“Qafqazinfo”-nun xəbərinə görə, qadın məhkəmə qərarını icra etməməkdə təqsirli bilinib.
A.Q-nın (ad-soyad şərti) keçmiş əri 4 övladına aliment ödəməməsi ilə bağlı şikayətçi olub. 3-cü qrup əlil olan ər uşaqlarının xərclərini qarşılamaq üçün alimentin ödənilməsini tələb edib.
Məhkəmənin qərarına əsasən, sözügedən qadın hər uşaq üçün aylıq 50 manat aliment ödəməlidir. Çünki o, uşaqlarını atanın yanında qoyaraq ailəni tərk etdiyinə görə məsuliyyət daşıyır. Qadın uşaqlarına aliment vermədiyi üçün daha əvvəl də iki dəfə cəzalandırılıb. Hazırda ödənilməmiş ümumi aliment borcu 6 min manatdır.
Məhkəmədə məlum olub ki, A.Q yenidən ailə həyatı qurub və Abşeron rayonunda gözəllik salonunda işləyir. Keçmiş əri qadının qanunauyğun şəkildə cəzalandırılmasını xahiş edib. O, aylıq 400 manat maaş aldığını da məhkəmənin diqqətinə çatdırıb.
Göyçay Rayon Məhkəməsinin qərarı ilə anaya 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.