Dövlət Xidmətinin sabiq idarə rəisi ev dustaqlığına buraxılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürovun, idarənin Çağırış şöbəsinin baş zabiti kapitan Xalid Əzimov və baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində növbəti proses keçirilib.
Hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda Ramin Şükürovun vəkilləri onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırıblar. Məhkəmə vəsatəti təmin edib və Şükürov ev dustaqlığına buraxılıb.
Proses sentyabrın 22-də davam etdiriləcək. Təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin rüşvət alma və nüfuz alveri ilə bağlı maddələri üzrə ittiham irəli sürülüb. Onların hamısı barəsində vəzifədən kənarlaşdırma qətimkan tədbiri də tətbiq edilib.