Azərbaycan Vəkili” hüquq jurnalları arasında birinci yeri tutub

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-04-15 16:18

Aprelin 11-də Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində məqalələr dərc edən jurnallara dair hazırladığı ikinci Monitorinq Hesabatını ictimaiyyətə təqdim edib.

Tədbir çərçivəsində müxtəlif dövlət qurumlarının nümayəndələri, hüquqşünas alimlər və hüquq jurnallarının təmsilçiləri iştirak ediblər. Dəyirmi masa formatında keçirilən görüşdə 152 hüquqşünas və 18 hüquq jurnalı arasında aparılmış elektron sorğunun nəticələri ətrafında geniş müzakirələr aparılıb.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə monitorinqin nəticələrini təqdim edərək bildirib ki, araşdırmanın əsas məqsədi hüquq jurnallarının mövcud vəziyyətini qiymətləndirməklə yanaşı, onların müasir elmi tələblərə cavab verən səviyyəyə çatdırılmasına töhfə verməkdir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında Kollegiya tərəfindən təsis edilən “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının hüquq ictimaiyyəti üçün əhəmiyyətindən danışıb. O, jurnalı həm elmi-nəzəri, həm də praktik hüquqi məsələlər üzrə məlumatlılıq baxımından önəmli platforma kimi dəyərləndirib.

Sorğunun nəticələrinə əsasən, respondentlər arasında ən çox oxunan hüquq jurnalları sırasında “Azərbaycan vəkili” (57,2%), “Qanun” (38,8%), “Azərbaycan hüquq jurnalı” (37,5%), “Baku State University Law Review” (27,6%), “Beynəlxalq hüquq və inteqrasiya problemləri” (19,7%) və “İnjuria” (19,7%) jurnalları öndə qərarlaşıb.

Tədbir zamanı hüquq jurnallarının hazırkı durumu təhlil edilib, onların inkişafı ilə bağlı təkliflər səsləndirilib.

Qeyd edək ki, ilk monitorinqin nəticələrindən sonra İnstitutun rəsmi saytında hüquq jurnallarının əlaqə vasitələrinin toplandığı vahid platforma və məqalələr üzrə axtarış bazası yaradılıb. Hazırda bu bazada 18 jurnalda dərc edilmiş 1063 məqalə yer alır. Bu addım oxucular və məqalə müəllifləri üçün resurslara çıxışı asanlaşdırır. Eyni zamanda, İnstitut hüquq jurnallarının keyfiyyətinin artırılması məqsədilə “Hüquq sahəsində elmi məqalələrin tərtib olunmasına dair Qaydalar” sənədini də geniş ictimaiyyətə təqdim edib.