Azərbaycanda “Rəqəmsal dövlət maliyyəsi” sistemi qurulur

Prezident İlham Əliyev “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Sənədə əsasən, Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrdə – büdcə, vergi, gömrük, dövlət rüsumları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və publik hüquqi şəxslər üzrə dividendlər və digər büdcə daxilolmalarının, həmçinin audit, mühasibat uçotu, dövlət maliyyə nəzarəti, xəzinədarlıq, dövlət borcu və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılacaq.
Nazirlər Kabinetinə tapşırılıb ki, Maliyyə Nazirliyinin təklifləri əsasında üç ay müddətində dövlət orqanları və büdcədən maliyyə alan qurumlar arasında maliyyə sənədlərinin elektron mübadiləsi üçün zəruri tədbirlər görsün və fərmandan irəli gələn digər məsələləri həll etsin.
Maliyyə Nazirliyi isə üç ay ərzində aşağıdakı təklifləri Prezidentə təqdim etməlidir:
-
ölkə qanunvericiliyinin və Prezident aktlarının təkmilləşdirilməsi;
-
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin əsasnamə layihəsi;
-
dövlət müəssisələrinin büdcə layihələri və proqnozlarının monitorinq qaydaları;
-
xalis mənfəətin bölüşdürülməsi və dividend siyasətinin ümumi parametrləri;
-
dövlət vəsaitindən istifadənin qaydalarının pozulmasına görə məsuliyyətin təkmilləşdirilməsi.
Nazirlik həmçinin mütəmadi olaraq:
-
dövlət müəssisələrinin və publik hüquqi şəxslərin büdcə icrasını izləyib Prezidentə rüblük hesabat təqdim edəcək;
-
dövlət büdcəsi və layihələrinin icrasına nəzarət mexanizmlərini gücləndirəcək;
-
dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizasını aparacaq;
-
dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin alınmasını elektron müqavilələr əsasında təşkil edəcək;
-
büdcədənkənar fondların vəsaitlərinin təyinatı üzrə xərclənməsinə dövlət maliyyə nəzarəti həyata keçirəcək;
-
dövlət qurumlarının struktur, ştat və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını aparıb optimallaşdırılmasına dair tədbirlər görəcək;
-
dövlət maliyyələşməsinin müxtəlif sahələr üzrə normativlərinin təkmilləşdirilməsi üçün aidiyyəti orqanlarla birgə işləyəcək.
Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, eləcə də Azərbaycan Mərkəzi Bankı fərmandan irəli gələn tədbirlərin icrasını təmin etməlidir.