Prezident Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti Gömrük Məcəlləsində dəyişiklikləri təsdiqləyib
Bu dəyişikliklər gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin daha dəqiq müəyyənləşdirilməsini nəzərdə tutur.
E-huquq.az-ın verdiyi məlumata görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, dəyişikliklərə əsasən, gömrük ödənişlərinin ödənilməsi öhdəliyi malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin üzərinə düşür. Halbuki, mövcud qanunvericilikdə gömrük borcunun “istənilən maraqlı şəxs” tərəfindən ödənilməsi mümkün idi ki, bu da hüquqi qeyri-müəyyənlik yaradırdı.
Deputat qeyd edib ki, beynəlxalq təcrübədə hüquqi məsuliyyət “istənilən maraqlı şəxs” deyil, “məsul olan istənilən şəxs” anlayışı ilə tənzimlənir. Buna görə də, Gömrük Məcəlləsində də bu yöndə dəqiqləşdirməyə ehtiyac yaranıb.
Yeni dəyişikliklərə əsasən, gömrük borcu yalnız borclu şəxs və ya qanunvericilikdə nəzərdə tutulmuş üsullarla — girov, bank zəmanəti, depozit hesabına köçürmə, sığorta müqaviləsi, üçüncü şəxsin zaminliyi və ya avans ödənişi formasında təminat təqdim etmiş şəxslər tərəfindən ödənilə bilər.
Vüqar Bayramovun sözlərinə görə, dəyişikliklər nəticəsində gömrük orqanları tərəfindən hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlərin yalnız borclu şəxs tərəfindən ödənilməsi prosesi daha dəqiq tənzimlənəcək, bu isə gömrük və vergi qanunvericiliyinə riayət olunmasını gücləndirəcək. O əlavə edib ki, bu qaydalar sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə şamil olunur, digər şəxslər üçün isə əvvəlki ödəniş qaydaları qüvvədə qalır.