Vəkillər Kollegiyasının sədri Bakıda keçirilən “Law and climate” adlı beynəlxalq konfransda çıxış edib

by admin
0 comment
A+A-
Reset

2024-cü il sentyabrın 6-da Bakıda
Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Respublikası Ali Məhkəməsinin birgə
təşkilatçılığı ilə “Law and climate” adlı beynəlxalq konfrans keçirilib. 

Tədbirdə Azərbaycan Hakimlər İttifaqının
sədri Ramiz Rzayev, COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii
sərvətlər naziri Muxtar Babayev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının
sədri İnam Kərimov, Beynəlxalq Hakimlər İttifaqının prezidenti Duro Sessa,
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Türkiyənin
Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı, Vəkillər Kollegiyasının
sədri Anar Bağırov, hakimlər, vəkillər, hüquqşünas alimlər və beynəlxalq
ekspertlər iştirak ediblər. 

Konfransı giriş nitqi ilə açan Azərbaycan
Hakimlər İttifaqının sədri Ramiz Rzayev bildirib ki, iqlim dəyişikliyi dünya
üçün ciddi bir sınaqdır. Bu dəyişikliklər insanların hüquqlarına, həyat tərzinə
və ümumi rifahına böyük təsir edir. Qeyd edilib ki, Azərbaycan da iqlim
dəyişikliyinin qarşısının alınmasında beynəlxalq əməkdaşlıq məsələlərinə ciddi
yanaşır. Azərbaycan Respublikası bu il COP29 kimi mötəbər bir beynəlxalq
tədbirə ev sahibliyi edir və cənab Prezident İlham Əliyevin sərəncamına əsasən
Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan
olunub. Diqqətə çatdırılıb ki, bugünkü beynəlxalq konfransın da əsas məqsədi
Azərbaycanın və dünya ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı
proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi
tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasından ibarətdir.

COP29-un müəyyən edilmiş prezidenti,
ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında qeyd edib ki,
hazırda ölkəmizdə yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər
aparılır. Azərbaycanın iqlim strategiyası həm qlobal öhdəliklərə uyğunlaşmanı,
həm də milli prioritetlərin icrasını özündə birləşdirir. Yeni strategiya bütün
iqtisadi sektorları əhatə edərək, aşağı karbonlu inkişafı hədəfləyəcək.
Bildirilib ki, Azərbaycanın milli iqlim qanunvericiliyi bəzi sahələrdə
beynəlxalq standartlara uyğunlaşdırılsa da, iqlim dəyişikliyi ilə mübarizənin
daha təsirli olması üçün əlavə islahatlara ehtiyac var. Qanunvericilikdə iqlim
dəyişikliyinə qarşı daha aydın və konkret mexanizmləri tətbiq etməklə, həm
qlobal iqlim öhdəliklərimizin icrasında, həm də iqlim hüquqpozmalarının
qarşısının alınmasında daha güclü hüquqi əsaslar yaradıla bilər.

Ali Məhkəmənin sədri İnam Kərimov isə
bildirib ki, iqlim dəyişikliyi təkcə ekoloji, sosial-iqtisadi məsələ deyil, həm
də hüquqi məsələdir. Bu proseslər insan hüquqlarının pozulmasına, məhkəmə
çəkişmələrinin yaranmasına, məsuliyyət tədbirlərinin tətbiqinə, məhkəmə
təcrübəsinin formalaşmasına da səbəb olur. Vurğulanıb ki, baş verən iqlim
dəyişikliyi əsasən insan davranışlarının və fəaliyyətinin nəticəsidir. Bu
səbəbdən də hüquq təkcə iqlim dəyişikliklərinin fəsadlarına məruz qalan deyil,
eyni zamanda onu tənzimləyən və bu proseslərdə preventiv xarakter daşıyan bir
vasitədir. Hüquq iqlim dəyişikliyi ilə mübarizədə təbiətin, ətraf mühitin
qayğısına qalan, onu qoruyan əsas tənzimləyici və effektiv bir alətdir. Diqqətə
çatdırılıb ki, hüququn yaranması hüquqşünasların fəaliyyətindən asılı olduğu
kimi, onun tətbiqində də hüquq peşəsinin nümayəndələrinin rolu əsasdır. Bu
prosesdə vəkillərin, prokurorların, hakimlərin, ədliyyə işçilərinin, hüquq
müdafiəçilərinin, elm xadimlərinin və digər hüquq peşə sahiblərinin əlaqəli
fəaliyyəti qəbul edilmiş hüququ səmərəli edir. Bugünkü konfransın da iqlim
dəyişikliyi ilə bağlı Azərbaycanın bu sahədə təşəbbüslərinə və dünyada gedən
proseslərə hüquq ictimaiyyətinin diqqətini çəkməklə effektiv hüquqi
müzakirələrə yol açacağı və bu sahədə görülən işlərə öz töhfəsini verəcəyi
xüsusi vurğulanıb.

Sonra çıxış edən Beynəlxalq Hakimlər
İttifaqının prezidenti Duro Sessa Bakıda təşkil olunan konfransı yüksək
qiymətləndirərək bildirib ki, bu cür tədbirlərin təşkili ətraf mühitin
mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə sahəsində konkret addımların
atılmasına imkan yaradır. Təmiz ətraf mühit hüququnun milli deyil, beynəlxalq
məsələ olduğu, bu istiqamətdə birgə səy göstərməyin vacibliyi diqqətə
çatdırılıb. 

Türkiyənin Konstitusiya Məhkəməsinin sədr
müavini Basri Bağcı qeyd edib ki, hüquq iqlim və ətraf mühitlə bağlı
məsələlərdə ən vacib vasitələrdən biridir. Türkiyə Konstitusiya Məhkəməsi iqlim
və ətraf mühit mövzularında qərarlar qəbul edib. Bildirilib ki, noyabr ayında
Bakıda COP29-un keçiriləcəyi ərəfədə belə bir konfransın təşkili təqdirəlayiq
haldır. 

İnsan Hüquqları üzrə Müvəkkil Səbinə
Əliyeva çıxışında sağlam ətraf mühitdə yaşamaq hüququnun vətəndaşların sosial
mövcudluğu baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edilib
ki, son illər dünyada gedən ictimai-siyasi proseslər, informasiya
texnologiyaları sahəsində inqilab cəmiyyətlə təbiət arasında ziddiyyətlərin pik
həddə çatmasına səbəb olub. Ekoloji problemlər müharibə problemindən sonra
dünyada birinci sırada dayanır. Ekologiyanın qorunub saxlanması vacib şərt
olaraq bəşəriyyət qarşısında həllini gözləyən vəzifələrdən biridir. 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov
isə çıxışında vurğulayıb ki, hüquq ekosistemi iqlim dəyişikliyi ilə mübarizədə
əsas rol oynamalıdır. Çünki iqlim dəyişikliyi müasir dövrün ən ciddi qlobal
problemlərindən biridir. Bu problem təkcə ətraf mühitin və təbiət resurslarının
qorunması ilə bağlı deyil, həm də insan hüquqları, iqtisadiyyat və sosial
ədalət məsələlərini də əhatə edir. İqlim dəyişikliyi nəticəsində baş verən
təbii fəlakətlər, əkin sahələrinin azalması, su qıtlığı və sair problemlər bir
çox ölkələrdə insan hüquqlarının pozulmasına səbəb olur. Bu mənada, hüququn
iqlim dəyişikliyinə qarşı mübarizədə rolu əvəzolunmazdır.

Sədr diqqətə çatdırıb ki, hüquqi alətlər və
qanunvericilik bu sahədə vacib bir mövqedədir və biz, hüquqçular olaraq, iqlim
ədalətinin təmin edilməsi üçün səylərimizi daha da artırmalıyıq. Bu, yalnız
milli səviyyədə deyil, eyni zamanda beynəlxalq səviyyədə də əməkdaşlıq və
hüquqi çərçivələrin gücləndirilməsi ilə mümkündür. Azərbaycan bu məsələdə
qlobal səylərə qoşulub, beynəlxalq iqlim razılaşmalarını dəstəkləyib və davamlı
inkişaf hədəflərinə sadiqliyini nümayiş etdirib. Sağlam ətraf mühitdə yaşamaq
hüququ, insan hüquqlarının ayrılmaz hissəsidir.

İki sessiyadan ibarət olan konfransda daha
sonra “İqlim dəyişikliyi ilə beynəlxalq hüquqi baza: BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyası və Paris Sazişinin əsas tələbləri”, “İqlim
Dəyişikliyi üzrə məhkəmə mübahisələri: beynəlxalq və milli müstəvidə mövcud
olan tendensiyalar və uğurlu nümunələr”, “İqlim dəyişikliyi və ekoloji
cinayətlər, qlobal tələblər və müasir çağırışlar”, “Azərbaycanın ev sahibliyi
etdiyi COP29 üzrə planlar və gözləntilər”, “Beynəlxalq Hakimlər İttifaqının
ətraf mühitin hüququ sahəsində rolu” və s. mövzularda çıxışlar dinlənilib.

Eyni zamanda Vəkillər Kollegiyasının Biznes
Hüququ Komitəsinin üzvü Pərvanə Qasımova “Ətraf mühitin mühafizəsi: vəzifələr
və müdafiə tədbirləri” mövzusunda çıxış edib.






















Mənbə

Bənzər yazılar

Leave a Comment

* Bu formu istifadə edərək, məlumatlarınızın bu sayt tərəfindən saxlanılmasına və idarə edilməsinə razılıq verirsiniz.