliklərdən mühafizəsi tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş fitosanitariya qaydaları ilə nizamlanır.
Maddə 63. Meşə fondunun səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpasının
təmin olunmasında fiziki və hüquqi şəxslərin, ictimai birliklərin iştirakı
Meşə fondunun mühafizə olunması hər bir
vətəndaşın, fiziki və hüquqi şəxslərin borcudur.
Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq fiziki və hüquqi şəxslər, ictimai birliklər
meşələrin səmərəli istifadəsi, qorunması və bərpasının təmin olunmasında
iştirak edə bilərlər.
VIII fəsil
Meşə fondundan
istifadənin, onun mühafizəsi, qorunması və bərpasının iqtisadi tənzimlənməsi
Maddə 64. Meşə fondundan istifadəyə görə ödəmə
Bu Məcəllədə və Azərbaycan
Respublikasının digər qanunvericiliyində nəzərdə tutulmuş hallardan başqa meşə
fondundan və meşə sərvətlərindən istifadənin bütün növləri ödənişlidir.
Meşə təsərrüfatının ümumi gəliri meşə
gəlirlərindən və meşə təsərrüfatının fəaliyyəti nəticəsində əldə edilən
gəlirdən ibarətdir.
Meşə gəliri köküstü oduncaq buraxılışı
və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə
görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır.
Meşə təsərrüfatının fəaliyyəti
nəticəsində əldə edilən gəlirlərə meşə təsərrüfatı istehsalından, meşə sənayesi
və qeyri-sənaye meşə istehsalından daxil olan vəsaitlər aid edilir.
Maddə 65. Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu
Meşələrin bərpasının mühafizəsinin və
qorunmasının, meşə təsərrüfatı istehsalının digər tədbirlərinin, habelə meşə
təsərrüfatının inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etmək
məqsədilə meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu yaradılır.
Fondun maliyyə mənbələri meşə
gəlirlərindən, meşə təsərrüfatına ictimai yardımlardan və digər vəsaitlərdən
ibarətdir.
Meşə təsərrüfatı istehsalı meşələrin
qorunub saxlanması və təkrar istehsalı fondu, eləcə də büdcə vəsaiti hesabına
maliyyələşdirilir.
Sənaye və qeyri-sənaye istehsalı
özünümaliyyələşdirmə (təsərrüfat hesabı) prinsipi əsasında həyata keçirilir.
Maddə 66. Meşə təsərrüfatı sahəsində həvəsləndirmə və güzəştlər
Meşə təsərrüfatı işçilərinə Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
həvəsləndirmə və güzəştlər (otlaq, biçənək sahələri təhkim etmək, meşədən
mal-qara üçün ot biçmək, yanacaq kimi istifadə üçün güzəştli qiymətlərlə odun,
xüsusi geyim və s.) nəzərdə tutulur.
IX fəsil
Meşə fondundan və ağac-kol bitkilərindən
istifadənin xüsusiyyətləri[18]
Maddə 67. Oduncaq tədarükü
Oduncaq tədarükü meşəbərpa və aralıq
istifadə üçün qırma, habelə başqa qırmalar (başdan-başa sanitariya qırmaları,
su qovşaqlarının, boru kəmərlərinin, yolların, elektrik xətlərinin tikintisi,
habelə mərzlərin, yanğından mühafizə keçidlərinin açılması və digər belə
məqsədlər üçün aparılan qırmalar) qaydasında aparılır.
Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin
irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrin “Ətraf mühitə
təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ)
sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası
keçirilməlidir.[19]
Maddə 68. Kateqoriyalarından asılı olaraq meşələrin qırma üsulları
Dövlət qoruqlarının meşələrində yalnız
qoruq rejiminə müvafiq olan qırmaların aparılmasına yol verilir.
Kurort meşələrində, xüsusi qiymətli meşə
massivlərində, şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq
zonalarının meşələrində, yabanı meyvə meşələrində və dövlət qoruyucu meşə
zolaqlarında aralıq istifadə üçün qırmalar və başqa qırmalar aparılır.
Xüsusi qoruyucu meşə sahələrindən
istifadənin bütün növləri məhdudlaşdırıla və qadağan edilə bilər.
Meşəbərpa və aralıq istifadə üçün
qırmalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qırma
qaydaları (əsasnamə) üzrə aparılır.
Maddə 69. Qırma zamanı oduncaq tədarükünün təşkili və qaydası
Meşəqırma sahələrinin ayrılması, onların
meşə istifadəçilərinə verilməsi, habelə meşəqırma tələblərinin pozulmasına görə
cərimənin miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilən Azərbaycan Respublikası meşələrində köküstü oduncaq
buraxılışı qaydaları ilə müəyyən edilir.
Maddə 70. Qırmalar zamanı oduncaq tədarükü həcminin müəyyən edilməsi
Meşədən oduncaq tədarükü hər bir meşə
təsərrüfatı müəssisəsinin ərazisi üzrə hesablanmış meşəqırma həcmində aparılır.
Hesablanmış meşəqırma həcmindən artıq miqdarda oduncaq tədarükü qadağandır.
Meşəbərpa və aralıq istifadə üçün qırma
qaydası ilə oduncaq tədarükünün həcmi meşələrin vəziyyətinə, meşəyə qulluq,
seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmaların müəyyən edilmiş
normalarına əsasən meşə quruluşu işləri aparılarkən müəyyənləşdirilir və
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Başqa qırma qaydaları ilə oduncaq
tədarükünün həcmi meşə fondunun ağac-koldan təmizlənməsi ilə bağlı olan
layihələrdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 71. İkinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə
qaydası
Meşə fondu sahələri ikinci dərəcəli meşə
sərvətlərinin tədarükü və meşədən əlavə istifadə üçün fiziki və hüquqi şəxslərin
istifadəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilir.
Meşə fondundan ikinci dərəcəli meşə
sərvətlərinin tədarükü və meşədən əlavə istifadə qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 72. Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlışdırma, turizm və
idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları
Müvafiq təşkilatlar tərəfindən meşə
fondu sahələrində elmi tədqiqat işləri aparıla bilər. Bu meşə istifadəsi həmin
məqsədlərə uyğun gəlmədikdə, meşə təsərrüfatı müəssisəsi fiziki və hüquqi
şəxslərə meşə fondu sahəsindən istifadəni məhdudlaşdırır və ya qadağan edir.
Mədəni-sağlamlaşdırma, turizm və idman
məqsədləri üçün verilmiş meşə sahələrində meşə istifadəçiləri təbii landşaftın
saxlanılması, yanğın təhlükəsizliyi və meşələrdə sanitariya qaydalarına əməl
etmək şərtilə abadlıq tədbirləri görə bilərlər.
Meşə fondu sahələri ov yerləri kimi
qanunvericilikdə müəyyən edilmiş qaydada ovçuluq təsərrüfatının ehtiyacları
üçün fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər.[20]
Meşə fondu sahələrindən elmi tədqiqat
mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının
ehtiyacları üçün istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 73. Sərhəd zonalarında meşə fondu sahələrindən istifadə qaydası
Sərhəd zonalarında meşə fondu
sahələrindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada istifadə edilir.
Sərhəd zonalarında meşə fondu sahələrindən
istifadənin xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilir.
Maddə 74. Meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqları, milli parklar
və təbiət parkları
Meşə fondu sahələri meşə fondu
ərazisində yerləşən dövlət təbiət qoruqlarına Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhkim edilir və onlar bu sahələrdə
dövlət idarəetmə funksiyasını həyata keçirir.
Dövlət təbiət qoruqlarının, milli
parkların və təbiət parklarının ərazilərindəki meşələrin istifadəsi,
mühafizəsi, qorunması və bərpası bu Məcəlləyə və Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maddə 75. Kənd təsərrüfatı təyinatlı torpaqlarda
yerləşən ağac-kol bitkiləri[21]
Kənd təsərrüfatı
təyinatlı torpaqlarda yerləşən ağac-kol bitkiləri torpaqqoruyucu,
sutənzimləyici və meşə bitkilərinə xas olan digər xüsusiyyətləri ilə torpaqları
mənfi təbii, antropogen və texnogen hadisələrin təsirindən qorumaq üçündür.
Bu torpaqlarda yerləşən
ağac-kol bitkilərində aparılan qırmalar bu bitkilərin vəziyyətinin
yaxşılaşdırılmasını və funksiyalarının yerinə yetirilməsini təmin etməlidir.
Ağac-kol bitkilərində qulluq, sanitariya, yenidənəkmə məqsədilə qırmaların,
habelə başqa qırmaların aparılmasına yol verilir.
Kənd təsərrüfatı
təyinatlı torpaqlardan meşə salınması, ağac-kol bitkilərinə qulluq edilməsi,
onların istifadəsi, mühafizəsi, qorunması, habelə bunlarla bağlı dövlət
nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 76. Dəmir yoluna aid torpaqlarda yerləşən
ağac-kol bitkiləri
Dəmir yoluna aid
torpaqlarda yerləşən ağac-kol bitkiləri dəmir yolu magistralını mənfi təbii
hadisələrdən qorumaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq, dəmir yolu
nəqliyyatının səsinin təsirini azaltmaq üçündür.
Müvafiq icra
hakimiyyəti orqanı göstərilən ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi,
qorunması və bərpası sahəsində dövlət idarəetməsini həyata keçirir.
Dəmir yoluna aid
torpaqlarda yerləşən ağac-kol bitkilərində qulluq, sanitariya, yenidənəkmə
məqsədilə xüsusi təyinatlı və başqa qırmaların aparılmasına yol verilir. Bu
qırmaların aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Dəmir yoluna aid
torpaqlarda yerləşən ağac-kol bitkilərinin vəziyyəti, istifadəsi, mühafizəsi və
qorunması üzərində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları
tərəfindən müəyyən edilir.
Maddə 77. Avtomobil yollarına aid torpaqlarda və su
fondu torpaqlarında yerləşən ağac-kol bitkiləri
Avtomobil yollarına
aid torpaqlarda və su fondu torpaqlarında (avtomobil yollarını və kanalları
ayıran zolaqlarda) yerləşən ağac-kol bitkiləri avtomobil yollarını və kanalları
mənfi təbii, antropogen və texnogen hallardan mühafizə etmək üçündür.
Avtomobil yollarını
və kanalları ayıran zolaqlardakı ağac-kol bitkilərində sanitariya və
yenidənəkmə ilə əlaqədar qırmaların və başqa qırmaların aparılmasına yol
verilir.
Avtomobil yollarına
aid torpaqlarda və su fondu torpaqlarında meşəsalma, habelə ağac-kol bitkilərinin
istifadəsi, mühafizəsi və qorunması qaydaları Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir.
Avtomobil yollarına
aid torpaqlarda və su fondu torpaqlarında yerləşən ağac-kol bitkilərinin
istifadəsi, mühafizəsi və qorunması üzərində dövlət nəzarəti müvafiq icra
hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
X fəsil
Meşələrin
istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələrin həlli,
meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Maddə 78. Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində
mübahisələrin həlli qaydası
Meşələrin istifadəsi, mühafizəsi,
qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir.
Maddə 79. Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Meşə qanunvericiliyinin pozulmasında
təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar.
Meşə fondu sahələrinin özbaşına
tutulmasına (zəbt edilməsinə) görə inzibati və cinayət məsuliyyətinə
cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad
etməlidirlər.[22]
Maddə 80. Meşə qanunvericiliyinin pozulması ilə bağlı əqdlərin etibarsızlığı
Meşə qanunvericiliyini pozmaqla
bağlanmış əqdlər etibarsızdır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
30 dekabr 1997-ci il
tarixli N 424-IQ nömrəli
“Azərbaycan Respublikası Meşə Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə təsdiq edilmişdir. (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 3,
maddə 139)
Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar:
1.
22 iyun
1999-cu il tarixli 692-IQD nömrəli
"İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 476)
2.
29 oktyabr
2004-cü il 785-IIQD nömrəli “Ovçuluq haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər haqqında” Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 902)
3.
17 aprel
2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, № 5, maddə 436)
4.
1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, №5, maddə 348)
5.
5 mart 2010-cu il tarixli 970-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 274)
6.
20 aprel
2012-ci il tarixli 330-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6
iyun 2012-ci il, № 123, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 496)
7.
17 may 2016-cı il tarixli 245-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul
2016-cı il, № 140, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 989)
8.
11 noyabr 2016-cı il tarixli 394-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12,
maddə 2007)
9.
14 fevral 2017-ci il tarixli 528-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 mart 2017-ci il, №
55,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 343)
10.
3 may 2019-cu il tarixli 1578-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 987)
11.
20 noyabr 2020-ci il tarixli 198-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr
2020-ci il, № 273,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1423)
12.
23 aprel 2021-ci il tarixli 301-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun
2021-ci il, № 122, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 541)
13.
23 fevral 2024-cü il tarixli 1103-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 14 mart 2024-cü il, № 57, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 250)
MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI