Azərbaycanda vərəsəlik hüququnda mühüm dəyişikliklər: Xüsusi müddət ləğv edilir

Azərbaycanda vərəsəlik hüququ sahəsində ciddi dəyişikliklər baş verir. Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı və həmin qərardan irəli gələn qanunvericilik təşəbbüsləri ilə mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş xüsusi müddət ləğv olunub. Bu dəyişikliklər Mülki Məcəlləyə, həmçinin notariat və icra haqqında qanunvericiliyə təsir edərək, vərəsəlik prosesində əhəmiyyətli praktiki yeniliklərə səbəb olub.
Artıq vərəsəliklə bağlı hüquq münasibətləri elektron sistem vasitəsilə daha şəffaf və çevik şəkildə tənzimlənir. Bu isə həm vərəsələrin hüquqlarının müdafiəsini gücləndirir, həm də praktiki prosesləri asanlaşdırır.
Bakı şəhəri 22 saylı Vəkl Bürosunun direktoru Mehman Muradlı mövzunun hüquqi və tətbiqi aspektləri ilə bağlı Musavat.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Mirasın qəbul edilməsi üçün müddət ləğv olunubsa, indi vərəsə istədiyi vaxt mirası qəbul edə bilərmi?
– Əvvəllər 6 aylıq müddət var idi. Bu müddətdə vərəsə notariusa müraciət etməzdikdə, yalnız məhkəmə qaydasında hüququnu bərpa edə bilərdi. İndiki halda müddət ləğv olunub. Vərəsələrin dairəsi elektron sistemdə dəqiq əks olunur. Kim müraciət etsə, onun payı ayırd edilir, şəhadətnamə ilə rəsmiləşdirilir. Digər vərəsələrin payı isə açıq qalır – yəni gələcəkdə həmin vərəsələr də müraciət edib öz hüquqlarını həyata keçirə bilərlər.
– Bu dəyişikliklər 26 dekabr 2023-dən əvvəl başlanmış, lakin yekunlaşmamış vərəsəlik işlərinə şamil olunurmu?
– Qanunvericilikdə belə yanaşma var: qanun vətəndaşın xeyrinədirsə, geriyə şamil olunur, əleyhinədirsə, olunmur. Mən hesab edirəm ki, bu dəyişikliklər həmin dövrə qədər olan, amma hələ nəticələnməmiş işlərə də tətbiq ediləcək.
– Digər vərəsələrin razılığı olmadan, mirasın əvvəlki müddəti keçibsə, indi vərəsə miras hüququnu necə həyata keçirə bilər?
– Əvvəllər razılıq və ya məhkəmə qərarı olmadan bu mümkün deyildi. İndi isə müddət tələbi aradan qalxdığı üçün vərəsəlik hüququnu hər bir vərəsə fərdi qaydada notariusa müraciət etməklə həyata keçirə bilər. Hər kəsin payı ayrıca sənədlə müəyyənləşdirilir.
– Əgər müddət tələbi ləğv olunubsa, vərəsəliklə bağlı sənədlərin rəsmi qeydiyyatı necə aparılır?
– Notariusa müraciət olunur, vərəsələrin dairəsi elektron sistem vasitəsilə müəyyənləşdirilir. Əvvəllər bu proses daha çox vaxt və sənəd tələb edirdi. Yəni bürokratik əngəllər var idi, sənədlərin hərəsini bir yerdən alırdın. Amma indi proses asanlaşdırılıb, doğumdan vəfatadək bütün qeydiyyatlar sistemdə əks olunur. O baxımdan hesab etmirəm ki, vərəsəliklə bağlı hər hansı problem yaşanacaq.
– Bu dəyişikliklər vərəsəlik mübahisələrinin artmasına səbəb ola bilərmi? Məsələn, 10 il sonra ortaya çıxan vərəsənin hüququ necə təmin olunacaq?
– İstəsək də, istəməsək də, mübahisələr olacaq. Amma hesab etmirəm ki, qanunvericiliyə edilən bu dəyişikliklərdən sonra mübahisələrin sayı artsın. Çünki hər bir vərəsənin payı ayrıca müəyyən edilir və rəsmiləşdirilir. Sadəcə bölgü məsələlərində fikir ayrılığı yarana bilər.
– Əgər miras qoyandan sonra mirası qəbul etməyə macal tapmamış vərəsə vəfat edərsə, onun öz vərəsələri həmin miras hüququnu avtomatik əldə edirmi?
– Bəli, onun geridə qalan vərəsələri həmin paya iddia qaldıra bilərlər. Sadəcə özləri müraciət etməlidirlər. Bu hüquq miras kimi onlara keçir və öz vərəsəlik hüquqlarını həyata keçirə bilirlər.