Pakistanın ədliyyə naziri Azərbaycanda səfərdədir

Pakistanın hüquq naziri Azərbaycanda səfərdədir.
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun dəvəti ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə naziri Azam Nazir Tararın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində tərəflər hüquqi sahədə əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər. Görüş zamanı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Proqramı”nın imzalanması da planlaşdırılır.
Səfər zamanı nümayəndə heyətinin ədliyyə naziri Fərid Əhmədovla, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovla görüşləri nəzərdə tutulur.