Putin Trampdan Krımın Rusiya ərazisi kimi tanınmasını istəyib?

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla görüşdə Ukraynada müharibənin dayandırılması barədə razılaşma çərçivəsində Rusiyanın ilhaq etdiyi Krım üzərində suverenliyinin tanınmasını tələb edib. Bu barədə "Reuters" agentliyi mənbələrə istinadla yazıb.
Agentliyin mənbələrinin sözlərinə görə, Putin həmçinin Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalardan azı bir hissəsinin ləğvini istəyir.
"Kiyev Donetsk və Luqansk vilayətlərindən qoşunlarını tamamilə çıxarmalıdır, qarşılığında isə Rusiya Xerson və Zaporojye vilayətlərində cəbhə xəttini donduracağını vəd edir",- Putinin təklif etdiyi planda deyilir.
"Reuters" cəbhə xəttindəki dəyişiklikləri izləyən açıq mənbə "DeepState"in xəritəsinə istinadən bildirib ki, Ukrayna Donbasın təxminən 6 min 600 kvadrat kilometrinə nəzarət edir.
Həmçinin Rusiya Ukraynanın müəyyən bölgələrində və ya bütün ölkə ərazisində rus dilinə rəsmi statusun verilməsini və Moskva Patriarxlığına tabe Ukrayna Pravoslav Kilsəsinin ölkədə sərbəst fəaliyyət göstərməsinə icazə verilməsini tələb edir.
Avqustun 18-də Zelenskinin Ağ evdə Trampla görüşü gözlənilir. Görüşdə bir sıra Avropa liderləri də iştirak edəcək.
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.
2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.