Dövlət Xidməti 7 ayda 573 kiberhücumun qarşısını alıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət informasiya ehtiyatlarının kibertəhdidlərdən mütəmadi və kompleks şəkildə qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Qurum “APA-Economics”ə bildirib ki, 2025-ci ilin yanvar-iyul aylarında aparılan monitorinq və analizlər nəticəsində 573 kiberhücum indikatoru müəyyən edilib. Bu indikatorların bloklanması ilə dövlət qurumlarına qarşı xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) hücumlarının qarşısı alınıb. Onlardan 206-sı XRİTDX-in daxili araşdırmaları, 367-si isə dövlət qurumlarının müraciətləri əsasında aşkarlanıb.
Daimi nəzarət altında fəaliyyət göstərən dövlət elektron poçt xidməti üzrə 7 ayda 7,455,124 elektron məktub emal edilib. Onların 6,103,281-i təhlükəsiz olduğundan istifadəçilərə çatdırılıb, 1,351,843-ü isə zərərli tərkibli olduğuna görə bloklanıb.
XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və qabaqlayıcı tədbirlər görərək dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edir.