Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinə yeni rəis müavini və bölmə rəisi təyin edilib.
Buro22.az xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrləri ilə Zeyni Hüseynov idarə rəisinin müavini, Nurlan Əliyev bölmə rəisi vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, idarə rəisinin müavini, polis polkovniki İlham Babayev daxili işlər orqanlarında xidmət keçmənin son həddi ilə əlaqədar təqaüdə göndərilib.
Hüquq-mühafizə orqanları
Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.
Respublika ərazisində avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən profilaktik-maarifləndirmə tədbirləri genişləndiriləcək.
Hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq.
Ədliyyə Nazirliyi Pentensiar xidmətin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.
Pentensiar xidmətdən e-huquq.az-a verilən xəbərə görə, əməliyyat-axtarış tədbiri nəticəsində Əliyev Akif Arif oğluna məxsus 1 ədəd ov tüfəngi, 1 ədəd “Vinçester” markalı silah və ümumi çəkisi 80 qram olan qurudulmuş marixuana Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı Direktorunun ölkəmizə səfəri başa çatdı – FOTO
Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı Direktoru Yanne Holst-Hübner ölkəmizdə işgüzar səfərdədir.
Buro22.az xəbər verir ki, səfər çərçivəsində İcraçı Direktor Naxçıvan şəhərində olub, Heydər Əliyev muzeyini ziyarət edib, ümummilli liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olub. Qonaq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun fəaliyyəti ilə tanış olaraq gənc prokurorluq əməkdaşları ilə görüş keçirib.
2024-cü ildə ölkəmizin ev sahibliyi ilə keçiriləcək BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağına hazırlıq məqsədilə yaradılmış yerli təşkilat komitəsinin iclası keçirilib, bir sıra təşkilati məsələlər müzakirə edilib.
Yanne Holst-Hübnerin ölkəmizə işgüzar səfəri başa çatıb.
Beyləqan və Yevlaxa yeni polis rəisi təyin edilib.
Buro22.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə Beyləqan RPŞ rəisi pois polkovniki Rüstəm Cəfərov Yevlax RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan e-huquq.az-a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı ikinci cərgədə, avtobus dayanacaqlarında, səkilərdə, eləcə də müəyyən olunmayan digər yerlərdə avtomobillərini saxlayan sürücülər aşkar ediliblər.
Onlara bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu izah edilib və barələrində inzibati protokollar tərtib olunub.
Dövlət ittihamı fəaliyyətində səmərəliliyin artırılması istiqamətində tədbirlər davam etdirilir – FOTO
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin tapşırığına əsasən dövlət ittihamı fəaliyyətinin səmərəliliyinin artırılması və bu sahədə işin müasir tələblər səviyyəsində qurulması məqsədilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin regional iclaslarının keçirilməsinə başlanıb.
Bu barədə e-hquuq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Martın 9-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt Apellyasiya məhkəməsinin yurisdiksiyasında olan rayon (şəhər), ağır cinayətlər və apellyasiya məhkəmələrinin dövlət ittihamçılarının iştirakı ilə keçirilmiş regional iclasda dövlət ittihamçılarının fəaliyyəti ilə əlaqədar qarşıda duran vəzifələr, vahid məhkəmə təcrübəsi və cəza siyasətinin formalaşdırılmasında dövlət ittihamçılarının rolu, istintaq qurumları ilə səmərəli qarşılıqlı əməkdaşlığın qurulması, Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işlərinin təhlili, istintaq qurumlarının fəaliyyətində bəraət hökmlərinin qəbul edilməsi ilə nəticələnən pozuntu və çatışmazlıqlar, habelə məhkəmə səhvləri, bəraət hökmləri, protestlərin verilməsi təcrübəsi kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb, Baş prokuror Kamran Əliyevin tapşırıq və tövsiyələri iclas iştirakçılarının nəzərinə çatdırılıb.
Eyni zamanda, dövlət ittihamçıları tərəfindən “Elektron Prokurorluq” informasiya sistemi, o cümlədən “Elektron Dövlət İttihamı” proqramlarından istifadə vəziyyəti ilə yerində tanış olunmaqla, bu sahədə konkret tələblər və qarşıda duran vəzifələr müəyyən edilib.
DTX ilə “CISCO” şirkəti arasında keçirilən görüş kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nümayəndə heyəti martın 4-7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində beynəlxalq səviyyəli “LEAP2024” və “DeepFest” texnologiya və kibertəhlükəsizlik sərgisində iştirak ediblər. Tədbir çərçivəsində DTX-nin nümayəndə heyəti ilə “CISCO” şirkətinin Avropa, Orta Şərq və Afrika (EMEA) regionu üzrə baş vitse-prezidenti Adele Trombetta və Orta Şərq və Afrika regionu üzrə vitse-prezident Sayed Haşiş arasında görüş keçirilib.
Buro22.az xəbər verir ki, Azərbaycan ilə “CISCO” şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirilir. Amerika Birləşmiş Ştatlarının və dünyanın yüksək texnologiyalar sahəsində ixtisaslaşmış ən nüfuzlu şirkətlərindən olan “CISCO” 1984-cü ildə qurulub. Korporativ şəbəkələr üçün avadanlıqların istehsalı ilə məşğul olan şirkət müxtəlif ölkələrlə, o cümlədən Azərbaycan ilə əməkdaşlıq edir.
Azərbaycan “CISCO” ilə əməkdaşlığa böyük önəm verir. Prezident İlham Əliyevlə “CISCO” şirkətinin rəhbərləri arasında dəfələrlə görüşlər keçirilib. Keçirilən görüşlər və aparılan müzakirələr əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayıb. Dövlətimizin başçısı görüşlərdə “CISCO” şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd edib, bu şirkət üçün Azərbaycanda çox böyük biznes potensialının mövcud olduğunu bildirib.
Prezident İlham Əliyevin yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşündə də Azərbaycan ilə “CISCO” şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Dövlət başçısı “CISCO” şirkəti tərəfindən hazırlanan “Azərbaycanın ağıllı şəhər strukturu barədə məruzə”yə görə minnətdarlığını bildirib. Söhbət zamanı Azərbaycanda su resurslarından istifadə olunmasında “CISCO” şirkətinin texnologiyalarının tətbiqi məsələlərindən danışılıb, təhsil və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Mütəxəssislərin fikrincə, DTX-nin nümayəndə heyəti ilə xanım Adele Trombetta arasında keçirilən görüş də ölkəmiz üçün olduqca böyük əhəmiyyətə malikdir. “CISCO” ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edən bu görüş ölkəmiz üçün yeni imkanlar yaradacaqdır.
Məlum olduğu kimi, son illərdə Azərbaycanda müxtəlif sahələrdə rəqəmsal texnologiyaların tətbiqinə xüsusi önəm verir. Dövlət təşkilatlarında informasiya sistemlərinin təkmilləşdirilməsi, İKT sahəsində bilik və bacarıqların artırılması, rəqəmsal təhsilin inkişafı, hökumətin və sosial mühitin rəqəmsallaşdırılması və digər bu kimi istiqamətlər üzrə mühüm addımlar atılıb. Ölkəmizdə İKT infrastrukturunun qurulması istiqamətində görülən işlər daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, sözügedən sahə üzrə milli qanunvericilik bazasının təkmilləşdirilməsi, kibertəhdid xarakterli məlumatların mübadiləsi üzrə platformanın inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli işlər görülüb.
Bu baxımdan, DTX-nin nümayəndə heyəti ilə “CISCO” şirkəti arasında keçirilən görüşlər gələcəkdə kibertəhlükəsizlik sahəsində həyata keçiriləcək tədbirlərə mühüm töhfə verəcəkdir.
Qeyd edək ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə texnoloji sahənin davamlı inkişafı üçün mühüm işlərin görüldüyündən danışan DTX-nin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov ölkədə rəqəmsallaşma prosesinin sürətlə aparıldığını, texnoparkların yaradıldığını, işğaldan azad edilmiş Qarabağ ərazisində “Ağıllı kənd” və s. bu kimi innovativ layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. “CISCO” şirkətinin nümayəndələri təmsil etdikləri şirkətin Azərbaycanda indiyədək reallaşdırdığı innovativ layihələri bundan sonra da davam etdirəcəyini və bu xüsusda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd ediblər.
Əldə edilən məlumata əsasən, sözügedən görüşdə “CISCO” şirkətinin Azərbaycandakı nümayəndəlik ofisinin fəaliyyət dairəsi daha da genişləndirilərək Azərbaycan və MDB ölkələri üzrə regional ofisi olaraq səlahiyyətləri təsdiqlənib.
Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev martın 15-də saat 10:00-da Suraxanı rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, vətəndaşlar qəbulla bağlı Suraxanı rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, X) vasitəsilə də qəbula yazıla bilərlər.