Qanunsuz abortlara görə cinayət məsuliyyəti sərtləşdirilir

Azərbaycan Respublikası Cinayət Məcəlləsinə ediləcək dəyişiklik layihəsinə əsasən, qanunsuz abort zamanı insan sağlamlığına vurulan ziyana görə cəzalar sərtləşdirilir. Apa.az-ın məlumatına görə sözügedən layihə Milli Məclisin 2025-ci il mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Dəyişiklik layihəsinə əsasən:
-
Ali tibbi təhsili olmayan şəxslər tərəfindən, yaxud həkim tərəfindən tibb müəssisəsindən kənarda abortun həyata keçirilməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vurulduqda, bu əməli törədən şəxs:
-
İki ilədək müddətə müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə,
-
Bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
-
-
Əgər həmin əməllər nəticəsində zərərçəkmişin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər dəyərsə, bu zaman:
-
Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə,
-
İki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.
-
Mövcud qanunvericiliyə əsasən, bu cür əməllərə görə yalnız maddi cərimə, islah işləri və ya bir ilədək azadlığın məhdudlaşdırılması və ya məhrumetmə nəzərdə tutulurdu. Yeni dəyişiklik isə daha sərt məsuliyyət formalarını nəzərdə tutur və insan sağlamlığının qorunmasına yönəlmişdir.