Vəkillər Kollegiyası “Vəkildən tələbəyə”
layihəsinə start verib.
Vəkillər Kollegiyasının uğurlu
layihələrindən hesab olunan “Vəkildən tələbəyə” layihəsi vəkillərin müvafiq
sahələrdəki təcrübələrinin tələbələrə ötürmələrinə şərait yaradacaqdır.
Belə ki, layihənin həyata keçirilməsində
əsas məqsəd tələbələrin hüququn müxtəlif sahələrinə uyğun bilik və təcrübələrə yiyələnmələri,
onların vəkillik fəaliyyəti ilə, eyni zamanda Vəkillər Kollegiyasının
beynəlxalq və milli sferadakı fəaliyyəti, peşəkar hüquqi yardımın
göstərilməsində müxtəlif təşkilatlarla əlaqələrin qurulması prosesi ilə tanış
olmalarından ibarətdir.
Layihə sayəsində, xüsusən, Vəkillər
Kollegiyasının iş prinsipi ilə ətraflı tanış olan tələbələr həm də mövcud
məhkəmə praktikası üzrə lazımi biliklərə, eyni zamanda müvafiq praktiki
məlumatlara yiyələnəcəklər. Bu layihənin onların gələcək peşə fəaliyyətlərini
müəyyən etmələrində xüsusi rolu olacaqdır.
Bununla belə, layihə istiqamətində müxtəlif
aktual mövzulara dair uzunmüddətli təlimlərin təşkili Akademiyanın qarşısında
duran əsas vəzifələrdəndir. Layihə üzrə təşkil olunması planlaşdırılan
təlimlərə təcrübəli hüquqşünaslar, o cümlədən professorlar, hakimlər və
vəkillər cəlb ediləcəkdir.
Qeyd edək ki, Vəkillər Kollegiyası ilə
respublikamızdakı Hüquq fakültələri olan bütün universitetlər arasında
Memorandum imzalanmışdır. Memorandum çərçivəsində universitetlərlə birgə
konfranslar, seminarlar təşkil edilir, həmçinin hüquqşünas tələbələr vəkil
bürolarında istehsalat təcrübəsi keçirlər.
Eyni zamanda bildirmək istərdik ki,
Kollegiya hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır. Belə
ki, Vəkillər Kollegiyasının dəstəyi ilə hər il 300-dən çox tələbənin qatıldığı
yay və qış hüquq məktəbləri təşkil olunur, yüzlərlə tələbə vəkil qurumlarında
təcrübə keçir, o cümlədən onlara fərdi təqaüdlər verilir və hüquq
fakültələrinin layihələrinə sponsorluq edilir.