Ötən il əvvəlki illərdən bağlı qalan 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb
Buro22.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğda keçirilən geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Baş prokuror bildirib ki, hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 44 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib: “Keçən il daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Bununla da, 1 may 2020-ci il tarixdən hazıradək isə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 37 qəsdən adam öldürmə cinayəti açılıb”.
Hüquq-mühafizə orqanları
Azərbaycan Respublikasının Baş Prokurorluğu vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir.
Baş Prokurorluqdan e-huquq.az-a verilən xəbərə görə, müsahibədə iştirak etmək istəyən namizədlər fevralın 22-i saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan məlumat əldə etmək mümkündür.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı dövlət qurumları tərəfindən birgə mübarizə davam etdirilir və bu istiqamətdə prokurorluq orqanları tərəfindən kəsərli tədbirlər həyata keçirilir.
Buro22.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığl birgə məlumatda deyilir.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən prokurorluq orqanlarına 2023-cü il ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı daxil olmuş materiallar əsasında araşdırma aparılıb.
Qeyd edilən faktlarla bağlı 20 halda Cinayət Məcəlləsinin 321.1 və 321.2-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaq aparılıb, həmin işlərdən 6-sı baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə isə ibtidai istintaq davam etdirilir.
Bundan başqa, hazırkı vaxtda 125 nəfərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi üçün SHXÇDX-nin müvafiq idarə və şöbələrinin sərəncamına verilmələri təmin edilib, digər materiallar üzrə isə araşdırmalar davam etdirilir.
Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.
Yanvarın 19-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2023-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluqdan e-huquq.az-a verilən xəbərə görə, müşavirə iştirakçıları tərəfindən əvvəlcə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmini uğrunda aparılmış mübarizədə şəhid olmuş əsgər və zabitlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Müşavirədə giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev 2023-cü ilin müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsi və Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi, bununla əlaqədar xalqımızın yaddaşında və dövlətçilik tariximizdə xilaskar obrazında iz qoymuş müdrik siyasətçi Heydər Əliyevin hüquq sisteminin təkmilləşdirilməsi, demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlətin təsis edilməsi, habelə, inkişafı istiqamətində gördüyü işlər, prokurorluq orqanlarının inkişafına verdiyi töhfələrdən danışıb.
Çıxışda həmçinin qeyd edilib ki, yola saldığımız 2023-cü il eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin 20 illiyinin tamam olması ilə də yadda qalıb. Məhz bu illər ərzində dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət ölkəmizi regionun əsas güc mərkəzinə çevirib, ölkənin iqtisadi rifahının tərəqqisinə, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş qismində tanınmasına rəvac verib, ən əsası isə on illiklər boyu işğal altında olan torpaqlarımız azad edilərək ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub, 2023-cü ilin oktyabr ayının 15-də isə Müzəffər Ali Baş Komandan tərəfindən dövlət bayrağımız tarixi Azərbaycan torpaqları olan Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə qaldırılıb.
Vurğulanıb ki, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydanına çevrilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə şəhərlərimiz və kəndlərimiz yenidən qurulmaqla, beş mindən artıq keçmiş məcburi köçkün öz doğma yurd-yuvalarına qayıdıb.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Bildirilmişdir ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindən vətəndaşların 10.897 müraciətinə baxılıb.
Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilib, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilib, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 204 təqdimat göndərilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilmiş və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub.
Bununla yanaşı, müvafiq dövr ərzində Baş İdarədə 1524 vətəndaşın qəbul edilməsi təmin edilib.
Qeyd edilən müddət ərzində Baş İdarədə 382 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 301 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 81 material üzrə isə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmiş və digər prokuror təsir tədbirləri tətbiq edilib.
Əməliyyat qurumları tərəfindən 158 cinayət işi başlanılıb, keçirilən 49 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 56 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 30 nəfər saxlanılıb.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 336 şəxs barəsində 224 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlərdən 80 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilib. Məhkəmələrə göndərilən cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.
İstintaqı tamamlanmış cinayət işlərindən 211 şəxs barəsində 114 iş ağır cinayətlər məhkəmələrinə, 12 şəxs barəsində 8 iş hərbi, eyni zamanda 113 şəxs barəsində 102 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.
Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 91 milyon 555 min 723 manat məbləğində maddi ziyandan 36 milyon 118 min 014 manatının ödənilməsi təmin olunub.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə *43 milyon 180 min 362 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.
Bundan başqa, ötən dövrdə icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulmuş 13 milyon 926 min 714 manat məbləğində maddi ziyan tam olaraq ödənilib.
Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.
Ümumilikdə ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-korrupsiya Şəbəkəsi də daxil olmaqla bey-nəlxalq təşkilatların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən bir sıra tədbirlər müsbət dəyərləndirilib.
Dövlət Başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və digər dövlətlərin müvafiq orqanları ilə əlaqələrin qurulmasına, habelə daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuroru cənab Kamran Əliyev müşavirə zamanı çıxış edərək vətəndaşların müraciətlərinə baxılması, xüsusilə “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, korrupsiyaya daha çox məruz qalan sahələrlə bağlı davamlı təhlillərin aparılması, digər hüquq mühafizə orqanları və Baş Prokurorluğun aidiyyəti struktur qurumları ilə birgə fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində müvafiq işlərin davam etdirilməsi, zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin diqqətdə saxlanılması, cinayət işlərinin istintaqı zamanı vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi, əmlakın bərpası, qətimkan tədbirlərinin səmərəli tətbiqinə nail olunması məsələlərinə xüsusi önəm verilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində zəruri işlərin görülməsi, əməkdaşların müvafiq sahələr üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması və digər bu kimi məsələlər ətrafında təhlillər apararaq növbəti dövr üçün tapşırıq və tövsiyələrini verib.
Yanvarın 18-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2023-cü il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Baş Prokurorluqdan e-huquq.az-a verilən xəbərə görə, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, dahi insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Kollegiya iclası başlamamışdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev nəhəng tarixi şəxsiyyət, millətimizin və dövlətimizin xilaskarı Heydər Əliyevin müdrik siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən dövlət başçısının rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan, o cümlədən tarixi torpaqlarımızın işğaldan azad edilməsindən, həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edərək, milləti və dövləti qarşısındakı misilsiz xidmətləri ilə bütün liderlərdən seçilən möhtərəm Prezident cənab İlham Əliyevin xalqın sonsuz sevgisini qazandığını xüsusi vurğuladı.
Baş prokuror Kamran Əliyev bildirdi ki, əldə olunan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm rolu olub.
Bundan sonra, hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, əvvəlcə, çoxsaylı ciddi qlobal problemlərə, postpandemiya mərhələsi və müharibədən sonrakı dövr olmasına baxmayaraq, dünya şöhrətli siyasətçi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Azərbaycanın sürətli inkişaf strategiyasını müasir müstəvidə uğurla reallaşdıran, xalqına xidmətdə digər liderlərə örnək olan möhtərəm Prezident cənab İlham Əliyevin mükəmməl siyasəti sayəsində 2023-cü il ərzində də ölkəmizin qüdrətlənməsi və əhalinin rifahının yaxşılaşdırılması prosesinin davamlılığının təmin edilməsindən, eləcə də ötən il ölkəmizin əldə etdiyi digər uğurlardan danışaraq, sentyabr ayında keçirilən uğurlu lokal antiterror tədbirlərini, ölkə rəhbərinin Xankəndi, Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmasını xüsusi vurğuladı.
Hərbi prokuror Xanlar Vəliyev qeyd etdi ki, Vətənin çiçəklənməsinə Birinci xanım Mehriban Əliyevanın zəngin fəaliyyəti xeyli mütərəqqi töhfələr verib. Xanlar Vəliyev, həmçinin, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini vurğulayaraq bildirdi ki, bununla əlaqədar Hərbi Prokurorluq orqanları tərəfindən böyük qürur və fərəh hissləri ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək rütbəli hərbi qulluqçuları, eləcə də müxtəlif dövlət qurumlarının, şəhər və rayonların rəhbər vəzifəli şəxsləri ilə birlikdə 26 tədbir keçirilib. Qeyd olundu ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də qazilərə və şəhid ailələrinə xüsusi diqqət göstərilib, istər Hərbi Prokurorluqda, istər yerlərdə onlarla görüşlər keçirilərək qayğıları ilə maraqlanılıb.
Hərbi prokuror Xanlar Vəliyev qeyd etdi ki, ötən illərdə olduğu kimi, 2023-cü ildə də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilib.
Vurğulanıb ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb.
Xanlar Vəliyev bildirdi ki, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olub. Belə ki, hər il olduğu kimi, 2023-cü ildə də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış müvafiq tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunub, onların qayğı və problemləri ilə maraqlanılmış, həmçinin fərdi qəbullar keçirilib.
Eyni zamanda bayramlarda və digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçuların iştirakı ilə tədbirlər, o cümlədən bayram mərasimləri keçirilmiş və xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunub.
Qeyd olunanlarla bərabər, Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də ölümlə nəticələnən cinayətlərin qarşısının alınması məqsədilə, hər zaman olduğu kimi, hesabat dövründə də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək, müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib, kollegiyaların qərarlarına əsasən zəruri tədbirlərin görülməsi təmin olunub. Sözügedən istiqamətdə səmərəliliyi artırmaq məqsədilə aidiyyatı dövlət qurumları ilə birgə bir sıra digər işlər də görülüb.
Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər ötən illə müqayisədə ümumilikdə 6,1%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 24,2% azalıb.
Eyni zamanda 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış Qəsdən adam öldürmə cinayətləri 40 %; Özünü öldürmə həddinə çatdırma cinayətləri 9,1 %; Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 12,9 %; Əmri icra etməmə cinayətləri 66,7 %; Hərbi xidmətdən yayınma cinayətləri 33,7 %; Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 37,9 %; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 26,1% və Xuliqanlıq cinayətləri 16,7 % azalıb.
Kollegiya iclasında, hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, işin effektivliyinin daim artırılması tələb edilib.
Çıxışının sonunda ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəkdir.
Sonra məruzə ətrafında çıxışlar olub. Azərbaycan Respublikası Hərbi prokurorunun müavinləri-ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə general-mayoru Fuad Məmmədov, ədliyyə polkovniki Mehdi Hüseynzadə, Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Elçin Hacıyev və Kəlbəcər hərbi prokuroru ədliyyə polkovniki Mahir Bayramov çıxış edərək hesabat dövründə görülən işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev, prokurorluq orqanları əməkdaşlarının Ulu Öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən müdrik siyasətinin möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını bildirdi.