Parlamentdə “torpaq amnistiyası”nın verilməsi təklif olunub

Parlamentdə “torpaq amnistiyası”nın verilməsi təklif olunub.
Milli Məclisin bu gün keçirilən iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “torpaq amnistiyası”nın verilməsini təklif edib.
APA-nın məlumatına görə, Zahid Oruc çıxışında bildirib ki, məhkəmələrə daxil olan müraciətlərin sayı əhalinin ciddi problemlərlə üz-üzə qaldığını göstərir:
“2011-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə qəbul edilən qərarlar daşınmaz əmlak sahəsində inqilabi dəyişikliklərə səbəb oldu. Nəticədə 114 minə yaxın şəxs yeni əmlak sahibi kimi tanındı. 2023-cü il mayın 1-də isə qeyri-yaşayış fondlarının hüquqi təminatı ilə bağlı qanun qəbul olundu. Bu sənədin əsas mahiyyəti vətəndaşlarla dövlətin yeni hüquqi münasibət qurması idi”.
Deputat vurğulayıb ki, həmin qanunla 40 mindən artıq şəxsin mülkiyyət hüququ tanındı, lakin bu tarixdən sonra torpaq zəbtləri və qanunsuz tikililər artıq hüquqi məsuliyyətə səbəb olur. Bu yanaşma həm keçmiş problemlərin həllinə, həm də gələcəkdə onların yaranmasının qarşısının alınmasına yönəlmişdi.
Zahid Orucun sözlərinə görə, bələdiyyələrin ehtiyat fondları və ya mülkiyyətində olan ərazilərin dəqiq xəritələrinin, yer quruluşu və kadastr sənədlərinin olmaması, xüsusilə elektron daşıyıcılara keçid zamanı baş verən kütləvi səhvlər vətəndaş-dövlət münasibətlərində ciddi çətinliklər yaradıb:
“Təkcə bir rayonda verilmiş 115 min daşınmaz əmlak çıxarışının 80 faizində bu cür uyğunsuzluqlar mövcuddur. Bu isə məhkəmə çəkişmələrinə, yerinə yetirilməyən qərarlara və sosial narazılığa səbəb olur”.
O, qeyd edib ki, bu məsələlərin köklü həlli üçün Əmlak Məsələləri Dövlət Xidmətinə parlament və hökumət tərəfindən daha çox səlahiyyət və dəstək verilməli, birgə komissiya yaradılmalıdır.
Zahid Oruc çıxışının sonunda bildirib ki, vətəndaşların hüquqlarının tanınması daşınmaz əmlakı kredit təminatı kimi istifadəyə yararlı edir, əlavə iqtisadi dəyər yaradır, kölgə iqtisadiyyatının qarşısını alır, korrupsiya və kriminal halları azaldır:
“Prezidentimizin humanist əfv siyasəti kontekstində 'torpaq amnistiyası'nın verilməsi məqsədəuyğun olardı. Bu, həm mövcud problemlərin tam həllinə, həm də gələcək hüquqi sabitliyə xidmət edəcək mühüm milli addım ola bilər”.