Humanitar dərman və yüklərin idxal qaydası dəyişdirildi

Dərman vasitələrinin və humanitar yüklərin idxalı ilə bağlı qaydalarda dəyişiklik edilib.
Nazirlər Kabineti 25 sentyabr 2005-ci il tarixli qərarla təsdiqlənmiş “Dərman vasitələrinin humanitar məqsədlərlə idxalı Qaydası”nda dəyişiklik edib.
Bu dəyişiklik Baş nazir Əli Əsədovun imzaladığı yeni qərarla rəsmiləşib.
Yeni qaydaya görə, artıq humanitar məqsədlərlə ölkəyə gətirilən dərmanlar gömrükdə rəsmiləşdirilərkən, ərizəçilər Nazirlər Kabinetinin razılığını təqdim etməlidirlər. Əvvəllər bu razılığı Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası verirdi.
Nazirlər Kabineti eyni zamanda 15 sentyabr 2022-ci il tarixli qərarla təsdiqlənmiş “Humanitar yüklərin qəbul, uçot, bölgü və mühafizəsi Qaydaları”na da dəyişiklik edib.
Bundan sonra humanitar yüklərin ölkəyə gətirilməsi üçün də Nazirlər Kabinetinin razılığı tələb olunacaq. Gömrükdə bu razılıqla təqdim edilən məlumatlar yoxlanıldıqdan sonra yük qəbul ediləcək.
Əgər sənədlərdə uyğunsuzluq və ya başqa problem aşkar edilərsə, bu barədə Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinə məlumat verəcək. Əvvəllər bu məsələlərə Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası baxırdı.