Bakı şəhəri 22 saylı Vəkillər Bürosunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

28 oktyabr tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə həyata keçirilən 44 günlük pulsuz hüquqi yardım aksiyası çərçivəsində Bakı şəhəri 22 saylı Vəkillər Bürosunda vətəndaşlar üçün “Açıq qapı” günü təşkil olunub.
Tədbir zamanı vətəndaşların hüquqi problemləri dinlənilib, onları maraqlandıran məsələlərə dair ödənişsiz hüquqi məsləhətlər verilib. Müraciətlər üzrə vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub, hüquqlarının müdafiəsi və müvafiq hüquqi prosedurlar barədə məlumat təqdim edilib.
Pulsuz hüquqi yardım aksiyasının əsas məqsədi əhalinin hüquqi maarifləndirilməsini artırmaq, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə dəstək olmaq, xüsusilə aztəminatlı və sosial baxımdan həssas qrupların hüquqi xidmətlərə əlçatanlığını təmin etməkdir.
Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 günlük aksiya çərçivəsində respublikanın müxtəlif ərazilərində vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir. Aksiya çərçivəsində vətəndaşlar hüquqi məsələləri ilə bağlı vəkil qurumlarına müraciət edərək müvafiq məsləhət və yardım xidmətlərindən yararlana bilərlər.


