Şəxsiyyət vəsiqəsinin forması və məlumatları dəyişir

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və məlumatları yenilənir.
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklər müzakirə edilərək üçüncü oxunuşda qəbul edilib.
APA-nın məlumatına görə, dəyişikliklər şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli standartlarına uyğunlaşdırılması və istifadədə yaranan bəzi çətinliklərin aradan qaldırılması məqsədi daşıyır.
Hazırda şəxsiyyət vəsiqəsi müəyyən hallarda (məsələn, Türkiyəyə səfər zamanı) səyahət sənədi kimi istifadə olunur. Lakin vəsiqənin üzərində ünvan məlumatının olmaması bu istifadə zamanı problemlər yaradır. Buna görə də vəsiqənin forması və üzərində əks olunan məlumatların dairəsi yenilənəcək.
Yeni dəyişikliklərə əsasən:
-
Vəsiqədə şəxsin yaşayış yeri və vətəndaşlıq məlumatları da göstəriləcək;
-
Elektron daşıyıcıda yalnız zəruri məlumatlar saxlanılacaq;
-
Ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi kimi digər məlumatlar artıq birbaşa çipdə deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə kriptoqrafik mühafizə altında saxlanacaq.
Bundan başqa, vəsiqənin dəyişdirilmə əsaslarına yaşayış yerinin dəyişməsi də əlavə olunur. Eyni zamanda, vəsiqədə və ya elektron daşıyıcıda texniki və ya məzmunla bağlı səhvlər aşkar edilərsə, onların dövlət rüsumu tutulmadan düzəldilməsi nəzərdə tutulur.
Bu dəyişikliklər sənədlərin təhlükəsizliyini artırmaqla yanaşı, vətəndaşlara göstərilən xidmətlərin daha rahat və çevik həyata keçirilməsinə şərait yaradacaq.