Vəkildən Şahin Şıxlinskinin Rusiyada axtarışa verilməsi barədə açıqlama

Bakı şəhəri 22 saylı Vəkil Bürosunun direktoru Mehman Muradlı Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin Rusiyada axtarışa verilməsi ilə bağlı aznews.az-a açıqlama verib.
Muradlının sözlərinə görə, hər hansı bir şəxsin axtarışa verilməsi onun təqsirli olduğunu göstərmir: "Əgər şəxs təqsirli deyilsə, ona qarşı hüquqi tədbirlər yalnız məhkəmə qərarı əsasında və həmin qərar qanuni qüvvəyə mindikdən sonra görülə bilər. Diaspora rəhbəri Şahin Şıxlinskiyə qarşı hər hansı cinayət əməlində təqsirləndirilməsi barədə rəsmi açıqlama və ya sübut yoxdur. Onun axtarışa verilməsi, ehtimal ki, şahid qismində ifadəsinin alınması kimi prosedur səbəblərlə əlaqələndirilə bilər”.
Qeyd edək ki, Şahin Şıxlinski Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumat bazasında axtarışda olan şəxslər siyahısına daxil edilib və Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə axtarılır. Bu hadisə Rusiyada son vaxtlar azərbaycanlılara qarşı artan təzyiqlər və təqiblərin daha bir nümunəsi kimi qiymətləndirilir və Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər.
Vəkil əlavə edib ki, hazırda Şıxlinskiyə qarşı konkret cinayət ittihamı irəli sürülməyib: “Onun axtarışda olması hüquqi məsuliyyət üçün kifayət deyil və təqsirli olduğuna əsas vermir. Rusiya Federasiyasında hüquqi idarəetmə sahəsində qeyri-müəyyənliklər mövcuddur. Xüsusən, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti (FSB) arasında fərqli mövqelərin olması, ölkədə mərkəzləşdirilmiş idarəetmənin zəifləməsindən xəbər verir. Bu şəraitdə hər hansı şəxs siyasi səbəblərlə təqib və ya həbs təhlükəsi ilə üzləşə bilər. Belə hallar Rusiyanın daxili sabitliyinə və beynəlxalq nüfuzuna mənfi təsir göstərir”.