AZƏRBAYCAN RESPUBLİKASININ SU MƏCƏLLƏSİ[1]
(Bu Məcəllə
Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli 418-IQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir)
Azərbaycan Respublikasının daxili
suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi
Azərbaycan xalqının milli sərvətidir, əhalinin həyat və fəaliyyətinin əsası
kimi istifadə edilir və qorunur, flora və faunanın mövcudluğunu təmin edir.
Bu Məcəllə Azərbaycan Respublikasında su
obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı hüquq münasibətlərini
tənzimləyir.
I bölmə
Ümumi müddəalar
I fəsil
Əsas müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Məcəllədə istifadə olunan anlayışlar aşağıdakı
mənaları ifadə edir:
su obyekti — relyef formasına uyğun
olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri,
ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud
geoloji struktur;
su ehtiyatları — su obyektlərində
yerləşən, istifadə edilən və ya istifadə oluna bilən yerüstü və yeraltı suların
həcmi;
su obyektinin istifadəçisi — su
obyektlərindən istifadə hüququ verilmiş fiziki və ya hüquqi şəxs;
su istehlakçısı — öz ehtiyaclarını təmin
etmək üçün su obyektlərinin istifadəçisindən su alan fiziki və ya hüquqi şəxs;
su təsərrüfatı obyekti — su
ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış
sistemlər və qurğular;
su obyektlərinin çirklənməsi — suların
keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi
təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması;
su obyektlərinin zibillənməsi — su
obyektlərindən istifadəni çətinləşdirən əşyaların, bərk maddə hissəciklərinin
müxtəlif çeşidli texnogen mənşəli və məişət tullantılarının tökülməsi;
suların zərərli təsiri — su altında
qalma, subasma, müəyyən əraziyə və ya obyektə yerüstü və yeraltı suların digər
təsiri.
Maddə 2. Azərbaycan Respublikasının su qanunvericiliyi
Azərbaycan Respublikasının su
qanunvericiliyi bu Məcəllədən və ona uyğun qəbul edilmiş digər normativ hüquqi
aktlardan ibarətdir.
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrində su obyektlərinin istifadəsi və mühafizəsi ilə əlaqədar müəyyən
edilmiş qaydalar bu Məcəllədə nəzərdə tutulmuş qaydalara uyğun gəlmədikdə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qaydaları
tətbiq edilir.
Ələt azad iqtisadi zonasında su
münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[2]
Maddə 3. Su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı
münasibətlərin tənzimlənməsi
Su obyektlərinin və onların su
ehtiyatlarının istifadə edilməsi və mühafizəsi ilə bağlı münasibətlər (su
münasibətləri) Azərbaycan Respublikasının su qanunvericiliyi ilə tənzimlənir.
Sudan istifadəyə dair münasibətlər bu
Məcəllə ilə yanaşı, Azərbaycan Respublikasının mülki qanunvericiliyi,
sanitariya-epidemioloji salamatlıq haqqında və digər qanunvericilik aktları ilə
tənzimlənir.
İçməli su təchizatı və tullantı
sularının axıdılması ilə bağlı münasibətlər bu Məcəllə ilə yanaşı, Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Su obyektlərinin istifadəsi və
mühafizəsi zamanı meydana çıxan torpaq, meşə, yerin təki, bitki və heyvanat
aləmi, atmosfer havası, yeraltı suların kəşfiyyatına və mühafizəsinə dair
münasibətlər, habelə əmlak və digər inzibati münasibətlər bu Məcəllə ilə
yanaşı, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Maddə 4. Su münasibətlərinin obyektləri
Su münasibətlərinin obyektləri
Azərbaycan Respublikasının su fondu (bundan sonra — su fondu adlanacaq) və su
fondunun torpaqlarıdır.
Maddə 5. Azərbaycan Respublikasının su fondu
Azərbaycan Respublikasının daxili suları
və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (su
obyektləri) Azərbaycan Respublikasının su fondunu təşkil edir.
Təbiətdə yerləşməsinə, fiziki-coğrafi,
inzibati-ərazi xüsusiyyətlərinə və digər əlamətlərinə görə Azərbaycan
Respublikasının su fondu yerüstü, yeraltı, sərhəd su obyektlərindən və Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən
ibarətdir.
Maddə 6. Yerüstü su obyektləri
Yerüstü su obyektlərinə yerin səthində
yerləşən yerüstü su axınları, yerüstü sututarları, buzlaqlar və qar örtükləri
daxildir.
Yerüstü su obyektləri onların yerüstü su
hissəsindən, yatağından, dibindən və sahilindən ibarətdir.
Yerüstü su obyektləri çoxtəyinatlı
əhəmiyyətə malikdir, eyni vaxtda bir və ya bir neçə məqsəd üçün istifadə edilə
bilər.
Maddə 7. Yeraltı su obyektləri
Yeraltı su obyektlərinə yerin təkində
yerləşən geoloji strukturlarda toplanmış sular daxildir.
Yeraltı su obyektlərinə aşağıdakılar aid
edilir:
sulu horizont — yerin təkində geoloji
struktur daxilində yerləşən, məsamələrində, çatlarında və boşluqlarında
hidravlik əlaqəli sular toplanmış süxurlar təbəqəsi (lay);
yeraltı su hövzəsi — yerin təkində
müəyyən geoloji struktur daxilində yerləşən sulu horizontların, sulu çatların
məcmusu;
yeraltı su yatağı — sulu horizontun
yeraltı suların çıxarılması üçün əlverişli şəraiti olan hissəsi.
Maddə 8. Sərhəd su obyektləri
Dövlətlərarası sərhədi müəyyən edən,
sərhədi kəsib keçən, yaxud üzərindən Azərbaycan Respublikasının dövlət sərhədi
keçən yerüstü və yeraltı su obyektləri sərhəd su obyektlərinə aid edilir.
Sərhəd su obyektlərindən istifadə və
onların mühafizəsi qaydaları bu Məcəllə, dövlət sərhədi haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri və sazişləri ilə müəyyən edilir.
Maddə 9. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub
olan bölməsi
Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsinin istifadəsi və mühafizəsi qaydaları bu
Məcəllə, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktları ilə müəyyən edilir.
Maddə 10. Su fondunun torpaqları
Su fondu torpaqlarına aşağıdakı torpaq
sahələri daxildir:
Azərbaycan Respublikasının daxili
sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin (su obyektlərinin) altında olan torpaqlar;
su mühafizəsi zonalarının və sahilboyu
zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar;
hidrotexniki qurğuların, meliorasiya və
su təsərrüfatı obyektlərinin altında olan torpaqlar.
Maddə 11. Su münasibətlərinin subyektləri
Su münasibətlərinin subyektləri
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, su
obyektlərinin istifadəçiləri və su istehlakçılarıdır.
Azərbaycan Respublikası və Naxçıvan
Muxtar Respublikası adından su münasibətlərində öz səlahiyyətləri daxilində
müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.
Bələdiyyələr su münasibətlərində onların
statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər
daxilində iştirak edirlər.
Su obyektlərinin istifadəçiləri və su
istehlakçıları su münasibətlərində Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada öz ehtiyaclarını ödəmək və sahibkarlıq fəaliyyəti
göstərmək məqsədi ilə iştirak edirlər.
II fəsil
Su obyektləri
üzərində mülkiyyət formaları
Maddə 12. Su obyektləri üzərində dövlət mülkiyyəti
Dövlət mülkiyyətində aşağıdakı su
obyektləri saxlanılır:
Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsi;
sərhəd su obyektləri;
dövlət və yerli əhəmiyyətli yerüstü və
yeraltı su obyektləri;
xüsusi qorunan su obyektləri.
Dövlət mülkiyyətində olan su obyektləri
qanunvericilikdə müəyyən edilmiş qaydada istifadəyə, icarəyə və bələdiyyə
mülkiyyətinə verilə bilər.
Dövlət mülkiyyətində olan su
obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz
səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
Maddə 13. Su obyektləri üzərində bələdiyyə mülkiyyəti
Bələdiyyə mülkiyyətində olan torpaq
sahələrində yerləşən yerli əhəmiyyətli su obyektləri Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir.
Bələdiyyə mülkiyyətində olan su
obyektləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
qaydada ümumi istifadəyə, fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə,
habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin
mülkiyyətinə verilə bilər.
Bələdiyyə mülkiyyətində olan su
obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini
qanunvericiliklə onlara verilmiş səlahiyyətlər daxilində bələdiyyələr həyata
keçirirlər.
Maddə 14. Su obyektləri üzərində xüsusi mülkiyyət
Xüsusi mülkiyyətdə olan torpaq
sahələrində yerləşən, başqa su obyektləri ilə hidravliki əlaqəsi və axarı
olmayan kiçik sututarlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada xüsusi mülkiyyətə verilə bilər.
Azərbaycan Respublikasının vətəndaşı
olmayan şəxslərə və xarici dövlətlərin hüquqi şəxslərinə su obyektləri xüsusi
mülkiyyətə verilə bilməz.
Maddə 15. Su təsərrüfatı obyektləri üzərində mülkiyyət
Su təsərrüfatı obyektləri üzərində
dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları müəyyən edilir.
Dövlət mülkiyyətində saxlanılan,
bələdiyyə və xüsusi mülkiyyətə verilən su təsərrüfatı obyektləri Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
II bölmə
Su obyektlərinin
istifadəsi və mühafizəsi sahəsində idarəetmə
III fəsil
Su obyektlərinin
istifadəsi və mühafizəsi sahəsində idarəetmənin təşkili
Maddə 16. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində
idarəetmənin əsas prinsipləri
Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində idarəetmə aşağıdakı prinsiplərə əsaslanır:
iqtisadiyyatın inkişafı və ətraf mühitin
qorunması;
əhalinin keyfiyyətli su ilə təchizatı;
ərazi quruluşu prinsipi ilə hövzə prinsipinin
uzlaşdırılması; [3]
su obyektlərinin mühafizəsi üzrə
idarəetmə funksiyaları ilə su obyektlərindən istifadə və su təsərrüfatı
funksiyalarının ayrılması.
Maddə 17. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində
idarəetmə sistemi
Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində idarəetmə sisteminə Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikasının müvafiq icra
hakimiyyəti orqanı, qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların vəkil
etdikləri su obyektlərinin istifadəçiləri və bələdiyyələr daxildir.
Maddə 18. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində
dövlətin vəzifələri
Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində dövlət siyasətini müəyyən etmək;
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində investisiya siyasətini həyata keçirmək;
su obyektlərinin istifadəsi, mühafizəsi
və suların zərərli təsirinin qarşısının alınması üzrə dövlət proqramlarını
təsdiq etmək və həyata keçirmək, onların yerinə yetirilməsinə nəzarəti təşkil
etmək;
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində elmi-texniki siyasəti həyata keçirmək;
su obyektlərinin dövlət monitorinqinin,
dövlət su kadastrının aparılması, habelə yerüstü və yeraltı suların uçotunun
həyata keçirilməsi qaydalarını müəyyən etmək;
su obyektlərindən istifadə qaydalarını
müəyyən etmək və həyata keçirilməsini təmin etmək;
su obyektlərindən xüsusi məqsədlər üçün
istifadəyə dair icazə verilməsi
qaydalarını müəyyən etmək; [4]
su obyektlərinin suqoruyucu zonalarının,
sahilboyu mühafizə zolaqlarının müəyyən edilməsi qaydalarını, onların
ərazilərindən istifadə rejimini müəyyən etmək;
su obyektlərinin istifadəsi, bərpası və
mühafizəsinin iqtisadi tənzimlənməsi prinsiplərini, su obyektindən və sudan
istifadəyə görə haqqı və onların ödəmə qaydalarını, sudan istifadəyə görə güzəşt və
azadolmaları müəyyən etmək; [5]
su obyektlərinin istifadəsi və
mühafizəsi üzərində dövlət nəzarətinin təşkili və həyata keçirilməsi
qaydalarını müəyyən etmək;
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində standartları, normaları və qaydaları təsdiq etmək;
su obyektlərinin vəziyyətinə təsir edən
təsərrüfat və digər obyektlərin tikintisi, yenidən qurulması layihələrinin
dövlət ekoloji ekspertizasını təmin etmək;
suların vəziyyətinə zərərli təsir edən
texniki qurğuların, avadanlıqların, müəssisələrin və digər obyektlərin
istismara buraxılmasını qadağan etmək, habelə onların istismarını
məhdudlaşdırmaq, dayandırmaq və fəaliyyətini qadağan etmək;
xüsusi qorunan su obyektlərinin, o
cümlədən içməli su təchizatı mənbələrinin, onların sanitariya mühafizəsi zonaları
və dairələrinin rejimini təyin etmək;
sel sularına qarşı, habelə suların
zərərli təsirinin qarşısının alınması və nəticələrinin ləğv edilməsi üçün
tədbirlər hazırlamaq və həyata keçirmək;
fəlakət və qəzaların, ekoloji
böhranların qarşısının alınması və nəticələrinin ləğv edilməsi üçün tədbirlər
müəyyən etmək, onların həyata keçirilməsini təşkil etmək;
su obyektlərində sudan ödənişli istifadənin
təyinatlarını müəyyən etmək;[6]
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində Azərbaycan Respublikasının su qanunvericiliyi ilə müəyyən
edilmiş digər vəzifələri həyata keçirmək.
Sudan istifadəyə görə güzəşt və
azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya
görə tətbiq edilir: [7]
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) emal edilməmiş su ilə təmin edilməsi;
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən içməli su təchizatı;
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin istehsalı üçün
sudan istifadə edilməsi.
Maddə 19. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində
Naxçıvan Muxtar Respublikasının vəzifələri
Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində Naxçıvan Muxtar Respublikasının vəzifələri
aşağıdakılardır:
su obyektlərinin istifadəsi, bərpası və
mühafizəsi sahəsində proqramları hazırlamaq, təsdiq etmək və həyata keçirmək,
onların yerinə yetirilməsinə nəzarəti təşkil etmək;
su obyektlərinin istifadəsi və
mühafizəsi üzərində dövlət nəzarətini həyata keçirmək;
qanunvericiliklə müəyyən olunmuş qaydada
su obyektlərindən istifadəni məhdudlaşdırmaq, dayandırmaq və qadağan etmək;
sel sularına qarşı, suların zərərli
təsirinin qarşısının alınması və nəticələrinin ləğv edilməsi, habelə təbii
fəlakət və qəza nəticəsində zədələnmiş və ya dağılmış su təsərrüfatı
obyektlərinin bərpa olunması üçün tədbirlər hazırlamaq və həyata keçirmək;
suların vəziyyətinə təsir edən
təsərrüfat və digər obyektlərin istismara buraxılmasını qadağan etmək, habelə
onların istismarını məhdudlaşdırmaq, dayandırmaq və fəaliyyətini qadağan etmək;
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş digər vəzifələri həyata keçirmək.
Maddə 20. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində
bələdiyyələrin səlahiyyətləri
Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:
bələdiyyə mülkiyyətində olan sututarlara
sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;
su obyektlərinin istifadəsi və
mühafizəsi tədbirləri həyata keçirilərkən müvafiq ərazilərdə ətraf mühitin
mühafizəsi tədbirlərinə əməl olunmasına nəzarət etmək;
müvafiq ərazilərdə yerləşən su
obyektlərində içməli və məişət su təchizatı üçün su götürülməsini, çimərlik,
heyvanların suvarılması qadağan edilən yerlərini və sudan ümumi istifadənin
digər şərtlərini, habelə su obyektlərindən istirahət və idman üçün istifadə yerlərini müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdıraraq müəyyən
etmək; [8]
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş digər səlahiyyətləri həyata keçirmək.
IV fəsil
Su obyektlərinin
istifadəsi və mühafizəsi sahəsində dövlət tənzimlənməsi
Maddə 21. Su təsərrüfatı balansları
Su təsərrüfatı balansları müvafiq
ərazidə su ehtiyatları ilə suya tələbatın müqayisəli hesabat materiallarından
ibarətdir.
Su təsərrüfatı balansları müvafiq
ərazilərin su obyektlərində su ehtiyatlarının mövcudluğunu və onlardan istifadə
dərəcəsini qiymətləndirmək məqsədi ilə tərtib edilir və su obyektlərinin
istifadəsi və mühafizəsi məsələlərində planlaşdırmanın aparılması və qərarların
qəbul edilməsi üçün istifadə olunur.
Su təsərrüfatı balansları respublika, su
hövzələri və inzibati-ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tərtib edilir.[9]
Tərtib edilən respublika üzrə illik su təsərrüfatı
balansının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi qaydasını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.[10]
Maddə 22. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi
sxemləri
Su ehtiyatlarının kompleks istifadəsi və
mühafizəsi sxemləri su ehtiyatlarının vəziyyəti və su obyektlərinin istifadəsi
və mühafizəsi perspektivləri barədə sistemli tədqiqat və layihə materiallarını
özündə birləşdirir.
Su ehtiyatlarının kompleks istifadəsi və
mühafizəsi sxemləri su təsərrüfatı tədbirlərini və ölkənin su ehtiyatlarına
olan perspektiv tələbatını müəyyən etmək, su obyektlərinin səmərəli istifadəsi
və mühafizəsini təmin etmək, habelə suların zərərli təsirinin qarşısını almaq
və onun nəticələrini aradan qaldırmaq məqsədi ilə işlənib hazırlanır.
Su ehtiyatlarının kompleks istifadəsi və
mühafizəsi sxemləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən işlənib
hazırlanır.
Su ehtiyatlarının kompleks istifadəsi və
mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət
ekspertizası, təsdiqi və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 23. Su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli
təsirinin qarşısının alınması üzrə dövlət proqramları
Su obyektlərinin istifadəsini,
mühafizəsini və suların zərərli təsirinin qarşısının alınması tədbirlərini
hazırlamaq və həyata keçirmək üçün su təsərrüfatı balansları, su ehtiyatlarının
kompleks istifadəsi və mühafizəsi sxemləri, dövlət su kadastrı məlumatları
əsasında dövlət proqramları işlənib hazırlanır.
Su obyektlərinin istifadəsi və
mühafizəsi üzrə dövlət proqramları müvafiq icra hakimiyyəti orqanları
tərəfindən bələdiyyələrin, su obyektlərinin istifadəçilərinin və ictimai
təşkilatların təkliflərini nəzərə almaqla qanunvericiliklə müəyyən olunmuş
qaydada işlənib hazırlanır və yerinə yetirilir.
Bu proqramların layihələrinə dair “Ətraf mühitə
təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi
hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.[11]
Maddə 24. Su obyektlərinin dövlət monitorinqi
Su obyektlərinin dövlət monitorinqi
onların vəziyyətində baş verən proseslərin vaxtında aşkara çıxarılması və
qiymətləndirilməsi, həmin proseslərin inkişafının proqnozlaşdırılması və
zərərli təsirinin qarşısının alınması, həyata keçirilən su mühafizəsi
tədbirlərinin səmərəliliyinin təmin edilməsi məqsədi ilə su obyektlərinin
hidroloji və hidrogeoloji göstəricilərinə müntəzəm müşahidə sistemindən
ibarətdir.
Su obyektlərinin dövlət monitorinqi
ətraf mühitin dövlət monitorinqi sisteminin tərkib hissəsidir.
Su obyektlərinin dövlət monitorinqi
müvafiq icra hakimiyyəti orqanları tərəfindən, Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aparılır.
Maddə 25. Suların dövlət uçotu
Suların dövlət uçotu müəyyən olunmuş
qaydada müvafiq ərazidə mövcud olan su ehtiyatlarının kəmiyyət və keyfiyyətinin
müntəzəm olaraq müəyyən edilməsindən ibarətdir.
Suların dövlət uçotu su obyektlərinin
səmərəli istifadəsi və mühafizəsinin cari və perspektiv planlaşdırılmasının
təmin edilməsi məqsədi ilə aparılır.
Suların dövlət uçot məlumatları kəmiyyət
və keyfiyyət göstəricilərinə, onların öyrənilməsi və istifadə dərəcəsinə görə
yerüstü və yeraltı su obyektlərinin vəziyyətini xarakterizə edir.
Suların dövlət uçotu Azərbaycan
Respublikasında vahid sistem üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada aparılır, su obyektlərinin istifadəçilərinin və dövlət
monitorinqinin uçot məlumatlarına əsaslanır.
Maddə 26. Dövlət su kadastrı
Dövlət su kadastrı su obyektləri, su
ehtiyatları, su obyektlərindən istifadə və su obyektləri istifadəçiləri barədə
məlumatların məcmusudur. Dövlət su kadastrı Azərbaycan Respublikasında vahid
sistem üzrə aparılır və suların dövlət uçotu məlumatlarına əsaslanır.
Su obyektlərinin istifadəçiləri
tərəfindən dövlət su kadastrına daxil edilməli olan məlumatların müvafiq icra
hakimiyyəti orqanlarına təqdim edilməsi məcburidir.
Dövlət su kadastrının məlumatları
müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etməsi üçün əsasdır.
Dövlət su kadastrı müvafiq icra
hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada aparılır.
Maddə 27. Su obyektlərinin vəziyyətinə təsir edən təsərrüfat və digər
obyektlərin tikintisi və yenidən qurulması layihələrinin dövlət ekoloji
ekspertizası
Su obyektlərinin vəziyyətinə təsir edən
təsərrüfat və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin
müvafiq normativlərə, texniki şərtlərə və tələblərə uyğunluğunu müəyyən etmək
məqsədi ilə tikinti
layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin
qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası müvafiq
icra hakimiyyəti orqanları tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada aparılır.[12]
Maddə 28. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət
nəzarəti
Su obyektlərinin istifadəsi və
mühafizəsi üzərində dövlət nəzarəti:
su obyektlərinin istifadəsi və
mühafizəsi qaydalarına;
sudan istifadə limitlərinə;
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji,
metroloji standartlara, normalara və qaydalara;
su mühafizəsi zonalarının ərazisindən
istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər
tələblərinə riayət olunmasını təmin edir.
Su obyektlərinin istifadəsi və mühafizəsi
üzərində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 29. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində
normalaşdırma
Su obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində normalaşdırma sudan istifadə limitlərinin müəyyən edilməsi və su
obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji,
hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartların, normaların və
qaydaların işlənib hazırlanması və qəbul edilməsindən ibarətdir.
Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində normalaşdırma qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
III bölmə
Su obyektlərinin
istifadəsi və mühafizəsi
V fəsil
Su obyektlərindən
istifadə
Maddə 30. Su obyektlərinin istifadəçiləri
Mülkiyyət formasından asılı olmayaraq
müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər (bundan sonra —
hüquqi şəxslər adlanacaq) Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər,
vətəndaşlığı olmayan şəxslər (bundan sonra — fiziki şəxslər adlanacaq)
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada su
obyektlərinin istifadəçisi ola bilərlər.
Su obyektlərinin istifadəçiləri
qanunvericiliklə müəyyən olunmuş qaydada suyu hüquqi və fiziki şəxslərin
(istehlakçıların) istifadəsinə verə bilərlər.
Sudan istifadənin qaydaları və şərtləri,
tərəflərin qarşılıqlı hüquq və vəzifələri müqavilələr əsasında tənzimlənir.
Maddə 31. Su obyektlərindən istifadə hüququ
Su obyektlərinin mülkiyyətçisi olmayan
hüquqi və fiziki şəxslər su obyektləri üzərində aşağıdakı hüquqlara malik ola
bilərlər:
su obyektlərindən uzunmüddətli istifadə;
su obyektlərindən qısamüddətli istifadə;
su obyektlərindən məhdud istifadə (su
servitutları).
Su obyektlərinin istifadəçiləri su
obyektlərindən istifadəni bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata
keçirirlər.
Su obyektləri istifadəçiləri su
obyektlərindən istifadə hüququna bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda
sərəncam verə bilərlər.
Su obyektlərinin icarəyə verilməsi icarə
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.
Çayın məcrasının dəyişməsi və ya su
obyektlərinin yerləşməsində digər dəyişikliklər, əgər bu Məcəllədə başqa hallar
nəzərdə tutulmamışdırsa, su obyektlərindən istifadə hüququnun dəyişməsinə və ya
istifadə hüququna xitam verilməsinə səbəb olmur.
Maddə 32. Su obyektlərindən uzunmüddətli və qısamüddətli istifadə
hüququ
Dövlət mülkiyyətində olan su obyektləri
onların istifadə məqsədindən, ehtiyat potensialından və ekoloji vəziyyətindən
asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
qaydada fiziki və ya hüquqi şəxslərin uzunmüddətli və ya qısamüddətli
istifadəsinə verilə bilər.
Su obyektlərindən qısamüddətli istifadə
hüququ üç ilə qədər, uzunmüddətli istifadə hüququ iyirmi beş ilə qədər müəyyən
edilir.
Su obyektlərindən istifadə hüququnun
müddəti qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər.
Maddə 33. Su obyektlərindən məhdud istifadə hüququ (su servitutu)
Su obyektləri üzərində istifadə və ya
mülkiyyət hüququ verilmiş hüquqi və fiziki şəxslərin hüquqları ümumi və xüsusi
su servitutları formasında başqa şəxslərin xeyrinə məhdudlaşdırıla bilər.
Ümumi su servitutu formasında hər bir
şəxs, əgər Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə
tutulmamışdırsa, ümumi istifadədə olan su obyektindən və digər su
obyektlərindən istifadə edə bilər.
Maraqlı şəxslər digər şəxslərin xüsusi
istifadəsində olan su obyektlərindən xüsusi su servitutu formasında istifadə
edə bilərlər. Xüsusi su servitutu məhkəmə qərarı əsasında da müəyyən edilə
bilər.
Mülki qanunvericilikdə servitutlar
haqqında nəzərdə tutulmuş ümumi qaydalar bu Məcəllənin tələblərinə zidd olmayan
həddə tətbiq edilir.
Ümumi və xüsusi su servitutları
aşağıdakı məqsədlər üçün müəyyən edilə bilər:
texniki vasitələr və qurğular tətbiq
etmədən su götürmək;
mal-qaranı suvarmaq və su obyektindən
keçirmək;
su obyektlərindən bərələr, qayıqlar və
digər kiçik həcmli üzən vasitələr üçün su yolları kimi istifadə etmək.
Azərbaycan Respublikasının su
qanunvericiliyində digər su servitutları da müəyyən edilə bilər.
Su servitutlarının həyata keçirilməsi
üçün icazə tələb edilmir. [13]
Maddə 34. Su obyektlərindən istifadə hüququnun əldə edilməsi
Su obyektlərindən istifadə hüququ
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə
edilə bilər. Su obyektlərindən istifadənin icazə
tələb edən növləri və icazənin verilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. [14]
Su obyektləri istifadəçisi — fiziki şəxs
öldükdə və ya su obyektləri istifadəçisi — hüquqi şəxs yenidən təşkil edildikdə
su obyektlərindən istifadə hüququ onların varislərinə keçir.
Su obyektlərindən istifadə hüququ bir
şəxsdən başqasına bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada su obyektlərinin
istifadə məqsədlərini dəyişməmək şərti ilə keçə bilər.
Xüsusi mülkiyyətdə olan su obyektlərinə
hüquqlar mülki qanunvericilikdə, torpaq qanunvericiliyində və bu Məcəllədə
nəzərdə tutulmuş qaydada əldə edilir.
Maddə 35. Su obyektlərindən istifadə növləri
Su obyektləri aşağıdakı məqsədlər üçün
istifadə edilə bilər:
içməli su və məişət təchizatı;
müalicə, kurort və sağlamlaşdırma;
istirahət və idman;
sənaye, tikinti və energetika;
kənd təsərrüfatı;
meşə təsərrüfatı;
hidroenergetika;
nəqliyyat;
balıqçılıq, o cümlədən akvakultura;[15]
ovçuluq;
tullantı suların axıdılması;
yanğından mühafizə və digər məqsədlər
üçün.
Su obyekti və ya onun bir hissəsi eyni
zamanda bir və ya bir neçə məqsəd üçün istifadəyə verilə bilər.
Maddə 36. Su obyektlərindən ümumi məqsədlər üçün istifadə
Ümumi istifadədə olan su obyektləri —
istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə
su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla
gəzinti, idman, balıq və digər su
bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan
istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. [16]
Su obyektlərindən ümumi məqsədlər üçün
istifadə edilərkən ətraf mühitin
mühafizəsini və dövlət sanitariya nəzarətini həyata keçirən, balıq və digər su bioresurslarını
mühafizə edən, gəmi hərəkətini tənzim edən orqanların tələblərinə, habelə suda
insanların həyatının qorunması, suların səmərəli istifadəsi və mühafizə
olunması qaydalarına riayət olunmalıdır. [17]
Əhalinin həyatını və sağlamlığını
qorumaq və lazımi sanitariya şəraiti yaratmaq məqsədi ilə müvafiq icra
hakimiyyəti orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində
çimərliklərin, qayıqlarla gəzintinin, balıq və
digər su bioresurslarının ovunun, içməli su və məişət ehtiyaclarını ödəmək
üçün su götürülməsinin, mal-qaranın suvarılmasının və sudan digər istifadənin
qadağan olduğu yerləri müəyyən edə bilərlər, habelə şəhərin, rayonun,
qəsəbənin, kənd yaşayış məntəqəsinin ərazisində yerləşən su obyektlərində sudan
ümumi məqsədlər üçün istifadə olunmasının başqa şərtlərini təyin edə bilərlər. [18]
Fiziki və hüquqi şəxslərin mülkiyyətində
olan, icarəyə və ayrıca istifadəyə verilmiş su obyektlərində sudan ümumi
məqsədlər üçün istifadə edilməsinə razılıq mülkiyyətçilərin və su obyekti
istifadəçilərinin müəyyən etdikləri şərtlərlə və ya müvafiq icra hakimiyyəti
orqanlarının qərarı ilə verilə bilər.
Ümumi istifadədə olan su obyektlərinin
sahili boyu quru zolaqlar ayrılır. Hər bir şəxsin bu zolaqda hərəkət etmək, balıq və digər su bioresurslarının ovu
üçün istifadə etmək, qayıqların sahilə yan almasını təmin etmək hüququ vardır. [19]
Ümumi istifadədə olan su obyektlərində
sudan istifadənin məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş hallarda yol verilə bilər.
Ümumi istifadədə olan su obyektlərini
müvafiq icra hakimiyyəti orqanları müəyyən edirlər.
Maddə 37. Su obyektlərindən ayrıca istifadə
Ayrıca istifadədə olan su obyektləri
məhdud şəxslər tərəfindən istifadə olunan su obyektləridir.
Dövlət mülkiyyətində olan su obyektləri
müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müdafiə, energetika, nəqliyyat,
habelə digər dövlət ehtiyacları və ya
ictimai ehtiyaclar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada bütövlükdə və ya qismən ayrıca istifadəyə verilə bilər. [20]
Su obyektlərinin ayrıca istifadəyə
verilməsi qərarında su obyektlərindən istifadənin məqsədi və əsas şərtləri
göstərilir.
Su obyektləri ayrıca istifadəyə
verildikdə ümumi istifadədə olan su obyektləri sırasından çıxarılır.
Ayrıca istifadəyə verilmiş su obyektləri
müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə ümumi məqsədlər
üçün istifadəyə verilə və ya geri alına bilər.
Maddə 38. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə
Su obyektlərindən xüsusi məqsədlər üçün
istifadə icazə əsasında texniki
qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə,
sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye,
energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları
ödəmək məqsədi ilə həyata keçirilir.
Su obyektlərindən xüsusi məqsədlər üçün
istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.[21]
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə
icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.[22]
Maddə 39. Sudan istifadə limitləri
Sudan istifadə limitləri hər bir su
obyektləri istifadəçisi və istehlakçısı üçün müəyyən edilmiş su obyektlərindən
su ehtiyatlarının götürülməsinin və ya su obyektlərinə tullantı suların
axıdılmasının yol verilən həcmidir.
Sudan istifadə limitlərinin hazırlanması
və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 40. Su obyektlərinin istifadəyə verilməsi qaydaları
Su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi
əsasında verilir. [23]
Yerüstü su obyektləri istifadəyə
akvatoriya sahəsinin, su götürülməsi və tullantı sularının axıdılması
yerlərinin ayrılması şərti ilə Azərbaycan Respublikasının su qanunvericiliyində
müəyyən edilmiş qaydada verilir.
Yeraltı suların istifadəyə verilməsi
Azərbaycan Respublikasının su qanunvericiliyinə və Azərbaycan Respublikasının
yerin təki haqqında qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsinin, sərhəd su obyektlərinin istifadəyə
verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata
keçirilir.
Maddə 41. Su obyektlərinin istifadəsinə antiinhisar tələblər
Su obyektləri istifadəçilərinin
inhisarçı və haqsız rəqabətə yönəlmiş, başqa su obyektləri istifadəçilərinin,
habelə digər fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının
məhdudlaşdırılması ilə nəticələnən və ya nəticələnə bilən fəaliyyəti qanunla
qadağan edilir.
Müvafiq icra hakimiyyəti orqanlarına
sudan istifadənin inhisarlaşmasına səbəb olan, ayrı-ayrı su obyektləri
istifadəçilərinin fəaliyyəti üçün ayrı-seçkilik şəraiti yaradan və bununla da
başqa su obyektləri istifadəçilərinin hüquqlarının və qanuni maraqlarının
pozulması ilə nəticələnə bilən qərarlar qəbul etmək və fəaliyyət göstərmək
qadağan edilir.
Sudan istifadə sahəsində inhisara
gətirib çıxarmaqla başqa su obyektləri istifadəçilərinin hüquqlarının və qanuni
maraqlarının əsaslı şəkildə pozulması Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş sanksiyaların tətbiq edilməsinə səbəb olur.
Maddə 42. Su obyektlərindən istifadənin məhdudlaşdırılması,
dayandırılması və ya qadağan edilməsi
Su obyektlərindən və ya onların bir hissəsindən
istifadə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ölkənin
müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığının, ətraf
mühitin və tarixi-mədəni irsin, habelə başqa şəxslərin qanuni hüquqlarının və
maraqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla, dayandırıla və qadağan
edilə bilər.
Su obyektlərinin istifadəsinin
məhdudlaşdırılması, dayandırılması və ya qadağan edilməsi müvafiq icra
hakimiyyəti orqanlarının təqdimatına əsasən bu Məcəlləyə və Azərbaycan Respublikasının
digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.
VI fəsil.
Sudan istifadə
edənlərin hüquqları və vəzifələri
Maddə 43. Sudan istifadə edənlərin hüquqları
Sudan istifadə edənlərin aşağıdakı
hüquqları vardır:
sudan təkrar istifadə etmək;
su obyektlərindən xüsusi məqsədlərlə
istifadəni həyata keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək;
istifadəyə verilən suyun və tullantı
sularının kəmiyyət və keyfiyyətini yoxlamaq;
qanunvericilikdə nəzərdə tutulmuş hallar
istisna olmaqla müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini
tələb etmək;
Azərbaycan Respublikasının su
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Su obyektlərindən istifadə edənlərin
pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qaydada bərpa edilməlidir.
Maddə 44. Sudan istifadə hüququna xitam verilməsi
Mülkiyyət formasından asılı olmayaraq
hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna aşağıdakı hallarda xitam
verilir:
sudan istifadəyə ehtiyac qalmadıqda və
ya istifadədən imtina edildikdə;
su obyektlərindən istifadə müddəti
qurtardıqda;
hüquqi şəxslər ləğv olunduqda;
su obyektləri qanunvericiliyə zidd
olaraq başqalarına istifadəyə verildikdə;
su obyektləri ayrıca istifadədən geri
alındıqda;
sudan istifadəyə və tullantı sularının axıdılmasına görə
haqq ödənilmədikdə; [24]
bu Məcəllənin 18-ci maddəsinin ikinci
hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadəyə görə haqq
ödənilmədikdə;
su obyektindən nəzərdə tutulan məqsədlə
(içməli su və məişət ehtiyaclarını ödəmək üçün istifadə hüququndan başqa)
istifadə edilmədikdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
Maddə 45. Sudan istifadə edənlərin vəzifələri
Sudan istifadə edənlərin vəzifələri
aşağıdakılardır:
su obyektlərindən səmərəli istifadə
etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin
yaxşılaşdırılmasını təmin etmək;
sudan istifadə planlarına, limitlərinə,
qaydalarına, normalarına və rejiminə riayət etmək;
tərkibində çirkləndirici maddələrin
miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol
verməmək;
su servitutları əsasında başqa su
obyektləri istifadəçilərinə verilmiş hüquqların pozulmasına, habelə təsərrüfat
və təbii obyektlərə (torpaq, meşə, heyvanlar aləmi, faydalı qazıntılar və sair)
zərər vurulmasına yol verməmək;
su obyektlərindən təyinatına görə
istifadə etmək;
su təsərrüfatı qurğularını və texniki
avadanlığı saz vəziyyətdə saxlamaq, onların iş keyfiyyətini yaxşılaşdırmaq;
sudan istifadənin uçotunu aparmaq;
bu Məcəllənin 18-ci maddəsinin ikinci
hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan
tullantı sularına görə ödəmələri və cərimələri vaxtında vermək; [25]
Azərbaycan Respublikasının su
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
Maddə 46. Su təsərrüfatı fəaliyyəti nəticəsində dəymiş zərərin
ödənilməsi
Su təsərrüfatı tədbirlərinin görülməsi, su
obyektlərindən istifadə hüququna xitam verilməsi və ya sudan istifadə
şərtlərinin dəyişdirilməsi nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərər
Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ödənilir.
VII fəsil
Su obyektlərindən
əhalinin içməli su, məişət, müalicə-kurort, sağlamlaşdırma, istirahət və idman
məqsədləri üçün istifadə
Maddə 47. Əhalinin içməli su və məişət ehtiyacları üçün verilən su
obyektləri
Suyunun keyfiyyəti müəyyən edilmiş
sanitariya normalarına və dövlət standartlarına uyğun olan su obyektləri
əhalinin içməli su və məişət ehtiyaclarını ödəmək üçün verilir.
Əhalinin içməli su təchizatı, bir qayda
olaraq, mərkəzləşdirilmiş su kəməri qurğuları vasitəsi ilə həyata keçirilir.
Su kəməri olmadıqda əhalinin içməli su
və məişət ehtiyaclarının ödənilməsi bilavasitə çayların, su quyularının,
kəhrizlərin, bulaqların və digər su mənbələrinin suyundan yalnız
qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarına uyğun olaraq istifadə
edilə bilər.
Əhalinin içməli su və məişət ehtiyaclarının
ödənilməsi üçün yaşayış yerləri üzrə istifadə edəcəyi təbii su mənbələri
qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanlarının razılığı
ilə bələdiyyələr tərəfindən müəyyən edilir.
Maddə 48. İçməli suların başqa məqsədlər üçün istifadə edilməsinin
məhdudlaşdırılması
İçməli sulardan, bir qayda olaraq,
içməli su və məişət ehtiyacları ilə əlaqədar olmayan məqsədlər üçün istifadə
edilməsinə yol verilmir.
Kifayət qədər yerüstü su mənbələri
olmayan və içməli yeraltı su ehtiyatları çox olan regionlarda həmin sulardan
başqa məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə
istifadə edilə bilər.
Maddə 49. Müalicə obyektləri kateqoriyasına aid edilmiş su
obyektlərindən istifadə
Azərbaycan Respublikası ərazisində
yerləşən və təbii müalicəvi xüsusiyyətlərə malik olan su obyektləri müvafiq
icra hakimiyyəti orqanının qərarı ilə müalicə obyektləri kateqoriyasına aid
edilir.
Müalicə obyektləri kateqoriyasına aid
edilmiş su obyektlərindən birinci növbədə müalicə və kurort məqsədləri üçün
istifadə edilir.
Müstəsna hallarda müalicə obyektləri
kateqoriyasına aid edilmiş su obyektlərindən başqa məqsədlər üçün istifadə
edilməsinə müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə icazə verilə
bilər.
Müalicə obyektləri kateqoriyasına aid
edilən su obyektlərinə tullantı sularının axıdılmasına yol verilmir.
Maddə 50. Su obyektlərindən istirahət və idman məqsədləri üçün
istifadə
Bu Məcəllənin 36-cı maddəsinin
tələblərinə riayət etməklə, icazə almadan
ümumi istifadədə olan su obyektlərindən istirahət və idman üçün istifadə
edilməsinə yol verilir. [26]
Kütləvi istirahətin təşkilinin təmin
olunması və idman sahələrinin ehtiyaclarının ödənilməsi üçün su obyektləri
bütövlükdə və ya qismən ayrıca istifadəyə verilə bilər.
İstirahət və idman üçün su
obyektlərindən istifadə bu Məcəllənin 36-cı və 37-ci maddələrində nəzərdə
tutulan hallarda və qaydada qadağan edilə və məhdudlaşdırıla bilər.
Su obyektlərindən istirahət və idman
üçün istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilmiş Əsasnamə ilə müəyyən edilir.
VIII fəsil
Su obyektlərindən
kənd təsərrüfatı ehtiyacları üçün istifadə
Maddə 51. Su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün
istifadə
Su obyektlərindən kənd təsərrüfatı
ehtiyacları üçün istifadə, sudan istifadə limitlərinə riayət etməklə, ümumi və
xüsusi məqsədlər üçün istifadə qaydasında həyata keçirilir.
Kənd təsərrüfatında sudan istifadə
təsərrüfatdaxili və ümumsistem planları əsasında həyata keçirilir.
Maddə 52. Sudan təsərrüfatdaxili istifadə planları
Sudan təsərrüfatdaxili istifadə planları
sudan istifadə edənlər tərəfindən tərtib edilir.
Sudan təsərrüfatdaxili istifadə planları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq
edilir.
Sudan təsərrüfatdaxili istifadə
planlarında mülkiyyət forması və növlərindən asılı olmayaraq bütün su
istehlakçılarının suya tələbatı nəzərə alınmalıdır.
Maddə 53. Sudan istifadəyə dair ümumsistem planları
Sudan istifadəyə dair ümumsistem planları
rayon və respublika əhəmiyyətli suvarma sistemləri üzrə tərtib edilir.
Sudan istifadəyə dair ümumsistem
planları, su obyektlərinin istifadəçiləri tərəfindən sudan təsərrüfatdaxili
istifadə planları və sudan istifadə müqavilələri əsasında tərtib edilir.
Sudan istifadəyə dair ümumsistem
planları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada
təsdiq edilir.
Sudan istifadə müqavilələri su
obyektlərinin istifadəçiləri ilə su istehlakçıları arasında bağlanır.
Müqavilələrdə verilən suyun miqdarı və
yeri, müddəti, tərəflərin qarşılıqlı öhdəlikləri və digər məlumatlar
göstərilir.
Maddə 54. Sudan istifadə planının dəyişdirilməsi
Sudan istifadə planı yalnız onu təsdiq
etmiş orqanın razılığı ilə aşağıdakı hallarda dəyişdirilə bilər:
su azlığı hallarında;
hava şəraiti, suvarma normaları və ya
suvarılmalı sahələr dəyişdirildikdə;
su istehlakçıları plan üzrə onlara
ayrılmış sudan imtina etdikdə;
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən başqa hallarda.
Fövqəladə hadisələr baş verdikdə su
obyektlərinin istifadəçiləri sudan istifadə planını dəyişdirə və su verilməsini
müvəqqəti dayandıra bilərlər. Onlar su istehlakçılarına və sudan istifadə
planını təsdiq etmiş müvafiq icra hakimiyyəti orqanına həmin tədbirlər haqqında
dərhal məlumat verməlidirlər. Verilməmiş su sonrakı müddətlərdə su mənbələrinin
vəziyyətindən asılı olaraq ödənilə bilər.
Maddə 55. Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin ərazisində
yerləşən sututarlardan kənd təsərrüfatı ehtiyacları üçün istifadə
Kənd təsərrüfatı müəssisələrinin, ailə kəndli təsərrüfatının, digər hüquqi
və fiziki şəxslərin onların mülkiyyətinə və istifadəsinə verilmiş torpaqlarda
qanunvericiliklə müəyyən edilmiş qaydada bulaqlardan, kəhrizlərdən, digər təbii
su mənbələrindən istifadə etmək, bu mənbələr üzərində sututarlar və su
təsərrüfatı qurğuları düzəltmək hüquqları vardır. [27]
Həmin hüquqi və fiziki şəxslər onların
mülkiyyətinə və istifadəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqlarda
geniş ölçülü meliorasiya işlərinin görülməsini, yaxud görülmüş meliorasiya
işlərinin yenidən təşkili və ləğvini suların istifadəsinə və mühafizəsinə dair
müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qaydalara uyğun həyata keçirmək
hüquqlarına malikdirlər.
Maddə 56. Tullantı sularından kənd təsərrüfatı ehtiyacları üçün
istifadə
Tullantı sularından kənd təsərrüfatı
ehtiyacları üçün istifadə müvafiq icra hakimiyyəti orqanları tərəfindən
razılaşdırılmaqla həyata keçirilə bilər.
Maddə 57. Meşə zolağı və meşə tingliyi salınmış sahələrin suvarılması
Meşə zolağı və meşə tingliyi salınmış sahələrin
suvarılması su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə
qaydasında həyata keçirilir.
Maddə 58. Mal-qaranın sürülməsi, suvarılması və nəqliyyat
vasitələrinin keçməsi üçün yerlər müəyyən edilməsi
Kanallardan və başqa hidrotexniki
qurğulardan mal-qaranın sürülüb keçirilməsi, traktorların, kənd təsərrüfatı
maşınlarının, avtomobillərin və digər nəqliyyat vasitələrinin bu məqsəd üçün
ayrılmamış su obyektlərinin ərazisindən keçməsi qadağan edilir.
Çaylarda, kanallarda və digər yerüstü
sututarlarda mal-qaranın su içməsinə yalnız xüsusi olaraq düzəldilmiş suvarma
meydançaları olduqda və ya bu məqsəd üçün ayrılmış yerlərdə yol verilir.
Nəqliyyat vasitələrinin və kənd
təsərrüfatı maşınlarının keçməsi, mal-qaranın sürülməsi və su içməsi üçün
yerlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir və həmin
yerlər xüsusi işarələrlə göstərilir.
Mal-qara sürülən yollar müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qayda və şərtlərlə su ilə təchiz
olunmalıdır.
IX fəsil
Su obyektlərindən sənaye və hidroenergetika məqsədləri üçün istifadə
Maddə 59. Su obyektlərindən sənaye məqsədləri üçün istifadə
Sənaye məqsədləri üçün, bir qayda
olaraq, texniki sulardan istifadə edilir.
Su obyektlərindən sənaye məqsədləri üçün
istifadə edənlər sudan istifadə olunmasına dair müəyyən edilmiş limitlərə,
texnoloji normalara və qaydalara əməl etməli, habelə istehsal texnologiyasını
və su təchizatı sxemlərini təkmilləşdirmək yolu ilə su məsrəfini azaltmaq və tullantı
sularının axıdılmasının qarşısını almaq üçün tədbirlər görməlidirlər.
Qanunvericilikdə nəzərdə tutulmuş
qaydada içməli sudan texniki məqsədlər üçün istifadə edən müəssisələr, bir
qayda olaraq, təkrar və dövr edən su təchizatı sisteminə keçməlidirlər.
Maddə 60. İçməli suyun sənaye məqsədləri üçün istifadəsinin
məhdudlaşdırılması
Təbii fəlakət, qəza və digər fövqəladə
şərait hallarında və ya müəssisə tərəfindən içməli su ayrılmış limitdən artıq
işlədildikdə, müvafiq icra hakimiyyəti orqanları birinci növbədə əhalinin
içməli su və məişət ehtiyaclarının ödənilməsi xeyrinə su kəmərlərindən sənaye
məqsədləri üçün içməli suyun götürülməsini məhdudlaşdıra və ya qadağan edə
bilər, habelə ayrı-ayrı müəssisələrin, idarələrin və təşkilatların tabeliyində
olan içməli su kəmərlərindən içməli suyun sənaye məqsədləri üçün götürülməsini
müvəqqəti azalda bilər.
Maddə 61. Yeraltı sulardan texniki təchizat və digər istehsal
ehtiyacları üçün istifadə
İçməli su və ya müalicə kateqoriyasına
aid edilməmiş yeraltı sulardan texniki təchizat, sənaye məqsədləri, o cümlədən
onların tərkibində olan kimyəvi elementlərin çıxarılması, istilik enerjisi
alınması və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada istifadə edilə bilər.
Maddə 62. Su obyektlərindən faydalı qazıntıların hasil edilməsi üçün
istifadə
Su obyektlərindən faydalı qazıntıların
hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması, yeraltı
qurğuların tikintisi yerin təki haqqında Azərbaycan Respublikasının
qanunvericiliyinə və bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.
Maddə 63. Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə
Su obyektlərindən hidroenergetika
ehtiyacları üçün istifadə iqtisadiyyatın digər sahələrinin mənafeyi nəzərə
alınmaqla, habelə sulardan kompleks istifadə şərtlərinə riayət olunmaqla
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun
olaraq həyata keçirilir.
Hidroenergetika ehtiyacları üçün
verilmiş su obyektlərindən eyni zamanda başqa məqsədlər üçün də istifadə edilə
bilər.
Hidroenergetika müəssisələri su
obyektlərinin istifadəsinə, su anbarlarının doldurulması və istismar rejiminə
dair müəyyən olunmuş qaydalara riayət etməli, gəmilərin və bərələrin maneəsiz
və təhlükəsiz keçməsini, habelə balıqların kürütökmə yerlərinə buraxılmasını
təmin etməlidirlər.
X fəsil
Su obyektlərindən
nəqliyyat ehtiyacları üçün istifadə
Maddə 64. Ümumi istifadədə olan su yolları
Azərbaycan Respublikasının çayları,
gölləri, su anbarları, kanalları, Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsi, digər yerüstü su obyektləri, əgər onlardan
su yolu kimi istifadə tam və ya qismən qadağan edilməmişdirsə, yaxud həmin
obyektlər ayrıca istifadəyə verilməmişdirsə, ümumi istifadədə olan su yollarına
aid edilir.
Hüquqi və fiziki şəxslər onlara məxsus
su nəqliyyatı vasitələrinin üzməsi üçün Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ümumi istifadədə olan su
yollarından istifadə edə bilərlər.
Maddə 65. Su obyektlərindən su və hava nəqliyyatının ehtiyacları üçün
istifadə qaydaları
Su obyektlərinin ümumi istifadədə olan su
yolları kateqoriyasına aid edilməsi, su və hava nəqliyyatının ehtiyacları üçün
onlardan istifadə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
XI fəsil
Su obyektlərindən
balıqçılıq və ovçuluq üçün istifadə
Maddə 66. Su obyektlərindən balıqçılıq üçün istifadə
Balıq və digər su
bioresurslarının ovu, toplanması və akvakultura üçün balıqçılıq su obyektləri və ya onların bir hissəsi
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada
balıqçılıq ehtiyacları üçün istifadə edilir. [28]
Balıqçılıq su
obyektlərindən istifadə edən
hüquqi və fiziki şəxslər həmin sututarların çirklənməkdən və zibillənməkdən
qorunması üçün tədbirlər görməlidirlər. [29]
Su obyektlərinin istifadəçiləri müvafiq
icra hakimiyyəti orqanının razılığı ilə sututarların vəziyyətinin
yaxşılaşmasını və balıq və digər su
bioresurslarının bərpasını təmin edən balıqartırma və balıqçılıq təsərrüfatı meliorasiyası tədbirləri görməli, habelə ov
alətlərinin qurulduğu yerləri lazımi sanitariya vəziyyətində saxlamalıdırlar. [30]
Maddə 67. Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin ərazisində
yerləşən sututarlardan balıq və digər su
bioresurslarının ovu və akvakultura üçün istifadə [31]
Hüquqi və fiziki şəxslər, onların
mülkiyyətində və ya istifadəsində olan torpaqlarda yerləşən nohurlardan,
axmazlardan, gölməçələrdən balıq və digər
su bioresurslarının ovu və akvakultura üçün istifadə edə bilərlər.
Göstərilən su obyektlərindən balıq və digər su bioresurslarının ovu və
akvakultura üçün istifadə müvafiq icra hakimiyyəti orqanlarının müəyyən
etdikləri qaydalara uyğun həyata keçirilir.
Maddə 68. Balıq və digər su
bioresurslarının idman və həvəskar ovu üçün su obyektlərindən istifadə [32]
Xüsusi mühafizə
olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər
balıqçılıq su obyektlərindən bu Məcəlləyə və su obyeklərindən istifadəyə dair
digər normativ hüquqi aktlara uyğun olaraq balıq və digər su bioresurslarının
idman və həvəskar ovu üçün istifadə edilə bilər.[33]
Müvafiq icra hakimiyyəti orqanları
göstərilən məqsədlər üçün dövlət
mülkiyyətində olan balıqçılıq su obyektlərini və ya onların müəyyən
hissəsini ayırmalıdırlar. [34]
Balıqçılıq təsərrüfatlarının təşkili
üçün ayrılmış su obyektlərində balıq və
digər su bioresurslarının idman və həvəskar ovu, həmin obyektlərin
mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə həyata keçirilə bilər. [35]
Maddə 69. Balıqçılıq əhəmiyyətli sututarlarda su obyektləri
istifadəçilərinin hüquqlarının məhdudlaşdırılması [36]
Qiymətli növ balıq və digər su
bioresurslarının qorunması və
artırılması üçün mühüm balıqçılıq su
obyektlərində və ya onların ayrı-ayrı hissələrində sudan istifadə edənlərin
hüquqları balıqçılıq təsərrüfatının xeyrinə məhdudlaşdırıla bilər. Belə su obyektlərinin siyahısı və sudan
istifadənin məhdudlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanları
tərəfindən müəyyən edilir. [37]
Maddə 70. Balıqçılıq su
obyektlərində hidrotexniki qurğuların istismarı [38]
Balıqçılıq su obyektlərində hidrotexniki və başqa qurğular istismar edilərkən balıq və digər su bioresurslarının
qorunmasını və bərpasını təmin edən tədbirlər görülməlidir. [39]
Balıqçılıq su obyektlərindən su götürülərkən onlar balıqqoruyucu qurğularla
təchiz olunmalıdır. [40]
Maddə 71. Balıqçılıq su
obyektlərinin çirklənməkdən, zibillənməkdən və dayazlaşmaqdan qorunması [41]
Balıqçılıq su obyektlərində aşağıdakı tədbirlərin həyata keçirilməsi qadağan
edilir: [42]
balıqların kürütökmə yerlərində müvafiq
icra hakimiyyəti orqanının razılığı olmadan bənd çəkmək və dağılmış bəndləri
bərpa etmək;
müvafiq orqanların razılığı ilə
sanitariya və hidrotexniki tədbirlərin görüldüyü hallar istisna edilməklə,
çaylarda, çay qollarında və kanallarda qalaq yaratmaq və ya onların qabağını
kəsmək, göllərdən və limanlardan suyu buraxmaq;
ağac emalı zamanı əmələ gələn
tullantıları sututarlara axıtmaq və həmin sututarların sahillərində və subasar
yerlərində yığmaq;
dibdərinlətmə və dibtəmizləmə işləri
zamanı qazılmış torpağı balığın kürütökmə yerlərinə və qışladığı çuxurlara
yığmaq;
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş digər hallarda.
Maddə 72. Su obyektlərindən ovçuluq məqsədləri üçün istifadə
Ovçuluq obyektinə aid edilən su
quşlarının və qiymətli xəzdərili heyvanların məskunlaşdığı su obyektləri
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ovçuluq
məqsədləri üçün istifadəyə verilir.
Maddə 73. Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su
obyektlərindən istifadə qaydaları
Balıqçılıq və ovçuluq təsərrüfatlarının
ehtiyacları üçün su obyektlərindən istifadə qaydaları Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
XII fəsil
Xüsusi qorunan su
obyektlərindən istifadə
Maddə 74. Xüsusi qorunan su obyektləri
Xüsusi elmi, tarixi, mədəni, estetik və
təbiətqoruyucu əhəmiyyətli su obyektləri xüsusi qorunan su obyektləridir.
Bu obyektlər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada toxunulmaz elan edilir.
Xüsusi qorunan su obyektləri müvafiq
icra hakimiyyəti orqanlarının təqdimatı əsasında Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq bütövlükdə və ya qismən, daimi və ya müvəqqəti
olaraq təsərrüfat fəaliyyətindən çıxarılır.
Xüsusi qorunan su obyektləri respublika,
bölgə və yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinə aid edilir.
Xüsusi qorunan su obyektləri ayrıca
təbii ərazi kimi və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş xüsusi qorunan təbii ərazinin bir hissəsi kimi mövcud ola bilər.
Xüsusi qorunan su obyektlərinin
aşağıdakı kateqoriyaları müəyyən edilir:
Azərbaycan Respublikasının daxili sularının
və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin
sularının sahələri;
su — bataqlıq yerləri;
nadir təbiət landşaftına aid edilmiş
axar sular və sututarlar;
su obyektlərinin mənbəyinin və
mənsəbinin mühafizə zonaları;
qiymətli balıq növlərinin kürütökmə və
qışlama yerləri;
meşələrlə, bitki və heyvanlar aləmi və
digər xüsusi mühafizə olunan təbii ehtiyatlarla qırılmaz əlaqəsi olan su
obyektləri.
Xüsusi qorunan su obyektlərinin
kateqoriyalara aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə xüsusi qorunan su obyektlərinin digər kateqoriyaları da
nəzərdə tutula bilər.
Maddə 75. Xüsusi qorunan su obyektlərinin suyundan istifadə
Xüsusi qorunan su obyektlərinin suyundan
istifadə qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.
Xüsusi qorunan su obyektlərindən balıq və digər su bioresurslarını ovlamaq və
toplamaq və həmin su obyektlərinin təbii vəziyyətini dəyişən başqa işlər
görmək qadağan edilir. [43]
Xüsusi qorunan su obyektlərinə və onları
qidalandıran sututarlara tullantı suların axıdılmasına, başqa imkanlar
olmadıqda müvafiq icra hakimiyyəti orqanının razılığı ilə bu Məcəllənin
77-79-cu maddələrinin tələblərinə riayət olunmaqla yol verilir.
Xüsusi qorunan su obyektlərinin təbii
vəziyyətini dəyişdirə biləcək işlər yalnız müvafiq icra hakimiyyəti orqanının
razılığı ilə görülə bilər.
Maddə 76. Xüsusi qorunan su obyektlərinin toxunulmazlığının geri
alınması
Xüsusi qorunan su obyektlərinin
toxunulmazlığı yalnız ən zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə geri alınır.
XIII fəsil
Su obyektlərindən
tullantı suların axıdılması, yanğından mühafizə və digər məqsədlər üçün
istifadə
Maddə 77. Su obyektlərindən tullantı suların axıdılması üçün istifadə
Sənaye, kommunal, məişət, drenaj
sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə
edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər.
Tullantı suların axıdılması üçün su
obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
Maddə 78. Tullantı suların su obyektlərinə axıdılması
Tullantı suların su obyektlərinə
axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində
çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına
gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını
təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar.
İçməli su mənbəyi kimi istifadə edilən
və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların
axıdılması qəti qadağandır.
Maddə 79. Tullantı suların su obyektlərinə axıdılmasının
məhdudlaşdırılması, dayandırılması və qadağan edilməsi
Bu Məcəllənin 78-ci maddəsinin tələbləri
pozulduqda, tullantı suların su obyektlərinə axıdılması müvafiq icra
hakimiyyəti orqanları tərəfindən məhdudlaşdırılır və ya qadağan edilir.
Tullantı suların axıdılması əhalinin
sağlamlığı üçün təhlükəli olan hallarda sənaye qurğularının və müəssisələrin
fəaliyyəti dayandırılır.
Maddə 80. Su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün
istifadə
Yanğından mühafizə ehtiyacları üçün
bütün su obyektlərindən tələb olunan həcmdə və ödənişsiz su götürülməsinə yol verilir. [44]
Yanğından mühafizə ehtiyacları üçün
götürülmüş sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə
edilməsi qadağandır.[45]
Su obyektlərindən yanğından mühafizə
ehtiyacları üçün istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
XIV fəsil
Su obyektlərinin
mühafizəsi
Maddə 81. Suların mühafizəsi
Bütün sular (su obyektləri) onların
fiziki, kimyəvi, bioloji xassələrinin dəyişməsi, təbii təmizlənmə
qabiliyyətinin azalması, suların hidroloji və hidrogeoloji rejiminin pozulması
nəticəsində əhalinin sağlamlığına zərər vura biləcək, habelə balıq və digər su bioresurslarının
azalmasına, su təchizatı şəraitinin pisləşməsinə və digər əlverişsiz hallara
səbəb ola biləcək çirklənməkdən, zibillənməkdən, tükənməkdən mühafizə olunmalı
və qorunmalıdır. [46]
Suların (su obyektlərinin) mühafizəsi,
onların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunması, habelə suların
keyfiyyətinin və rejiminin yaxşılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 82. Su mühafizə zonaları
Su obyektlərinin ekoloji tələblərə uyğun
vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin,
zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və
bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə
zonaları müəyyən edilir.
Su mühafizə zonası su obyektinin
akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və
digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən
edilmiş ərazidir.
Su mühafizə zonalarının hüdudlarında
sahil mühafizə zolaqları müəyyən edilir.Sahil mühafizə zolaqlarında torpaqların
şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən
çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın,
zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar
istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir.
Sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət,
idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və
hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. [47]
Su mühafizə zonalarının, onların sahil
mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İçməli su mənbəyi və balıqların
kürütökmə yerləri olan su obyektlərinin su mühafizə zonaları Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi qorunan
ərazi elan edilir.
Maddə 83. Su mühafizə zonalarındakı torpaqların istifadəyə verilməsi
Su mühafizə zonalarında yerləşən torpaq
sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının
torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra
hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər.
Su mühafizə zonalarında təbii
ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və
hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz
səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata
keçirilir.
Maddə 84. Su obyektlərinin çirklənməkdən və zibillənməkdən qorunması
Öz fəaliyyəti ilə suların keyfiyyətinə
təsir göstərən fiziki və hüquqi şəxslərə:
su obyektlərinə istehsalat, məişət və
digər tullantıların tökülməsi;
suların yağlar, ağac, kimyəvi, neft və
digər istehsalat məhsullarının texniki və texnoloji nasazlıqdan axması
nəticəsində çirkləndirilməsi və zibilləndirilməsi;
su yığılan sahələrin, sututarların, qar
və buz örtüyünün, buzlaqların səthinin tullantılar, neft məhsulları ilə çirkləndirilməsi və
zibilləndirilməsi;
su mənbələrinin və
mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu
təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və
təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin
sututar sahələrində tullantıların basdırılması;[48]
suların radioaktiv və zəhərli-kimyəvi
maddələrlə çirkləndirilməsi qadağan edilir;
yeraltı suların, təsərrüfat və içməli
sututarlarının olduğu ərazilərdə istehsalat və məişət tullantılarının
basdırılması. [49]
Su obyektlərinə tullantı suların
axıdılmasına bu Məcəllənin 77—79-cu maddələrində nəzərdə tutulan tələblərə
riayət edilməklə yol verilə bilər.
Maddə 85. Sanitariya mühafizəsi zonalarının müəyyən edilməsi
Əhalinin içməli və məişət su təchizatı,
müalicə, kurort və sağlamlaşdırma ehtiyacları üçün istifadə olunan suların
mühafizə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq surətdə sanitariya mühafizəsi zonaları müəyyən olunur.
Maddə 86. Suqoruyucu meşə zolaqlarının müəyyən edilməsi
Çayların, göllərin, su anbarlarının,
kanalların, kollektorların, yeraltı suların və digər su obyektlərinin əlverişli
su rejimini saxlamaq, torpaqların su və külək eroziyasının, sututarların
lilləşməsinin, su heyvanlarının məskunlaşma şəraitinin pisləşməsinin qarşısını
almaq, lazımsız yerüstü su axımını azaltmaq və digər məqsədlər üçün Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada bu obyektlərin
ətrafında susaxlayıcı və torpaqqoruyucu meşə zolaqları müəyyən edilir.
Suqoruyucu meşə zolaqlarının qorunması
üzərində nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirir və onların
su obyektlərinin vəziyyətinə zərərli təsir edən işləri dayandırmaq və ya
qadağan etmək hüquqları vardır.
Maddə 87. Yerüstü suların mühafizəsi
Öz fəaliyyəti ilə yerüstü su obyektlərinə
mənfi təsir edən müəssisələr müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə
yerüstü su obyektlərinin suyunun kəmiyyət və keyfiyyətinin, təmizliliyinin
saxlanması üçün tədbirlər görməlidirlər.
Yerüstü su obyektlərinin su mühafizə
zonaları və onların istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 88. Yeraltı suların mühafizəsi
Qaz, neft və digər faydalı qazıntı
yataqlarının axtarışı, kəşfiyyatı və istifadəsi ilə əlaqədar qazma və başqa
mədən işləri görülərkən yeraltı su horizontları aşkara çıxarıldıqda, mədən
işləri görən təşkilatlar dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanlarına
məlumat verməli və yeraltı suların mühafizəsi üçün müəyyən edilmiş qaydada
tədbirlər görməlidirlər.
Fəvvarəli quyular, həmçinin istismara
yararsız və ya istifadəsi dayandırılmış kəşfiyyat quyuları tənzimləyici
qurğularla təchiz edilməli, bağlanmalı və ya ləğv edilməlidir.
İçməli yeraltı su yataqlarının
yerləşdiyi zonalarda bərk və maye tullantı toplayıcılarının, zibilxanaların
tikilməsinə, fəaliyyəti ilə yeraltı su yataqlarının çirklənməsi mənbəyi ola
bilən sənaye, kənd təsərrüfatı və digər obyektlərin yerləşdirilməsinə yol
verilmir.
Yeraltı suların mühafizəsi üzərində
nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Maddə 89. Su obyektlərinə zərərli təsirin yol verilən normaları
Su obyektlərinə zərərli təsirin yol
verilən normaları ətraf mühitin mühafizəsi və su qanunvericiliyi ilə müəyyən
edilir.
Su obyektlərinə zərərli təsirin yol
verilən normalarımüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 90. Ekoloji su buraxılışı
Su obyektlərini müvafiq ekoloji
tələblərə uyğun vəziyyətdə saxlamaq üçün su anbarlarından su buraxılması
(ekoloji su buraxılışı) həyata keçirilir və suların bərpa edilmədən
götürülməsinin həcmi müəyyən olunur.
Ekoloji su buraxılışı və suların bərpa
edilmədən götürülməsinin həcmi hər bir su obyekti üçün müvafiq icra hakimiyyəti
orqanları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada müəyyən edilir.
Su istehlakçılarının suya olan
tələbatının, ekoloji su buraxılışı hesabına ödənilməsinə yol verilmir.
Maddə 91. Su obyektlərində fövqəladə ekoloji vəziyyət və ekoloji
fəlakət zonaları
Təsərrüfat fəaliyyəti və ya təbii
proseslər nəticəsində insanlara, heyvanlar və bitkilər aləminə, ətraf mühitə
təhlükə yarada bilən su obyektlərini (onların bir hissəsini) və onların
sutoplayıcı sahələrini müvafiq icra hakimiyyəti orqanı fövqəladə ekoloji
vəziyyət və ekoloji fəlakət zonaları elan edə bilər.
Fövqəladə ekoloji vəziyyət və ya ekoloji
fəlakət zonalarının hüquqi rejimi Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilir.
Maddə 92. Suların zərərli təsirinin qarşısının alınması və onun
nəticələrinin aradan qaldırılması
Müvafiq icra hakimiyyəti orqanı və su
obyektlərinin istifadəçiləri:
daşqınların, subasmanın və su altında
qalmanın;
bəndlərin və digər qurğuların
sahillərinin dağılmasının;
torpaqların eroziyasının,
bataqlaşmasının və şoranlaşmasının;
yarğanların əmələ gəlməsinin, torpaq
sürüşməsinin və çökməsinin, sel axınlarının və digər zərərli hadisələrin
qarşısını almaq və onların nəticələrini aradan qaldırmaq üçün müvafiq tədbirlər
görməlidirlər.
Suların zərərli təsirinin qarşısını
almaq və onun nəticələrini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti
orqanları tərəfindən xüsusi komissiyalar yaradılır. Həmin komissiyaların öz
səlahiyyətləri daxilində qəbul etdikləri qərarlar fiziki və hüquqi şəxslər üçün
məcburidir.
Ərazi vahidlərinin ərazisində daşqınlar və güclü sellər
nəticəsində yaranmış qəza vəziyyətinin qarşısının alınması və aradan
qaldırılması işlərinin yerinə yetirilməsini müvafiq icra hakimiyyəti orqanları
və bələdiyyələr təşkil edirlər. [50]
Su obyektlərində təbii fəlakət və qəza
baş verdiyi hallarda su obyektləri istifadəçiləri suların zərərli təsirinin
qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması tədbirlərinin
aparılmasında iştirak etməlidirlər. Həmin tədbirlər müvafiq icra hakimiyyəti
orqanları ilə və bələdiyyələrlə razılaşdırılmaqla aparılır.
Maddə 93. Su obyektlərinin bərpası və mühafizəsi sahəsində hövzə
sazişləri
Su obyektlərinin bərpası və mühafizəsi
sahəsində hövzə sazişləri su obyektlərinin bərpasına və mühafizəsinə
yönəldilmiş fəaliyyətin əlaqələndirilməsi və birləşdirilməsi məqsədi ilə
bağlanıla bilər.
Hövzə sazişləri müvafiq icra hakimiyyəti
orqanı ilə bələdiyyələr və su istifadəçiləri arasında bağlanılır.
Hövzə sazişinin məqsəd və vəzifələrini
həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
su obyektlərinin bərpası və mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi üçün
xüsusi su fondu yaradıla bilər.
Hövzə sazişləri su təsərrüfatı
balansları, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri, su
obyektlərinin istifadəsi, bərpası və mühafizəsi üzrə dövlət proqramları və
digər layihələr əsasında müvafiq icra hakimiyyəti orqanlarının təklifi ilə
hazırlanır.
XV fəsil
Suların vəziyyətinə
təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin yerləşdirilməsi,
layihələşdirilməsi, tikilməsi, bərpası və istismarı
Maddə 94. Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və
digər obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikilməsi, bərpası və
istismara verilməsi şərtləri
Suların vəziyyətinə təsir edən yeni və
yenidən qurulan müəssisələr, qurğular və digər obyektlər yerləşdirilərkən,
layihələşdirilərkən, tikilərkən, bərpa edilərkən və istismara verilərkən,
habelə yeni texnoloji proseslər tətbiq olunarkən ictimai rəy nəzərə alınmaqla
əhalinin içməli su və məişət ehtiyacını ödəmək şərti ilə sulardan səmərəli
istifadə edilməsi təmin olunmalıdır. Eyni zamanda, su obyektlərindən götürülən
və onlara qaytarılan suyun uçota alınmasını, suların çirklənməkdən, zibillənməkdən
və tükənməkdən qorunmasını, suların zərərli təsirinin qarşısının alınmasını,
torpaqların su altında qalmasının minimum zəruri həddədək məhdudlaşdırılmasını,
torpaqların şoranlaşmadan, subasmadan və ya qurumadan mühafizə olunmasını,
habelə əlverişli təbii şəraitin və landşaftların qorunub saxlanmasını təmin
edən tədbirlər nəzərdə tutulmalıdır.
Balıqçılıq su obyektlərində yeni və yenidən qurulan müəssisələr, qurğular və
digər obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və işə
salınarkən yuxarıda göstərilən tədbirlərlə yanaşı, balıq və digər su bioresurslarının qorunması və artırılması üçün
şərait yaradılmasını təmin edən tədbirlər həyata keçirilməlidir.[51]
Suların vəziyyətinə təsir edən
müəssisələrin, qurğuların və digər obyektlərin tikinti layihəsi su
obyektlərindən istirahət və idman üçün istifadə edilmə imkanı nəzərə alınmaqla
tərtib edilməlidir.
Suların vəziyyətinə təsir edən müəssisələrin,
qurğuların və digər obyektlərin tikinti layihələrinin “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi
hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası aparılır.[52]
Suların vəziyyətinə təsir edən mövcud müəssisələr,
qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji
tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin
obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin
həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla
bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində
normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə
alınmaqla müvafiq dəyişikliklər edilir.
Suların vəziyyətinə təsir edən mövcud
müəssisələrin, qurğuların və digər obyektlərin fəaliyyəti zamanı təbiətdən
istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə
uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar
və texnoloji üsullar tətbiq edildikdə, həmin obyektlərə dair yenidən ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır .
Suların vəziyyətinə təsir edən müəssisələrə,
qurğulara və digər obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin
obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun
olaraq həll edilir.[53]
Maddə 95. Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və
digər obyektlərin istifadəyə verilməsinin qadağan edilməsi
Suların vəziyyətinə təsir edən yeni
tikilmiş və yenidən qurulan müəssisələrin, qurğuların və digər obyektlərin
istismara verilməsi aşağıdakı hallarda qadağan edilir:
suların çirklənməsinin və
zibillənməsinin, yaxud onların zərərli təsirinin qarşısını alan qurğularla
təmin edilmədikdə;
torpaqların subasmasının,
bataqlaşmasının, şoranlaşmasının və eroziyasının qarşısını almaq məqsədi ilə
layihələrdə nəzərdə tutulmuş tədbirlər görülmədikdə;
layihələrdə nəzərdə tutulmuş
suqəbuledicilər və başqa qurğular hazır olmadıqda;
layihələrdə nəzərdə tutulmuş
balıqqoruyucu və balıqburaxıcı qurğular tikilmədikdə;
ehtiyatları təsdiq edilməmiş yeraltı
suları çıxarmaq üçün nəzərdə tutulan sugötürücü;
sutənzimedici qurğularla təchiz
edilməyən və müvafiq hallarda sanitariya mühafizəsi zonaları müəyyən edilməyən
su quyuları;
layihələrdə nəzərdə tutulmuş yataq
hazırlanma tədbirləri görülənədək dəryaçaların su ilə doldurulması və suların
vəziyyətinə təsir edən digər hallarda.
IV bölmə
Su obyektlərinin
istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsi, mübahisələrin
həll edilməsi və su qanunvericiliyinin pozulmasına görə məsuliyyət
XVI fəsil
Su obyektlərinin
istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsi
Maddə 96. Su obyektlərinin istifadəsi və mühafizəsi tədbirlərinin
iqtisadi tənzimlənməsinin prinsipləri
Su obyektlərinin istifadəsi və
mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsi aşağıdakı prinsiplərə
əsaslanır:
bu Məcəllənin 18-ci maddəsinin ikinci
hissəsinin tələbləri nəzərə alınmaqla, sudan ödənişli istifadə; [54]
bu Məcəllənin 18-ci maddəsinin ikinci
hissəsinin tələbləri nəzərə alınmaqla, su obyektlərindən istifadə ilə bağlı ödəmələr;
su obyektlərinin istifadəsi və
mühafizəsi üzrə tədbirlərin maliyyələşdirilməsi.
Maddə 97. Sudan ödənişli istifadə[55]
Bu Məcəllənin 18-ci maddəsinin ikinci
hissəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. [56]
Sudan ödənişli istifadənin məqsədi su təminatına yönəldilmiş
dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və
təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin
etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların
mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu
aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan
ibarətdir.
Azərbaycan Respublikasında sudan ödənişli istifadə
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.[57]
Bələdiyyələrin su
təsərrüfatı obyektlərində sudan ödənişli istifadə qaydaları və şərtləri bu
Məcəllə, digər müvafiq qanunvericilik aktları, habelə bələdiyyə aktları ilə
müəyyən edilir.[58]
Maddə 98. Sudan istifadə haqqının müəyyən edilməsi
Sudan istifadə haqqı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.[59]
Sudan istifadə haqqı onun
keyfiyyətindən, istifadəyə görə təyinatından (içməli su, texniki su, suvarma
suyu və s.), su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun
götürülmə və nəql edilmə üsullarından və istehsal xərclərinin həcminə təsir
edən digər amillərdən asılı olaraq ayrı-ayrı su təsərrüfatı sistemləri üzrə
diferensiallaşdırılır.
Yeraltı sulardan istifadə haqqı hesablanarkən
onların axtarışına, kəşfiyyatına və ehtiyatlarının müəyyənləşdirilməsinə
çəkilən xərclər də qanunvericiliklə nəzərdə tutulmuş qaydada nəzərə alınır.[60]
Sudan istifadəyə görə güzəştlərin tətbiq
olunması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. [61]
Bələdiyyə mülkiyyətində olan su
obyektlərində sudan istifadə haqqı bu maddənin birinci hissəsində göstərilən
qaydada bələdiyyələr tərəfindən müəyyən edilir.
Xüsusi mülkiyyətdə olan su obyektlərinə
sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış
müqavilə əsasında müəyyən olunur.
Maddə 99. Su obyektlərindən istifadə ilə bağlı ödəmə növləri və
qaydaları
Su obyektlərindən istifadəyə görə
aşağıdakı ödəmə növləri müəyyən edilir:
su obyektlərindən xüsusi məqsədlər üçün
su götürülməsinə və tullantı suların su obyektlərinə axıdılmasına;
su obyektlərindən hidroenergetika və
nəqliyyat ehtiyacları üçün istifadəyə;
su obyektlərindən faydalı qazıntıların
hasil edilməsinə və su obyektlərində geoloji kəşfiyyat və qazma işlərinin
aparılmasına, habelə sualtı qurğuların tikintisinə və istismarına;
su obyektlərindən mütəşəkkil idman,
istirahət və turizm məqsədləri üçün istifadəyə;
qanunvericilikdə nəzərdə tutulmuş digər
məqsədlər üçün istifadəyə.
Su obyektlərindən istifadə ilə bağlı
ödəmə növləri və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 100. Su obyektlərinin istifadəsi və mühafizəsi üzrə tədbirlərin
maliyyələşdirilməsi
Dövlət əhəmiyyətli su obyektlərinin
istifadəsi və mühafizəsi üzrə tədbirlər müvafiq proqramlar əsasında dövlət
büdcəsi hesabına maliyyələşdirilir.
Ayrıca istifadəyə və mülkiyyətə verilmiş
su obyektlərinin istifadəsi və mühafizəsi üzrə tədbirlər mülkiyyətçilər və su
obyektlərinin istifadəçiləri tərəfindən maliyyələşdirilir.
Suların zərərli təsirinin qarşısının
alınması və onun nəticələrinin aradan qaldırılması tədbirləri qanunvericiliklə
müəyyən edilmiş qaydada su obyektləri istifadəçilərinin, mülkiyyətçilərin,
yerli büdcələrin və dövlət büdcəsinin hesabına həyata keçirilir.
XVII fəsil
Su obyektlərinin
istifadəsi və mühafizəsi sahəsində mübahisələrin həll edilməsi və su
qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Maddə 101. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində
mübahisələrin həll edilməsi
Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində fiziki və hüquqi şəxslər arasındakı mübahisələr Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
Maddə 102. Əqdlərin etibarsızlığı
Su qanunvericiliyini pozmaqla bağlanmış
əqdlər etibarsızdır.
Maddə 103. Azərbaycan Respublikasının su qanunvericiliyinin
pozulmasına görə məsuliyyət
Su qanunvericiliyini pozan vəzifəli
şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət
məsuliyyəti daşıyırlar:[62]
bu Məcəllənin 102-ci maddəsində
göstərilən hallarda;
su obyektlərini özbaşına tutduqda və ya
sudan özbaşına istifadə etdikdə;
su obyektlərində özbaşına hidrotexniki
və digər qurğular tikdikdə;
su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri
pozduqda; [63]
sudan istifadə limitlərinə əməl
etmədikdə;
su istehlakçılarını müəyyən olunmuş
müddətlərdə və həcmdə su ilə təmin etmədikdə;
su obyektlərini çirkləndirdikdə,
zibilləndirdikdə və tükəndirdikdə;
su obyektlərinin çirklənməsinin,
zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və
avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə;
su ehtiyatlarından israfçılıqla istifadə
etdikdə;
sutoplayıcı sahələrdə su obyektlərinin
qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına
və başqa zərərli hallara səbəb olduqda;
hidrotexniki və kommunal su
təsərrüfatına aid olan işləri özbaşına gördükdə;
su təsərrüfatı qurğularını və
avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə;
su təsərrüfatı qurğularının və
avadanlıqlarının istismarı qaydalarını pozduqda;
sudan təyinatı üzrə istifadə etmədikdə;[64]
su kəmərlərindən, kanallardan və digər
su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və
tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya
şəbəkələrinə) təyinatsız axıtdıqda;
kollektor və drenaj sistemlərini
dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə;
sudan istifadəyə görə haqqı və sudan
istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf
mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə;
lazımi icazə
olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və
texnologiyasını pozduqda;[65]
su mühafizəsi zonalarına və sahil
mühafizə zolaqlarına riayət etmədikdə;
su obyektlərinin dövlət monitorinqinin,
suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət
etmədikdə;
xüsusi qorunan su obyektlərinin rejimini
pozduqda;
su obyektlərinin istifadəsinə və
mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə;
içməli su mənbələrinin, sutəmizləyici
qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini
pozduqda;
içməli suyun keyfiyyəti sanitariya
tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.
Maddə 104. Özbaşına tutulmuş su obyektlərinin qaytarılması
Müvafiq icra hakimiyyəti orqanları
suların istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda,
həmin işləri və bu mənbələrin suyundan istifadə olunmasını dayandırmaq hüququna
malikdirlər.
Özbaşına tutulmuş su obyektləri qanunsuz
istifadə zamanı çəkilmiş xərclər ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.
Maddə 105. Su qanunvericiliyinin pozulması ilə vurulmuş zərərin
ödənilməsi
Fiziki və hüquqi şəxslər su
qanunvericiliyini pozmaqla vurduqları zərəri Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəməlidirlər.
1. 22 iyun 1999-cu il tarixli 692-IQD nömrəli "İstehsalat və məişət
tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 476)
2. 19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli "Ərazi quruluşu və inzibati ərazi bölgüsü
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar
"Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən
düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2002-ci il, № 5, maddə 237)
3. 3 dekabr 2002-ci il tarixli 392-IIQD nömrəli "Bələdiyyələrin su təsərrüfatı haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının Su Məcəlləsinə əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2003-ci il, № 1, maddə 10)
4. 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli “Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında "Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər
və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 2, maddə 57)
5. 10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 923)
6. 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436)
7. 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)
8. 25 dekabr 2007-ci
il tarixli 524-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 47)
9. 16 dekabr 2014-cü
il tarixli 1129-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, № 2, maddə 72)
10. 06 mart 2015-ci il
tarixli 1220-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 5 aprel 2015-ci il, № 070, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, № 4, maddə 357)
11. 30 iyun 2017-ci il tarixli 759-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 sentyabr 2017-ci
il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9,
maddə 1631)
12. 28 dekabr 2018-ci
il tarixli 1403-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 yanvar 2019-cu il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 01, maddə 20)
13. 3 may 2019-cu il tarixli 1578-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 987)
14. 12 iyul 2019-cu il tarixli 1652-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 sentyabr 2019-cu il, № 203, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1485)
15. 3 dekabr 2021-ci il tarixli 416-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1315)
16. 23 fevral 2024-cü il tarixli 1103-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13
mart 2024-cü il, “Azərbaycan” qəzeti, 14 mart 2024-cü
il, № 57, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 250)