Sentyabrın 13-də Azərbaycanda keçiriləcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası çərçivəsində (COP29) ölkəmizdə səfərdə olan COP29 “İqlim hüququ
və idarəetməsi” üzrə Təşəbbüsünün Qiymətləndirmə Missiyasının əməkdaşları – Böyük
Britaniyanın Kembric Universitetinin Hüquq fakültəsinin professoru, Hughes
Hüquq Elmlərinin direktoru, Lauterpacht Beynəlxalq Hüquq Mərkəzinin işçisi Markus
Gehring, həmin universitetin Hüquq fakültəsinin, Davamlı İnkişaf üzrə
Beynəlxalq Hüquq Mərkəzinin elmi işçisi və meneceri Tejas Rao ilə Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasında (ARVK) görüş keçirilib.
Görüşü giriş sözü ilə açan ARVK Rəyasət
Heyətinin üzvü Elçin Usub qonaqları Kollegiyanın sədri Anar Bağırovun adından
salamlayıb, son illərdə vəkillik sahəsində görülən işlərdən, ölkədə hüquq
fakültəsinin fəaliyyət göstərdiyi bütün ali təhsil müəssisələri ilə imzalanan
əməkdaşlıq memorandumlarından, bu çərçivədə birgə icra edilən layihələrdən,
tələbələrə və gənclər təşkilatlarına yaradılan şəraitdən danışıb.
Həmçinin Elçin Usub ARVK-nın müxtəlif yerli
və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı barədə ətraflı məlumat verib,
Kollegiyanın bu sahədə xarici əlaqələrə üstünlük verdiyini, o cümlədən bir sıra
uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb.
Görüşdə ARVK Aparatının Beynəlxalq
əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə son illər Kollegiyada qeyd olunan
istiqamətlərdə görülən işlər, aparılan islahatlar, vəkillik fəaliyyətinin
nüfuzunun artırılması və bu sahədə müsbət nəticələrin əldə edilməsi barədə
təqdimatla çıxış edərək təfərrüatlı məlumatları qonaqların diqqətinə çatdırıb.
Sonra qonaqlar çıxışında ilk görüşdən
məmnun olduqlarını və Kollegiyanın bu sahədə atdığı addımları yüksək
qiymətləndirdiklərini ifadə ediblər. Həmçinin nümayəndələr ölkəmizdə
keçiriləcək COP29-un əhəmiyyətini, görülən işlərin mühümlüyünü, habelə dövlət
və qeyri-hökumət qurumları tərəfindən bu sahədə atılan addımların vacibliyini
vurğulayıblar, əməkdaşlıq üçün yeni imkanların yarandığı nəzərə çatdırılıb. Eyni
zamanda qonaqlar Qiymətləndirmə Missiyasının fəaliyyət istiqamətlərindən və
keçirilən tədbirlərdən söz açıblar.
Görüşün davamında fikir mübadiləsi
aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər
məsələlər müzakirə edilib.
Sonda hər iki tərəf bir-birinə hədiyyə
təqdim edib.