Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

by admin
0 comment
A+A-
Reset

Mayın 8-də Azərbaycan Respublikası
Vəkillər Kollegiyası (ARVK) və Naxçıvan Muxtar Respublikası Vəkillər
Kollegiyasının (NMRVK) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında (MR)
“Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan
haqlarının müdafiəsi” mövzusunda konfrans, habelə vəkilliyə namizədlərin təntənəli
andiçmə mərasimi keçirilib.

Konfrans Ulu Öndər Heydər Əliyevin
101 illiyi və Naxçıvan MR-in 100 illiyinə həsr olunub.

Tədbirdə Naxçıvan MR-də Azərbaycan
Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, ARVK-nın sədri Anar Bağırov,
onun başçılıq etdiyi nümayəndə heyəti, eləcə də deputatlar, vəkillər və digər
dövlət rəsmiləri iştirak ediblər.

Konfransdan əvvəl nümayəndə heyəti
Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət
edib, xatirəsini ehtiramla yad edib. Sonra Heydər Əliyev Muzeyinə gedən
qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla
tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o
cümlədən həyatının Naxçıvan mərhələsi haqqında qonaqlara ətraflı məlumat
verilib.

Mərasim Dövlət Himninin səsləndirilməsi
ilə başlayıb, Ümummilli Liderin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü
uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.

Prezidentin səlahiyyətli nümayəndəsi
F.Nəcəfli çıxış edərək bildirib ki,
xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində
qanunun aliliyinə strateji məsələ kimi yanaşıb, hüquq sistemində işlək və çevik
mexanizmlər tətbiq olunub, ədalət mühakiməsinin səmərəliliyinə və insan
hüquqlarının etibarlı təminatına nail olunub. O, müstəqillik dövründə Ulu Öndərin
rəhbərliyi ilə Azərbaycanda Konstitusiyamıza əsaslanan təkmil qanunvericilik
bazasının formalaşdırıldığını, hüquq təsisatlarının səmərəli fəaliyyətinə nail
olunduğunu deyib.

F.Nəcəfli qeyd edib ki, bu gün ölkə
Prezidenti cənab İlham Əliyev 100 illiyini qeyd etdiyimiz Naxçıvan MR-də də
hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi işini
diqqət mərkəzində saxlayır, ardıcıl islahatlar həyata keçirilir. Ölkə
Prezidentinin qayğısı ilə 2006-cı ildə müvəkkil təsisatı formalaşdırılıb, həmçinin
2008-ci ildə NMRVK təsis edilib. Muxtar respublikada hüquq institutlarının
elektron xidmətlər göstərməsi təmin olunub və hazırda MR-də “Elektron məhkəmə”,
“Elektron notariat” və digər xidmətlər uğurla tətbiq edilir.

F.Nəcəfli nəzərə çatdırıb ki, ötən
30 ilə yaxın bir dövrdə Naxçıvan MR-də dövlət tərəfindən əlverişli şərait
yaradılmasına və maddi-texniki təminatın yaxşılaşdırılmasına baxmayaraq, ədalət
mühakiməsinin və insan haqlarının qorunması sahəsində nöqsanlara da yol verilib.
Vətəndaşların mülkiyyət hüquqlarının pozulması və bu kimi hallara hüquq-mühafizə
orqanlarında və məhkəmələrdə laqeyd yanaşılması, cinayət qanununun normalarının
düzgün tətbiq edilməməsi, sübutların tam və hərtərəfli qiymətləndirilməməsi
kimi ciddi hüquq pozuntuları qeydə alınıb. Hazırda dövlət başçısının
tapşırıqlarına uyğun olaraq, bu istiqamətdə sistemli tədbirlər görülür. Xüsusilə
aparılan kadr islahatları muxtar respublikada hüquq təsisatlarının səmərəli fəaliyyəti
və insan haqlarının müdafiəsi işində yeni mərhələnin əsasını qoyub.

Açılış nitqi ilə çıxış edən
ARVK-nın sədri A.Bağırov qonaqları
salamlayaraq konfransın işinə uğurlar arzulayıb, Naxçıvan MR-in tarixindən
danışıb. Ulu Öndərin xalqın qətiyyətli təkidi ilə yenidən Azərbaycan rəhbərliyinə
qayıdışı nəticəsində müstəqillik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik
kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsasının qoyulduğunu
bildirən sədr ölkəmizdə insan hüquq və azadlıqlarının təmini, onların inkişafı
və müdafiəsi sahəsində bir sıra mühüm addımlar atıldığını dilə gətirib.

A.Bağırov bu addımların başında məhkəmə-hüquq
sahəsində aparılan mütərəqqi islahatların yer aldığını, 1995-ci ildə ümumxalq səsverməsi
ilə Konstitusiyamızın qəbul olunduğunu və Konstitusiyada blokada şəraitində
olan Naxçıvanın muxtariyyət statusu bir daha öz əksini tapdığını nəzərə
çatdırıb.

Kollegiya sədri vurğulayıb ki,
bütün bu fəaliyyətin məntiqi davamı olaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən
28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun
imzalanıb, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin
heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb və həmin dövrdə qəbul
olunan prosessual qanunvericiliyə əsasən vəkillik çəkişmə prinsipi çərçivəsində
prosesin bərabərhüquqlu peşə birliyinə çevrilib.

Sədr nəzərə çatdırıb ki, Heydər
Əliyevin əsas olaraq müəyyən etdiyi fəaliyyət istiqamətləri Prezident cənab
İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva tərəfindən daha da sürətləndirilib, beynəlxalq münasibətlərin
inkişafı tam təmin edilib. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən 2020-ci
ilin sentyabrından başlayaraq 44 günlük Vətən müharibəsində, habelə 2022-ci
ilin sentyabr ayında antiterror əməliyyatları nəticəsində Azərbaycan hakimiyyətinin
dövlətimizin bütün ərazisində bərpa edilməsi təmin olunub. Eyni zamanda Qazaxın
4 qeyri-anklav kəndi qan tökülmədən işğaldan azad edilib. Hazırda Azərbaycan
müzəffər xalq kimi beynəlxalq müstəvidə yeni uğurlu əməkdaşlıqlar qurur, COP29
kimi nüfuzlu tədbirə ev sahibliyi edir.

Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib
hissəsi olduğunu, habelə MR-in blokada şəraitində yaşamasına baxmayara, burada
da insan hüquq və azadlıqlarının hər zaman yüksək səviyyədə təmin edildiyini
söyləyən A.Bağırov son illər muxtar respublikada vəkilliyin tarixindən,
inkişafından və getdikcə artan nüfuzundan, o cümlədən digər bir sıra önəmli məsələlər
barədə konfrans iştirakçılarına məlumat verib.

Eyni zamanda sədr şəxslərin yüksək
keyfiyyətli hüquqi yardıma çatımlılığını təmin etmək, habelə müasir İKT-dən
istifadəni daha da artırmaq məqsədilə Naxçıvanda fəaliyyət göstərən vəkillər
üçün “Elektron vəkil kabineti”nin imkanları və elektron məhkəmədən
istifadə, elektron müraciət qaydaları mövzularında təlimlərin təşkil olunduğunu
bildirib.

Sonra Ümummilli Lider Heydər
Əliyevin mənalı ömür yoluna və titanik fəaliyyətinə həsr olunan film, o cümlədən
son illər NMRVK-nın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Eyni zamanda tədbirdə III
“Yüksəliş” müsabiqəsinin qalibi İbrahim
Məmmədzadə “Naxçıvanın inkişaf potensialı” mövzusunda təqdimatla çıxış
edib. Təqdimatda Naxçıvan MR-in rəsmi sosial-iqtisadi göstəriciləri digər
regionlarla müqayisəli şəkildə diqqətə çatdırılıb.

O həmçinin Naxçıvan MR-in
sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində
GZİT təhlili və əsas istiqamətlər üzrə maraqlı məqamları vurğulayıb, xüsusilə
turizm göstəricilərini təhlil edib. Son olaraq bənzər strateji mövqeyə sahib bəzi
qlobal regionlardan müqayisəli göstəricilər təqdim olunaraq potensial inkişaf
yolları qeyd edilib.

Həmçinin mərasimdə vəkilliyə qəbul
üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran
namizədlərin andiçmə mərasimi olub, vəkilliyə namizədlər Azərbaycanın Dövlət
Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.

Diqqətə çatdırılıb ki, 2018-ci ildən
indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu
imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında
uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu
gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa
vuran 9 namizəd vəkil andı içərək NMRVK-ya qəbul olunublar. Beləliklə, Azərbaycanda
vəkillərin sayı 2463 nəfərə, Naxçıvanda isə 29 nəfərə çatıb.

Hazırda andiçmə mərasimində iştirak
edən vəkillərdən 8 nəfəri kişi, 1 nəfəri isə qadındır. Bununla da Azərbaycanda
qadın vəkillərin sayı 473 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil etməkdədir.

Tədbirdə ARVK Rəyasət Heyətinin qərarına
əsasən, Naxçıvan MR-də vəkilliyin inkişafına verdiyi töhfələrə görə F.Nəcəflinin
ARVK-nın “Fəxri vəkili” adı ilə təltif olunması üzrə diplom və rəmzi vəkil
mantiyası Prezidentin səlahiyyətli nümayəndəsinə təntənəli surətdə təqdim
olunub. Həmçinin F.Nəcəfli “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş
nişanı ilə təltif edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Sonra Naxçıvan MR Ali Məhkəməsinin
sədri Səadət Bəktaşi çıxış edərək
1993-cü ildə Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və islahatların
aparılması, müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması,
xalqımız üçün misilsiz xidmətlər göstərməsi barədə vurğulayıb. O, Ulu Öndərin
17 iyun 1999-cu il tarixli Fərmanına əsasən, Naxçıvan MR Ali Məhkəməsinin
hakimlərinin sayının 14 nəfər müəyyən olunduğunu və 2000-ci ilin sentyabrından
2003-cü ilin yanvarınadək məhkəmə hakim heyəti ilə tam komplektləşdirildiyini
xatırladıb.

Sədr bildirib ki, Naxçıvan MR-də fəaliyyət
göstərən məhkəmələrin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil
olunmasında muxtar respublikada hüquq institutlarının inkişafı haqqında Azərbaycan
Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanının böyük rolu olub, MR-də
hakimlərin, məhkəmə aparatı işçilərinin keyfiyyətli və səmərəli fəaliyyət göstərməsi
üçün zəruri şərait yüksək səviyyədə təmin edilir.

Naxçıvan MR-in prokuroru Sənan Paşayev çıxışında 2022-ci ilin
sonları 2023-cü ilin əvvəlindən başlayaraq muxtar respublikada digər təsisatlarla
yanaşı, hüquq təsisatlarında da əhəmiyyətli struktur və kadr islahatlarının həyata
keçirildiyini, bu islahatların əsas məqsədi şəffaflığın artırılması, insan
hüquq və azadlıqlarının daha operativ və səmərəli şəkildə qorunması, daha çevik
idarəçilik mexanizminin formalaşdırılmasına yönəldiyini vurğulayıb. O, bu
istiqamətdə artıq müsbət nəticələr əldə edilməkdə olduğunu və artıq MR-də sabit
istintaq təcrübəsi, məhkəmə təcrübəsi formalaşdığını bildirib. Təxminən bir il əvvəl
məhz Vəkillər Kollegiyasının təşkil etdiyi tədbirdə müzakirə olunan məsələlərlə
bağlı müsbət addımlar atıldığını təqdirəlayiq hal hesab edən S.Paşayev MR-də vəkillərin
sayının artırılmasının, yeni vəkil bürolarının yaradılmasının təmin edildiyini
nəzərə çatdırıb. Bu da digər sahələrlə yanaşı, cinayət mühakimə icraatında şəxslərin
operativ şəkildə vaxtında və daha etibarlı hüquqi yardımla əhatə olunmasına
imkan yaradıb.

Naxçıvan MR ədliyyə nazirinin
müavini və nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov
çıxışında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin Naxçıvanın inkişafı
ilə sıx vəhdət təşkil etdiyini, Ümummili Liderin fəaliyyətinin bütün dövrlərində
doğma diyara xüsusi diqqətlə yanaşdığını, onun hərtərəfli inkişafı naminə əvəzsiz
xidmətlər göstərdiyini vurğulayıb.

Bu gün ölkəmizin hər yerində olduğu
kimi, Naxçıvan MR-də də Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün yeni
müasir inkişaf dövrünü yaşadığını bildirən nazir müavini bütün sahələrdə mütərəqqi
islahatların həyata keçirildiyini dilə gətirib.

ARVK-nın tarixinə, fəaliyyətinə,
son illər görülən işlərinə, o cümlədən vəkillik institutunun bugünkü inkişaf
dövrünə toxunan H.Səfərov Ədliyyə Nazirliyi ilə Kollegiya arasında qarşılıqlı fəaliyyətin
uğurla həyata keçirildiyini qeyd edib. O, Ədliyyə Akademiyasında vəkillərin və
vəkilliyə namizədlərin hazırlanması, ixtisasının artırılması, paytaxtda və bölgələrdə
vətəndaşlar, eləcə də penitensiar müəssisələrdə saxlanılan şəxslər üçün Qadın Vəkillər
Alyansı və digər vəkil bürolarının vəkillərinin iştirakı ilə ödənişsiz hüquqi
yardım aksiyalarının keçirilməsinin səmərəli əməkdaşlığın əyani göstəricisi
olduğunu nəzərə çatdırıb.

Eyni zamanda mərasimdə “Elektron vəkillik”
Komitəsinin sədri Nihad Əliyev
“Elektron vəkil orderi” və elektron müqavilələrin izahlı təqdimatını edib. Komitənin
üzvü İlham Hüseynov isə elektron vəkil
sorğusuna digər qurumların inteqrasiyası və qanunvericilikdəki dəyişikliklə
bağlı məlumat verib. Həmçinin “Pro Bono ChatBot” süni intellektin təqdimatı
olub.

Qeyd edək ki, ARVK-nın sədri
A.Bağırovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində sədr müavinləri – Pərviz
Ələkbərov, Şahmar Məmmədov, Rəyasət Heyətinin üzvləri – Dilarə Əfrasiyabova,
Lalə Nağıyeva, İlhamə Həsənova, Elçin Usub, Azər Quliyev, Baş katib Bayram
Orucov, Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev, “Elektron vəkillik”
Komitəsinin sədri Nihad Əliyev, həmin Komitənin üzvü İlham Hüseynov, o cümlədən
III “Yüksəliş” müsabiqəsinin qalibi İ.Məmmədzadə təmsil olunub.

Mənbə

Bənzər yazılar

Leave a Comment

* Bu formu istifadə edərək, məlumatlarınızın bu sayt tərəfindən saxlanılmasına və idarə edilməsinə razılıq verirsiniz.