Elektron xidmətlərin təşkili ilə bağlı yeni qaydalar təsdiqləndi

Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları təsdiq edilib.
APA xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə müvafiq qərar imzalayıb.
Qaydalara əsasən, elektron xidmətin təşkili Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin texniki və səmərəlilik baxımından təqdim etdiyi müsbət rəyə əsasən həyata keçirilir.
Elektron xidmətin təqdim olunması üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müsbət rəy verilməli və ya təklif olunan təkmilləşdirmələr həyata keçirilməlidir;
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən informasiya təhlükəsizliyi tələblərinə uyğunluqla bağlı müsbət rəy alınmalıdır;
-
Dövlət informasiya ehtiyatı və sistemləri mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edilməlidir;
-
Xidmətlər “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə daxil edilməli və Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya olunmalıdır.
Bu proseslər tamamlandıqdan sonra elektron xidmətlər EHİS üzərindən göstərilir.
Xidmətlər informativ, interaktiv və ya proaktiv formada təqdim oluna bilər.
Elektron xidmət zamanı:
-
İstifadəçilərin və əməkdaşların identifikasiyası EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə aparılır;
-
Ödənişli xidmətlər real vaxt rejimində, elektron formada və ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.