“Kərimə” dövləti qurmaqda ittiham olunanlara hökm oxundu

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-06-12 16:13

Terrorçuluqda ittiham edilən “Qisas qrupu”nun üzvlərinə hökm oxunub.

İyun ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Qisas qrupu" adlandırılan 13 nəfərlik şəxsin cinayət işi üzrə yekun hökm elan olunub. Məhkəmə prosesi hakim Novruz Kərimovun sədrliyi ilə keçirilib.

Təqsirləndirilən şəxslər – Faiq Zeynalov, Hüseyn Hüseynzadə, Etibar Məmmədzadə, İlham Şıxaliyev, İlkin Bağırov, Vüqar Mədətov, Elvin Cəfərov, Elgün Ağayev, Yusif Mirzəyev, Ruslan Əliyev, Savalan Hüseynli, Məhərrəməli Musayev və Mir Vasid Əliyev müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər (10 ildən 17 ilə qədər).

Onlar Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar. İstintaq zamanı şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi – o cümlədən dövlətə xəyanət, terrorçuluq, vəzifəli şəxslərə qarşı sui-qəsd hazırlığı və digər ağır ittihamlar irəli sürülüb.

Cinayət işinin materiallarına görə, qrup üzvləri xarici xüsusi xidmət orqanları ilə əlaqəli Axundzadə Rufulla Höccət oğlunun göstərişləri əsasında ölkədə şəriət qanunları ilə idarə ediləcək “Kərimə” adlı dini dövlət qurmaq məqsədilə fəaliyyət göstəriblər. Onlara ictimai və siyasi xadimlərə qarşı sui-qəsd hazırlığı və strateji obyektlər barədə məlumat toplamaq tapşırılıb.

Cinayət işi üzrə sabiq təhsil naziri Misir Mərdanov və “Real TV” rəhbəri Mir Şahin Ağayev zərərçəkmiş şəxs kimi tanınıb.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt