FHN-nin əməkdaşı BMMT-nin Baş katibi seçildi

Bakıda BMMT-nin Baş Assambleyasının növbədənkənar sessiyası keçirilib – Azərbaycan nümayəndəsi Baş katib seçildi
İyulun 10-da Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və BMMT-yə üzv ölkələrin fövqəladə halların idarə olunmasına məsul qurumlarının rəhbərləri iştirak ediblər.
APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin sessiya iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Müraciəti Baş nazir Əli Əsədov oxuyub. Müraciətdə Azərbaycanın təhlükəsizlik, fəlakət risklərinin azaldılması və mülki müdafiə məsələlərinə verdiyi önəm xüsusi vurğulanıb. Həmçinin, sessiyanın belə bir dövrdə – təbii və texnogen fəlakətlərin artdığı, mülki müdafiə sistemlərinin sınaqdan keçdiyi bir zamanda keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Sessiyada BMMT Baş katibi vəzifəsinə səsvermə də keçirilib. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi, polkovnik Ərgüc Kələntərli yekdilliklə təşkilatın Baş katibi seçilib. Bu vəzifəyə Azərbaycanla yanaşı, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər namizədliklərini irəli sürmüşdü.
Yeni Baş katib Ərgüc Kələntərli çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini vurğulayıb.
Sessiyada Təşkilatın İcraiyyə Şurasının vitse-prezidenti Vinisio Feliks Çavarria Bayez və BMMT Baş katibinin səlahiyyətlərini icra edən Roman Lapin də çıxış edərək gündəlikdəki məsələlərə münasibət bildiriblər. Etimad Komitəsinin hesabatı dinlənilib, Assambleyanın gündəliyi təsdiqlənib.
Tədbirin sonunda fövqəladə hallar naziri Kəmaləddin Heydərov yekun nitqində sessiyanın işinə yüksək qiymət verərək, real nəticələrin yalnız birgə və əlaqəli fəaliyyətlə mümkün olduğunu bildirib. O, Prezident İlham Əliyevin bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi dəstəyə görə təşəkkür edib.
Sessiya BMMT-nin himninin səsləndirilməsi ilə başa çatıb.