Hakimlər üçün “Stresin idarə olunması” təlimi keçirilib

Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə iyun-iyul aylarında ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən məhkəmə hakimləri üçün “Hakimlik fəaliyyətində stres faktoru və onun idarə olunması” mövzusunda silsilə təlimlər keçirilib.
Ədliyyə Nazirliyinin e-huquq.az-a verdiyi məlumata görə, təlimlər yüksək emosional və psixoloji təzyiq altında çalışan hakimlərin emosional dayanıqlılığını artırmaq, stresin səbəblərini daha dərindən anlamaq və praktik idarəetmə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.
Bakı, Sumqayıt, Şəki və Şirvan şəhərlərində keçirilən təlimlərə 30 regiondan, həm apellyasiya, həm də birinci instansiya məhkəmələrindən 70-ə yaxın hakim qatılıb.
Təlim iştirakçıları hüquqi sahədə stresin spesifik mənbələri ilə tanış olub, gündəlik praktiki nümunələri analiz edib, mindfulness (diqqət toplama) texnikaları və nəfəs məşqlərini öyrəniblər. Bundan başqa, münaqişəli vəziyyətlərdə empatik ünsiyyət və neytral yanaşma metodlarının tətbiqi müzakirə olunub.
Təlimlər hakimlərin yumşaq bacarıqlarının inkişafına, psixoloji rifahının və peşə fəaliyyətində effektivliyinin artırılmasına yönəlib. Bu mövzuda təlimlərin gələcəkdə də davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.