Daşınmaz əmlakın qeydiyyatında yeni qaydalar təsdiqlənir

Əmlakın qeydiyyatı ilə bağlı yeni prosedur müəyyənləşdirilir.
Milli Məclisin bu gün keçirilən iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər layihəsi bir oxunuşda qəbul edilib. Bu dəyişikliklər daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni hüquqi prosedurların müəyyənləşdirilməsini nəzərdə tutur.
APA-nın xəbərində deyilir ki, qanun layihəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə, qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədləri əsasında araşdırma aparılacaq.
Araşdırmanın nəticəsinə əsasən:
-
Əgər təqdim olunan sənədlərdəki məlumatlar doğru hesab edilərsə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və torpaq kadastrında müvafiq düzəlişlər ediləcək;
-
Əgər məlumatların yanlış olduğu müəyyən olunarsa, hüquqların qeydiyyatından imtina ediləcək.
Qanun layihəsinin izahatında bildirilib ki, hazırkı praktika zamanı tez-tez torpağın təyinatı barədə təqdim edilən sənədlərlə kadastr məlumatları arasında uyğunsuzluq müşahidə olunur. Bu isə qeydiyyat orqanlarının imtina qərarlarına və nəticə etibarilə məhkəmə mübahisələrinə səbəb olurdu. Belə hallarda fərqli məhkəmə qərarlarının verilməsi də hüquqi qeyri-müəyyənlik yaradırdı.
Konstitusiya Məhkəməsi bu sahədə bəzi hüquqi mövqelər müəyyən etsə də, məsələnin normativ şəkildə tənzimlənməsinə ehtiyac qalırdı. Yeni dəyişikliklər bu boşluğu doldurmağa və vahid hüquqi yanaşma formalaşdırmağa xidmət edir.