Azərbaycan və Türkiyə Ali Məhkəmələri arasında görüş keçirilib

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-07-07 16:35

İyulun 7-də Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) sədr müavini Adem Albayrak və 2-ci Hüquq Dairəsinin üzvləri Azərbaycan Respublikasının Ali Məhkəməsində qonaq olublar.

Görüş zamanı Ali Məhkəmənin sədri İnam Kərimov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, məhkəmə sahəsində də əməkdaşlığın inkişaf etdiyini qeyd edib. Bildirilib ki, təcrübə mübadiləsi hüquqi islahatlara və məhkəmə fəaliyyətinin səmərəliliyinə töhfə verir.

Vətəndaşların hüquqlarının müdafiəsi, müasir idarəetmə və şəffaf ədalət mühakiməsinin təşkili sahəsində qarşılıqlı təcrübənin əhəmiyyəti də diqqətə çatdırılıb.

Adem Albayrak səmimi qəbul və qonaqpərvərliyə görə təşəkkür edərək vurğulayıb ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər hüquqi əməkdaşlıq baxımından da strateji xarakter daşıyır. O, Azərbaycanın məhkəmə-hüquq sahəsindəki son islahatlarının diqqətəlayiq olduğunu bildirib və bu prosesdə Türkiyənin dəstəyinin açıq olduğunu qeyd edib. Belə görüşlərin hüquqşünaslar arasında birbaşa əlaqələrin qurulmasına imkan yaratdığı vurğulanıb.

Daha sonra “Mənəvi zərərin ödənilməsi barədə Türkiyə qanunvericiliyinin tətbiqi üzrə məhkəmə təcrübəsinin öyrənilməsi” mövzusunda dəyirmi masa keçirilib. Hər iki ölkədən olan hüquqşünas və hakimlər konkret məhkəmə presedentləri üzərində fikir mübadiləsi apararaq müxtəlif hüquqi yanaşmaları müzakirə ediblər.

Tədbirin sonunda tərəflər belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb və əlaqələrin dərinləşdirilməsi istiqamətində konkret təşəbbüslərin hazırlanması barədə razılığa gəliblər.

Mənbə: e-huquq.az

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt