Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nümayəndə heyəti martın 4-7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində beynəlxalq səviyyəli “LEAP2024” və “DeepFest” texnologiya və kibertəhlükəsizlik sərgisində iştirak ediblər. Tədbir çərçivəsində DTX-nin nümayəndə heyəti ilə “CISCO” şirkətinin Avropa, Orta Şərq və Afrika (EMEA) regionu üzrə baş vitse-prezidenti Adele Trombetta və Orta Şərq və Afrika regionu üzrə vitse-prezident Sayed Haşiş arasında görüş keçirilib.
Buro22.az xəbər verir ki, Azərbaycan ilə “CISCO” şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirilir. Amerika Birləşmiş Ştatlarının və dünyanın yüksək texnologiyalar sahəsində ixtisaslaşmış ən nüfuzlu şirkətlərindən olan “CISCO” 1984-cü ildə qurulub. Korporativ şəbəkələr üçün avadanlıqların istehsalı ilə məşğul olan şirkət müxtəlif ölkələrlə, o cümlədən Azərbaycan ilə əməkdaşlıq edir.
Azərbaycan “CISCO” ilə əməkdaşlığa böyük önəm verir. Prezident İlham Əliyevlə “CISCO” şirkətinin rəhbərləri arasında dəfələrlə görüşlər keçirilib. Keçirilən görüşlər və aparılan müzakirələr əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayıb. Dövlətimizin başçısı görüşlərdə “CISCO” şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd edib, bu şirkət üçün Azərbaycanda çox böyük biznes potensialının mövcud olduğunu bildirib.
Prezident İlham Əliyevin yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşündə də Azərbaycan ilə “CISCO” şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Dövlət başçısı “CISCO” şirkəti tərəfindən hazırlanan “Azərbaycanın ağıllı şəhər strukturu barədə məruzə”yə görə minnətdarlığını bildirib. Söhbət zamanı Azərbaycanda su resurslarından istifadə olunmasında “CISCO” şirkətinin texnologiyalarının tətbiqi məsələlərindən danışılıb, təhsil və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Mütəxəssislərin fikrincə, DTX-nin nümayəndə heyəti ilə xanım Adele Trombetta arasında keçirilən görüş də ölkəmiz üçün olduqca böyük əhəmiyyətə malikdir. “CISCO” ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edən bu görüş ölkəmiz üçün yeni imkanlar yaradacaqdır.
Məlum olduğu kimi, son illərdə Azərbaycanda müxtəlif sahələrdə rəqəmsal texnologiyaların tətbiqinə xüsusi önəm verir. Dövlət təşkilatlarında informasiya sistemlərinin təkmilləşdirilməsi, İKT sahəsində bilik və bacarıqların artırılması, rəqəmsal təhsilin inkişafı, hökumətin və sosial mühitin rəqəmsallaşdırılması və digər bu kimi istiqamətlər üzrə mühüm addımlar atılıb. Ölkəmizdə İKT infrastrukturunun qurulması istiqamətində görülən işlər daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, sözügedən sahə üzrə milli qanunvericilik bazasının təkmilləşdirilməsi, kibertəhdid xarakterli məlumatların mübadiləsi üzrə platformanın inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli işlər görülüb.
Bu baxımdan, DTX-nin nümayəndə heyəti ilə “CISCO” şirkəti arasında keçirilən görüşlər gələcəkdə kibertəhlükəsizlik sahəsində həyata keçiriləcək tədbirlərə mühüm töhfə verəcəkdir.
Qeyd edək ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə texnoloji sahənin davamlı inkişafı üçün mühüm işlərin görüldüyündən danışan DTX-nin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov ölkədə rəqəmsallaşma prosesinin sürətlə aparıldığını, texnoparkların yaradıldığını, işğaldan azad edilmiş Qarabağ ərazisində “Ağıllı kənd” və s. bu kimi innovativ layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. “CISCO” şirkətinin nümayəndələri təmsil etdikləri şirkətin Azərbaycanda indiyədək reallaşdırdığı innovativ layihələri bundan sonra da davam etdirəcəyini və bu xüsusda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd ediblər.
Əldə edilən məlumata əsasən, sözügedən görüşdə “CISCO” şirkətinin Azərbaycandakı nümayəndəlik ofisinin fəaliyyət dairəsi daha da genişləndirilərək Azərbaycan və MDB ölkələri üzrə regional ofisi olaraq səlahiyyətləri təsdiqlənib.
141