Əmək müqaviləsi bağlamamaq 25 min manatadək cəriməyə səbəb ola bilər

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-04-02 23:27

"Azərbaycan Əmək Məcəlləsinə əsasən işəgötürənlər işçilərlə yazılı əmək müqaviləsi bağlamalıdırlar. Əmək müqaviləsi olmadan işçilərin işə götürülməsi hüquqi məsuliyyətlə yanaşı, ciddi iqtisadi və sosial risklər yaradır".

Bu sözləri Bakı şəhəri 22 saylı Vəkil Bürosunun direktoru Mehman Muradlı ATV kanalına verdiyi müsahibəsində bildirib.

Vəkil qeyd edib ki, əmək müqaviləsi bağlandıqdan sonra işəgötürən onu 5 iş günü ərzində elektron sistemdə qeydiyyata aldırmalıdır. Əgər bu müddətdə qeydiyyat aparılmasa, bu, inzibati xəta hesab olunur və İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürənlərə 20 min manatdan 25 min manatadək cərimə tətbiq edilə bilər.

" Bu cərimə yalnız işəgötürənlərə şamil edilir. Əmək müqaviləsi olmadan işləyən işçilər bir sıra hüquqlarını itirirlər. Onlar əmək haqqı, iş saatları, məzuniyyət hüququ və digər təminatlardan məhrum qalırlar. Həmçinin, müqaviləsiz çalışan işçilər işəgötürən tərəfindən xəbərdarlıq edilmədən işdən çıxarıla bilərlər",- deyə vəkil əlavə edib.

Büronun direktoru bildirib ki, əgər işçi əmək müqaviləsi olmadan işlədiyini sübut edərək aidiyyəti qurumlara şikayət etsə, işəgötürənə cərimə tətbiq oluna bilər. Bundan əlavə, işçi itirilmiş əmək haqqısını da tələb etmək hüququna malikdir. Bu səbəbdən həm işəgötürənlər, həm də işçilər əmək qanunvericiliyinə riayət etməlidirlər.