Mədəniyyət sahəsində yeni vergi güzəştləri qüvvəyə minir

İyulun 1-dən bu ödənişlərdə ƏDV-nin yarısını geri almaq mümkün olacaaq.
Mədəniyyət sahəsində yeni vergi güzəştləri tətbiq olunur.
"Vergi Məcəlləsinə" edilən dəyişikliklərə əsasən, iyulun 1-dən mədəniyyət sektorunda bir sıra yeni vergi güzəştləri qüvvəyə minir. Dəyişikliklərin məqsədi bu sahəyə daha çox sərmayə cəlb etmək və mədəniyyət xidmətlərinin inkişafını stimullaşdırmaqdır.
Millət vəkili Vüqar Bayramov bildirib ki, artıq sabahdan teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri üzrə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi istehlakçılara geri qaytarılacaq ("ƏDV cashback" tətbiq olunacaq).
Bundan əlavə, mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisələrə 5 il müddətinə torpaq vergisindən tam azadolma, mənfəət (gəlir) vergisindən isə 90 faiz güzəşt tətbiq ediləcək. Əvvəlki qanunvericiliklə 1 subyektə verilən güzəşt artıq 5 subyekti əhatə edəcək. Güzəşt hüququna malik olanlara teatrlar, muzeylər, simfonik orkestr və film prodüserləri də daxildir.