İpoteka və icra ilə bağlı əmlak satışı qaydası dəyişdi

Əmlakın satışı ilə bağlı yeni kompleks tənzimləmə qəbul edildi
Milli Məclisin bu gün keçirilən iclasında “İcra haqqında” və “İpoteka haqqında” qanunlara təklif edilən dəyişikliklər müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
APA-nın məlumatına görə, dəyişikliklər icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakın və ipoteka predmetinin satışının vahid və kompleks şəkildə tənzimlənməsini nəzərdə tutur.
"İpoteka haqqında" qanuna edilən dəyişikliklərə əsasən:
-
Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında, məhkəməyə müraciət olunmadan ipoteka predmetinin satışı mümkündür;
-
Bu zaman satış üsulu, satışı həyata keçirəcək şəxs, hərracın keçirilmə qaydası və hərrac baş tutmadıqda tətbiq olunacaq prosedurlar tərəflər arasında öncədən razılaşdırılır;
-
Əmlakın satış qiyməti və tərəflərin hüquq və vəzifələri də qarşılıqlı razılıq əsasında müəyyən edilir.
Bu dəyişikliklərə uyğun olaraq, “İpoteka haqqında” qanundan hərracların keçirilməsi qaydası, hərracın baş tutmaması və etibarsız sayılması ilə bağlı müddəalar çıxarılıb.
Təklif edilən yeni tənzimləmə əmlak satışının daha sürətli, şəffaf və tərəflər üçün çevik həyata keçirilməsini hədəfləyir.