10 oktyabr 2024-cü il tarixdə Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə vəkillər və
hakimlər üçün “Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər
çəkmiş şəxslərlə davranış” mövzusunda təlimin açılış mərasimi keçirilib.
Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki,
təlimin keçirilməsində məqsəd mövcud qanunvericiliyin imkanlarından daha geniş
istifadə etməklə məişət zorakılığının qarşısının alınması, zərərçəkmiş şəxslərin
hüquqlarının müdafiəsi və qorunması istiqamətində bilik və bacarıqların
artırılmasıdır.
B.Muradova məişət zorakılığının ailələrin,
ümumilikdə cəmiyyətin həyat fəaliyyətinin əsaslarını pozan ciddi sosial
problem olduğunu və digər zorakılıq əməllərindən fərqli olaraq bu halların
fəsadlarının daha ağır və uzunmüddətli olduğunu qeyd edib. O diqqətə
çatdırıb ki, bu gün məişət zorakılığının qarşısının alınması dövlət və ictimai
maraq dairəsinə daxil olan mühüm məsələlərdən biridir və məişət zorakılığının
qarşısının alınması sahəsində qanunvericilik bazası daim təkmilləşdirilir,
artıq növbəti dönəm üçün yeni fəaliyyət planı üzərində işləməliyik.
“Ümumilikdə məişət zorakılığı üzrə altı
qanuna və beş fərmana dəyişikliklər edildiyini qeyd edən sədr, məişət zorakılığına
dair subyektlərin əhatə dairəsi genişləndirilməsini, həmçinin qısamüddətli
mühafizə orderlərinin verilməsi ilə bağlı qaydaların da dəyişdirildiyini xüsusi
vurğulayıb. Eyni zamanda, məişət zorakılığından əziyyət çəkmiş şəxslərə pulsuz
hüquqi yardım göstərilir”,- deyə Komitə sədri bildirib.
Əlavə olaraq yeni qurumlararası
əlaqələndirmə mexanizminin yaradılmasına diqqət çəkən B.Muradova, sadalanan
bütün dəyişikliklərin məişət zorakılığı ilə mübarizəyə, məişət zorakılığından
zərər çəkmiş şəxslərin hüquqlarının daha effektiv müdafiəsinə, baş vermiş
halların obyektiv araşdırılmasına əvəzsiz töhfələr verəcəyinə inamını bildirib.
Bu kimi işlərdə hakimlərin, hüquq-mühafizə
orqanlarının əməkdaşlarının və vəkillərin hazırlığının önəmini vurğulayan
Komitə sədri əlavə edib ki, onlar bu cür işlərə baxılarkən genderə həssas
yanaşma göstərməli, mənfi stereotiplərdən uzaq olmalıdırlar.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin
sədri Anar Bağırov çıxış edərək bildirib ki, ailədaxili zorakılıq halları təkcə
bir ailəni deyil, bütövlükdə bütün cəmiyyəti təhlükə altında qoyur, bu
problemin həlli isə geniş və məqsədyönlü tədbirlərin görülməsini, həmçinin
kompleks yanaşmanı tələb edir.
Sədr “Vəkillər və vəkillik fəaliyyəti
haqqında” Qanuna edilmiş dəyişiklikləri nəzərə çatdıraraq əlavə edib ki, dövlət
hesabına hüququ yardım göstərilən şəxslərin dairəsində məişət zorakılığından
zərər çəkmiş şəxslər xüsusilə fərqləndirilmişdir. Həmçinin müvafiq
dəyişikliklərə əsasən həmin şəxslərə dövlət hesabına hüquqi yardım göstərən
vəkilin öz vəzifələrini yerinə yetirməkdən imtina etməsi qanunla qadağan
edilib.
Qanunvericiliyə edilən müvafiq
dəyişikliklərin bir çox boşluqların aradan qaldırılmasında təsiri olsa da,
hələdə bu sahədə problemlərin qaldığına diqqət çəkən A.Bağırov qeyd edib ki,
effektiv mübarizə üçün yanlınz qanuvericiliyin təkmilləşdirilməsi kifayət deyil
və müxtəlif qurumlar arasında koordinasiyanın böyük əhəmiyyəti var.
Müvafiq sahədə Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlığa diqqət çəkən Anar Bağırov,
birgə fəaliyyət çərçivəsində məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi
yardımgöstərilməsinə dair Anlaşma Memorandumu imzalandığını da qeyd edib.
Ali Məhkəmənin Mülki kollegiyasının sədri,
Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev mövzunun qlobal əhəmiyyətinə diqqət
çəkərək, məişət zorakılığından zərərçəkən şəxslərin daim dövlət tərəfindən
qorunmasına ehtiyac olduğunu bildirib. O, 2010-cu ildə “Məişət zorakılığının
qarşısının alınması haqqında” Qanunun qəbul olunması, onun ardınca qəbul olunan
milli fəaliyyət planları, Nazirlər Kabinetinin qərarları, digər normativ
xarakterli aktlar və əməli tədbirlər ilə dövlətin bu sahədə siyasi iradəsini
ortaya qoyduğunu söyləyib. Əlavə edib ki, bu gün dövlət hesabına vəkil
xidmətinin göstərilməsi kimi bir institut da formalaşıb və hazırda
qanunvericiliyin daha da təkmilləşdirilməsi prosesi davam etməkdədir.
Təlim Gender və İnkişaf üzrə Dünya Bankının
eksperti, Vəkillər Kollegiyasının üzvü, vəkil Xalisə Şahverdinin məişət
zorakılığına dair dövlət orqanlarına edilən şikayətlərlə bağlı görülməli
olan tədbirlər, məişət zorakılığından zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə
çıxışının təmin edilməsində hakimlərin, vəkillərin vəzifələri və rolu, Avropa
İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və digər mövzulara dair təqdimatı
və qrup işləri ilə davam edib.