Sentyabrın 12-də Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov III “Yüksəliş” müsabiqəsinin
mentorluq proqramı çərçivəsində layihə qalibi olan İbrahim Məmmədzadə ilə
növbəti faydalı görüş keçirib.
Görüş zamanı Kollegiya sədri İbrahim
Məmmədzadəni salamlayıb, görülən işlərdən danışılıb, layihə qalibinin proqram
çərçivəsində bir illik fərdi inkişaf planına nəzər salınıb və idarəçilik
səriştəsinin daha da artırılması, habelə gələcək planları barədə geniş fikir
mübadiləsi aparılıb.
Həmçinin görüşdə fərdi inkişaf proqramı
əsasında ARVK-nın həyata keçirdiyi tədbirlər, İbrahim Məmmədzadənin fərdi
inkişafı üçün səmərəli olan digər layihələr müzakirələr edilib, onun peşəkar
sahədə hədəflərindən söz açılıb və mövcud potensialının inkişaf etdirilməsi ilə
bağlı tövsiyələr diqqətə çatdırılıb, o cümlədən hər iki tərəfin bir sıra
təklifləri istiqamətində fikir mübadiləsi aparılıb.
Eyni zamanda İbrahim Məmmədzadə mentorluq
proqramı çərçivəsində ARVK-nın sədri Anar Bağırova yaradılan imkan və səmimi
görüşə görə bir daha minnətdarlığını bildirib, bu istiqamətdə keçirilən bütün görüşlərin
faydasını qeyd edib, aparılan fikir mübadiləsinin onun idarəçilik təcrübəsinin,
habelə peşəkar vərdişlərinin təkmilləşdirilməsinə böyük stimul verdiyini vurğulayıb.
Qeyd edək ki, İbrahim Məmmədzadə ARVK
tərəfindən keçirilən konfranslara və digər layihələrə cəlb olunub, aktiv
iştirakına şərait yaradılıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il
tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar
tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat
məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin
keçirilməsi ilə bağlı Prezident tərəfindən 25 dekabr 2023-cü il tarixində
müvafiq Sərəncam imzalanıb.