Cari il oktyabr ayının 12-də Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən “Vəkildən gənc
hüquqşünasa” layihəsi üzrə “Hüquqi şəxslərin yaradılması və xitamı” mövzusunda
təlim təşkil edilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq
elmləri doktoru, professor Əmir Əliyev gənc hüquqşünasları Vəkillər Kollegiyası
Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb. “Vəkildən gənc
hüquqşünasa” layihəsinin gənc hüquqşünaslar üçün praktiki əhəmiyyətindən
danışan professor, eyni zamanda “Azərbaycan Vəkili” elmi-praktik hüquq
jurnalının elmi əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, “CSS Konsaltinq” şirkətinin rəhbəri Nuridə İbrahimova və həmin
şirkətin hüquqşünası Səma Əhmədova hüquqi şəxslərin yaradılması və xitamı
məsələləri ilə bağlı müvafiq məlumatlar – hüquqi şəxslərin dövlət qeydiyyatı,
onların təsdiq edilmiş nizamnaməsi, o cümlədən nümayəndəlik, filiallar və digər
əlaqəli praktiki məsələlər barədə çıxış edib.
Həmçinin təlimin təşkilində yaxından
iştirak edən Akademiyanın hüquqşünas-məsləhətçisi Sona Xəlilli və mütəxəssis
Rəşad Həsənəliyev tərəfindən Vəkillər Kollegiyası Akademiyasının istifadəyə
verilmiş veb-saytı (https://academy-aba.az) barədə iştirakçılara geniş məlumat
verilib.
Sonda müvafiq mövzu üzrə gənc
hüquqşünasları maraqlandıran bir çox suallar cavablandırılıb.
Qeyd edək ki, əyani təlimdə 31 gənc
hüquqşünas iştirak edib.