Cari il sentyabr ayının 25-də Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası
keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar
Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə uyğun olaraq vəkilliyə
qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran bir
vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, dövlət qulluğunda olması ilə
əlaqədar vəkillik fəaliyyəti dayandırılan dörd vəkilin isə fəaliyyətinin bərpa
olunması barədə müraciətinə baxılıb, müsbət qərarlar verilib, onlara vəsiqələr
təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər
Kollegiyasına order markası ayrılması barədə həmin Kollegiyanın sədrinin
məktubuna, habelə “ULBS” Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələyə baxılıb,
müvafiq qərarlar qəbul edilib.
Həmçinin bəzi vəkillərin digər vəkil
qurumlarına keçməsi, hakimliyə qəbulla bağlı tədrisə cəlb olunan vəkillərin
müəyyən müddətdə üzvlük haqqından azad olunmaları, o cümlədən öz istəkləri ilə vəkillik
fəaliyyətinə xitam verilməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar
çıxarılıb.
İclasın davamında Vəkillərin İntizam
Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri
intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK
üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi, 2 vəkilə töhmət
verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 1 irad, 2 vəkilə isə
xəbərdarlıq olunub.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar
əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.