Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsi imzalandı – əsas şərtlər

Avqustun 8-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ermənistan və Azərbaycan liderləri ilə birgə bəyannamə imzalayıb.
Sənəd sülh sazişi olmasa da, iki ölkə arasında sülh müqaviləsinin yekunlaşdırılması və ratifikasiyasının vacibliyini təsdiqləyir.
Razılaşmaya əsasən, ATƏT-in Minsk Qrupu buraxılır, Ermənistan ərazisindən keçərək Azərbaycanın Naxçıvan eksklavına çıxışı üçün əsas tranzit dəhlizi yaradılır və bu marşrut “Beynəlxalq Sülh və Rifah Uğrunda Tramp Marşrutu” adlandırılır. Tərəflər gələcəkdə qarşıdurmalardan imtina edirlər. ABŞ hökuməti, həmçinin, Azərbaycana birbaşa hökumət yardımını qadağan edən 907-ci düzəlişin icrasını dayandırır.
Birgə Bəyannamədə nə deyilir?
Biz – Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri – 8 avqust 2025-ci il tarixində ABŞ-ın Vaşinqton şəhərində görüşərək aşağıdakıları bəyan edirik:
-
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətni ölkələrimizin xarici işlər nazirləri tərəfindən paraflanıb. Sazişin imzalanması və ratifikasiyası istiqamətində əlavə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayırıq.
-
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin imzaladığı birgə müraciətlə ATƏT-in Minsk Prosesi və əlaqədar strukturlarının bağlanması barədə razılıq əldə edilib. ATƏT-ə üzv bütün dövlətləri bu qərarı dəstəkləməyə çağırırıq.
-
Regionda sülh, sabitlik və rifah üçün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında kommunikasiya xətlərinin açılmasının vacibliyini bir daha təsdiqləyirik. Bu addım Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan üçün qarşılıqlı faydalı beynəlxalq və ölkədaxili nəqliyyat imkanlarını təmin edəcək.
-
Ermənistan, ABŞ və qarşılıqlı müəyyən ediləcək üçüncü tərəflərlə birlikdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üçün çərçivəni müəyyən edəcək və məqsədə ən qısa zamanda çatmaq üçün xoş niyyətlə çalışacaq.
-
BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, münaqişədən sonra beynəlxalq sərhədlərin toxunulmazlığı və güc tətbiqi yolu ilə ərazi əldə etmənin yolverilməzliyi prinsipləri əsasında qonşuluq münasibətlərinin qurulmasına başlamağın vacibliyini qəbul edirik. Düşmənçilik səhifəsini bağlayır, indi və gələcəkdə hər hansı qisas cəhdini qətiyyətlə rədd edirik.
-
Bu Zirvə görüşünün qarşılıqlı hörmət və sülhün möhkəmləndirilməsinə möhkəm təməl yaradacağına əminik.
-
Görüşə ev sahibliyi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına verdiyi töhfələrə görə ABŞ Prezidenti Donald Trampa dərin minnətdarlığımızı bildiririk.