Vəkillər Kollegiyası sosial şəbəkə nəzarətini sərtləşdirir

Vəkillər Kollegiyası sosial şəbəkələrdə qeyri-etik paylaşımlara qarşı sərtləşir.
E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov son iclasda bəzi vəkillərin məhkəmə proseslərini sosial şəbəkələrdə müzakirəyə çıxarmasını və bəzən bunu qeyri-etik formada etməsini tənqid edib.
Sədr bildirib ki, indiyə qədər belə hallarla bağlı xəbərdarlıqlar edilib, lakin bundan sonra daha ciddi tədbirlər görüləcək:
"Məhkəmə hakimiyyətini lağa qoyan, əsassız və xoşagəlməz fikirlər səsləndirən vəkillər barəsində intizam tədbirləri nəzərdə tutulur. Mən istəməzdim ki, hakimlər arasında belə bir fikir formalaşsın ki, vəkillər prosesi manipulyasiya edirlər. Biz peşə azadlığını qorumaq üçün məsuliyyətli davranmalıyıq".
Bağırov qeyd edib ki, bəzi vəkillərin məhkəmələr və digər dövlət qurumları barədə əsassız, subyektiv və həqiqətə uyğun olmayan paylaşımları böhtan və təhqir kimi qiymətləndirilə bilər. Bu hallar azsaylı olsa da, Kollegiyanın diqqətindədir və belə vəkillər məsuliyyətə cəlb olunacaq.
Sədr vurğulayıb ki, vəkillərin sayının artması fonunda bu cür davranışların qarşısı alınmasa, Kollegiyanın nüfuzu zədələnə bilər:
"Hər bir vəkil bütün Azərbaycan vəkilliyini təmsil edir. Tək bir vəkilin yanlış addımı bütün peşənin nüfuzuna zərər vura bilər. Cəmiyyətin vəkillik institutuna münasibəti də məhz vəkillərin şəxsi davranışları və ictimai çıxışlarından formalaşır."