Mirasla bağlı qanun dəyişdi: Vərəsəlik qaydası yenilənir

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-07-14 14:21

Prezident vərəsəliklə bağlı qanun dəyişikliklərini təsdiqlədi

Prezident İlham Əliyev Torpaq, Mülki Prosessual və Mülki Məcəllələrə, həmçinin “Notariat haqqında” və “İcra haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklər vəfat etmiş şəxslərin vərəsələri arasında əmlakla bağlı mübahisələrin qarşısının alınması və vərəsəlik mexanizminin təkmilləşdirilməsi məqsədi daşıyır.

Son illər ərzində vərəsələr arasında yaranan əmlak mübahisələrinin artması bu sahədə hüquqi boşluqların olduğunu göstərirdi. Yeni dəyişikliklər həmin boşluqları aradan qaldırmağı və vərəsəlik prosesində şəffaflığın təmin olunmasını hədəfləyir.

Məsələ ilə bağlı 22 saylı Vəkil Bürosunun direktoru Mehman Muradlı “İnformator.az” saytına bildirib ki, artıq mirasdan imtina yalnız bütün vərəsələrin imtina etdiyi halda rəsmiləşəcək:

“Əgər vərəsələrdən biri belə mirasdan imtina etməzsə, bu halda mirasın dövlətə keçməsi mümkün olmayacaq. Əvvəllər heç bir iddia irəli sürülmədikdə, bu, avtomatik imtina kimi qiymətləndirilirdi. Yeni yanaşma vərəsələrin hüquqlarının daha aydın və şəffaf şəkildə qorunmasına imkan verir. Mirasın qəbulundan imtina etməyən şəxs avtomatik olaraq mirası qəbul etmiş sayılacaq”.

Vəkilin sözlərinə görə, yeni dəyişikliklər vərəsələrin mirasın siyahıya alınmasını tələb etmək hüququnu da tanıyır. Bu prosedur vətəndaşın müraciətindən sonra iki ay ərzində həyata keçirilməlidir.

Dəyişikliklər həmçinin vərəsənin vəfatı halında onun varisinin ilkin miras qoyanın əmlakından pay alma hüququnu da nəzərə alır. Bu halda mirasın qəbul müddətinə dair əvvəlki məhdudiyyətlər ləğv edilir:

“Əgər yeni varisə düşən imtina müddəti 3 aydan azdırsa, o avtomatik olaraq 3 aya qədər uzadılacaq”.

Bundan başqa, vərəsələr artıq miras qoyanın borclarına görə yalnız öz payları həddində cavabdeh olacaqlar. Bu dəyişiklik kreditorlarla vərəsələr arasında balanslı və ədalətli münasibətlərin formalaşmasına xidmət edir.

Notariat orqanlarının səlahiyyətləri də genişləndirilib. Artıq notarius tərəfindən verilən vərəsəlik şəhadətnamələrində bütün vərəsələrin payları əks olunacaq. Bu, şəhadətnamə almaq üçün fərdi qaydada müraciət etməyən vərəsələrin hüquqlarının pozulmasının qarşısını alacaq.

Mehman Muradlı hesab edir ki, bu dəyişikliklər vərəsəlik hüququnun konstitusion təminatını möhkəmləndirəcək, vətəndaşlar arasında ədalətli bölgünü təmin edəcək və mübahisələrin sayını əhəmiyyətli dərəcədə azaldacaq.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt