"Azadlıq City" yaşayış kompleksində çıxarış problemi ilə bağlı Mehman Muradlıdan açıqlama

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-07-30 16:48

Binəqədi şossesi 111 ünvanında yerləşən “Azadlıq City” yaşayış kompleksinin sakinləri yaşadıqları mənzillərə çıxarış (kupça) ala bilmirlər. Binanın tikintisini həyata keçirən “İnam-İnşaat 555” MMC-nin rəhbəri Nazim Həsənov isə problemin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən qaynaqlandığını bildirir. Onun sözlərinə görə, Komitə Bakı Şəhər İcra Hakimiyyətinin Kooperativlər İdarəsindən arayış tələb edir, lakin qanunvericilikdə belə bir sənədin mövcudluğu nəzərdə tutulmayıb.

Demokrat.az məsələ ilə bağlı Bakı şəhəri 22 saylı Vəkil Bürosunun direktoru Mehman Muradlının fikirlərini öyrənib. O bildirib ki, Komitənin belə bir arayış tələb etməsi tamamilə qanunsuzdur:

“Bakı Şəhər İcra Hakimiyyətinin Kooperativlər İdarəsi SSRİ dövründən qalmış bir qurumdur. Həmin vaxt müəssisələr özləri kooperativlər yaradaraq binalar tikirdilər və idarə bu prosesləri tənzimləyirdi. Lakin bu gün həmin idarənin faktiki funksiyası yoxdur. Ora işsiz adamlar yığılıb, guya işləyirlər, amma nə işlə məşğul olduqlarını özləri də bilmirlər. Əksər hallarda İcra Hakimiyyətinə daxil olan şikayətlər Kooperativlər İdarəsinə yönləndirilir, idarə isə həmin müraciətləri yerli icra hakimiyyətlərinə ötürür.

Qaldı ki, Şəhərsalma və Arxitektura Komitəsinin tələb etdiyi arayış məsələsinə, bu, tam qanunsuzdur. Komitənin əsas vəzifəsi istismara qəbul olunmuş binaların uçotunu aparmaqdır. Binalar uçota alındıqdan sonra məlumatlar Əmlak Məsələləri üzrə Dövlət Reyestr Xidmətinə ötürülür. Qanunvericiliyə əsasən, bu məsələdə Komitə və Reyestr Xidməti birgə fəaliyyət göstərməlidir. Əgər FHN binanın istismara yararlılığı barədə sənəd veribsə, Komitə binanı reyestrə ötürməlidir",-deyə vəkil əlavə edib.

Mehman Muradlının sözlərinə görə, vətəndaş ümumi yığıncağın protokolunu, maliyyə arayışını və eskiz layihəni Reyestr Xidmətinə təqdim etməlidir. Xidmət mənzillərdə yoxlama apardıqdan və hər şey qaydasında olduqdan sonra vətəndaş dövlət rüsumunu ödəyərək çıxarışını ala bilir, 

Saytın verdiyi məlumata görə, vətəndaşların üzləşdiyi bu problemlə bağlı müvafiq qurumlara sorğu ünvanlanıb.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt