Cari il sentyabr ayının 12-14 tarixlərində Avstriyanın
paytaxtı Vyana şəhərində Avropa Vəkillər Assosiasiyası (AEA-EAL) ilə Vyanada yerləşən
“Women in Law” təşkilatının birgə əməkdaşlığı çərçivəsində “Hüququn hər kəs
üçün cəlb edici edilməsi: Karyeranızı inkişaf etdirin, başqalarını gücləndirin
və gələcəyi formalaşdırın” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
(ARVK) üzvü Əminə İsmayılzadə sözügedən konfransa qatılıb.
Tədbirin məqsədi hüquq sahəsində gender
bərabərliyi, inklüzivlik və müxtəlifliyi təşviq etməkdən ibarət olub.
Konfransda dünyanın müxtəlif yerlərindən
hüquq peşəkarları, akademiklər və hüquq sahəsinin liderləri iştirak edib, qadın
hüquqşünasların rolu, onların qarşılaşdıqları çətinliklər barədə ətraflı fikir
mübadiləsi aparılıb, həmçinin iştirakçılar təşkil edilən “workshop”larda peşəkar
şəbəkələrini genişləndirmək, təcrübələrini bölüşmək, habelə hüquq sistemində
dəyişikliklərə necə liderlik edə biləcəklərini müzakirə etmək imkanı
qazanıblar.
Eyni zamanda qadın hüquqşünasların
liderliyinin gücləndirilməsi və gender bərabərliyinin hüquq sistemlərində daha
geniş tətbiq olunması kimi mövzular konfransın əsas istiqamətlərindən biri
olub.
Bundan başqa, “Young Voices: The Future of
Law” panelində hüquq dünyasında yeni nəsillərin formalaşması və qadınların
gələcək hüquqi innovasiyalarda liderlik edəcəyi vurğulanıb. “Unlocking Equal
Pay” mövzusunda keçirilən digər paneldə isə qadınların əmək bazarındakı maaş
bərabərsizliyi məsələləri müzakirə edilib, o cümlədən hüquq sistemlərinin bu
sahədə daha güclü rol oynamasının vacibliyi diqqətə çatdırılıb.
Həmçinin konfransda davamlı inkişaf məqsədləri
mövzularına xüsusi yer ayrılıb, “ESG & SDGs” adlı sessiya və seminarlar
təşkil edilib.
Konfrans çərçivəsində Əminə İsmayılzadə beynəlxalq
təşkilatların nümayəndələri ilə bir sıra görüşlər keçirib və qarşılıqlı
əməkdaşlıq məsələlərini müzakirə edib.