Xankəndi şəhərində DYP əməkdaşları da xidmətə başlayıb.
Buro22.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
“Şəhər ərazisində yol-hərəkəti qaydalarının təşkili və tənzimlənməsi həyata keçirilir. Hərəkət iştirakçılarına polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi ilə bağlı izahlar verilir, profilaktik işlər aparılır. Səngərsiz Vətəndə xidmətimizdən qürur duyuruq”, – E.Hacıyev qeyd edib.
Hüquq-mühafizə orqanları
Martın 7-də Baş Prokurorluqda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Buro22.az xəbər verir ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev qadın prokurorluq işçilərini, dövlət qulluqçularını və veteran xanımları bayram münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Baş prokuror, 8 Mart Beynəlxalq Qadınlar Gününün uzun illərdən sonra ilk dəfə bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə qeyd edildiyini, bunun böyük bir tarixi hadisə olduğunu bildirib.
Vurğulanıb ki, 19 sentyabr 2023-cü il tarixdə keçirilmiş lokal xarakterli anti-terror tədbirləri nəticəsində dövlət suverenliyimiz bütün Azərbaycan Respublikasında bərpa edilib, 15 oktyabr 2023-cü il tarixdə Müzəffər Ali Baş Komandan tərəfindən bayrağımızın Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə qaldırılmaqla həmin ərazilərdə Azərbaycan Respublikasının dövlət qurumlarının, o cümlədən prokurorluq orqanlarının fəaliyyəti bərpa edilib.
Cari il fevral ayının 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı xalqımızın növbəti dəfə öz müdrikliyini göstərdiyi və Azərbaycan xalqına müasir tarixinin ən böyük nailiyyətini bəxş etmiş Müzəffər sərkərdəsinin gördüyü işlərə cavab verərək layiqli Liderini yenidən seçdiyi xüsusilə qeyd edilib.
Bu tarixi nailiyyətlərin əldə edilməsində Azərbaycan qadınının müstəsna rolundan danışan Kamran Əliyev, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən başlayaraq Azərbaycanda qadınların ictimai fəallığının yüksək səviyyədə olduğunu, qadınlar dövlət idarəçiliyinin müxtəlif səviyyələrində, parlamentdə, hökumətdə, hakimiyyət orqanlarında, elmi, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə fəal rol oynadığını diqqətə çatdırıb.
Ümummilli liderimiz tərəfindən əsası qoyulan bu siyasətin dövlət başçısı cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi qeyd edilərək, bunun nəticəsində ölkəmizdə qadın hüquqlarının yüksək səviyyədə qorunduğu, qadınlarımızın bütün strukturlarda ön sıralarda fəaliyyət göstərdikləri bildirilib.
Xüsusi qeyd olunub ki, ölkəmizin tərəqqisində və əldə olunan uğurlarda, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında dövlət başçısı cənab İlham Əliyevin ən sadiq silahdaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin və yorulmaz fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.
Qadınların ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində də yüksək sədaqət və peşəkarlıq göstərdikləri, onların peşəkar hüquqşünas və qanun keşikçiləri olmaqla yanaşı, hüquq sistemində pozitiv dəyişikliklərin baş verməsində mühüm rol oynadıqları bildirilib.
Hazırda prokurorluq işçisi olan qadınlardan 105 nəfərin müsabiqə yolu ilə işə qəbul edildiyi vurğulanaraq diqqətə çatdırılıb ki, onlardan 10 nəfər rəhbər vəzifədə, o cümlədən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1-i şöbə rəisi, 4-ü rayon prokuroru və 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir.
Prokurorluq orqanlarında uzun müddət fəaliyyət göstərmiş Əntiqə Qonaqova və Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Elfanə Bayramova çıxış edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görüldüyünü, həyata keçirilən gender bərabərliyi siyasətinin prokurorluq orqanlarında uğurla davam etdirilməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Daha sonra xidməti fəaliyyətdə fərqlənən qadın prokurorluq əməkdaşlarına və veteran xanımlara mükafatlar təqdim olunub.
Tədbir zamanı prokurorluqda çalışan xanım əməkdaşların fəaliyyətinə həsr olunan “Zərif Güc” adlı qısa film nümayiş olunub.
Baş Prokurorluq: “Hərbi xidmətə çağırışla bağlı qanunsuzluqlara qarşı mübarizə davam etdiriləcək”
Baş Prokurorluq Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vəzifəli şəxslərin qanunazidd əməlləri barədə araşdırmanın nəticələrini açıqlayıb.
Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan məlumat verilib.
Prokurorluq orqanlarına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim olunan məlumatlar və vətəndaş müraciətləri əsasında vəzifəli şəxslərin, qanunazidd əməllərin törədilməsində vasitəçilik, habelə digər formada iştirak etmiş şəxslərin barəsində araşdırma aparılıb.
Belə ki, 2023-cü il ərzində prokurorluq orqanlarında qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə ümumilikdə 78 material üzrə araşdırma aparılıb (onlardan 15-i SHXÇDX-dən daxil olub, 63-ü isə vətəndaş müraciəti üzrə araşdırılıb).
Həmin materiallardan 12-si üzrə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb və 13 şəxs məhkəmə məsuliyyətinə verilib. Habelə, 15 material üzrə digər prokuror təsir tədbirləri tətbiq olunub, qalan materiallar üzrə isə hazırda araşdırma davam etdirilir.
Qeyd olunan dövr ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin 3 vəzifəli şəxsinə xəbərdarlıq elan edilib, aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 16 əməkdaşı barəsində təqdimat verilib.
2024-cü ildə prokurorluq orqanlarında bu kateqoriya məlumatlarla bağlı 18 material üzrə araşdırma aparılaraq (onlardan 7-si SHXÇDX-dən daxil olub, 11-i isə vətəndaş müraciəti üzrə olub), 1 halda cinayət işi başlanıb, digər materiallar üzrə isə hazırda araşdırma davam etdirilir.
Hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaqdır.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Böyükağa Panəliyev təqaüdə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, martın 4-də Baş prokurorun müavini Heydər Məmmədov Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə qulluq keçməsinə xitam verilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Böyükağa Panəliyevi qəbul edib.
Böyükağa Panəliyevə Baş prokuror Kamran Əliyevin əmri ilə təltif olunduğu “Prokurorluğun fəxri işçisi” döş nişanını və hədiyyə təqdim edilib.
Görüş zamanı çıxış edən Baş prokurorun müavini birinci Qarabağ Müharibəsi Veteranı olan Böyükağa Panəliyevin prokurorluq orqanların keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salaraq, 1993-cü ildə Qubadlı rayon prokurorluğunun əməkdaşı kimi xidməti vəzifələrinin icrası zamanı cinayətkar dəstənin fəaliyyətinin qarşısını alarkən ağır yaralanmasına baxmayaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyətini davam etdirdiyini, cinayətkarlığa qarşı mübarizədə, habelə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində böyük töhfələr verdiyini qeyd edib, fədakar fəaliyyətinə görə ona minnətdarlığını bildirib.
Görüş zamanı, həmçinin, digər tədbir iştirakçıları Böyükağa Panəliyevlə bağlı xoş xatirələrini bölüşüb, ona uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il martın 5-də, saat 10:00-da Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad, Masallı və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Cəlilabad rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsində şöbə rəisi təyinatı olub.
Buro22.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xidmətin inspektoru, polis mayoru Anar Qafarov mətbuat xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Prokuroru” elmi jurnalının üçüncü nömrəsinə azərbaycan, türk, rus, ingilis dillərində hazırlanmış elmi-hüquqi məqalə qəbulu elan edilir.
Buro22.az xəbər verir ki, elmi nəşrdə hüququn müxtəlif sahələri üzrə praktiki və nəzəri məsələlər üzrə hüquqşünaslar və ya hüquq elminin digər sahələri ilə kəsişdiyi aktual məsələlər üzrə digər sahələrin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar və onların nəticələri, hüquq tətbiqetmə zamanı qarşıya çıxan problemlər və onların həlli yollarına dair tədqiqatların əks olunduğu məqalələrin dərc olunması nəzərdə tutulub.
“Azərbaycan Prokuroru” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə nəşr olunur və məqalələr həmin tələblərə cavab verməlidir.
Məqalələrinin “Azərbaycan Prokuroru” jurnalında dərc olunmasını arzulayanlar martın 30-dək müraciət edə bilərlər.
Məqalələrin mövzularının razılaşdırılması və akademik yazı ilə bağlı köməkliyin alınması üçün Redaksiyaya ilə əlaqə saxlanıla bilər (əlaqə nömrəsi: 0123611458, 0123611455, 0504666535).
Məqaləyə dair tələblər:
Məqalələr hüququn müxtəlif sahələri üzrə təcrübi və nəzəri məsələləri, hüquq tətbiqetmə zamanı qarşıya çıxan problemləri və onların həlli yollarını əhatə etməklə, əvvəllər heç bir nəşrlərdə dərc edilməməli və onlara təqdim olunmamalı (istisna hallar redaksiya heyəti tərəfindən müzakirə olunur);
Məqalənin adı altında müəllifin adı, soyadı, fəaliyyət göstərdiyi və ya təhsil aldığı müəssisə və email ünvanı göstərilməli;
Məqalələr Word Document fayl şəklində, Arial 14 şrifti ilə, 1,5 intervalla yazılmalı;
Məqalənin həcmi şəkil, cədvəl və ədəbiyyat siyahısı ilə birlikdə 8 səhifədən, ədəbiyyat icmalları və mühazirələrin həcmi isə 12 səhifədən artıq olmamalı;
Ədəbiyyat siyahısı əlifba sırası ilə verilməli;
Mətnin içində istinadlar müəllifin soyadı, əsərin nəşr ili, səhifəsi ardıcıllığı ilə verilməli;
İstinadlar müəllifin adı yazılmaqla kitabın adı, çap olunduğu nəşriyyat, il və səhifə, o cümlədən internet mənbəyinə istinad edilərkən veb səhifədəki materialın adı və yayımlandığı il (mötərizədə) qeyd olunmalı;
Məqalənin plagiat olub, olmaması yoxlanılacaq və plagiat aşkarlanarsa, qəbul edilməyəcəkdir.
Fevralın 28-də Baş prokuror Kamran Əliyev Qaradağ rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Qaradağ rayonu və Respublikanın digər bölgələrindən olan vətəndaşları qəbul edib.
Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qəbulda iştirak edən 36 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələrə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən 5 rayona prokuror təyin olunub.
Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev və Qubadlı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Emil Kərimov həmin vəzifələrə təyin olunub.
Emil Kərimov 2002-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub.
Əvvəllər Tərtər hərbi prokurorluğunda müstəntiq, Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində mühüm işlər üzrə müstəntiq, Hərbi Prokurorluqda şöbə prokuroru, Hərbi prokurorun böyük köməkçisi və Hərbi Prokurorluqda şöbə və idarə rəisi vəzifələrində çalışıb.
Qeyd edək ki, Emil Kərimov Qubadlıda anadan olub və 14 yaşı olanda erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.