Nazirlər Kabinetinin yeni qərarına şərh: “Bu məbləğ vaxt itkisini də kompensasiya etməlidir”

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-05-01 12:01

Vəkillərə dövlət hesabına göstərilən hüquqi yardımın saatlıq ödəniş məbləği artırılıb. Bu artım Nazirlər Kabinetinin 2025-ci ilin aprelində qəbul etdiyi qərara əsasən həyata keçirilib. Baş nazir Əli Əsədovun imzaladığı qərara görə, dövlət hesabına hüquqi yardım göstərən vəkillərə ödənilən məbləğ bir saat üçün 6 manatdan 11 manata qaldırılıb.

Bakı şəhəri 22 saylı Vəkil Bürosunun direktoru Mehman Muradlı bu qərarı “Bakı-Xəbər”ə şərh edərək bildirib ki, artım ümumilikdə müsbət addımdır:
“Azərbaycanda hazırda minimum saatlıq əmək haqqı 2 manat 50 qəpikdir. Bu baxımdan vəkillərə bir saat üçün ödənilən məbləğin 6 manatdan 11 manata çatdırılması müsbət addımdır".

Mehman Muradlı vəkillərin fəaliyyətində qarşılaşdığı çətinliklərə də toxunub:
“Bu sahədə müəyyən problemlər var. Məsələn, istintaq təcridxanasında saatlarla gözləmə halları olur və ya məhkəmə prosesləri vaxtında başlanılmır. Bütün bu vaxt itkiləri vəkilin əməyidir və düşünürəm ki, artırılan məbləğ bu cür halların kompensasiyasını da əhatə etməlidir”.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt