Hüquqşünas tələbələr üçün “Biz gələcəyin vəkilləriyik” adlı qış məktəbinin açılış mərasimi keçirilib

by admin
0 comment
A+A-
Reset

Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası, Azərbaycan Respublikasının Gənclər Fondu və “Gənclərin
Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Hüquq
fakültəsinin tələbələri arasında təşkil edilən “Biz gələcəyin vəkilləriyik”
adlı növbəti qış məktəbinin açılış mərasimi keçirilib.

Qış məktəbinin əsas məqsədi ölkə ərazisində
vəkillik fəaliyyətinin təşviq edilməsi, Hüquq fakültəsi tələbələrinin vəkillik
fəaliyyəti sahəsində biliyinin artırılması və onlarda bu sahəyə marağın
yaradılması, o cümlədən gənc hüquqşünaslarla Vəkillər Kollegiyası arasında
əlaqələndirmənin qurulmasından ibarətdir. 

Mərasimdə Kollegiyanın, Gənclər Fondunun,
İctimai Birliyin rəhbərlikləri, Vəkillər Kollegiyasının Akademiyasının nümayəndələri,
eyni zamanda layihəyə qatılan tələbələr və digər qonaqlar iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib və Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Kollegiyanın
sədri Anar Bağırov iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb,
ölkəmizdə hüquq məktəblərinin əhəmiyyətini vurğulayıb. Sədr layihəyə 250-yə
yaxın hüquqşünas tələbənin müraciət etdiyini, onlardan 40 nəfərinin motivasiya
məktubu, o cümlədən onlayn müsahibə zamanı bilik və bacarığı, ictimai fəallığı
müəyyən olunaraq, iştirak hüququ qazandığını bildirib. Qeyd edib ki, ilk dəfə
Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin 8 tələbəsi qış məktəbinə
qatılıb. Burada gender bərabərliyi təmin olunub, seçilənlərdən yarısı qızlar,
yarısı isə oğlanlardır.

Anar Bağırov diqqətə çatdırıb ki, qış
məktəbi tələbələrin vəkillik sahəsində hüquqi biliklərini artıracaq, gənc
hüquqşünasların bu sahədə ixtisaslaşmasına böyük töhfə verəcək və onlar
arasında kommunikasiya əlaqələrini möhkəmləndirəcəkdir.

Vəkillər Kollegiyasında son illər görülən
işlərdən, rəhbərlik etdiyi qurumun bir çox beynəlxalq təşkilatlara üzv olduğundan
bəhs edən sədr Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalandığını, Azərbaycan
tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı
olmayan bir təsisat kimi formalaşdığını və həmin dövrdə qəbul olunmuş
prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində
prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyini söyləyib.

Həmçinin, Anar Bağırov tələbələrin və
gənclər təşkilatlarının təşəbbüslərinin Kollegiya tərəfindən dəstəklənərək,
həyata keçirilən tədbirlərin daima diqqət mərkəzində olduğunu da qeyd edib.
Vəkillər Kollegiyasının Gənclər Fondu ilə əməkdaşlığına toxunan sədr birgə bir
çox faydalı layihələrin həyata keçirildiyini, son illərdə vəkilliyə üz tutan
hüquqşünasların əsasən gənclərdən ibarət olduğunu, onların vəkilliyə yeni nəfəs
gətirdiklərini və bu istiqamətdə gənclərlə əməkdaşlığa çox böyük önəm verildiyini
deyib. Sədr nəzərə çatdırıb ki, Vəkillər Kollegiyası gənclərin fərdi
inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına daim dəstək göstərir və bu
istiqamətdə ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil ocaqları, hüquqşünas
tələbə təşkilatları ilə əməkdaşlıq əlaqələri qurub. 

Eyni zamanda, Anar Bağırov vəkil
bürolarında keçirilən təcrübə proqramlarından bəhs edib, universitetlərdə
hüquqşünas tələbələrin sayının digər ölkələrin təhsil ocaqlarından az olduğunu
bildirərək, bu sahədə müvafiq təkliflər irəli sürüb.

Daha sonra Azərbaycan Gənclər Fondunun
icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov,
Vəkillər Kollegiyasının Akademiyasının rektoru,
hüquq elmləri doktoru, professor Əmir Əliyev və “Gənclərin Maarifləndirilməsinə
Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı çıxış edərək qış məktəbinin
iştirakçılarına uğurlar diləyib, ölkəmizdə hüquq məktəblərinin əhəmiyyətindən,
hazırda respublikamızda gənclərin inkişafı üçün geniş imkanların
yaradılmasından və qış məktəbinin gənc hüquqşünasların ixtisaslaşmasına verdiyi
böyük töhfə barədə danışıblar.

Sonda panel müzakirələri təşkil olunub,
sabiq Baş nazir və xarici işlər naziri Həsən Həsənovun Azərbaycanın hüquq
tarixi ilə bağlı çıxışları dinlənilib, tələbələrin təklifləri səsləndirilib və
onları maraqlandıran suallar cavablandırılıb.  

Xatırladaq ki, “Biz Gələcəyin Vəkilləriyik”
adlı qış məktəbində ölkənin bütün ali təhsil müəssisələrinin hüquq fakültəsində
təhsil alan 40 bakalavr tələbəsi tam ödənişsiz olaraq iştirak edəcək. Düşərgə 3
gün müddətində – 8, 9 və 10 mart tarixlərində Naftalan şəhərində təşkil olunacaq.
Layihənin sonunda düşərgə iştirakçılarına sertifikat təqdim ediləcək.

Qeyd edək ki, daha öncə – 2022-ci və
2023-cü illərdə də Vəkillər Kollegiyası ilə Gənclər Fondunun birgə
təşkilatçılığıyla hüquqşünas tələbələr üçün yay və qış məktəbləri təşkil
olunub.

 

Mənbə

Bənzər yazılar

Leave a Comment

* Bu formu istifadə edərək, məlumatlarınızın bu sayt tərəfindən saxlanılmasına və idarə edilməsinə razılıq verirsiniz.